ANASIZLIĞIN BİR İLİ

Vasif SÜLEYMAN

Nə qədər ağır oldu, bir bilsəniz… Anasızların nə çəkdiyini indi bilirəm. Əyyub Qiyasın, Ehtiram İlhamın anasızlıq duyğularının niyə bu qədər yandırıcı olduğunun fərqindəyəm. Heç kimlə bölüşə bilmədim bir ilin ağrısını, çünki bu ağrıların içində pünhan qalmağa haqqı olan məqamlar da var.

Dördüncü sinifdə oxuyarkən əlimə qələm alıb yazdığım ilk şeir də “Ana” olub:
Ən müqəddəs mahnı, ən şirin nəğmə,
Ana laylasıdır, ana səsidir. 
Ana aləmində birinci övlad,
Baharında bitən ilk laləsidir. 
Poeziya aləminə də beləcə bağlandım. Ondan sonra taleyimi bağladığım poeziyaya görə anama borcluyam. Hər iki cənnətlik (atam və anam) Qazax rayonunun İncə dərəsindən idilər. Anamın ara-sıra oxuduğu qımqımılar içimdəki poeziya sevgisini əbədilik etdi.
… Düz 34 il qabaq hərbi xidmətdə olarkən anama bir şeir yazmışdım:
Təkcə mən deyiləm, solub-saralan,
Dünya saralannan bir olub, ana!
Yıxılıb ağlayan gözə görünür,
Durub ağlayanlar sir olub, ana!

Hələ zümrüd quşlu lələkdə ikən,
Fikri xalçalarda, mələkdə ikən.
Qoymadın ağlasın bələkdə ikən,
Oğlun bu yaşında kür olub, ana!
…. O kürlük, bu kürlükdür, deyəsən. 
Anamın torpaqla nəfəs-nəfəsə dayanmağından 1 il keçdi.Bir az ondan rahatam ki, canından artıq sevdiyi torpağın qoynundadır, atamla da qonşudur. Arada bir-birinə göz-qulaq olarlar.
… Harda ki, ANAyla TORPAQ bir yerdədir, ora dünyanın ən müqəddəs yeridir. Müqəddəs yeriniz behişt olsun, ANA!

Ana, qəbir qonşun özgəsi deyil,
Tanrının verdiyi butandı, vallah!
İllərnən yolunu gözləyib duran,
İllərnən əlindən tutandı, vallah!

Fani dediyinlə əlbəyaxadı,
Varımız Tanrıdan gələn yoxadı…
Bu qəlbiqırıqlar qəlbiyuxadı,
Gəmisi dəryada batandı, vallah!

Şirin röyadadı, qəfil oyandır,
Canı sıxlmasın işığı yandır. 
Sənə qəriblikdə qərib həyandır,
Bir döy qapısını, atamdı, vallah!

Share: