“Onun müalicə xərclərini babası qəhrəmanlığı ilə ödəmişdir”-dedi… – Əntiqə Qonaq Oqtay Şəfioğludan yazır…

İLQOVUŞAN ŞÜKRANLIĞI…

Ötən illə təzə ilin kürək-kürəyə söykəndiyi dekabr ayından bəhs edirəm. Döyüşçü dostlarımdan olan Aydının xahişi ilə onun 30 illik ailə dostu Gülsümün (onkoloji xəstə) evdə 39 dərəcədən yuxarı istilikdən əziyyət çəkən yeganə qızı Nərminə kömək etməyə getdim. Qonşu məhəllədə yaşayırlar. Anası xəstəxanada olduğundan qız evdə yalnız idi. Və anası evə gələnəcən 5 gün Nərminlə yatıb Nərminlə qalxdım. Bu ərəfədə onun acı həyat hekayəsini öyrəndim. 9 yaşındaykən anası ilə birgə evdə dəm qazından boğulmuş, 2 ay komada qalmış, ayıldıqdan sonra 7 il əlil arabasına məhkum olmuş, uzun sürən müalicələrdən sonra ayağa qalxmış, yeriməyə başlamış…amma yerişində qüsur qalmış. Sol ayağı axsıyır. Bunun müalicəsi hökmən olmalıdır deyə, – düşündüm və ilk ağlıma gələn təcrübəli manualterapevt, iki dəfə Türkiyənin Adana səfərində bərabər yolçuluq etdiyim, işıqlı və ağıllı siması ilə diqqətimi həmən cəlb edən, indi yaxın dost olduğum Oktay Shefioglu oldu.

Nərmini götürüb onun çalışdığı “Medical House” tibb mərkəzinə apardım. Elə ilk seansdan onun yerişində nəzərəçarpan dəyişiklik hiss etdik. Pillələri yardımsız qalxdı. Dizlərini ayrı tutmağı bacardı. Və müalicəmiz indi də davam edir. Nərminin ayağında və psixikasında əsaslı dəyişikliklərin şahidiyik. Özgüvəni artmış, tam sağalması üçün mübarizə aparır…

Mən bu arada Qarabağ müharibəsinin qanlı savaşlarından tanıdığım qeyrətli eloğlumuz, Tərtərdə yaradılmış ilk özünümüdafiə taborunun cəsarətli komandiri, vəzifə kreslosunu avtomatla dəyişən, indiyədək ailəsi ilə dostluğumu davam etdirdiyim şəhid Milli Qəhrəman Elman Hüseynovun nəvəsi Züleyxanı da Oqtay həkimə göstərmələrini tövsiyə etdim. Anadangəlmə travması vardı. İnkişafı gecikirdi.

Yaş yarımlıq Züleyxanın müalicəsinə başlayan Oqtay həkim onun babasının şəhid olduğunu duyunca: “Züleyxanın müalicə xərclərini babası qəhrəmanlığı ilə ödəmiş”, – dedi. Sağalanadək mənim yanımda müalicə alacaq!

Doğrusu, onun bu jestindən çox duyğulandım. Gözlərim dolmuş, nitqim tutulmuş, dilim kilidlənmiş, vücudum həyəcandan uçunurdu… Ağlımdan ilk keçən bu oldu: “İnsanlıq ölməmişdir “. Züleyxanın valideynləri və nənəsi Sveta xanım hər gün Oqtay həkimi dualarında şükranlıqla xatırlayırlar.

 

PS: Klinikanın baş həkimi Rauf Hağıyevə, Oktay Şəfioğluna sonsuz ehtiramla. Allah qorusun sizləri. İnsanlıq və humanizm bu demək. Var olun!

Əntiqə Qonaq
AJB-nin üzvü,əməkdar jurnalist
Müstəqil.Az
Share: