Sənə kitab imzalamaq istəmirəm! – Tuğrul Tanyolun kitab təqdimatından reportaj

 Müstəqil.Az Artkaspi.az saytının Rəvan Cavidin türkiyəli şair Tuğrul Tanyolun Azərbaycan dilinə tərcümə edilmiş “Sən əlimdən tutanda” kitabının imza günündən yayınladığı reportajı təqdim edir:

Oktyabrın 3-ü Rus Kitab Evində Türkiyənin 80-lər nəslinin ən uğurlu imzalarından olan Tuğrul Tanyolun dilimizə çevrilən yeni kitabının – “Sən əlimdən tutanda” şeirlər toplusunun təqdimaq-imza günü keçirildi. “Lifft” festivalı günlərində şəhərimizdə qonaq olan türkiyəli şairin imzasını almaq, onunla həmsöhbət olmaq istəyənlər arasında ədəbiyyat nümayəndələri, yazarlar, şairlər daha çox idi.
 Tədbirin aparıcısı “Eşq” seriyasının rəhbəri, kitabın redaktoru Fərid Hüseyn idi. Tuğrul Tanyol haqqında bir qədər məlumat verdikdən sonra yeni çap olunmuş kitab barədə, həmçinin tərcümə olunmuş şeirlər haqqında da qonaqları məlumatlandırdı. Tuğrul bəyin susuzluğu və kitabxananın direktorunun su gətirmək həvəsi hərdən Fəridin fikrini yayındırır, zaldakı adamların diqqətini dağıdırdı. Hər şey çox sakit davam edirdi. Tuğrul Tanyolun şeirləri kimi.
 Tədbirdən əvvəl kitabxananın qarşısında fransız ədəbiyyatı mövzusunda həmsöhbət olan, daha sonra şairin fransızca tərcümədə çıxmış kitabı haqqında danışan Cavanşir Yusifli yeni dövrün ədəbi standartlarından, milli və bəşəri mövzuların çağdaş ədəbiyyatda qarşı-qarşıya gəlməsindən, türk şeirindən, fransız amilinin təsirindən söz açdı. Cavnşir Yusiflininbir tənqidçi kimi kifayət qədər intellektual nitqi və sakit təhkiyəsindəki adı çəkilən əsərlər kitabların arasında öz müəlliflərini axtardı. Yaxın on-on beş dəqiqə ərzində dəyərli tənqidçini dinləmək böyük şairi də yormadı.
 Və birdən bütün huzuru qəfil gələn allergiya pozdu. Tuğrul Tanyolun qolları səpdi. Özü bir qədər narahat oldusa, beyninə gələn ehtimallarla bizi daha çox narahat etdi. Kitabxananın önündəki aptekdən allergiya üçün dərman alıram:
 – Nolub ki?
 – Tuğrul Tanyolun qolları səpdi qəfil…
 – Harda oynayır o?
 – Şairdi. Türkiyəli şair…
 – Hansı komandanı sevir?
 – Bilmirəm… soruşaram…
 Əczaçının futbol marağı məni güldürdü. Qalxanda Cavanşir müəllim hələ də danışırdı. Dərmanı iki bölüb uzaqlaşdım. Deyəsən, içdi.
 Sonra söz Aysel Əlizadəyə verilir və o nəinki sözü, həm tədbirin moderatorluğunu ələ alır. Tuğrul Tanyolun bir şeirini oxumaq istəyir:
 – Burada eynən məni yazmısınız…
 “Çiçəkləri tökülən ağac” şeiri Aysel xanımın səsində bütün zala yayılır. Daha sonra ilk sual:
 – Bir şair həm də siyasətçi olmalıdırmı?
 – İnsan və siyasət bir-birindən ayrılmayan şeylər. Şair də insan olduğuna görə, həm də etirazçı olduğuna görə, mütləqdir.
 Razılaşmadığımı yerdən bildirmək istəyəndə Kafkanı gördüm və kefim qaçdı. Bir qədər siyasət və ədəbiyyat arasıında get-gəl etdilər. Daha sonra söz “Sən əlimdən tutanda” kitabının tərcüməçilərindən biri Həyat Şəmiyə verildi. Həyat xanım Tuğrul Tanyolun şeirləri haqqında hazırladığı akademik yazıdan ümumiləşmiş şəkildə danışdı. Fərid Hüseyn tez-tez saata baxır, Aysel Əlizadə qollarını qucaqlayıb, Tuğrul Tanyol anlamağa çalışdığı dilimizdəki bu çətin mətni həzm etməyə çalışır. Şairn bundan sonra daha iki tədbirə qatılacağı məlumatı Həyat xanımı ixtisarlara məcbur etdi. Növbəti çıxışı yazıçı Kənan Hacı etdi. O da Tuğrul Tanyol yaradıcılığı, yeni şeir haqqında fikirlərini bildirdi.
Tədbirin ən maraqlı hissəsi imza zamanı oldu. Şair azərbaycancaya çevrilmiş kitabını qonaqlar üçün imzalayır, adlarla zarafatlaşırdı.
 “Adınız Ayselmi? Aysel, git başımdan…”
 Hamı gülür.
 – Sizin adınız nədir?
 – İntiqam Yaşar.
 – İndi mən bura İntiqama sevgilərlə yazım? İmzalamayım, məncə…
 Fərid Hüseyn:
 – Bu əla idi, bunu başlıq qoyarıq…
Şairin kefi yaxşıdı.
 – Adınız Həyat. Həyata sevgilərlə… Bu gözəl oldu…
 Sonda tədbirdəkilər və şair şəkil çəkdirir. Səhər festivalın qalibi Tuğrul Tanyol olduğu xəbərini oxuyuram və pozitiv şairin uğuruna sevinirəm.
Share: