Əli Kərimli niyə saxlanıldı? – Deputat açıqladı

Hesab edirəm ki, polis Əli Kərimlini saxlamaqla qanunun hamı üçün olduğunu göstərdi.

Müstəqil.Az bildirir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə bu gün Əli Kərimlinin polislər tərəfindən saxlanılması haqda Axar.az-a danışarkən deyib. O bildirib ki, Əli Kərimli qanunazidd addımlar atır:

“Azərbaycanda müxalif mövqedə olan bəzi şəxslər hesab edirlər ki, qanun onlar üçün yazılmayıb. Onların bəziləri qanuna qarşı saymazlıq edir. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsi cəhdinə görə Əli Kərimlinin polislər tərəfindən saxlanılması heç kimə ictimai asayişi pozmağa imkan verilməyəcəyini göstərmək üçün atılmış düzgün addımdır”.

Millət vəkili onu da bildirib ki, Əli Kərimli saxlanılmasından sui-istifadə edərək, kampaniya başlatmağa cəhd edir:

“O, bundan da istifadə etməyə çalışdı. İctimaiyyətdə onun həbs edilməsi ilə bağlı məlumat yayılmağa başladı. Amma əslində ona xəbərdarlıq edilərək sərbəst buraxılıb. Hər bir vətəndaş kimliyindən asılı olmayaraq, qanuna hörmətlə yanaşmalı və ictimai asayişin qorunmasına töhfə verməlidir. Hər kəs bilməlidir ki, qanunsuz hərəkətinə görə səlahiyyətli orqanlar onu saxlaya, xəbərdarlıq edə, hətta qanunu ciddi sürətdə pozalarsa, həbs edə bilər. Yəni hüquqi dövlətdə yaşadığımızı unutmamalıdırlar”.

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) AXCP sədri Əli Kərimlinin saxlanılması ilə bağlı məlumat yayaraq, onun Binəqədi rayonu ərazisində yerləşən Müsavat Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edildiyini və rəsmi xəbərdarlıq edilərək sərbəst buraxıldığını bildirib.

Nərmin

Share: