Eldar Sabiroğlunu məhv edən o məşhur yazı – Elnur Camalxanov elə şeyləri açdı ki…

Keçmiş telejurnalist, ƏƏSMN-nin keçmiş Aparat rəhbərinin müavini Elnur Camalxanov oğlundan imtina edən Eldar Sabiroğlu haqda məqalə yazıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri E. Sabiroğlu ilə bağlı çılpaq həqiqətlərin yer aldığı həmin yazını “Yeni Sabah”a istinadən oxuculara təqdim edirik. Görün bəzi demokratlar və “dostlar” kimin təbliğatını aparırlar.

Şəhid İlqar Verdiyevin əziz xatirəsinə ithaf edirəm

Nə zamansa bu düşüncələrimi kağız üzərinə köçürəcəyimə inanırdım. Çünki haqqa inanırdım. O haqqa ki, nahaqqa heç zaman yer verməz. O haqqa ki, məni keçmişə qayıtmağa məcbur edəcəkdi. Üstündən 7 il zaman keçib. Nə qədər ağrılı olsa da bölüşəcəm… yenə də düzün ALLAH bilir.

İlqarın yas mərasimində iştirak etməklə bəlkə də insanlıq, bəlkə də yoldaşlıq, bəlkə də zabitlik borcumu yerinə yetirmiş oldum. Bilmirəm, hamı kimi əlimdən gələn yanız bu idi. Amma istənilən halda İlqara böyük hörmətim olub. Onunla tanışlığım hələ “Space” MTRŞ-də jurnalistika fəaliyyətilə məşğul olduğum zamanlara təsadüf edir. Savadlı və işinin peşəkarı kimi tanımışam. Müdafiə nazirliyinin mətbuat xidmətində çalışdığı üçün peşəkar fəaliyyətimizlə əlaqədar tədbirlərdə tez-tez görüşürdük. Səmimi, mehriban və gülərüz insan idi. Mühəndis-istehkamçı ixtisaslı olsa da peşəsi üzrə deyil çox uzun müddət idi mətbuatda çalışırdı. Yaxşı təşkilatçılıq qabiliyyətinə malik idi. İşini də çox peşəkarcasına yerinə yetirirdi. Məhz bu işin mütəxəssisinə çevrilmişdi.

Xeyli müddət idi əlaqəmiz itmişdi. Bir neçə il olardı. 2008-ci ildə ehtiyat zabit kimi Milli Orduda hərbi xidmətimi başa vurmaq üzrəydim. Bir axşam əsgərlərimdən biri mənə yaxınlaşıb “Cənab Baş leytenant, hərbi hissəmizə bir mayor gəlib, Sizi soruşurdu. Mayor Verdiyev. Dedi Sizə bildirim ki, görüşmək istəyir”. Düzü İlqar olacağını düşünmədim. Heç ağlıma da gəlməzdi. Amma fikirləşdim ki, mayor baş leytenanta əmr deyil xahiş formasında sifariş göndərirsə demək ki, hardasa dostluq səddi var.

Və həmin axşam…

Oooo, ay İlqar, salam! Necəsən? Nə əcəb? Ezamiyyətə gəlmisən? (bu sualı təbii ki, uzun hal-əhvaldan sonra verdim) Yox, Elnur, o barədə sonra söhbət edərik. Mətbuatdan olduğumu bilib sənin də burda xidmət keçdiyini dedilər(hərbi qulluqçuların çoxu mətbuatdan gəldiyimi bilirdilər). Sanki gözlərimə işıq gəldi. Köhnə həmkarımı görəcəm deyə çox sevindim. Hələ də uyğunlaşa bilmirəm bura. Uzun illər əsas ixtisasında deyil mətbuatda çalışan birini qəfil mühəndis-istehkam bölüyünə komandir təyin etmək heç uyğun bir şey deyildi. Gözlənilməz oldu mənim üçün.

Elnur Camalxanov

İlqar haqsız və ədalətsiz qərarın qurbanı kimi başına gələnləri çox kədərlə danışırdı…

Mən tərxis olundum. Və mülki həyatda fəaliyyətimə davam etdim. Hərdən İlqarla zəngləşirdik. Günlərin bir günü eşitdim ki, rütbəsini mayordan kapitana endiriblər. Zəng edib səbəbini soruşdum,dedi bilmirəm. Bəlkə də səhvim olub, (mətbuat işçisinin çox ağır və təcrübəsi olmadığı bir sahədə səhv buraxması qaçılmaz idi) bəlkə də haqsızlıq aşiqinin hələ də mənə qarşı kini ölməyib. Amma belə şeylər məni sarsıtmaz…

2012-ci il 10 iyun tarixində İlqarın minaya düşmə xəbərini aldıq. Öncə qolunun (ya da ayağının) amputasiiya olunduğunu dedilər. 14 iyunda (tarixlərdə yanlışlıq edə bilərəm) isə şəhidlik zirvəsinə ucaldığını bildirdilər. Bəli, məhz ucaldı. Zamanında haqsız yerə onu kiçiltməkdən çəkinməyən insanlar, əksinə, İlqarı ucaltdılar. Özləri də bilmədən, istəmədən. Onun ucalığı fonunda isə özləri kiçilməyə başladılar. Hansı ki, hələ də minimum nöqtəni tapa bilmirlər.

İlqarla söhbətimizin qısa xülasəsi….

Eh, ay Elnur, belə olacağını heç zaman düşünməzdim. Jurnalistlərlə çox yaxşı işləmişəm. Xarici ölkələrdə bir çox tədbirlərdə nazirliyin adından iştirak etmişəm. Yüksək səviyyədə təmsil olunmuşam. Özün də yaxşı bilirsən. Amma Eldar Sabiroğlu mətbuat xidmətinə rəhbər gələndən məni gözümçıxdıya saldı. Çox pis davranır, hər addımımda səhv axtarırdı. Çox məkrli insandır. Tədbirlərimizin birində hansısa müxalif jurnalist də iştirak edib. Eldar Sabiroğlu da gedib nazirə (Səfər Əbiyev) məruzə edib ki, guya mən müxalifətlə əlbirəm və onu mən dəvət etmişəm. Özü də yaxşı bilirdi ki, mən nə tədbir təşkilatçısıyam nə də jurnalist çağırmışam. Bütün jurnalistlər kimi gəlib özü qoşulub. Sadəcə məni ordan uzaqlaşdırmağa haqsız səbəb lazım idi onu da tapdı. Onun məruzəsindən sonra məni guya cəza olaraq göndərdilər cəbhə bölgəsinə. Özü də təcrübəm olmayan bir sahəyə. Bundan sonra nə fikirləşirlər day bilmirəm.

Sonrası isə bəlli…

Aramızda çox söhbətlər oldu. Həm dərdləşdik. Həm deyib-güldük, həm zarafatlaşdıq.

SKYPE-la ailəsi ilə danışanda övladlarının İlqara, İlqarın isə övladlarına necə darıxaraq, üzülərək və kəskin məhəbbət dolu baxdıqlarının, danışdıqlarının şahidiyəm. O övladlar, şəhid övladları. İndi də gözlərim dolur.

İlqar Verdiyev

Həyat bumeranqdır. Nə etsən özünə qayıdacaq. İstər yaxşılıq, istərsə də pislik. Uzun illərdən sonra olsa belə.

Eldar Sabiroğluna..

Başınıza gələnlərdən sevinmirəm. Heç zaman üzünüzə də vurmazdım. Yıxılana balta çalmaq kimi xasiyyətim yoxdur. Yıxılanın halına sevinmə deyiblər. Zamanın sənə nə saxladığını bilməzsən. Heç kim sığortalı deyil, elə mən özüm də. Amma bir zabit yoldaşımın ruhuna xatir keçmişi azacıq da olsa xatırlatmaq zorundayam. Ən azı bu uzun yolun hekayəsini izləmiş bir insan kimi…

Məktubunuzda taleyinizlə barışmaqdan başqa çarənizin qalmadığını bildirirsiz. Kaş ki, bu taleyinizlə elə “müxalifət” damğası vurarkən barışaydınız. Haqsızlığın gec də olsa (ən düzün ALLAH bilir) bu və ya digər formada qarşınıza çıxacağını düşünəydiniz. Haqqı öz daxili dünyanızda axtaraydınız ki, ətrafdakı proseslərə haqsızlıq kimi baxmayayadınız. Nə Siz, nə də oğlunuz. Bu, tək sizə deyil, bütün insanlığa aiddir. Məktubunuzu vəsiyyət kimi təlqin edirsiz amma İlqar vəsiyyətsiz getdi bu dünyadan. “Sevincimi söndürdün” deyirsiz, baxın ki, İlqarın ailəsində neçə insanın sevinci söndü. Arxasız və güvənsiz qaldığınızı deyirsiz, baxın ki, İlqarın ailəsi neçə vaxtdır arxasız və güvənsizdir. Çünki ata hənirtisinə möhtacdır. Cənazənizə girməsin deyirsiz amma nəinki cənazəsinə girdiniz, heç yasında belə iştirak etməyi özünüzə rəva görmədiniz. Xoş o atanın halına ki, övladıyla fəxr edə. Siz nə özünüz fəxr etdiniz nə də İlqara imkan verdiniz.

Əcəba…Diqqət edin!

Bir ananın övladını “müxalifətçi” damğasıyla ləkələyib özünəməxsus şəkildə “cəza” kəsən birinin öz oğlu həmin damğaya tuş gəldi. İlqarın rütbəsi endirildi. Əvəz olaraq oğlu rütbədən silindi. Cəza olaraq ağır xidmət nöqtəsinə göndərildi. Cəza olaraq ağır həbsxana həyatı yaşadı. Minaya düşərək qolunu itirdi. Oğlundan mənəvi zərbə alaraq bir çox bədən üzvlərini itirdi. O, həyatdan köçməklə anasını oğulsuz qoydu. Oğlu isə həyatda ikən onu oğulsuz qoydu(son məktub).

Sizcə bütün bunlar bir hikmət və həyat dərsi deyilmi?

Düşünün, rica edirəm, yaxşı düşünün.

Heç nə təsadüfdən olmur, Eldar müəllim. Oğlunuz statuslarının birində insanlara deyil, Tanrıya sözü olduğunu yazıb. Bilin, İlqar da sözünü məhz Tanrıya dedi getdi.

Allah sənə rəhmət eləsin, cənab mayor! Hər zaman dərin ehtiramla anırıq.

E.Camalxanov, baş leytenant

Share: