QAÇAQMALÇI ALİMLƏR – Murad KÖHNƏQALA yazır

Əziz dostum Etibar Əliyevin nurlu simasına ithaf edirəm.

Günlərin bir günü universitetlərin birində dərs deyib işsizliyin daşını atmaq istədim. Dedilər, yaxşı maaş almaq üçün mütləq elmi dərəcən olmalıdır. Dedim, indən belə necə elmi əsər yazıb müdafiə eləyə bilərəm. Mən elmlər namizədi olub, gələnə qədər sizdə iş yeri olmayacaq, ömür-gün də keçib gedir. Dedilər, a kişi, hərif olma, o qədər hazır dissertasiya satanlar var ki! Dedim, tutaq ki, mən o dissertasiyanı aldım, bəs, bunun elmi rəhbəri, müdafiəsi necə olacaq? Dedilər, ay hərif, dissertasiya işi elmi rəhbər və müdafiə ilə bir yerdə satılır, daa…

Ətraflı izah üçün minnətdarlığımı bildirib dissertasiya axtarmağı qərara aldım. Qapıdan çıxanda əziz dostum, qardaşım Çingiz Özgürlə toqquşdum. Xoş-beşdən sonra fikrimi ona bildirdim. Çingiz bəy sevincək dedi, heç dağa-daşa düşmək lazım dəyil, dissertasiyan məndə! Pul-para lazım olanda sataram deyə, qara gün üçün yazıb atmışam evə! Ürəyimdə fikirləşdim ki, ilahi, deyəsən, ömrümdə bir dəfə mənim də işimi asan düzəltmək istəyirsən. Soruşdum, bəs işin mövzusu nədi? Dedi, tarixi mövzudu, əcdadlarımız əllərində qılınc qabaqlarına keçəni qırıb-çatırlar, qırğındı!


Əlimi-əlimə sürtüb dedim ki, onların goruna qurban olum, yaxşı eləyiblər, qoy qırsınlar. Əsas gərək rusu-ermənini qırdıraydın! Çingiz bəy gülüb dedi, arxayın ol, ermənini qırıb qurtarmışam, ruslardan bir dəstə salamat qalmışdı, onları da Tayqaya qovdurmuşam.
Baxdım ki, Çingiz bəy mən fikirləşdiyimdən də artıq vətənpərvərdir, atılıb onu bağrıma basdım.
– Bəs, qiymətini necə danışaq, ay Çingiz, neçəyə çıxacaq bu elmi iş? – deyə, soruşdum.
Qiymət söhbəti gələn kimi Çingiz bəy xeyli ciddiləşdi:
– Vallah, qardaş, hamıya 8 min demişəm, manatla ha, amma sən indi özümüzünküsən, sənə 7 minə verərəm, götür, Allah xeyir versin!
Dedim, a kişi, sən nə danışırsan, 7 mini sənə verib universitetdə neçə il işləməliyəm ki, o pulu çıxardım. Dedi, özün bilərsən, əlin cibində hazır tarix elmləri namizədi olacaqdın, hər yerdə səni başda oturdacaqdılar. Televiziya verilişlərinə çıxacaqdın: “İndi isə söz verilir hörmətli ziyalı, tanınmış alim, tarix elmləri namizədi…”
Dostum malını satmaq üçün quraşdırdığı təqdimatla məni xeyli şirnikdirdi.
– Yaxşı, – dedim, – qardaş, mənə bir az möhlət ver, yaxın adam var, ona da gənəşim, sənə bir söz deyərəm.
Mənim o qədər pulum nə gəzir? Rusiyada yaşayan bacanağıma arxayın idim. Xəsis olmağına baxma, ağlı kəsən iş üçün pul istəyəndə hərdən göndərir. Axşam bacanağa zəng elədim, buradakı məzənnənin üstünə də min manat qoyub əhvalatı ona danışdım. Bacanaq oradan bar-bar bağırdı:
– Ayə, 8 min nədi? Gələrsən, o şeylər burda su qiymətinədi. Camaat Azərbaycandan gəlib burdan elmi iş aparır. Otur qatara, gəl, özüm sənə hansı mövzuda istəsən namizədlik də, doktorluq da alıb verəcəm, vur qoltuğuna, get!
…Gəlib bacanağım yaşadığı Krivoy Roq (Əyri Buynuz) şəhərinə çatdım. Məni namizədliklər, doktorluqlar satılan yerə apardılar. Əvvəlcə, balaca bir parka dönən pilləkənlərin qırağında üz-üzə oturub çaxır içən iki saqqallı kişiyə yaxınlaşdıq. Birinin əynində kirdən parıldayan köhnə plaş, o birisinin isə əynində didik-didik olmuş nimdaş gödəkcə vardı. Məlum oldu ki, bunlar rus ədəbiyyatı haqda elmi iş satırlar. Onlardan aralandıq. Bir az aralıda ucaboylu, arıq, uzunsaqqalı bir qoca, dibində azacıq araq qalmış butulkanın yanında oturmuşdu. Butulkanın altına sərdiyi kağız parçasının üstündə bir tikə sala gözə dəyirdi. Məlum oldu ki, bu qoca fəlsəfəyə aid dissertasiyalar satır. Qocanın dediyinə görə elmi işlər üçün ona özbək, qırğız, türkmən, qazax və azərbaycanlılar tez-tez müraciət edir.
Qiymətləri soruşanda şoka düşdüm. Namizədlik işini 50 dollara, doktorluq işini isə 70-90 dollar arası satırdılar. Ağzım sulandı. İstədim, kişinin bir elmi işini alıb vətənə filosof kimi qayıdım. Bacanağım ağıllı adamdı, qolumdan çəkib dedi, a kişi, fəlsəfə sənin nəyinə gərəkdi? Bunu aparsan gərək orda fəlsəfədən dərs deyəsən. Ömrün boyu başın ağrıyacaq. Gəl, sənə bir dənə sosiologiya alım, qoltuğuna vur, apar! Dərs deyəndə də sosiologiya adına ağlına gələni danış, getsin…
Soraqlaşdıq, dedilər, sosiologiyaçılar o tərəfdə, pilləkanın ayağında düzülüblər.
Saçı kirli, dişləri çürük, jaketində iri düymələr olan orta yaşlı bir qadına tərəf getdik. Yaxınlaşdığımızı görən qadın böyründəki yarımçıq odekolonu tələsik başına çəkib özünü bizimlə söhbətə hazırladı. Qiyməti soruşanda çürük dişlərinin arasından belə dedi: “Bir cüt araq alsanız, elm sizin olacaq”.
Mən sevinə-sevinə araq dalınca qaçdım. Yolda fikirləşirdim ki, vətənə qayıdan kimi bahaçılığına görə Çingiz Özgürü biabır eləməliyəm.

Share: