Professorun dəmir addımları…

Professorun dəmir addımları

 

Böyük ocaqları kiçik kibrit yandırır. Hər şey, hər şey kiçikdən böyüyə doğru irəliləyir. Bakı Dövlət Universiteti. Dəhliz boyu qulağıma bir səs gəlir. Tənəffüs zamanı tələbələrin danışıqları, gülüş səsləri, oğlanlı-qızlı topa-topa bir yerə yığışıb danışdıqlarının fərqinə belə varmırsan. Bircə səs tıq… tıq… tıq… Çevrilib geriyə baxıram. Ayaqlarının ikisi də müvazinətini itirib. Qoltuq ağacları, damağındakı siqaret, çiynində vərəq dolu çanta. Tələbələr onu görcək kənara çəkilir. Yaşar müəllim heç kimə mane olmadan auditoriyaya doğru addımlayır.  Tıq… tıq… tıq… Onu çoxu tanıyır. Amma, o az adam tanıyır. Canlı əfsanədir. Hətta işıqda adiləşmək qorxusu var canında. Titullarını sadalamaqla qurtarmaz. Dilçidir. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. Sadə davranışı ilə mürəkkəb bir insan xarakteri olduğunu yaxınları yaxşı bilir. Sevgisini heç vaxt büruzə verməz.

Nə ailəsində, nə övladlarına qarşı, nə də dostlarına qarşı. Xarici görkəmindən ciddi xarakterə malik olduğu dərhal bilinir.

Yaşar Məmmədli sənət pillələrini aram-aram qalxıb. Özünün qeyri-adi istedadı, ədəbi cəfakeçliyi sayəsində qalxdığı pillələrin pik nöqtəsində püxtələşmiş, təkmilləşmişdir. Çoxsaylı əsərlərin axarında fövqalədə xüsusiyyəti ilə fərqlənir. Xəyalları göydə yaşasa da özü yerdədir. Bu mənada göylə-yerin sərhədləri qonşudur və bir-birindən təcrid olunmayıb. Ancaq yerdə elə bir mənəvi gərginlik mühiti var ki, insan bir çox halda buna dözə bilmir, yaxud bu gərginliyə dözmək istəmir. Məhz, o zaman insan varlığını dəyişmək, ona qəfəs olan mühitdən baş götürüb, qaçmaq istəyir. Gözlərində həyat eşqi qığılcım kimi parıldayır, İç dünyasının zənginliyi üzünə nur saçır, sanki. Sevgisi kimi nifrəti də, qəzəbi də içindədir bu fövqəlbəşər professorun! Dilçilik elmində qazandığı uğurlar və bu sahədə dərc olunmuş elmi məqalələri, nailiyyətləri ilə heç vaxt qürrələnməyib. Cəbrayıl rayonun Böyük Mərcanlı kəndində 1957-ci ildə dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Moskva Dövlət Universitetinə daxil olmuşdur. Həmin Universiteti bitirdikdən sonra ölkənin ali təhsil ocaqlarından biri olan Bakı Dövlət Universitetində pedoqoji fəaliyyətə başlamışdır. Fərqli düşüncə, fərqli təfəkkür, fərqli yanaşma tərzi. Tələbələri onu çox sevir. Bu yalnız Yaşar Məmmədliyə xas olan bir xüsusiyyətdir.

-Şuşaya gedən yol kəndimizdən keçir, – deyir. Ayaqlarımda təpər, güc olmasa da kəndimiz azad olunanda, kəndimizə gedəcəyəm. Müqəddəs ruhları ziyarət edəcəyəm, Allah ömür versə. Başının üstündə dalğa-dalğa burulan siqaretin dumanında, fikirlər içində bəzən beyni də dumanlanır. Cəbrayılda fərdi dağ adları olan “Mazannənə”, “Ağoğlan”-nın başının üstündəki dumana bənzəyir. Yaradıcı insanlar cilalanmamış ləl kimidir. Onu xalqın məhəbbəti, el sevgisi cilalayır, daş-qaş, zinət halına salır. Dilçilik elmi-filologiya- sözlərin bədii təsviridir. Sələflərindən öyrəndiyini, xələflərinə sevə-sevə aşılayır, professor Yaşar Məmmədli.

 

Səmayə Güləliqızı

                                                        şairə-publisist.

 

 

Share: