Bakıda 20 Yanvar faciəsinin səbəbkarlarından biri Yevgeni Primakovun 90 illik yubileyi ilə əlaqədar sərgi təşkil olunmuş, esse müsabiqəsi keçirilmişdir.
 
Yetər daha!
 
Dövrə bax,
Gərdişə bax.
Milləti tank altında xıncım-xıncım əzilən
Bəlalı məmləkətdə görülən bir işə bax.
Xalqını, millətini tank altında əzənə,
Gülləbaran edənə
Yubiley keçirilir,
Sərgi təşkil olunur.
Nə söyləyək bu işə,
Nə söyləyək bu ada?
O qaniçən cəllada
Sərgi təşkil eləyən
Xalqın nümayəndəsi,
Yaxud nümayəndələr,
Heç utanmadınızmı?
O gecə şəhid olan
O günahsız insanlar,
O günahsız zümrələr,
Sizin ata-ananız,
Sizin qardaş-bacınız.
Nə vadar etdi sizi bu işə qol qoymağa,
Nədən doğdu ki, belə sizin ehtiyacınız?
 
Siz nə boyda riyakar,
Nə boyda nadansınız.
Niyə keçmişinizi,
Kökünüzü dandınız?
Çevrilib baxmadınız
Bir keçmişə, dünənə
Sərgi keçirdiyiniz cəllad kimilərinin,
Etdikləri üzündən
Nə qədər fəlakətlər yaşandı bu vətənə.
Niyə unutdunuz siz
Kökünüz kimdir, nədir?
Axı əcdadlarınız
Bircə kərə də olsa, düşmənə əyilmədi.
Onlar vətən gözündə
Alidən ali oldu,
Uludan ulu oldu,
Niyə unutdun axı
Sən Babək xələfisən
O Babək ki, bu xalqçün
Azadlığa gedən yol
Onun öz yolu oldu.
Sənin Koroğlun olub.
Rövşən öz atasının gözü çıxarılandan
Döndü Koroğlu oldu.
Sən nə etdin, axı nə?
Dünən sənin atanın gözü çıxarılan gün,
Bu gün həmin cəlladın şəninə sərgi düzdün.
 
Esse yazan tələbə,
Niyə heç düşünmədin,
“Niyə yazmıram” deyə,
Bir qərara gəlmədin?
Niyə sən o cəlladın əlində şəhid olan,
Ülvi Bünyadzadəni xatırlaya bilmədin.
O da tələbə idi
Sənin kimi, sənintək
Onun da həmin gecə
Doğma vətəni üçün susdu köksündə ürək.
Sən də məktəbli oldun.
Hələ də yadındadır
Getdiyin o məktəbin
Dəhlizi, divarları.
Niyə xatırlamadın
O gecə şəhid olan nakam məktəbliləri
Larisanı, İlqarı.
Sabahın müəllimi, ziyalısı olaraq
Nə faydan toxunacaq
Bu ölkəyə, vətənə.
Eh, tələbə, tələbə,
Nə deyim axı sənə?
 
Yox!
Bəsdir!
Yetər daha!
Yetər daha bu qədər milləti aldatdınız.
Yetər daha bu qədər xalqı rəzil etdiniz
Bu xalqı alçaltdınız.
Yetər daha bu qədər xalqı gözdən saldınız,
Ayaqlara atdınız.
Yetər daha bu xalqın qanını içdiyiniz,
Göz yaşı tökdüyünüz.
Yetər nankorluğunuz, üzüdönüklüyünüz.
Bu xalq bu rəzilliyə
Layiq olan xalq deyil,
Bu xalq azad doğulmuş,
Bu xalq azad yaşamış,
Bu xalq düşmən əlində
Nökər olan xalq deyil,
Girov qalan xalq deyil.
Siz xalqdan deyilsiniz
Bu xalq üçün yadsınız.
Şəninə bəh-bəh ilə sərgi keçirdiyiniz
Həmin cəllad vardı ha
O bir cür cəllad idi,
Siz bir cür cəlladsınız.
Çəkilin bu vətəndən,
Çəkilin!
Çıxın!
Gedin!
Bu yurdda yaşamağa haqqınız yoxdur sizin.
Bu ölkəni tərk edin!
Bu vətənin həqiqi sahibləri var ikən,
Vətənə layiq olan övladları var ikən
Bu vətən onlarındır,
Bu vətən bizlərindir.
Sizin deyil bu vətən,
Sizin deyil bu vətən!
 
Zaur Ilhamoglu
164 baxılıb