2186 sürücü buna görə cərimələndi

“Təmiz hava” aylığı çərçivəsində 2186 avtomobildən havaya normadan artıq karbon oksidin atıldığı məlum olub.

Müstəqil.Az bildirir ki, bu barədə Axar.az-ın sorğusuna Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cavab olaraq bildirib.

Avqust ayının 1-dən 31-i tarixinə qədər keçirilən reyddə atmosfer havasını çirkləndirən sürücülərə müəyyın məlumatlar verilib:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Təmiz hava” aylığı ilə bağlı respublika ərazisində keçirilən birgə reydlər zamanı ümumilikdə 15 mindən çox avtomobildən atmosferə atılan qazların miqdarı yoxlanılıb. 2186 avtomobildən havaya normadan artıq karbon oksidin atıldığı məlum olub”.

Nazirlikdən bildirilib ki, reydlər avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə keçirilib. Məhz bu səbəbdən də atmosfer havasını çirkləndirən avtomobil sürücüləri ilə bağlı əldə edilmiş faktlarla bağlı protokollar tərtib olunaraq barələrində cərimə tətbiq edilib.

Nazirlikdən bildirib ki, bu gün respublikada atmosferə buraxılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacaqla işləyən mühərriklərin payına düşür. Hesablamalara görə, ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır.

Xatırladaq ki, havanın çirklənməməsi üçün mütəmadi olaraq Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sürücülərindən istifadələrində olan avtomobilləri texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir.

Bu tələblərə riayət etməyən sürücülər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir.

Nigar İ.

Share: