BİR ŞEİR ÖMRÜNÜN VAXTI DARALIR

Bir az hava sıxır, bir az qayğılar,
Bir az da həsrətə boyun əyirəm.
Düşür iməkləyir halsız duyğular,
Ruhumdan utanıb, dayan deyirəm.

Qələm ağır-ağır sözə sarılır,
Di gəl, barmaqlara hökm elə görüm.
Bir şeir ömrünün vaxtı daralır,
Calayım ömrünə bir ömür hörüm.

Çəkir ağ vərəqi özünə sarı,
Gözümün içində gizlənən işıq.
Alır bəbəyimdən hıçqırıqları,
Tökür yanağıma qan-yaş qarışıq.

Ruhum iztirabdan asır özünü,
Tellərim küləyin əsiri olur.
Bir ah oda dönüb kəsir sözümü,
Dilimdə alovun təsiri qalır.

YOLLAR QUCAQLAYIB KÖHNƏ İZİMİ

Yoldumu izimi çəkib aparan,
Mənəmmi bu yolun inadın qıran?
Kimiydi yanımdan ötdü çaparaq,
Kimiydi uzaqdan əl edib duran?

Yol məni, mən yolu gedib bitirdik,
İndi ayrılırıq bir tin başında.
O məndə, mən onda itib gedirdik,
Fərqində deyildik yayın, qışın da.

Fəsil tanımadıq, il tanımadıq,
Qarı ayaqlayıb, buzu adladıq.
Kölgəni yurd seçib daldalanmadıq,
Küləyi belindən iki qatladıq.

Keçdik keçilməzi, tərsi ram etdik;
Aşdıq olmaz adlı aşırım səddi.
Qismətə bölünməz kəsri tam etdik;
Hasil ömrümüzdə qoşa ədəddi.

Mənəmmiş yanımdan tələsik keçən,
Mən yola düşəndə saçım qaraydı.
Dünən zirvədəki qartalı seçən
Göz indi bilmədi hara haraydı.

Belə unudurmuş insan özünü,
Belə ötüşürmüş illər xəbərsiz.
Yollar qucaqlayıb köhnə izimi,
Təzə iz qoymağa ayaq təpərsiz.

TANRININ EVİNDƏ BİR RUH DUL QALIB

Bu taleyin son qadını mən idim,
Ürəyini gözlərinə sığdıran.
Mən idim e buludların bətnindən
Göz yaşıtək yağışları yağdıran…

Könül köçüm göy üzünə yol alıb,
Ulduz-ulduz ilmələnir izlərim.
Tanrının evində bir ruh dul qalıb,
Ora çəkir, ora çəkir dizlərim…

Yeri varmı bir adamlıq komaya,
Ətəyində yuva qurum tanrının.
Gör nə qədər göz dikilib səmaya,
Gözü hardan məni görsün tanrının?!.

 

ƏLLƏRİMİ TANRIYA BORC VERMİŞƏM

Sənə nə könlümə yağan yağışdan,
Ruhunu, könlünü buz tutan adam.
Çəkmə izlərimi, çəkmə yoxuşdan,
Şeytanın evinə üz tutan adam.

Mənim ruhum başqa, düşüncəm başqa,
Quşun dimdiyində yem sevinciyəm.
Könlümə dost olur bəzən qarışqa,
Kimdi bu qəribdən küsüb inciyən.

Əbəsdir tənimə yetişmək cəhdin,
Məni dağ doğurub, səni dərələr.
Sənin savab ilə ötüşmək əhdin,
Xülyadı, önünə iman sərələr.

Çək uzağa duasız əllərini,
Mən göylərdən duaları dərmişəm.
Savab yazsın deyə əməllərimi
Əllərimi Tanrıya borc vermişəm.

Vicdan qamçılayıb atını, səndən
Çox – çox uzaqlarda dincini alır.
İnsaf da, mürvət də dolanır gendən,
Boğaza çəkməyə ülgücün qalır.

79 baxılıb