“Sevgisinə vəfalı adam…” – Səmayə Güləliqızı yazır

 

 

                               Sevgisinə vəfalı adam

 

İlk dəfə onu şair Mübariz Məsimoğlunun “Dadlı məkan”  şirniyyat evində gördüm. Həm də ad günü idi, Mübariz Məsimoğlunun. Heç  kim onun diqqətini cəlb etmirdi. Sakitcə oturmuşdu. Heç qadınlar oturan stollara belə baxmırdı. Başını aşağı dikmişdi. Yaxın dostları onunla yanaşı otursa da, dərdləri ilə baş-başa idi Çingiz Ələsgər. Çıxış edənlər yubilyarı təbrik üçün ayağa qalxanda yalnız ani olaraq baxırdı, yenə nəzərləri uzaqlara dikilirdi. Bunu onun üzündən aydın sezmək olurdu. İki il ondan qabaq itirmiş ömür-gün yoldaşı, sevimli Sonasının sevgisinə həddindən artıq vəfalı idi. Vəfalı adam. Yazdığı şeirləri də sevgisinin yoxluğunu qəbul edə bilmirdi. Burada olanları toy kaseti kimi gözlərinə yığıb, olub-keçənləri su Sonasına danışmaq istəyirdi. Və onun təkliyinə dözə bilməyib tezliklə onun yanına getmək istəyirdi. Belə də oldu…

Bir səhər FB səhifəsində qara xəbər ildirim surəti ilə yayıldı. O, müdhiş səhər yaxınlarının, övladlarının və dostlarının sinəsinə körük basdı. Alovu-yanğısı ərşi-əlaya çatdı. Yağışlı bir oktyabr, bir payız günü. Həmişəlik yumdu gözlərini  Çingiz Ələsgər. Onun üçün dar qəfəs olan bu dünyanı tərk etdi gözəl insan.

Qüvvətsiz, özündə güc-təpər tapmayan yaşlı anasının üzü cırıq-cırıq idi. Hər şırım yerindən qanı süzülürdü sanki. Bircə oğlunun yoxluğunu qəbul etməyən Ana fəryad qoparırdı.

Yaradıcılığına nəzər yetirirəm. Bütün şeirləri ayrılıq, həsrət, nisgil, qan-qada və su üzünə tamarzı qalan bir səhra idi. Göyərmirdi ümid toxumları. Sevgisi üstündən ötən bulud gecə-xatirə mehlərinin gətirdiyi nəmliyi ilə gözündən çəkib dənizin üzərinə yağdırırdı.

Dənizin nə vecinə

yağsan da,

yağmasan da?!

…Bacarsan,

heç olmasa, bircə kərə

en ucalığından.

Duman kimi seyrəlib,

çək canına çayların, dərələrin

sirin suyunu.

Sonra leysan kimi  yağ üstümə

bütün gecəni.

Bacarmasan,

uzaqdan öt, Leyla bulud!

Məcnun kimi səhralığam,

məni unut.

Əsl poeziya budur. Duyğusallığın ünvanında heç kimə bənzəməyən bir tərzdə üzürsən. Yazdığı şeirləri həyat həqiqətlərindən götürmüşdü. Dərdi ilə başını qata bilmədi. Ruhundan təsəlli istəyirdi öz-özünü ovundurmaq üçün. Nə qədər ayaqüstə  möhkəm dayanmasına baxmayaraq dərd onu sındırırdı. Çilik-çilik edirdi. Bu ilahi oyununa dözməyib, etiraz edirdi. Gözləri də yaşarmırdı daha, dərd görən kimi özünü korluğa vururdu. Dillənə bilmirdi, dili dolaşır, ağzı kilidlənirdi.

Tanrının oyunundan baş aça bilməyən bəşər övladı ömrü boyu piyada qalıb. Hamını mat qoya-qoya, fələyin altına at qoya-qoya. Fələk min oyundan çıxsa da sən bu oyundan çıxa bilmədin, Çingiz Ələsgər! Vaxt da, zaman da qalmadı ki, səni həyat oyununda mat qoyanı şahları mat edən kimi sən də mat qoyasan! Heç-heçə uduzdun. Daha söz də yorulub dərdlərini üstünə tökməkdən. Daha söz də yorulub insan ömrünün sual altında olmasından.

Çingiz Ələsgərin ölümündən sonra, 2017-ci ildə “İki həsrətin vüsalı” kitabı işıq üzü gördü. Kitabın redaktoru tanınmış şair Məlahət Yusifqızıdır. Tələbəlik illərindən yol-yoldaşı, tələbə yoldaşı olublar. Kitabın araya-ərsəyə gəlməsində Məlahət Yusifqızının rolu böyükdür. Hər xatırlayanda Məlahət xanımın gözündə yaş gilələnir.

Ön sözdən: “ –Həyatda bəxtə güvənib yaşayanları da, Yerin məhvərinə əl atanları da  görmək olur. Bunların içərsində insan özünə yaxın, özünə dost ola biləcək adamı axtarır,  bütövlüyü, həqiqəti, xeyirxahlığı özündə cəmləşdirən, dost deyə biləcəyi adamı. Yaxın dostluğa yaraya bilən adamların sayı azdır, həm də çox azdır. Dostluğu qoruyub, saxlamaq onu yaratmaqdan çox çətindir. Çingiz çətininə gedib, dostluğu qoruyub, saxlayıb, onu uzun ömürlü edib.

Çətinliyə cəsarətli ürəkdən yaxşı dost da bilməz. Ürəyin zəiflik göstərərsə, ağlın köməyə gəlməlidir. Ağıllı adam tale üzərində qələbə çala bilir”.

Sonalı xatirələr hər an onu təqibdədir, deyə daha o yollardan keçə bilməz. Çünki o yollarda azmaq, aldanmaq,  itmək təhlükəsi var.  Hara getdiyini bilmədən özünü dənizə, gölə atıb, yanıqlı, nakam eşqinə qurban olmağı belə gözünə alır Çıngiz Ələsgər. Yarasına məlhəm axtardı. Tale isə köz basdı, yarasının ağrısı göyə ucaldı. Ürəyi ilə kül olmuş bir eşqin qəbristanına çevrildi. İndi sevimli Sonası ilə yan-yana, əbədi, qoşa, baş-başadırlar.

 

                                               Səmayə Güləliqızı

Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Müstəqil.Az

 

Share: