YALAN- Məlahət Hümmətqızı yeni hekayəsi

O insan xoşbəxtdir ki, işə həvəslə gedir, işdən də evə tələsir. Gülnarın da bəxti gətirmişdi, bu  sözləri ona da aid etmək olardı.  Həyatından çox razı idi. Ailəsi onun həyatının mənası idi. Peşəsinə də  çox bağlı idi. Həkim idi. Düşünürdü ki, dünyanın ən gərəkli sənətini seçib.

\Hər dəfə xalatı əyninə geyinəndə onu  öpürdü.İnsanların sağlamlığı keşiyində durmaq nə qədər çətin və  məsuliyyətlidisə, bir o qədər də şərəflidi. Hər gün onlarla insan  ona səhhəti ilə bağlı müraciət edirdi.Onlar təkcə xəstəlikdən danışmırdılar. Hərdən  kövrəlib dərdlərini, onları bu xəstəliyə gətirib çıxaran səbəbləri və problemləri də bölüşürdülər. Xəstələri səbrlə dinləmək hər həkimin hünəri deyildi. Lakin Gülnar  şəfqətli, mehriban  insan idi,  ondan şəfa umanları   diqqətlə dinləyir, dərdlərinə şərik olur, təsəlli verir, diaqnoz qoyub, müalicə təyin edirdi. Hamını şirin dillə dindirir, gülərüzlə  yola salırdı. Xəstələr də onu çox sevirdilər, ona inanır, otağından ümidlə çıxırdılar. Xəstələrdən xoş sözlər eşidəndə Gülnarın yorğunluğu keçirdi, bəzən lap kövrəlirdi. Bu peşəni ona sevdirən valideynlərinə rəhmət oxuyurdu. “Kaş ki, məni ağ xalatda görəydiniz.  Siz mənimlə fəxr edərdiniz, sevinərdiniz”- deyə düşünər, gözləri dolardı. Çalışardı ki, gözünün yaşını heç kim görməsin. Xəstələri onu  güclü qadın hesab edirdilər. Əslində isə Gülnar göründüyü kimi deyildi. Kövrək idi. Gözünün yaşı ovcundaydı.  Hər dəfə xəstələr ona dərdlərini danışıb ağlayanda göz yaşlarını görməsinlər deyə ayağa qalxar, pəncərənin qabağına gəlib gizlincə göz yaşlarını silərdi.

Həmişəki kimi Gülnar bu səhər də  işə tezdən  gəlmişdi. Əhvalı yaxşı idi.   Qar kimi  dümağ  xalatını geyinib masanın arxasında oturmşdu.   Çox keçmədən  qapı döyüldü.

Qapıya  sarı  baxıb:

-Buyurun- dedi.

Qapı açıldı, yaşlı bir qadın içəri girdi.

-Doktor, olar?

-Gəlin –deyə Gülnar  cavab verdi.

Gülnar qadını mehribanlıqla qarşıladı. Onun çoxdan tanıyırdı,  sevimli  pasiyentlərindəndi. Qadın da  Gülnarla  xoş salamlaşdı, stul çəkib əyləşdi. Bir anlıq  susdu, sonra  astaca  sözə başladı :

-Doktor, neçə vaxtdı  arıqlamağa başlamışam. Elə bil üzülürəm, yeməkdən kəsilmişəm, iştahım  yoxdu .Bərk ağrıyıram.  Bütün  müayinələrdən keçmişəm,  analizlərin cavabını almışam. Xahiş edirəm baxın, görün dərdim nədir, yaşamağıma   ümid var ?

-Allah qorusun . Heç nə olmaz inşallah .

-Doktor, ölməkdən çox qorxuram. Uşaqlarımı indi-indi yerbəyer etmişəm. Bundan sonra bir az da özüm üçün yaşamaq istəyirəm, -deyib əlini üzünə tutub hönkürtüylə ağlamağa  başladı .

-Xavər xala, narahat olmayın, yaşayacaqsınız. Niyə elə deyirsiniz? Allahdan ümid kəsilməz, inşallah  yaxşı  olar. Özünüzü ələ alın, -dedi, ayağa qalxıb əlini qadının çiyninə qoydu.

Qadına yazığı gəldi. Köks ötürüb, yerinə oturdu. Analizlərin cavablarına baxmağa başladı. Əvvəlcə daxili orqanların kompüter tomoqrafiyasını gözdən keçirdi. Əhvalı pozuldu. Xəstənin mədəaltı  vəzisində törəmə var idi. Mədəyə, böyrəklərə, bağırsaqlara  metastaz vermişdi. Qadın onkoloji mərkəzdə qeydiyyata alınmışdı. Kimya terapiya üçün artıq gecikmişdi. Yalnız ağrı kəsicilər məsləhət görülmüşdü. Poliklinikanın onkoloq həkiminə nəzarətə götürmək üçün göndərilmişdi. Sonra Gülnar qan analizlərinə baxdı. Burada da ürək açan bir şey yox idi. Bütün göstəricilər normadan iki dəfə yüksək idi. Boğazı qurudu, danışa bilmədi. Hiss etdi ki, boğulur. Xəstə  həkimin rəng verib, rəng aldığını görüb  təlaşla soruşdu:

-Doktor, sizə nə oldu? Nəsə pis  şey gördünüz?

-Yox. Siz narahat olmayın, sizlik deyil, allergiyam var toza qarşı, boğuluram,-deyib ayağa qalxdı. Çaydandan stəkana su süzdü. Cəld hərəkətlə stəkanı götürüb  sudan bir qurtum  içdi. Özünə gəlib yerinə əyləşdi. Sakit və aramla danışmağa başladı.

– Xavər xala,  sizi qorxutmaq istəmirəm. Sizin mədəaltı vəzinizdə  törəmə var. Onkoloq həkimdə  qeydiyyata  düşməlisiniz. Müalicə almalısınız.

– Başa düşürəm  qızım, bunu mənə deyiblər. Gəldim səndən düzünü soruşum. Bu xoşxassəlidi, ya bədxassəli? Öləcəyəm, yoxsa  yaşayacağam?

–  İnşallah xoşxassəli olar. Xavər xala, ölmək nədi, əlbəttə, yaşayacaqsınız,-deyib Gülnar  xəstəni inandırmağa  çalışdı.

-Qorxuram bu şiş axirda məni öldürə. Sol tərəfdə, qabırğa altında   güclü, dözülməz ağrılarım var, -deyib doluxsundu.

-Yox, narahat olmayın. Qorxulu deyil. Günü sabahdan  təcili  müalicələrə, ağrıkəsicilərə  başlayın.

– Yaxşı, doktor, mən sizə inanıram. Ürəyim bir az sakitləşdi. İndi gedib  qediyyata düşəcəyəm . Müalicələrə başlayacağam. İnşallah bir şey olmaz. Sağalmalıyam, istəyərəm bir az da özüm üçün yaşayım, hələ nəvələr də var, onlara nənə də lazımdı. Çox sağ olun, məni ürəkləndirdiniz, yoxsa əlim-qolum bağlanmışdı, -deyib  ayağa qalxdı.

Xəstəsini  yola salmaq üçün Gülnar da ayağa qalxdı. Diqqətlə Xavər xalanın  üzünə baxdı. Deyəsən, onunla  vidalaşırdı. Amma gülümsəməyə  çalışdı.

-Heç nədən narahat olmayın,  Xavər xala. İnşallah hər şey yaxşı olacaq. Siz sağalacaqsınız, -dedi.

Qadının gözlərinə baxa bilmirdi, elə bilirdi ki, xəstəsi onun yalan danışdığını anlayacaq.

-Görək də, inşallah, –deyib Xavər xala   minnətdarlıqla həkiminə baxdı, bir az kövrəlib,  otaqdan çıxdı.

Gülnar dərindən köks ötürüb divara söykəndi. Xəstənin çarəsiz dərdi bir yana, yalan danışmaq da ona ağır təsir etmişdi. Amma başqa əlacı yox idi,  xəstəsinin sanılı günlərini zəhərə döndərə bilməzdi, şirin yalan satıb: -“Sən yaşayacaqsan”- deməyə məcbur idi.

Xavər xalaya ölüm hökmünü başqa həkim oxumuşdu. Amma o, Gülnar həkimə inanırdı, onun rəyini bilmək istəyirdi. Gülnar bunu cox sonra-  Xavər xalanın yas yerində biləcəkdi. Xəstəsinin söylədiyi sözlər qulaqlarında cingildədi. “Yaşamaq istəyirəm, doktor.” Gülnarı yaş boğdu, gözlərini yumub için-için ağladı.   İndi Xavər xala  onu görmürdü, doyunca  ağlaya  bilərdi…

 

 

 

Share: