“Məğlubların yeni ili və ya günün bu günki şəkli ..” -Aysel Fikrət yazır…

Yeni ilin şəkli

Məğlubların yeni ili və ya günün bu günki şəkli ..
Yeni ilin ilk günü ..
İzdihamın içində bir nəfər belə ürəklə sevinmirdi .Hamı axına düşüb gedirdi.Yeni ilin ilk günü bütün şəhər sakinləri sanki bir- birinə uyğunlaşıb gəzməyə çıxmışdı . Şaxta babalara toxunsaq hönkürtüylə ağlamaq istəyərdi .Soyuqdan donmuş qar qızı demirəm .Şəkilləri çəkdirmək üçün sıraya düzülən insanlar bir -birini elə itələyirdilər ki …

Burda olan insanların hər biri birləşib çiyin- çiyinə dayansa,əl -ələ tutub Qarabağa getsə…

O yalançı qadağan olunmuş partladıcılardan atsa. Bəlkə də düşmənlərimiz qorxudan hürküb qaçardı .Burdasa səs-küydən qulaq tutulur .Nə bilim …
Bu sevincin adı şəkil idi .İnsanlar həyatını bir şəkildən asılı etmişdilər .Əsas gözəl gülümsədiyim bir şəkildi. Xoşbəxtlərin heç gülümsəyən şəkli olmur .Əsas həyatının şəkli gözəl olsun .Özü olmasa da olar, balası .

Uşaq ətəyindən tutub dartdığı anasına -Ay ana, bəsdir şəkil çəkdirdin, mən indi itə bilərəm, adam çoxdu- deyəndə gülüşümü gizlədə bilmədim . Ana mənim güldüyümü görüb məndən onun şəklin çəkməyimi xahiş etdi .Onun on cürə şəklin çəkəndən sonra ,bayaqdan boynunu büküb əlində ağır çanta tutan uşağının yanına getdi .Onun da şəklin çəkmək istəyirdi ki, uşaq – yox, qışqırıb qaçdı .

Vətən bayram edirdi , sıradan bir bayram . Sevincini gözündə saxlayan insanlar izdihamın içində restoranlardan gələn qoxular, kasıb balalarını atalarının əlindən bərk tutub sıxması, ataların bu bazar meydançasından keçəndə keçirdiyi utanclı üzü bu mənzərəni həzm edə bilməməyimə səbəb idi .

Niyə hamıya uyğun deyil bu həyat ? Kimsə yaşaya bilmir hələ .Kiminsə lənət olsun ki, əli gətirmir .Uşağının yanında gözü kölgəli olur .Nə üçünsə bu düşüncənin içində fikrim yeni il küknarını axtardı .Yox idi .Onu balaca bir evciklə əvəz etmişdilər .Bu evciyin içinə girib şəkil çəkdirmək üçün də böyük bir izdiham var idi .İzdihamı bir təhər yarıb şəhərin içinə çatdım .Bir zamanlar mənə əziz olan , tələbəliyimin ,ilk sevgimin qoxusunu aldığım küçələrdən əsər əlamət yox idi .Sıra -sıra restoranlar hər tərəfi bürümüşdü.İnsanlar iki hissəyə bölünmüşdü. İçəridə oturub bayram edənlər, çöldən bu gözəlliyi seyr edənlər ,nə üçünsə hamı fikirli idi .

Heç kim ürəklə sevinə bilmirdi .Bütün valideynlər uşaqlara yeni il borcunu yerinə yetirirdi .Uşaqlar qəmli idi .Uşaqlar sevinə bilmirdi .Mənim şəhərimin bayram səhəri mənzərə bu idi .
Yadıma gülüşümü göylərə çatdıran öz uşaqlığımın yeni illəri düşdü .Evdən qaçıb yeni il oyuncaqları aldığım dövrlərə…

Pəncərədən çöldə qar ,evimizdə bəzədiymiz küknar ağacı ,1985 cı il …Ta ki, 90- lara qədər xoşbəxt gülüşlü insanlar yadıma düşdü .Yeni il şənliklərində hamının gülümsəyən üzü gözümün önündə canlandı .

İndinin körpələri də qayğılıdr .
Üzlərində narahatçılıq var .Biz narahatıq, çünki başımızda hələ də qara buludlar səngiməyib .

Bu günün təlaşlı mənzərəsinə metroların birində divara söykənmiş qoca bir qadn son vurdu .Ona bir az pul verib qoluna sığal çəkdim.Qadın donuq bir heykələ dönmüşdü .Ona sığal kömək etmirdi .O, artıq ömrünün susqun məğlubluq dövrünü yaşayırdı .Onsuz da ac, susuz yaşamağa öyrəşmişdi .Dilənmək də onun üçün bir şəkil idi .Günün ən ağır şəkli o oldu … Biz müharibə şəraitində şəkil şəkdirməyə sevinən bir bayram atributu olmuşuq .Ürəyimiz də yalquzaq kimi ulayır ,üzümüz gülüşün yalanına öyrənib…

Üzünüzdə gülüş şəkliniz silinməsin .Hələ ki, uzaqdan bu şəkildəyik .Baxır ki sən hansı obyektivdən bu şəkli çəkirsən .
Məmləkətim yeni ilin mübarək ….Gülümsəyin , şəkliniz hazırdır…

Aysel Fikrət .

La imagen puede contener: noche, planta y exterior
Share: