Səfil olmuş zəngin: “Gəlinimi qumarda uduzdum”

(“Səfillər” )

Onun haqqında köhnə dostum Ənvər kişi mənə dedi:

– Faiq, sən dərdli adamlardan yazırsan. Vallah, bir kişi var, bizim binanın həyətindəki zibilləri təmizləyir, kafe var, oranı silib–süpürür. Get, o adamı tap. Kərpic zavodunun yanında bir ağac var, zibilliyə yaxın. Orada yatır. Amma “alkaş”-zad deyil… çox fikirli, dərdli, kimsəsiz və bədbəxtdir…

Mənə nişan verilən zibillik Yeni və Köhnə Günəşlinin arasından sərhəd xətti kimi keçən, uzunluğu 2 kilometrə qədər olan yarğanda yerləşir. Ətrafda yaşayan insanların zir-zibili, tör-töküntüsü bura daşınır. Sovet zamanının məşhur kərpic zavodu da burada yerləşir. Əvvəllər baxımsız qalan zavod Son vaxtlar bərpa olunub, tam qüvvəsi ilə işləmək üzrədir.

Bu günlərdə getdim. Ənvər kişi elə belə də demişdi:

– Kərpic zavodundan bir qədər aralıda, zibilliyin yaxınlığında tək zeytun ağacı var. O, orada olacaq.

Zibillikdə iki qadın və bir cavan oğlan dəmir qırıntıları, əlvan metal parçaları toplayırdı. Mənə haqqında bəhs edilən adam isə gözə dəymirdi. Yaxınlaşıb, “burda bir kişi olur, görmədiniz ki”, – deyə soruşdum.

Qadınlardan biri: – İndilərdə gələr. Gedib yuxarı, – deyərək Günəşli yaylasındakı hündür mərtəbəli binaları göstərdi.

Bir qədər də söhbət etdikdən sonra öyrənirəm ki, kişi hər gün səhər saat 10-dan sonra harasa gedir. Axşamüstü gəlir, sonra yenidən gedib, gecədən keçmiş qayıdır.

Aralanıram. Təxminən iki saatdan sonra həmin yerə qayıdıram. Dəmir-dümür yığanlar yoxdur. Zeytun ağacının altında isə o qədər də yaşlı olmayan bir kişi oturub. Karton döşəməsinin üstündə 5 litrlik su qabı, sellafon paketdə çörək və başqa ərzaqlar var. Hiss olunur ki, yaxşı nahar edib. Üz-gözündən aclıq yağmır. Heç təsəvvür etdiyim məzlum simanın da sahibi deyil. Sanki burada olmaq onun həyat tərzidir. Gözlərində isə yorğunluq “bardaş qurub” oturub. Salamımı alır, yanında yer göstərir. Danışığı tam sərbəst, ifadələri dolğun və aydındır.

ATƏTİ-İN UMUDUNA QALMIŞIQ

Məqsədimi söyləyirəm. Jurnalist olduğumu, ondan yazı hazırlayacağımı deyirəm. “Nəyimnən yazacaqsan, – deyib etiraz edir. Bir qədər də söhbət edirəm. Haralı olduğunu soruşuram. “İndi bizim yerlərdə bizimkilər olmur, – deyir, – ATƏT-in umuduna qalmışıq”.

Konkret olaraq haradan, hansı rayondan olmasını bir də soruşuram.

– Nə fərqi var ki… İşğal altında olan ərazidənəm. Azərbaycanlıyam. Bu gün Azərbaycanın aşağısı-yuxarısı yoxdur. Hamısı bir yerdədir. Azərbaycanlılar isə hamısı ya mənim günümdədir, ya da məndən yaxşı gündə… – deyib, sonra əlavə edir, – buna da şükür…

ADIMI QULU QOYUB SONUMU GÖRÜBLƏR

Siqaretə qonaq edirəm. Təşəkkür edib, götürür. Adını soruşuram.

– Adım Quludur, – deyir. Rəhmətliklər uzaqgörən imiş, adımı Qulu qoymaqla, sonumun qul kimi olacağını bilirmişlər.

– Ata-anana qəzəbin tutur yəqin, adını Qulu qoyduqlarına görə…

– Yox niyə ki. Onlar istəməzdi ki, mən belə sərgərdan ömür sürəm. Günah zəmanədədi.

– Niyə zəmanədə? Nəbzini tuta bilmədin zəmanənin, bəlkə günah elə özündədi?

– Hə, günah məndədir…

DANIŞDIQLARIMI YAZSAN, BƏSİNDİR

Qulu siqareti çox rahat çəkir. Bu adamda acgözlük, hərislik görmürəm. Elə əyni-başı da başqa “səfillərimlə” müqayisədə səliqəlidir. Üzü elə də tüklü deyil. Həyatının dünəndə qalmış dönəminə qaytarmaq istəyirəm onu. Yenə də razılıq vermir. Sonra isə, “eh, onsuz da ələyim ələnib, xəlbirim göydə fırlanır”, – deyib razılaşır. Su qabından plastik parça su süzür, başına çəkir və təmkinlə danışır:

– Bilirəm, orasını-burasını bəzəyəcəksən. Yazın daha təsirli olsun deyə. Allahın bilər, özün bilərsən. Amma lazım deyil. Elə danışdıqlarımı yazsan, bəsdir.

ANAMDAN BAŞQA 4-5 ARVAD…

Sonra bir siqaret də istəyir, siqaretin tüstüsünü ciyərlərinə “təslim” edib aramla, tələsmədən davam edir:

– Atam bizim tərəflərin ən nüfuzlu kişilərindən olub. Anamdan başqa 4-5 yerdə də arvad saxlayardı. Ticarətçi idi. Sovetin vaxtlarında qazandığı pulu indiyə qədər xərcləsəydik də qurtarmazdı. Amma qurtardı. Çünki xərcləmədik, dağıtdıq. Atamın yolu ilə getmək istədim. Qaçqın düşməmişdən nəyimiz vardı köçürmüşdük Bakıya. Evlər almışdıq. Atam hər uşağının adına bir ev almışdı. Biz qaçqınlığı çox sonralar hiss etdik. Günümüz Bakıda idi. Yalandan Qarabağa qol götürüb oynadıq, toylarda tost dedik, şeir dedik. İçkinin təsiri başımızdan gedəndən sonra unutduq. Və gəldim bu zibilliyə çıxdım.

ARVADI ÖZ BAŞINA QOYDUN, QAŞINACAQ

– Atanın sənin üçün qoyduğu pulun qədrini bilmədin?

– Atam yaxşı kişi idi. Qızları – bacılarımı oxutdu. Həkimi var, müəllimi var. Kiçik bacım bankda işləyir. O, yaxşı çıxmadı. Ərindən boşandı, türkə ərə getdi. Hər ərindən 1 uşağı var. Amma o biri bacılarım ailələrinə sədaqətlidir. Kiçik yeznəmizin heç bir günahı yox idi. Sadəcə, fağır adam idi. Arvadı da başına buraxdın, qaşınması artacaq… nə isə, mən ticarətçi oldum. Atam sovetlərin vaxtında mənim üçün Bakıda bir dükan düzdü-qoşdu. Yaxşı dolanırdım. İşçilərimin əksəriyyəti qadınlar idi və… mən də dədəmin oğluyam da… Gərək harada işləyirsən, orada qələt eləməyəsən. Mən işçilərimi işlərinə görə yox, edəcəyim qələtlərə görə seçirdim. Axırda da mənim onlara elədiklərimi onlar mənə elədilər…

Qulu açıq ifadələrlə danışır. Mən də onun danışıqlarına hörmətlə qulaq asıram.

– Bir oğlum, bir qızım vardı. Qızı köçürtdüm, oğlumu evləndirdim, hər birinə ev aldım.

– Bundan da yaxşı nə ola bilər axı? Bəs niyə bu günə düşdün, evinə-eşiyinə yığışmadın?

– Arvadım qoymur.

ARVADIMA ƏYRİ BAXANIN…

– Niyə? Başqası ilə?..

– Bura bax, axmaq-axmaq danışma. Onun böyük tikəsini qulağı boyda edərəm… Mənim arvadıma əyri baxanın…

– Yaxşı da, Qulu, bəs bu zalımın qızı səni niyə evə qoymur?

Sualıma cavab vermək əvəzinə gözləri ilə zeytun ağacının budaqlarına baxır və gecikmiş sualını verir:

– Sənin adın nədir?

Deyirəm.

– Siqaretini at ortaya, cibinə qoyursan elə… “krısa”lıq eləmə, – zarafatında ərk duyulur…

İncimirəm. Siqareti qarşısına qoyuram.

– Yaxşı bəs sən niyə arvadına yiyəlik eləmirsən?

Ah çəkir. Quru bir zeytun budağını götürüb köynəyinin boynundan kürəyini qaşıyır. Sonra budağı sındırıb kənara atır:

– Mən özümə yiyəlik edə bilmədim. İçkiyə, qumara qurşandım. Qumar yıxdı evimi. Hamısı da mənimlə yeyib içən, qol qaldırıb Qarabağ havasına oynayan yerlilərim oldu. Dəmir seximi də uduzdum, həyatımı da. Yaxşı ki, arvadım marketi işlədirdi, onu saxlaya bildi. Onu da uduzmuşdum. Qırğına qiyamətə çıxdı. Vermədi. Uduzduğum pulları faizlə qaytardı. Məni danladı.

DAŞ SƏNİN KİŞİ BAŞINA

– Nə dedi?

– Dedi, daş sənin kişi başına…

– Demədin, daş olub da başıma?

– Yox, demədim. Görmürdü ki… Mən kor idim. Basdım döydüm arvadımı. Mənə hər gün iki qutu siqaretin, bir bakal pivənin, bir çaynik çayın pulunu verirdi. Dostlarımla görüşməyə də qoymurdu. Sonra dedi gəl, marketdə işin qulpundan yapış. Getdim. Sonra məni oradan da uzaqlaşdırdı, dedi get otur evdə.

DUL, YARAŞIQLI GƏLİN

– Niyə, nədə mane olurdun ona?

– Orada bir gəlin işləyirdi. Yaraşıqlı idi, həm də dul. Ona dedim ki, səni baş satıcı keçirdəcəm. Yaxınlığımız oldu. Amma sözümün üstündə dura bilmədim. Arvadıma deyəndə ki, onu baş satıcı keçir, razılaşmadı. Mən də basdım döydüm. O da öyrəndi ki, mən onunla görüşürəm. Məni işdən qovdu. Dedi, get otur evdə.

– Bəs o qadını?

– Onu şırığladı. Yaman günə qoydu. Mənə dedi dədəsinə oxşamış oğraş. Sonra oğlumu, yeznəmi çağırıb məni evdən qovdu.

Qulu könülsüz danışır. Fikirləşir, ara verir. Sanki nəyi isə quraşdırırdı.

– Qulu, sən nəyi isə gizlədirsən, sənin başqa zibillərin də olub. Ona görə zibilliyə gəlibsən, buranı yurd seçibsən. Məsələn, içki əsiri idinsə gedib kafelərin, yaxud qadın düşkünü idinsə əxlaqsız qadınların yanında oturardın.

MƏN DİLƏNÇİ DEYİLƏM

Qulu bütün hallarda nəyi isə gizlədirdi. Məndə bu əminlik vardı. Nəyi isə danışmaq istəmirdi. Siqaretdən birini də götürüb yandırır. Bu dəfə əlini şalvarının cibinə salır. Bir topa pul çıxarır. Əsasən xırda pullardı.

– Burda 200 manatdan çox pul var. Mən dilənçi deyiləm. Özüm qazanıram pulumu. Geyimimi. Bax. Ev də tuta bilərəm. Amma etməyəcəm. Qoy dostlarım, ailəm xəcalət çəksin…

– Kimə pislik edirsən ki… o qədər səhv işlərin var. İndi onları başı-aşağı etmək istəyirsən guya. Elə etmisən də… Gəl belə danışaq, bil ki, mən dünyanın hər üzünə bələd insanam. Çətin mənə yalanlarını yeridəsən. Danışmaq istəmirsən, danışma.

– Sənin maşınında araq var? Araq al, içək, danışaram.

– Mən araq içmirəm…

– Bilirsən, mən də bilirəm düz etməmişəm. Amma məni evə qoymazlar daha. Oğlum da anasına deyib ki, evə qoyma.

GƏLİNİMİ QUMARDA UDUZDUM

– Niyə axı? Sən ki günah etdiyini başa düşürsən.

– Mən özümü bağışlaya bilmirəm. Məni heç kəs bağışlamaz, – əlinin arxası ilə gözlərinin yaşını silir. Səsinin titrəyişini hiss etsəm də, gözlərini boğan yaşı gizləyə bilmişdi. Sinəsindən iniltili ah qopdu:

– Mən gəlinimi qumarda uduzdum.

– Nə-ə?!! – gəlinini uduzdun? Kimə uduzdun?

– Dostuma!

– Necə, eləcə qumara qoydun gəlinini?

– Yox, gəlinim tərbiyəli ailədəndir. Qanacaqlı qızdır. Oğlum oxuyan universiteti bitirib. Mühasib işləyir. Maaşı da azdır. Dostum var, adı Ağadır. Həmişə gəlinim haqda xoş söz deyib. Onun bağında bir neçə köhnə tanış qumar oynayırdıq, bir az pulum vardı, uduzdum. O mənə borc verdi. Yenə də uduzdum. Dedim, imkan tapıb qaytararam. Dedi: “Lazım deyil. Sənin gəlinin yaxşı baladır. İşgüzardır. Mənim elə savadlı işçiyə ehtiyacım var. Onu işlədiyi yerdən çıxart, gəlsin mənim şirkətimdə baş mühasib işləsin, yüksək də maaş verərəm. Əgər gəlsə, dediyim kimi işləsə, uduzduğun pulları da bağışlayaram…”

İlahi, Qulunun bu etirafını eşitmək üçün gərək borc göz alasan, dözmək üçün əlavə ürək taxasan sinənə. İnsan necə qısılarmış, necə dizlərinin arasına sıxılıb, kiçilib gizlənmək istəyərmiş…

SƏN KİŞİ DEYİLSƏN…

– Sonra nə oldu?

– Durdum onlardan, çıxdım çölə. Piyada gəldim yol boyu. Kişiliyim çatmadı orda ona bir söz deyəm, sözü məni yaman tutmuşdu. Xeyli gəlmişdim, bir maşın saxladı. Orada olan dostlardan biri də mənim arxamca çıxıbmış. Oturdum maşınına. Məni evimizə qədər gətirdi. Heç birimiz danışmadıq. Məni düşürəndə telefonumu istədi. Verdim. Girdi nömrəsini telefonumun yaddaşından sildi. Qulu, sən kişi deyilsən, dedi, elə biz də kişi deyilik. Nakişişiyəm, sənə və o adama zəng vursam, adınızı tutsam. Sürdü maşının uzaqlaşdı. Axşamüstü Ağa mənə zəng vurdu. İki günə pulumu gətir, ya da gəlinin gəlsin, işləsin, – dedi. Gətirərəm, – dedim.

– Verdin onun pulunu?

GƏLİNİMİN QIZILLARINI SATDIM

– Hə…

– Haradan tapdın?

– Gəlinimin yanına getdim. Nəvəmin şəklini öpdüm. Yatmışdı. İstəmədi uşağı yuxudan edəm və murdarlayam onu. Hər şeyi danışdım. Məni bağışla, dedim. Gəlinim dinməzcə yataq otağına keçdi. Əlində bir ovuc qızıl-brilyant gətirdi, ata, bunları sən alıbsan, apar sat, borcunu ver dedi.

– Götürdün?

– Hə, aparıb satdım. Borcumu verdim. Gəlinim oğluma danışmışdı. Amma deməmişdi onu qumarda uduzmağımı. Eləcə uduzduğumu demişdi. Arvadım da bildi. “Çıx get evdən”, – dedi.

Pul toplayıb alacam gəlinimin qızıllarını. Bax, hər gün gedirəm marketlərdə yük boşaldıram, həyət-baca süpürürəm, axşamlar bir-iki kafenin tullantılarını aparıb atıram. Günə heç olmasa 30-40 manat qazanıram. 3 aya yaxındır ki, belə işləyirəm. Nəvəmin sünnət toyuna qədər gəlinimin qızıllarına qaytararam. Hələ vaxt var… Ölməyəcəm…

Faiq Balabəyli
(2014.06.20 Axar.az)

Share: