Məlahət Yusifqızının yaradıcılığı haqqında qeydlər

Mənim üçün şair bir qapıdır və misra-misra açılır Sözün üzünə… Şairlik təkcə şeir yazmaqla tamamlanmır, bu bir tale işidir… Ola bilər ki, bir adam bir ömür şeir yazsın, amma şair ola bilməsin… Və o adama baxıb əli üzündə qalar dünyanın… Mən ürəyini Sözün üzünə qapı kimi açan şairlərin könül qapısından keçməkdən həmişə məmnun oldum…
Ulu sözə könül bağlayan qələm adamlarından biri də Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə poetik toplunun müəllifı, istedadlı şair Məlahət Yusifqızıdır.

Uca dağlar diyarı Gədəbəy torpağında dünyaya göz açıb. Öz məzmunu ilə seçilən maraqlı və mənalı bir həyat yolu keçib. Məlahət xanımın şeirlərində millətə, yurda, vətənə, doğma ocağa bağlılıq hissi məxsusi poetika ilə səciyyələnir. Milli-mənəvi dəyərlərin, intizar, həsrət dolu sevginin, ləyaqət və insanpərvərlik duyğularının bədii tərənnümü onun poetik nümunələrində səmimi bir kaloritdə öz ifadəsini tapır. Onun şeirlərində zaman, təbiət, insan amili bədii təfəkkürün tərkib hissəsi kimi çıxış edir və hər bir poetik nümunəsi bu kontestdən səciyyəvidir. İstedadlı şairin poetik məfkurəsi milli düşüncənin geniş üfüqlərini əhatə edir. Məlahət xanımın poetikasının lokomativi vətənpərvərlik mövzusudur və bu fakt bədii-fəlsəfi dəyəri ilə onun yaradıcılığına böyük sanbal gətirib. Onun şeirləri bədii-ictimai siqləti ilə sevilir və oxucunu düşündürür. Vətənimizin böyük ağrısı olan Qarabağ dərdini Məlahət xanım bənzərsiz poetik detallarla və səmimi duyğularla ifadə edir. Milli ağrımıza güzgü tutan poetik nümunəyə diqqət edək.
Heç qəza-qədər bilmədik,
Nə çəkdik, hədər bilmədik,
Ölümə qədər bilmədik,
Nə bildik, ondan sonrası.

Bu canla indi soy daşı,
Bir soyuq, bir də soy daşı,
Görmədik yarı, soydaşı,
Görsək də bundan sonrası.

Nə verdi bu sabah adı?!
Qadalar bundan dahadı,
Qanımız candan bahadı,
Qarabağ qandan sonrası.

Qaraya dözdük birtəhər,
Ağ günlər vermir bar-bəhər.
Geyindik, donu qan-qəhər,
Kəfəndi dondan sonrası.

Haqqa çək, ey Tövbə, bizi!
Qıçdan edib gövdə bizi.
Gözləyirik növbəmizi,
Bizimdir sondan sonrası.
Gənc yaşlarından ədəbi-bədii yaradıcılığa maraq göstərən Məlahət xanımın qələm təcrübələrinin tarixi xronikası onun püxtələşmis qələm sahibi olmasından soraq verir. Əlbəttə, uğurlu yaradıcılıq prosesı üçün peşəkarla yanaşı, şair ovqatının “sarı sim”də gəzişməsi vacib şərtlər sırasındadır. Bu mənada da Məlahət xanımın öz yaradıcılıq yolunda bu önəmli şərtə diqqət yetirir, yəni könlünə yatan, onu həyacanlandıran mövzular, hadisələri qəlbinin poetik işığında təqdim edir. Çağdaş poeziyamızda öz sanbalı ilə diqqət çəkən şeirlərdən birinə nəzər yetirək.
Bu kişi əli,
Babamın əli.
Tumarı saçımdadı.

Bu kişi əli,
Atamın əli.
Qabarı hələ də yadımdadı.

Bu kişi əli,
Ərimin əli.
Barmaqları gözümdə,
izi boğazımdadı.

Bu kişi əli,
Qardaşımın əli.
Parça-parça düşmənə ötürür Vətəni.
Ocağımızın başında düşmən gözəli.

Bu kişi əli,
Oğlumun əli.
Böyüyənədək yaxamda,
böyüdümü məndən uzaqlarda.
“İgid oğul dayısına oxşayar”.

Bu kişi əlləri,
Təklənmiş əllər.
Həyatdan aldılar məni.

Bu kişi əlləri
Uzandı tabutuma sarı
üzü qəbirliyə kişi karvanı.
(Eləmədiyinə yanan başların, ürəklərin)
Tabutuma uzanan əllərin
birliyi havasına öldüyüm gün
və ya öldürüldüyüm gün.
Karvanınız xeyir, kişi əlləri!
Sabahkı unutqanlığınız mübarək!
Şair düşüncəsinin milli ruhumuzun, genetik yaddaşımızın dan yerindən gələn poetik mündəricəsi heyrət doğurur. Məzmun dolğunluğu, forma rəngarəngliyi bu poetik nümunənin məziyyətlərini daha da zənginləşdirir.
Lirik qəhrəmanın yaşadığı həsrət ağrısının dərinliyi ilə bərabər eşqin ucalığını, qüdrətini daha parlaq və gözəl ifadə etmək üçün istifadə olunan bədii təsvir və ifadə vasitələrinin təravəti şairin poetik bacarığının ehtivasıdır. Şairin obrazlı düşüncəsinə diqqət edək:
Necə oldu, qız qarıdın?!
Qarıdın, qonşunun qızı!
Necə deyim Yaradana,
Var idin, qonşunun qızı?!

Qisməti Yaradan yazdı,
Yazılanı Şeytan pozdu.
Çox oğlan yolunu azdı
Sıradan, qonşunun qızı!

Oyundu, başına gəldi,
Oyna, “beşdaşına” gəldi.
Pişikmi qarşına gəldi,
Yandın, qonşunun qızı!

Ağartdın qara telini,
Ağrın saçından bilinir.
Səni vuranın əlini
Sarıdın, qonşunun qızı!

Qısmət nağılına düşdün,
Qonşu oğuluna düşdün.
Bəs kimin ağılına düşdün,
Sonradan, qonşunun qızı?!
İnsan dühasının ən böyük tapıntısı və insan həyatının ən dəyərli xəzinəsi sözdür. Sözün təbiətinə xas olan keyfiyyətlər çeşid-çeşiddir. Bədii sözün mahiyyəti daha təravətli və çoxmənalıdır. Bədii söz dərin ictimai mənası, əhatəli və güclü realizmi, estetik keyfiyyətləri ilə dolğun məzmun kəsb edir. Bu mənada bədii təfəkkürün, ədəbi yaradıcılığın yolu mürəkkəb mündəricəsi ilə seçilir. Yalnız əhəmiyyətli mövzunun qələmə alınması əsərin ədəbi uğuruna zəmanət verə bilməz. Əsl sənətin gücü dəyərli ideyanın, böyük fikrin obrazlı ehtivasında, təravətli təcəssümündədir. Məlahət Yusifqızının şeirlərinin lirik qəhrəmanı müşahidə qabiliyyəti ilə fərqlənir. Onun fərdi poetik siması təkcə yazdığı şeirlərin üslub xüsusiyyətlərində deyil, həm də hadisələrə yanaşmasında, onları seçməsində və dəyərləndirməsində, lirik “mən”in əhval-ruhiyyəsini təbii və səmimi poetik boyalarla canlandırmasındadır. Şairin lirik qəhrəmanı həssas müşahidə qabiliyyətilə həmin proseslərdə fəal iştirak edir. Onun poeziyasında yurd sevgisi, vətənsevərlik, el-oba məhəbbəti, milli özünüdərk və yaddaşa qayıdış duyğusu, böyük önəm daşıyır. Şairin vətən ətirli şeirlərində torpaq ağrısı, yurd həsrəti məxsusi bədii detallarla əks olunur. “Alınmaz qaladır Şuşa” şeirində məxsusi poetik özünüifadə şairin bədii qüdrətini əyani sərgiləyir.
“Alınmaz qaladı Şuşa”
Alındı axı!
Alınan qalaya dönüb
çalındı axı!
Qəzəbim çox, əllərim boş, yalındı axı!
Yaddaşım üstdən xırman, yol salındı axı!

Mənə nağıl danışmayın, kişilər!
Hanı qələbə deyilən dəlil?!
Düşmən çaldı, apardı.
Haqqınız yoxdu danışmağa, yoxdu haqqınız.
Varsa, buyurun, haqqınızdan danışın!
Mənə nağıl danışmayın, kişilər!
İstedadlı şairin vətən torpağının ölməz oğullarına, mübarək şəhidlərimizə həsr etdirdiyi şeiri poeziya nümunəsi kimi səciyyələndirmək olar. Vətənpərvərlik duyğularının səmimi və bənzərsiz ifadəsi şairin poetik uğuruna və sözün bədii dəyərinə güzgü tutur.
Əkdim, qırağa düşdünüz,
Su yox, qurağa düşdünüz,
Qara torpaqa düşdünüz,
Göyərin, qardaş, göyərin!

Göz yaşı acı… göynəyir,
Qardaşa bacı göynəyir.
Burnumun ucu göynəyir,
Göyərin, qardaş, göyərin!

Haqsız işlərin yarası,
Dəmir dişlərin yarası,
Göynər şişlərin yarası,
Göyərin, qardaş, göyərin!

Varlığımdan ruhumacan,
Dinclik nədi, taparmı can?!
Heç olmazsa, Novruzacan,
Göyərin, qardaş, göyərin!

Ölümü belə qoymaram,
Didərəm, çölə qoymaram,
Hamınız ölə… qoymaram,
Göyərin, qardaş, göyərin!
Mübarək Sözün ətrini duyanlar az deyil. Min illərdir söz var, sözə könül verənlər, sözün işığında yol gedənlər var. Bəzən adama elə gəlir ki, deyiləsi yeni söz qalmayıb, bir ömür yaşayan insanlar, onun həyata gəlişi və həyatdan gedişi arasında Allaha, cəmiyyətə, təbiətə sevgiylə bağlı hər şey deyilib və yazılıb. Ancaq insan təfəkkürünün və düşüncəsinin sərhədləri nəhayətsizdir. Dünyanın, təbiətin, cəmiyyətin saysız-hesabsız görüntüsü mövcudduro və bu vizuallığı uşaqdan tutmuş qocayadək hər kəs özünəxas rakursdan qəbul edir. Şairlər bu görüntüləri, bu mövcudluğu özünəməxsus formada poetik duyumla ifadə edirlər. Bununla da insanı həm riqqətləndirən, heyrətləndirən, həm sarsıdan, həm də heyran edən estetik duyğu aləmi yaradırlar. Şairləri yaşadan da bu estetik aləmdir.

Melahet Yusifqizi adlı şəxsin şəkli.

Məlahət Yusifqızının “Vaxtıdı” gəraylısı bədii-ictimai mündəricə, milli ruhun məxsusi poetik ovqatda ehtivası baxımından çox dəyərli və yaddaqalandır.
Gələcəyi söndürdüm,
daha yatmaq vaxtıdı.
Bu yuxunun içində
dərdi tutmaq vaxtıdı.

Dərd pambıq şələsidi,
Yaddaşı böləsidi.
Nəm çəkə biləsidi,
Günə atmaq vaxtıdı.

Yolun gəlhagələdi,
İçin, çölün tələdi.
Həyat ağır şələdi,
Başı qatmaq vaxtıdı.

Özümü heç tutmadım,
hədəfə düz atmadım.
Bir sahilə çatmadım,
İtib, batmaq vaxtıdı.

Dırnaq məndən, diş məndən,
Dost düzəltdim düşməndən.
Pıtraq düşmən, düş məndən!
Haqqa çatmaq vaxtıdı.
O, dilimizin zəngin və rəngarəng təhkiyələrindən, bədii təsvir və ifadə vasitələrindən bacarıqla istifadə edərək, qələmə aldığı mövzuların bədii həllini, poetik ümumiləşdirməsini özünəməxsus ovqatda təqdim edə bilir. Məlahət Yusifqızının yaradıcılığında məxsusi bir məziyyət var ki, onu başqalarından fərqləndirə bilir. Bu cəhəti şərtləndirən amil geniş və dərin mənada sadəlikdir və bu sadəlikdə bədii zənginlik və müdriklik mövcuddur. Onun şeirlərinin məğzini təşkil edən dərin və poetik ictimai məna uğurlu yaradıcılıq səciyyəsi daşıyır. Məlahət Yusifqızının babasına ünvanladığı poetik məktubun mündəricəsi kövrək və yaddaqalandır.
Arzuların tərsinə oxundu, baba!
Çiling-çiling, əski-əski qeyrət gördüm,
qeyrətinə toxundu, baba!
Qoy, qız qarıyım ocağının başında!

Qəlbi dayaz,
eşqi dayaz deyiləm mən,
ağasından dərmə məni.
İynə gözlü yad oğluna vermə məni,
Qoy, qız qarıyım ocağının başında!

Yurd-yuvanı xain-xain,
oğrun-oğrun
bu namərdlər satar, baba!
Günəş-Günəş çörəyinə,
dünya boyda ürəyinə
bunlar ağı qatar, baba!
Qırıq-qırıq vəfasını danandılar,
Dağdan ağır cəfası var, yamandılar,
Qoy, qız qarıyım ocağının başında!

Nə görmədin?!
Sinən üstə sellər yumaz dağlar bitdi,
Namərd oğlu yedirtməkdən
gözlərinin yağı getdi.
Bir Ağ atlı yetir, baba!
Bu cəngavər boyluları,
bu alçaq oyunluları
birdəfəlik itir, baba!
Su pərisi sona qızlar
ömrü yelə ötürməsin,
Bir də dilə gətirməsin:
– Baba, qoy, qız qarıyım ocağının başında!
Misralarda milli qeyrətin ülviliyi, ucalığı özünəməxsus, səmimi poetik detallarla təqdim olunur. Şairin lirikasında həsrət və qəm motivlərinin yeknəsəkliyi, sentimental notlar, gərəksiz pafos heç vaxt duyulmur. Onun şeirlərində vətənin, valideyn-övlad məhəbbətinin, doğma ocağın tərənnümü, həmçinin xeyirxahlıq, nəciblik, əzəmət və gözəllik duyğularının bədii müstəvidə səmimi təbliği, bütövlükdə yaradıcılığına dərin ictimai-fəlsəfi mündəricə gətirir.
Söz həm də güzgüdür. Fikirlərin, duyğuların, düşüncələrin güzgüsü. Bu ilahi güzgü xeyirxah və nəcib əməlləri, qəhrəmanlıqları, yurd, vətən sevgisini, həmçinin mayasında Allah işığı olan bütün sevgiləri, gözəllikləri öz mübarək üzündə əks edir. Müqəddəs sözün saf çeşməsindən içənlər o insanlardır ki, onların alın yazısından ulu Yaradanın təbəssümü boylanır. Məlahət Yusifqızının belə istedadlı qələm sahiblərindəndir. Ona daha böyük yaradıcılıq uğurları arzulayıram.

Firuzə Məmmədli

Melahet Yusifqizi adlı şəxsin şəkli.
60 baxılıb