“Torpağı işğal altında olan döyüşçü qəhrəman ola bilməz və yaxasına medal taxa bilməz”- deyə düşünürdü Namiq…” – Sevil Gül Nur yazır…

 

QƏLƏBƏ HƏSRƏTLİ MEDAL

Yaz fəsli gəlsə də, hava hələ də isinmək bilmir, soyuq öz yerini istiyə vermək istəmirdi. Axşamdan yağan yağış kənd yollarının palçığını dizə çıxarmışdı. Bu soyuq havada hərbi komissarlığa tərəf yürüyənlərin arasında iki nəfər də var idi. Onlardan biri artıq hərbi xidmətini bitirmiş 23-25 yaşlarında bir gənc, digəri isə 18 yaşını yenicə başa vurmuş, hərbi xidmətə hazırlaşan yeniyetmə idi.

Komissarlığın həyəti adamla dolu idi. 18 yaşını tamamlamış gənclər həqiqi hərbi xidmətə çağırılmışdı. Həyətin ortasında bir neçə zabit əllərindəki kağızlarda nəsə qeydlər aparır, bir- biriylə nə barədəsə danışırdılar. Oğullarını hərbi xidmətə yola salmağa gələn atalar onların boyuna baxaraq qürurlanır, analar isə gözlərini yaylıqlarının ucu ilə silərək göz yaşlarını oğullarından gizlədirdilər. Əsgərlik haqqında bildiklərini danışaraq gənclərə bəzi məsləhətlər verən, onlara bu “kişilik məktəbi” haqqında məlumat verənlər də az deyildi.

Bəstəboy sarışın zabit digər hərbçilərdən ayrılıb həyətin ortasında qoyulmuş kürsüyə çıxdı, əvvəlcə meydana nəzər salıb gələnləri gözdən keçirdi, sonra əlindəki kağızdan bir-bir adları oxumağa başladı. Adları çəkilən çağırışçılar öz yaxınları ilə sağollaşıb sağ tərəfdə onlar üçün nəzərdə tutulmuş yerdə dayanırdılar. Yarım saat ərzində artıq xeyli gənc sağ tərəfdə keçmişdi. Bu vaxt adamların arasından zəhmli bir səs eşidildi:-Bəs mənim adımı niyə çəkmirsiniz? Nədir, yoxsa mən hərbi xidmətə yaramıram? Niyə axı, hə? Sağlamılığım yerində, hazırlığım yerində. Nə səbəbə adım çıxmadı?

Hamı səs gələn tərəfə boylandı. Hündür boylu, sağlam cüssəli yeniyetmənin gözlərindən sanki od çıxırdı. Onu sakitləşdirməyə çalışan dostuna da məhəl qoymur, suallarını yağdırırdı. Bayaqdan adının çıxmasını gözləyən oğlanın artıq səbir kasası dolmuşdu. Yerində vurnuxaraq qəzəbindən dodağını gəmirirdi. Birdən nə düşündüsə gözünün üstünə düşən qara gur saçlarını əliylə arxaya itələyib eyhamlı nəzərlərini zabitə dikdi:

– Yoxsa əsgərliyə getməməyim üçün nənəmdən pul almısan? Bəlkə ona görə aparmırsan məni?

-Sən kimsən, adın nədir?- deyə zabit oğlana tərəf döndü.

Oğlan farağat vəziyyəti alıb amiranə səslə dilləndi:-Namiq Məmmədov!Zabit əlindəki siyahıya baxıb gülümsədi:- Sənin vaxtına var hələ, dəliqanlı,-sonra əlavə etdi: – əlifba sırasıyla çağırırıq adları, sənə də vaxt çatacaq, tələsmə.

Dostu məzəmmətedici nəzərlərlə Namiqə tərəf döndü:-Gördün? Səbirsizliyin yenə də səni yanıltdı. Dedim axı, səbrini bas.

Namiq günahkarcasına çiyinlərini çəkdi:-Nə bilim ee? Gördüm hamını çağırdılar, dedim, bəlkə məni aparmayacaqlar. Sonra qamətini düzəldib başını dik tutdu:-Niyə əlifba sırasıyla, boy sırasıyla yox? Məgər görmürlər ki, burda müharibədə döyüşə biləcək pəhləvancüssəli oğlan var?

Dostu onun sözlərinə qəh-qəhə çəkdi:-Yaxşı, yaxşı, pəhləvan, gücünü ora saxla, ermənini məhv etməyə lazım olacaq.

Namiqin sifəti ciddiləşdi:-Onların kökünü kəsəcəm, analarını ağlar qoyacam, hamısını məhv edəcəm,- deyib yumruqlarını düyünlədi, gözləri uzaq məchulluğa zilləndi. Xəyalında Qarabağa yollanıb, düşmənlə üz-üzə durmuş,əlindəki silahla onları bir-bir məhv edirdi. Bu vaxt kürəyində dostunun əlini hiss edib geriyə baxdı. Dostu başı ilə kürsüyə işarə etdi – zabit “Namiq Məmmədov” deyə səslənmişdi…

1992-ci il… mart ayının sonları… Biləcəri hərbi komissarlığı… Onlarla yeniyetmə burada hərbi hazırlıq keçmək üçün toplaşmışdı. Bu, Azərbaycanda yaradılmış ilk batalyon idi. Sonralar “Babək-44” adını almış bu taborun igid döyüşçüləri vətən torpağının hər qarışı üçün qəhrəmanlıqla döyüşəcək, düşmənə sarsıdıcı zərbə vuraraq onları geri oturdacaqdı. İndi isə bu yenilməz batalyonunun ilk döyüşçüləri yığılırdı. Bir neçə ay sonra hazırlıq görmüş gənc əsgərlər təlimi davam etdirmək üçün “Yaşıl şəhərcik” adlı hərbi əraziyə göndərildi. Namiq yenə də səbirsizlənirdi: “Axı nəyi gözləyirik? Niyə getmirik cəbhəyə? O qansızların qanını içməyə səbirsizlənirəm”.Nəhayət, o gün gəldi. Namiq və onunla birlikdə onlarla əsgər cəbhə xəttinə, “Qlobus” adlanan yüksəkliyin müdafiəsində dayanmağa göndərildi.

Və beləcə başladı Namiqin aylardan bəri gözlədiyi cəbhə həyatı…Ağdərə ətrafında gedən gərgin döyüşlərdə həmişə ön sıralarda cəbhəyə atıldı Namiq. Aylar öncə hərbi komissarlığın həyətində göstərdiyi səbirsizlik burada da özünü göstərirdi. Hər hücum əmrində irəli atılıb düşmənə sarsıdıcı zərbələr endirir, onu ağır itkiyə məruz qoyurdu. Ağır döyüşdən sonra əsgərlərin yorğunluğunu çıxarmaq, ruhunu oxşamaq üçün muğam oxuyar, xalq və bəstəkar mahnıları ifa edərdi. Gözəl səsi vardı. Bu, ona atasından keçən isedad idi. Əsgərlikdən əvvəl el şənliklərində oxuyardı. Musiqi təhsilini artırmaq fikrində ikən müharibə onun böyük arzularını yarıda qoydu. Vətənin müdafiəsini hər arzudan üstün tutan Namiq vətən sevgisinə xəyanət etmədən ona xidmət etməyə gəlmişdi. Amma burada da musiqi onu tərk etməmişdi. Yoldaşları tez-tez:-“Namiq, bir şey oxu, ruhumuz dincəlsin”- deyəndə o da böyük zövqlə səsini işə salardı. Həmişə deyirdi ki, döyüşə ruh yüksəkliyi və inamla girmək lazımdır, o zaman döyüşdən müvəffəqiyyətlə çıxmaq olar. Onun bu sözü hər döyüşdən sonra öz təsdiqini tapırdı. Hətta döyüşə girəndə düşmən bu igidlərin “Ura!” səsindən belə vahiməyə düşür, canlarını qorxu alırdı. Müharibənin dəhşəti onu yolundan döndərə bilmədi, sona qədər vətənə sədaqətini nümayiş etdirdi. Döyüşlərin birində düşmənin bir tankını, xeyli hərbi və canlı qüvvəsini məhv edən Namiq sonrakı döyüşlərdə də bu məharətini davam etdirmişdi.

Düşmən arxasına keçməklə onları ağır itkiyə məruz qoymuş, silah-sursatla dolu bir kamazını müsadirə etmişdi. Döyüşlərin birində ağır yara aldı – mərmi sinəsini parçalamışdı. Vəziyyəti ağır idi. Təcili hospitala yerləşdirilən Namiq əməliyyatdan sonra komaya düşdü. Günlərlə komada qalan Namiqdən yaxınları artıq əlini üzmüşdü, onun həlak olduğunu düşünürdülər. Amma Allah sevdiyi bəndələrini hər zaman qoruyur. Möcüzə nəticəsində o həyata qayıtdı. Lakin müharibə onun bədənində öz izini qoymuşdu – səs tellərini zədələmişdi. Bu, Namiqi daha çox üzürdü. Artıq sevdiyi sənətin sahibi olmaq xəyallarda qalacaqdı, o daha mahnı oxuya bilməyəcəkdi.Cəbhədə göstərdiyi rəşadətinə görə “Hərbi xidmətlərə görə” medalına layiq görülmüşdü. Amma bu medalı döşünə taxmırdı. “Torpağı işğal altında olan döyüşçü qəhrəman ola bilməz və yaxasına medal taxa bilməz”- deyə düşünürdü Namiq.

Bu səbəbdəndir ki, 2019-cu il sentyabr ayının 29-da Tərtərdə hərbi hissədə keçirilmiş tədbirdə Namiq Məmmədov üzünü əsgərlərə tutub çıxışını bu sözlərlə bitirdi: “Sizin də “Babək-44″ döyüşçüləri kimi igid olduğunuza əminəm. Mənə təqdim edilmiş medalı mən yaxama taxmıram, buna mənəvi haqqımın çatmadığını düşünürəm. Arzu edirəm ki, torpaqlarımızı düşməndən azad edək və həmin gün – o möhtəşəm qələbə günü o medalı öz əlimlə ən yaxşı döyüşçünün yaxasına taxacağam!”

Meydanı alqış səsləri bürüdü. Başları üzərində üçrəngli Azərbaycan bayrağını tutmuş gənc əsgərlərin qulağında isə bu sözlər cingildəyirdi: “… qələbə günü… öz əlimlə yaxasına taxacağam!”…(Yazarbaycan.com)

Sevil Gül Nur

Müstəqil.Az

Share: