ŞƏHİDLƏR XİYABANI (lirik poema)

KAMALƏ ABİYEVA
Şəhidlər xiyabanı…
Zəfər- hünər meydanı.
Həyat-ölüm zirvəsi.
Yarpaqların dilindən
qopan hər pıçıltı da
burda cəsarət səsi.
 
Şəhidlər xiyabanı…
Bura məlal meydanı,
Bura xəyal meydanı…
Alqırmızı xonçalar
Bürüyüb hər bir yanı.
Burda güllər, çiçəklər
Elə bil qan ağlayır…
Baxıram xiyabana
Neçə arzu yan-yana,
Neçə istək yan-yana
Baxıram yana-yana
Demək istəmədiyim
 Şəhidlər xiyabanı,
Nə qədər qəhrəmanım,
İgidim var desəm də,
Nə qədər qürrələnsəm,
Nə qədər öyünsəm də
Hey danmaq istədiyim,
Demək istəmədiyim,
Deməyə bilmədiyim
Bir həqiqət içimdə
Hey alışır, hey yanır,
Tüstüm ərşə dayanır.
Gör neçə illərdi ki,
elə şəhid oluriq,
xiyabanlar salırıq,
amma yurdsuz-yuvasız,
el-obasız qalırıq…
Vətəni şəhər-şəhər,
kəndbəkənd itiririk,
demək elə özümüz
kəndbəkənd, şəhər-şəhər
məhv oluruq, itirik…
Nələr düşünürük biz?
Necə düşünürk biz?
Cavabsız suallara
Dönür əməllərimiz…
 
Nələr qazanırıq
 
Şəhidlər xiyabanı…
Siz məni qınamayın…
Burda xatırlayıram
Zəngəzur, Şuşa, Laçın
Şadlıq saraylarını…
Təbriz, Qarabağ barı,
Qubadlı restoranı
Düşür yadıma mənim.
 
Bir də xatırlayıram
Orda oynayanları.
Qol götürüb oynamaq
Kimin gəllib ağlına
Bu saraylarda görən?
Hansımızın ağlıını
Tanrı alıb əlindən?
Nələr itiririk biz,
Nələr qazanırıq biz?
necə düşünürük biz?
Necə düşünürük ki,
Hər mahal itirdikcə
Bir saray ucaldırıq.
Hər şəhər itirdikcə
Bir restoran tapırıq…
Nələr düşünürük biz?
Necə düşünürük biz?
Cavabsız suallara
Dönür əməllərimiz…
 
Baxıram xiyabana,
Baxıram yana-yana.
Itirirəm özümü
Suallar arasında.
Axtarıram özümü
Şəhidlər sırasında
 
 
Məzar var qəhramandı
 
Şəhidlər xiyabanı…
Ümid, inam meydanı.
Burda düşünürsən ki,
Torpağın yad əldəsə
Yaşamaq nə çətindir…
Burda inanırsan ki,
Torpaq hələ vətəndir.
Burda anlayırsan ki,
Adam var ölü kimi
Məzar var ki, insandı.
Adam var utanc yeri,
Məzar var qəhramandı!
 
Həyatı bahasına
Zirvəyə çatanların
Azadlığı ölümdən
Ucada tutanların
Qalibiyyət meydanı,
əbədiyyət meydanı-
şəhidlər xiyabanı
 
 
Vətən bir də doğulmur
 
Şəhidlər xiyabanı
Burda insan axını
Xiyabanı dolanır…
Hər kəs bura gəlməyi
Özünə bir borc sanır.
Şəhidlərin önündə
Hər kəs borcu önündə…
Şəhidlərin önündə
Hər kəsin bir borcu var.
Şəhidlərin önündə
hər kəsin bir borcu var???
 
Şəhidlər xiyabanı…
Cəsarətim çatmayır,
Ləyaqətim çatmayır
Gəzməyə xiyabanı.
Məzarların önündə
o qədər kiçilirəm
məzarların önündə
məzar-məzar ölürəm…
 
Şəhidlər xiyabanı…
Şəhidlərin gözündən
Qəm yağır, kədər yağır..
Hərdən elə bilirəm
Şəhidlər haray salır:
“Siz ey insan axını,
Götürün xiyabandan
Bu “şəhidlər” adını.
Siz…
Ey…
İnsan axını…
Niyə çaşıb qalmısız,
Ünvanı səhv salmısız…
Şəhidlər xiyabanı
Ağdamdı, Qubadlıdı,
Şuşadı, Xocalıdı,
Laçındı, Cəbrayıldı,
Xankəndi, Kəlbəcərdi,
Hələ neçə mahaldı,
Hələ neçə şəhərdi…
Vətəni şəhid olan
Oğullar şəhid olmur…
Biz bir də doğularıq,
Ölən Vətən doğulmur…
Vətən özü şəhidsə
Biz niyə şəhidik ki?..
Düşmən əlindədisə
kimin şəhidiyik ki?…
Şəhid yurdun, torpağın
şəhidi olmaq olmur,
igidi olmaq olmur.
Biz bir də doğularıq,
Vətən bir də doğulmur!!!
Vətən tikə-tikədi,
Hər tikəsi şəhiddi…
Gözümüz baxa-baxa
Bu vətən can üstədi.
Qalxın, ayağa qalxın,
Vətən imdad istəyir…
Şəhidlikdən qurtarın
Bu vətən torpağını.
Özümüzə qaytarın
Siz “Şəhidlər” adını”.
 
Şəhidlər xiyabanı…
Şəhidlərin gözündən
Qəmli bir qəzəb yağır…
Elə bil ki, şəhidlər
Hay salır, haray salır…
Üz çevirib dözümnən
Dözə bilməyən gəlsin,
Eşidə bilən gəlsin
Onların harayına,
Gəlsin bu xiyabana…
 
Şəhidlər xiyabanı…
Qoy başına dolanım..
istəyini anlayım,
gerçəyini anlayım,
yanım, yanım kül olum,
yolunda şəhid olum…
Vətəni şəhidlikdən
kaş ki qurtara bilim.
Özümüzə qaytarım
Kaş “Şəhidlər adını
Şəhidlər xiyabanım,
Şəhidlər xiyabanı.
 
Share: