“Bu yol bizləri dostluğa, qardaşlığa aparırdı…”- Zeynəb Dərbəndlinin festival xatirələri…

01. 11. 2019-cu il, Dərbənddən Mahaçqalaya, Mahaçqaladan Moskvaya, Moskvadan da Novosibirskiyə yol aldıq, bu yol bizləri dostluğa, qardaşlığa aparırdı.
Yol boyu düşünürdüm ki, görəsən necə olacaq, görəsən necə qarşılanacağıq?!
Novosibirskiyə çatanda,özümü sanki illərdir burada yaşamışam kimi hiss etdim. Çünki, məni yol boyu düşündürən düşüncələrin burda ilk gündən özünü isidən istiliyini gördüm.
Həmkarım Fəxrəddin Oruc bu festivalda ikinci dəfə idi ki,iştirak edirdi, amma, biz Elmira Aşurbəyova ilə ilk dəfə idi bu festivala qatılırdıq.
Rusiyada yaşayan hər millətdən bir iki nümayəndənin iştirak etdiyi bu festivalda, Dağıstandan üç nəfər dəvət almışdıq…
Dərbənd Azərbaycanlılarını Fəxrəddin Qəribsəs və mən təmsil edəcəkdik, Tabasaran xalqını isə Elmira Aşurbəyova…
İlk günümüzü yol yorğunluğunu çıxarmaq üçün, qalacağımız oteldə dincəlməyimizi təklif etdilər.
Noyabrın 2-də, artıq festivala start verildi. İlk olaraq hər millətin nümayəndəsi, şairi öz doğma ana dilində şeirlər söylədi,hamı bir-biriylə tanış oldu.
Mənim orda Azərbaycanın milli geyimində çıxışım hər kəsi heyran etdi, bütün iştirakçılar bu geyimlə bağlı suallar verirdi. Mən və Fəxrəddin Oruc öz milli dəyərlərimiz haqqında verilən sualları həvəslə cavablandırdıq.
Bütün festival iştirakçılarına, hər millətin nümayəndəsini təmsil edən şairə, yazıçıya öz doğma ana dili və mədəniyyətini iştirakçılar və tamaşaçılarla bölüşməsi üçün 1 saat vaxt verilmişdi.
Tabasaran xalqının nümayəndəsi, şair Elmira Aşurbəyova festivalın birinci günü çıxış etdi, bizim çıxışımız isə, ikinci gün olmalı idi. Dilimiz, mədəniyyətimiz Dərbənd Azərbaycanlılarının 12-ci əsrlərdən bəri olan şair və yazarları haqqında, ədəbiyyatımızın bu günə kimi yazıb yaradan yazarları, şairləri və mədəniyyətimiz haqqında Fəxrəddin Oruc Qəribsəs danışacaqdı, mən isə həm şeir, həm musiqimizi təqdim edəcəkdim.
Çıxışımız yaxınlaşırdı, ürəyimdəki tək istək  mədəniyyətimizi yüksək səviyyədə bu xalqlara çatdırmaq arzusu idi. Fəxrəddin Oruc mənim həyəcanımı görüb, məni sakitləşdirdi ki, Zeynəb, darıxma, bax, görəcəksən, ən yüksək səviyyədə çıxış edəcəyik.
Nəhayət, o an yetişdi və biz səhnəyə çıxdıq.
İlk olaraq sözləri mənə, musiqisi bəstəkar Elmir Mədətoğluna aid olan “Dəyanətli Dağıstanım” adlı mahnı ilə səhnəyə çıxdım. Musiqi ifa olunan zaman Dağıstana aid  görüntülər ekrana verildi. Mahnı gurultulu alqışlarla qarşılandı.
Sonra isə, Fəxrəddin Oruc Dərbənd Azərbaycanlılarının keçmiş və bu günkü ədəbiyyatından, mədəniyyətindən danışmağa başladı. Diləfrüz Pəri, Qumri Dərbəndi, Zərnigar Dərbəndlidən tutmuş bu günümüzə kimi Dərbənddə yazıb yaradan sənətkarlardan söz açdı.
O, Dərbənddə fəaliyyət göstərən, Dərbənd Azərbaycan Dövlət Dram teatrından və teatrın qazandığı uğurlardan, bütün çətinliklərə baxmayaraq, onların cəsarətlə işləməyindən, həmçinin Kitabi Dədə Qorquddan, onun məzarının Dərbənddə olmasından da söhbət açdı.
Sonra mən Dədə Qorquddan, sazımızdan, tarımızdan, kamançamızdan, qavalımızdan, milli geyimlərimizdən ibarət görüntülərin müşaiyyəti ilə “Sarı gəlin” mahnısı ilə çıxış etdim.Canlı ifa etdiyim “Sarı gəlin” mahnısını mənimlə bərabər, başqa millətlər də oxuyurdu. Qürurverici anların yaşatdığı möhtəşəm duyğuları sözlərlə ifadə etmək olmurdu…
Növbəti musiqili çıxışım sözləri Fəxrəddin Oruca, musiqisi Elmir Mədətoğluna məxsus olan, “Dərbəndə payız gəlir ” mahnısı oldu. Hər üç mahnımız yüksək səviyyədə qarşılandı.
Milli geyimlərimiz, dilimiz, adət- ənənələrimiz haqqında açdığımız söhbətlər iştirakçılarda maraq doğurdu.
Verilən sualları cavablandırmağımız və etdiyimiz çıxışlar ən gözəl çıxışlar kimi dəyərləndirilərək hamı tərəfindən ayaq üstə alqışlandı.
 Çıxışlarımızla bərabər Dağıstan, Dərbənd Azərbaycanlılarının milli mətbəxi ilə də maraqlanıldı. Layiqincə öz ana dilimizi və milli dəyərlərimizi, ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ etməmizin və hər kəs tərəfindən yüksək səviyyədə qarşılanmağımızın sevincini yaşadıq o gün…
Öz milli dəyərlərimizi, qardaş xalqlara az da olsa çatdıra bildiyimiz üçün özümüzü çox xoşbəxt hiss edirdik.
Biz söylədik ki, BİZ VARIQ!
 
Bütün festival iştirakçılarına : Larisa Şebzuxova, Yelena Slepsova-Kuorsunnaax, İnga Arteyeva, Fəxrəddin Oruc, Amarsana Ulzıtuyev. Zarina Kanukova, Tatyana Mokşanova, Elmira Aşurbekova, Anastasiya Şumilova, Yevgeniya Çernyayeva, Adam Axmatukayev, Nikolay Golenkov, ZorigtoBatusoreov, Nataliya Deıge, Dmitriy Safyanov, Bolot Bayrışev. Albina Xodjeva, Aminat Dobagova, Oleg Yumov, Eduard Novikov, Raisa Nizametdinova, Xavaş Nakostoyev, Gennadiy Kelçin, Svetlana Dinislamova uğurlar diləyirəm.
Zeynəb Dərbəndli
Müstəqil.Az
Share: