“Rossiya 1” telekanalının efirində “Po sekretu vsemu svetu” səyahət şousunun Azərbaycana həsr olunmuş növbəti buraxılışı yayımlanıb.

“Qafqazinfo”nun məlumatına görə, proqramın aparıcısı Olqa Kuzmina əvvəlcə Yanardağ haqqında danışıb. “Azərbaycan həmişə öz xoş münasibəti və isti qucağı ilə tanınıb, amma onun bu qədər isti olacağını düşünmürdüm”, – deyə Kuzmina verilişə başlayıb.

Azərbaycanı odlar və qonaqpərvərlik ölkəsi adlandıran aparıcı ölkəmizin Avropa ilə Asiyanın qovşağında yerləşdiyini qeyd edərək buranın “xüsusi yer” olduğunu deyib və Atəşgah məbədi haqda ətraflı danışıb.

“Neftdən təkcə yanacaq deyil, həm də dərmanlar, plastmas, kremlər və bir çox başqa şeylər istehsal edirlər. Hətta elə yerlər var ki, orada əsl neft vannası qəbul etmək olar”, – Naftalan müalicəvi kurortu haqda danışan aparıcı qeyd edib.

“Bu özlü lehmənin içində kosmik hisslər keçirdim”, – özünü qeyri-adi hiss etdiyini etiraf edən “Rossiya 1”in aparcısı neft vannası qəbulundan keçirdiyi təəssüratlarını tamaşaçılarla bölüşüb.

O. Kuzmina əsərlərini neftlə çəkən azərbaycanlı rəssam Sabir Çopuroğlunun emalatxanasında da olub. Rusiya efirində o, “rəssam-kimyagər” kimi təqdim edilib. Bundan əlavə, aparıcı palçıq vulkanlarını və paytaxt bazarını ziyarət edib və Xınalıq kəndinə yollanaraq, orada sakinlərin biri ilə “üç bacı” dolması hazırlayıb.

Kənd sakini ilə söhbətləşən Olqa Kuzmina ona təşəkkür edərək bunları deyib: “Siz mənə çox şey öyrətdiniz – bütün çətinliklərə baxmayaraq, həyatı sevməyi və təkcə gülüşlə deyil, həm də gözlərlə gülməyi”.

Qeyd edək ki, bu, “Po sekretu vsemu svetu” proqramının Azərbaycana həsr olunmuş ikinci hissəsidir. Səyahət şousunun birinci hissəsində baş verənlərlə buradan tanış ola bilərsiniz.

H.M.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

112 baxılıb