Eldar Mahmudovun etdiyi vəzifəpərəstlik, vəzifə hərisliyi idi.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Bakupost.az-a geniş müsahibəsində Bakı Metropoliteninin keçmiş rəisi, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov deyib.

“Belə bir misal var, deyir, heç bir naxır qotur danasız olmur. Bundan sonra da içimizdə Eldarlar olacaq. Eldar artıq o qədər yağlanmışdı ki, ətrafındakılarının da gözü heç nəyi görmürdü. Buna görə də hər bir adam nəzarətdə saxlanmalıdır. Bu yaxınlarda Çində 100 məmuru güllələyiblər. Niyə? Çünki o qədər azğınlaşmışdılar ki, dövlətin qoyduğu qanunlara tabe olmurdular. Allah rəhmət eləsin ulu öndərə, güllələnməni ləğv elədi. Əgər eləməsə idi, indiki o müxalifətdə olanlar ki var, Əli Kərimli, İsa Qəmbər, İsgəndər Həmidov, Rəhim Qazıyev, Ələkram Hümbətov – hamısı çoxdan güllələnmişdi. Heydər Əliyevin gözəl bir kəlamı var idi. Deyirdi, mən Allah deyiləm və bəndə yaratmamışam ki, onların ölümünə hökm verim. Amma Heydər Əliyevdən qabaq 9 nəfər İsa Qəmbərin vaxtında güllələndi. Ona görə də mən deyəndə ki, Heydər Əliyev əsl peyğəmbərdir, bu, boşuna deyil”, – o bildirib.

T.Əhmədov qeyd edib ki, bu, Eldar Mahmudovun əli ilə Çovdarovun elədiyi iş idi:

“Baxmayaraq ki, 16 il Metropolitenin rəisi olmuşdum, metro da onun kurasiyasında idi, amma onu heç vaxt görməmişdim. Mənə sifariş göndərəndə dedim ki, mən heç kəsə rüşvət vermək niyyətində deyiləm. Demişdi ki, bir dənə maşın alsın. Əlbəttə, mənim üçün maşın almaq elə böyük bir şey deyildi. Sonradan isə 3 milyon tələb olundu. Mən də bunu açıq şəkildə elan etdim. Məhkəmədə də dedim, sübut etdim. Bu, Çovdarovun işi deyildi, Eldar Mahmudovun göstərişi ilə olan iş idi. Eldar Mahmudov o qədər azğınlaşmışdı ki, gözü yeri görmürdü. Məndən alınan 3 milyon onun üçün tum pulu idi. Eldar Mahmudov başqalarından 20, 30, 50 milyonlar almışdı. Eldar Mahmudovun işverənləri var idi. Harada ki, gedirdin bir iş görmək istəyirdin, o iş gördüyün adam tez Eldara siqnal verirdi ki, filankəsdə pul var, gəlib məndən bu qədər yer istəyir. Eldar da çağırırdı, soyurdu adamları”

T.Əhmədov 3 milyon pulu ödəməsinin səbəbini bu cür izah edib:

“Oğluma böhtan atmaq istəyirdi. Oğlumunsa həmin vaxt ürəyinə 3 dənə stend qoymuşdular. Mənim oğlum prezidentin sərəncamı ilə hakim təyin olunmuşdu. Ona nə Mahmudovun, nə də Çovdarovun gücü çatmazdı nəsə etməyə. Amma mən ata olaraq hiss edirdim ki, əgər onu çağırıb danışdırmaq istəsələr, ürəyi tutar, ölə bilər. Ona görə də 3 milyonu elə bil ki, qurban vermişdim. Yoxsa Eldar kim idi ki, mən Eldara, yaxud da Çovdarova pul verim?!”

T.Əhmədov həmçinin iddia edib ki, Hacı Məmmədov da Eldar Mahmudovun layihəsi olub və onu tutmaqla böyük etimad qazanıb:

“Hacı Məmmədovla Eldar ikisi də “Obaxeses”də işləmişdi. “Obaxeses” də pul yığmaqla məşğul idi, ayrı bir işi yox idi ki!”

Tağı Əhmədov E.Mahmudovun yasa da icazə ilə getdiyini deyib:

“Ev dustağıdır, ev dustağı olaraq da qalacaq. Amma general olan özünün başına bir güllə vurub deyərdi ki, etdiyim xəyanətə görə mənim yerim bura deyil. Amma üz var da, oturur”.

Müstəqil.Az

74 baxılıb