“İsti təndir çörəyi”- Ayaz Arabaçı Əzizə Cəfərzadədən yazır…

Yaşadığım ömrün çox hissəsi elə dəyərli adamlarla bağlı olub ki,onları istəsəm belə heç cür unuda bilmərəm.İndi o adamların bəziləri həyatda olmasa da mənimlə bir masadadılar, gündəlik qayğılarımda, sevinclərimdədilər,uzun səfərlərdə yol yoldaşımdılar..

Mən əslində xatirə yazmağa çox da həvəsli deyiləm, ümumiyyətlə yazı prosesndə dəfələrlə ölüb dirilirəm. Cilaladığım sözlər bəzən böyük bir sevinci,bəzən də ağır bir kədəri ifadə eləyir.Balaca bir yazının ortaya çıxması, böyüyüb,”boya-başa çatması” gah qısa bir zamanın,gah da uzun sürən günlərin hesabına əmələ gəlir. Mən sözün üzərimdə elədiyi ağalığa ona görə dözürəm ki, onlardan həmişə müşk-ənbər qoxusu alıram.Və güman eləyirəm ki,biz günəşi sevdiyimiz kimi günəş də sözü sevir.Ürəyimdən nəfəslənb, barmaqlarımdan hərarətlənib, qələmimdən tökülən sözlər bağlı boğçadan tökülən noğul-nabat kimi ləzzətli olanda sevincimi heç nəylə ifadə edə bilmirəm… Xatirələr hər zaman qəlbimdə əl-ələ verib qoruyub-saxladığım ən gözəl günləri çəndən-dumandan təmizləyir,gözəl olan nə varsa üzə çıxardır.

Əzizə Cəfərzadə ilə tanışlığımın tarixini dəqiq xatırlamıram, amma, o yadımdadır ki,təzə il ərəfəsiydi..Yeni ilin əlvan saçaqları,qotazları,rəngbərəng işıqları,onun gəlişini xəbər verən ulduzları küknar ağaclarından sallanmağa başlamışdı.Havadan yağmur qoxusu gəlirdi,buludlar hazırlıq işlərinə başlamışdı.. Mən Əzizə xanımı İlk dəfə “Aləmdə səsim var”romanıyla tanıyıb sevmişdim.O illərdə bədii kitablara o qədər sevgi,yanğı vardı ki..Yalan olmasın, az qala sarı vərəqləri bircə-bircə açıb,sığallayıb,tumarlayıb,öpə-öpə oxuyardıq..Onda kitablar bizi sirli-sehrli aləmlərə aparardı,oxuduqca ürəyimiz quş kimi çırpınardı..İndi niyəsə o dad,o tam yoxdu. Əzizə xanımla tanışlığımı o vaxt təzəcə dostlaşdığım Sona Xəyal gerçəkləşdirmişdi.İş elə gətirdi ki,xoşbəxtlikdən mən Sona xanımın dəvət etdiyi bir tədbirdə Əzizə xanımla yanaşı əyləşəsi oldum..Yadımda indi də eləcə qalıb-Günəşin bir parçası.. İçimdə bayram havası,qəlbimdə bir məmnunluq vardı.Tədbir yadımdan çıxmışdı,tez-tez xəlvətcə ona baxır,fərəhlənirdim.Özü də hiss eləmişdi, gülümsünürdü.Birdən əlini sol əlimin üstünə qoydu,bir ana mehri hopdu ruhuma.Ürəyim dik-ayaqüstə durmuşdu. Xəlvətcə pıçıldadı: -Oğlum,sən nə yazırsan? Əvvəlcə boğazım qurudu,bir-iki dəfə udqundum,sonra zorla şeir, deyə bildim.Gözləriimdə işıqla kölgə bir birinə qarışmışdı.Əsgərlikdə qazandığım həmişəlik canıma-qanıma saplanıb qalmış ağrıların hamısı yoxa çıxmışdı. Sonralar Əzizə xanım Cəfərzadə ilə çox görüşdük..İki kitabını bağışladı mənə.Onun əsərlərini çox sevirdim.Onu oxuduqca ümidsizlik və məyusluqdan qurtulurdum. Alpər,Alptəkin,Aydoğmuş,Turqut,Qansu kimi içində qəribə bir enerji gəzdirən adlarla ilk dəfə Əzizə xanımı oxuyarkən tanış oldum. Onun əsərləri nə vaxtsa məni tərk edib göylərə uçmuş ruhumu sanki təzədən özümə qaytarırdı. İndi oturub bu yazını yazarkən Əzizə xanımın öz təbiri lə desəm “Ulu,böyük,güclü,əzəli Göytanrımıza” şükranlığımı sunuram.. Biz yaradıcılığımızın ilk çağlarında hər şeyin elə tez baş verməsini arzulayırıq ki.. Həyəcan içində özümüzü daşdan-daşa vuraraq tanınmağa,sevilməyə, şöhrətlənməyə can atırıq.Yazılarımıza tanınmış sənət adamlarının,yazıçı və şairlərin balaca diqqəti bizi olmazın dərəcədə xoşbəxt edir, burnumuzu dik tutub gəzməyə və ətrafa fors eləməyə başlayırıq.. Biz dəfələrlə bir yerdə ədəbi məclislərin qonağı olur,görkəmli adamların maraqlı söhbətlərini dinləyir, şeir oxuyurduq. Bu məclislərin ərsəyə gəlməsində şairə Sona Xəyalın-Sona xanımın zəhməti əvəzsiz idi.O, bəzən bu məclisləri öz evlərində qurur,sonda bir plov süfrəsi də açırdı.O məclislərdəki plovun ətrini və dadını hələ də unutmamışam.

Əzizə xanım mənim ən dərin köklərə qədər doğmalaşa biləcəyim bir yazıçı, bir ana idi.Hər dəfə onunla görüşəndə özümdə bir yüngüllük hiss eləyirdim.Mən onun evində bir neçə dəfə olmuş, süfrəsində çörək kəsmiş, dadlı şəkərburalarından yemişdim.Onun evi şəhərdə qapısı heç vaxt kilidlənməyən yeganə ev idi.Hara getsə daim qapısını açıq qoyardı. O, biz yaradıcı gənclərə bu ögey şəhərdə doğma səs,isti nəfəs idi.. Mən onun əsərlərində təsvir elədiyi quşların dalınca göyə uçmaq,karvanlara qoşulub getdikcə-getmək,dünyanı dolaşmaq istəyirdim. Bir dəfə tədbirlərin birində məndən şeir oxumamı istədi,özü də dedi ki,mən istədiyim şeiri oxu.. Dedim hansı şeiri istəyirsiniz,dedi ki,bir şeirin var ey,onu… -“Mən sənə bir şirin yalan demişəm..”- Oxu,sonra da tam mətni yaz, ver mənə,mahnı bəstələtdirəcəm.. Və şeirdən bir bənd də səsləndirdi:

“Bu eşq ürəyimdə ötəri hissdi,

Çox qızıl güman var,axırı misdi.

Bəlkə də yaxşıdı,bəlkə də pisdi,

Mən sənə bir şirin yalan demşəm.”

Çaşdım,həm də sevindim..Tədbirdən sonra baş qarışdı,mətni də yazıb vermək yadımdan çıxdı,sonra da yada salmağa utandım.. Bir gün univermağa getdim ki,özümə bir gödəkcə alım.Cibimdə pulum az olduğundan ona münasib br şey axtarır,univermağı dörd dolanırdım.Könlümə yatan bir gödəkcə tapmışdım, amma, bahalıydı.. Sevdası isə gələcəkdə yuxumu çox qaçıracaqdı.. Satıcı qızın tənəli baxışları altında iki dəfə geyinib-soyundum.. Sonra xoşum gəlmirmiş kimi üzümü turşudub aralandım.. Əlimlə cibimdəki pulları əzişdirərək heyfimi çıxardırdım.. Birdən kimsə ehmalca qolumdan tutdu.Dönüb baxdım,Əzizə xanım idi..

-Gedək- dedi və məni geriyə, gödəkçəyə tərəf apardı:

-Güzgüdən gördüm,yaxın bir adamın qızının nişanına hədiyyə almağa gəlmişəm.

Sonra ərklə:

– Gödəkcəni gey,qoy bir mən də baxım.- dedi.

Həm də gileyləndi, çox gec-gec görünürsən,məclislərə-zada gəlmirsən..

Hə, dedim, nəsə soyumuşam bir az.

-Lap əyninədi..Sağlıqla gey..

Sonra satıcıya, qızım onu bük, ver bizə, dedi.. Boğazım qəhərləndi, güclə etiraz elədim,deyəsən heç eşitmədi.. Mənə elə gəldi ki,anam təndirdən isti bir çörəyi çıxardıb qoltuğuma verdi.

Səliqəylə bükülmüş gödəkcə qoltuğumu yandırırdı. Mənə bir anlığa elə gəldi ki,univermaqdakılar təzə təndir çörəyinin ətrini ciyərlərinə çəkir..

Ayaz Arabaçı

301 baxılıb
mersin escort