Vətəni gözünün üstə qoyanlarla dizinin üstə qoyanlar… -Ramiz QUSARÇAYLI

Bu yaxınlarda bir qrup yazarımız Türkiyənin Adana şəhərində Beynəlxalq şeir və musiqi festivalında iştirak edib.

Müstəqil.Az festival iştirakşıları araslnda sorğu keçirib: Siz də bu bu tədbirlərin iştirakçısı olmusuz,  deyin,  festivalın işindən razı qaldınızmı? Sizcə bu cür görüşlər ədəbiyyatımıza hansı töhfələri verə bilər?,

İlqar Türkoğlu, şair:

Uzun illər siyasi münasibətlər, siyasi qonular, yad ideologiyalar ulusumuzu bir- birindən ayrı saldığından ədəbi tədbirlərin- festivalların düzənlənməsi dünya türklərinin, türk insanının biraraya gəlməsi üçün çox əhmiyyətlidir.

Ramiz Qusarçaylı:Festivaldan razıyam, tərkibdən razı deyiləm.Vətəni gözünün üstə qoyanlarla dizinin üstə qoyanları ayırd etməyin vaxtı çatıb.

Aləm Kəngərli:Ədəbiyyatla, mənəviyyatla bağlı olan hər bir tədbiri ancaq alqışlamaq olar. Məncə Yer planetini qarşılaşdığı insani fəlakətlərdən dolayı da, ancaq yazıçı və şairlər xilas edə bilər; əlbbəttə ki, sözün qüdrəti və sehri hesabına, insanlara düz yol göstərməklə, onları dürüstlüyə səsləməklə, mənəvi şikəstlikdən xilas etməklə. Fikrimcə, festivalın işi daha əhatəli ola bilərdi. Təşkilatçılıq zəif idi. Hazırsızlıq və tələskənlik hiss olunurdu. İştirakçılar arasında təsadüfi adamları sezmək isə çətin deyildi.

Narıngül Nadir: Artıq ikinci dəfədir ki, Çukurova Ədəbiyyatçılar Dərnəyi tərəfindən düzənlənən Uluslarası Türk Dünyası Şeir və Musiqi festivalında iştirak edirdim. Bu səfər məndə çox gözəl təəssüratlar yaratdı. Tarixi yerlərin gəzintisi, müxtəlif tədbirlər, Karapınar parkında təşkil olunan şeir və musiqi məclisi olduqca möhtəşəm idi. Ədəbiyyat həmişə xalqlar, dövlətlər arasında körpü rolunu oynayıb. Bu dəfəki səfər də Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İrak və s. ölkələrdən gələn ədəbiyyat adamları arasında dostluq bağları yaratdı. 100 nəfərlik bir heyətin bir araya gəlməsinin özü elə ədəbiyyatın xidmətidir. Səfər müddətində yazarlar bir-birinə dərgilər, kitablar bağışladır. Belə ədəbiyyat festivalları ədəbi mübadilələr üçün geniş meydan yaradır. Hər səfərdən sonra ədəbiyyat dərnəkləri arasında yeni əlaqələr yaranır, ədəbi “şəbəkələr” genişlənir. Bundan başqa belə səfərlər yaradıcılıq üçün stimul və yaradıcılıq üçün yeni mövzular verir. Yəqin ki, bu səfərin təəssüratıyla neçə-neçə yeni şeir, hekayə və publisistik yazılar yazılacaq. Fürsətdən istifadə edib festivalın keçirilməsində zəhmət çəkən təşkilatçılara Çukurova Ədəbiyyat Dərnəyinin başçısı Halisə Təkbaşa və Dərnəyin Azərbaycan təmsilçisi İlqar Türkoğluna öz təşəkkürümü bildirirəm.

Rəqibə Nazimqızı:Bu səfərlər türk dünyasının ədəbiyyat və incəsənət adamlarına bir-birini yaxından tanımaq imkanı verir. Bundan başqa, arada ciddi fikir mübadilələri olur. Üçüncüsü, bir-birimizin mətnləri ilə tanış oluruq, qarşılıqlı çevirmə imkanları yaranır. Həm də bu cür səfərlər istirahət imkanıdır. Onlardan nə qədər çox olsa, bir o qədər yaxşıdır. Məsələn, ötən ilki festivaldan sonra mən bir silsilə şeir yazdım, onlardan ikisi elə Adanada yazılmışdı, şəhərin portağal və limon qoxusu şeirlərə də hopmuşdu.

Müstəqil.Az

Share: