İlkin Həsəni 300 minlik film çəkdi – FOTO

Dünən Nizami Kino Mərkəzində “Bozbash pictures” komandasının “İLK Media” və “Cinemazadeh” istehsalı ilə ərsəyə gətirdiyi “Bombaltı” filminin təqdimat mərasimi baş tutub.

Publika.az xəbər verir ki, komediya-macəra və döyüş janrında çəkilən filmin quruluşçu rejissoru Rauf Ocaqverdiyev, quruluşcu operatoru Elvin Əhmədoğludur. 90 dəqiqəlik ekran işinin ssenarisi isə Ənvər Abbasov, Samid Ağayev və Elnur Hüseynova aiddir.

İlkin Həsəni açıqlamasında bildirib ki, ekran işi çox baha başa gəlib: “Bütün pulumuzu filmə yatırmışıq. Çox bahalı komediyadır. Təxminən 300 min manatdan çox pul xərclənib. Əgər bu ilin sonuna qədər heç kəs bizdən bahalı film çəkməsə, “Bombaltı”nı ilin ən bahalı filmi adlandırmaq olar. Həqiqətən çox möhtəşəm bir iş alınıb”.

Adından da göründüyü kimi partlayışdan bəhs edən “Bombaltı” filminin çəkilişləri Mingəçevirdə baş tutub. İlkin Həsəninin “Yayda Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən partlayışdan sonra belə bir film çəkməyə qərar verdiniz” sualına cavabı belə olub:

“Əslində yayda baş verən Mingəçevir hadisələri ilə üst-üstə düşdü. Ssenari müəllifləri ssenaridə bölgə olaraq Mingəçeviri yazmışdı. Hər kəsdə bir sual yarandı ki, görəsən dövlət qurumları orada çəkilişə icazə verəcək, ya yox? FHN başda olmaqla digər dövlət qurumları bizim üçün hər bir şəraiti yaratdılar, sağ olsunlar. Biz bu günə qədər heç kimin etmədiyini etdik. Mingəçevir Su Anbarının ən təhlükəli yerində çəkiliş etdik”.

O, “Bozbash pictures” üzvlərinin ayrı-ayrılıqda filmə çəkilməsinə də münasibət bildirib:

“Gördüyünüz kimi altımız da burdayıq, dağılmamışıq. Hansısa məşhur layihənin simaları sonradan solo fəaliyyət göstərə bilər. Bu, dünya praktikasında da var. Elşən Orucov “Fəlakət” filmində tək, yəni bizsiz çəkildi və çox uğurlu alındı. Gələcəkdə heyətin başqa obrazlarını da digər filmlərdə görə biləcəksiniz”.

Yeni filmində şotlandların milli kişi geyimində olan səhnələri ilə diqqət çəkən ulduz maraq doğuran səhnələr haqqında bunları deyib:

“Gizli agentlərə yerinə yetirməli olduğu tapşırıq verilmişdi. Diqqəti yayındırmaq üçün biz maskalanmalı idik. Odur ki, şotland milli kişi paltarı geyinərək turist obrazına girmişik. Düşünürəm ki, bu səhnələr pis alınmayıb”.

Filmlərində və “Bozbash Pictures”in həftəlik buraxlışlarında dələduz fırıldaqçılıqları ifşa edən aktyor onu da əlavə edib ki, həyatda bəzi hallarda özü də kimlərəsə fırıldaq gəlməli olur.

Qala gecəsində komediyanın yaradıcı heyəti İlkin Həsəni, Nicat Rəhimov, İlkin Misgərli, Elşən Orucov, Ramil Babayev, Azər Baxşəliyev, Duyğu Dəvəli, Vaqif Şərifov, habelə Xalq artisti Afaq Bəşirqızı, aktyor Fərda Xudaverdiyev, aktrisa Dilarə Əliyeva, Bəhram Bağırzadə, aktrisa Sevinc Əliyeva, Elməddin Cəfərov və başqa tanınmış sənət adamları iştirak edib.

Aytən

FOTO: Pərviz Həşimi

Share: