Vətəni əsl oğulları qoruyar

27 sentyabr səhər saat 6:00-da erməni silahlı qüvvələri atəşkəsi növbəti dəfə pozdular, amma bu dəfə əvvəlki dəfələrdən fərqləndi, Azərbaycanın şanlı ordusu düşməni susdurmaq üçün genişmiqyaslı əks-hücuma keçdi və bu əks-hücum hələ də davam edir və ümid edirik, nəinki ümid edirik, hətta buna tam əminik ki, bu əks-hücum şanlı ordumuzun tam qələbə zəfəri ilə bitəcək.

Çünki mətin Azərbaycan xalqı, öz işini mükəmməl bilən siyasi rəhbərlik və qələbə əzmində olan müzəffər ordumuz bu işdə vahid bir komandanlıq ətrafında birləşib və bu birlik ordumuza əlavə ruh yüksəkliyi verir və bu ruh yüksəkliyini görən yağı düşmənin qaçmaqdan başqa çarəsi qalmır.

28 sentyabrda mən, sırf təsadüf nəticəsində, Binə qəsəbəsində könüllülərin cəbhə bölgəsinə yollanmalarının şahidi oldum.

Könüllülər hamısı Lerik qeydiyyatında olduqları üçün onlar əvvəlcə Lerikə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik şöbəsinə yola düşdülər ki, sentyabrın 29-da oradan lazımi sənədləri alıb, cəbhə bölgəsinə yola düşsünlər.

Yola salanlar arasında könüllülərin ataları da iştirak edirdilər, bu kişilərin məğrur duruşları, övladlarına son xeyir-dua vermələri qeyri-ixtiyari məni 1992-ci ilin soyuq noyabr ayına apardı. Mənim onda 23 yaşım var idi, 3 il idi ki, Sovet ordusundan tərxis olunmuşdum, Qarabağdakı erməni vəhşiliklərinə dözə bilmədiyim üçün mən də könüllü olaraq döyüşə yollanmağa qərar verdim və məni də həmin döyüşə məhz atam yola saldı.

Ümumiyyətlə mənim könüllü cəbhəyə getmək qərarıma bircə atam anlayışla yanaşdı, “qərar sənindir, hər bir kişi vətənini qorumağa borcludur” dedi, atam məni yola salanda gözlərində bir nigarançılıq gördüm, o, sanki mənə sonuncu dəfə baxırmış kimi baxırdı, amma bunu büruzə vermirdi, hiss edirdim ki, atam mənim taleyimdən nigarandır, ona ürək-dirək vermək istədim, amma “ata, narahat olma, hər şey yaxşı olacaq”dan başqa söz tapa bilmədim, gözləmədiyim halda atam,- “sən məndən çox bu vətənin oğlusan, vətən darda olanda oğullar ayaqda olmalıdırlar, get, Allah amanında”,- deyərək, mənim əlimi bərk-bərk sıxıb, çönüb getdi…

…Elə həmin gün biz artıq Ağcabədidə, döyüşən ordunun korpusunda idik. Döyüşçülər arasında döyüş əhval-ruhiyyəsi çox yüksək idi, biz, təzə gələnlər döyüşə gedəcəyimiz günü gözləyir, lazımi təlimlər keçir, köhnə döyüşçülərə qaynayıb-qarışmağa çalışırdıq.

3 gündən sonra hərbi hissənin komandiri məni yanına çağırıb, hava hücumundan müdafiə qoşunlarını təşkil etmək məqsədi ilə müdafiə nazirinin verdiyi xüsusi göstərişin mənə də şamil olunduğunu bildirib, məni Bakıya, Biləcəri Hərbi Komissarlığına göndərdi, mənim sonrakı hərbi xidmətim Hava Hücumundan Müdafiə Qoşunlarının Baş Qərargahında davam etdi.

Artıq 1992-ci ilin dekabr ayı üçün Hava Hücumundan Müdafiə Qoşunları, demək olar ki, tam komplektləşdirilmişdi, amma yağı düşmən bizim Azərbaycan və rus dillərində verdiyimiz əmr və xəbərdarlıqları başa düşür, bombardmançı təyyarələrimizin bombalayacağı əraziləri əvvəlcədən bilir və buna adekvat addımlar atırdılar, yəni öz hərbiçilərini həmin ərazilərdən uzaqlaşdırmaqla, canlı itki qüvvəsini minimuma salırdılar.

Əslən Lerikdən olan polkovnik Cavadovun “rabitəni talış dilinə çevirək” təklifi anlaqlı qarşılandı, hətta polkovnik Muquyev bildirdi ki, 1990-cı ilin Qanlı Yanvarında da Xəzər dənizindəki gəmilərin radistləri, Sovet rəhbərliyi onları başa düşməsinlər deyə bu üsuldan istifadə edərək, biri-biriləri ilə məhz talışca əlaqə saxlamış, lazımi məlumatları dünya ictimaiyyətinə çatdırmışdılar.

Həmin ərəfədə Azərbaycan ordusunun bir sıra bölmələri artıq rabitəni talış dilinə çevirmişdilər və düşmənlə döyüşdə bu ordumuza xüsusi üstünlük verirdi.

Qərar verildi və qərarın icrası mənə tapşırıldı. Dərhal hərbi hissəmizdəki iki talışı, o vaxt hərbi hissəmizdə məndən başqa iki nəfər talış var idi, bu işə cəlb edib, aşağı hərbi hissələrdə talış dilini bilən şəxslərin rabitəçilərin yanında olması xahişimi rəhbərliyə çatdırdım və bir gündən sonra Hava Hücumundan Müdafiə Qoşunlarının bütün hərbi hissələrində talış dilini bilənlər rabitəçilərin yanlarında olmaqla, bizdən verilmiş əmrləri ancaq hərbi hissə komandirinə tərcümə edirdilər və tətbiq etdiyimiz bu üsul hərbi sirr təşkil edən məlumatların yayılmasının qarşısını almış oldu.

Baş Qərargah üç növbədə xidmət apardığı üçün bizə talış dilini bilən daha bir əsgər lazım idi, çünki mən növbə rəhbəri və Operativ Növbətçinin köməkçisi vəzifəsini icra etməklə yanaşı, həm də əmrləri tərcümə edirdim və bu məni çox yorurdu.

İş elə gətirdi ki, 1993-cü ilin əvvəllərinə bizim hərbi hissəyə daha bir talış əsgər gətirdilər və hər 3 növbə talış dilini bilən əsgərlə təmin edildi, onda bizim ordumuz xeyli irəliləmişdi, çünki yağı düşmən qırıcılarımızın hansı əraziləri bombalayacağını bilmədikləri üçün canlı sayda xeyli itkilər verirdi və qoşunlarımız hərbi aviasiya tərəfindən bombalanmış əraziləri rahatca düşməndən azad edirdi. Amma sevincimiz çox çəkmədi, məkrli düşmən hər vəchlə Hava Hücumundan Müdafiə Qoşunlarında əmr və xüsusi göstərişlərin talış dilində verilməsini əngəlləməyə çalışırdı və bu işdə onlara “daxili ermənilər” köməklik etdilər. Onlar, heç bir siyasi və rəhbər səriştəsi olmayan o vaxtkı prezident, ali baş komandan Əbülfəz Əliyevin “millətçi” damarını tutaraq, Hava Hücumundan Müdafiə Qoşunlarında əmrlərin talışca verilməsini dayandıra bildilər, yadımdadır, 1993-cü ilin may ayının əvvəlləri idi, Əbülfəz Əliyev özü şəxsən Müdafiə Nazirliyinə gələrək, bizim işlədiyimiz baş komanda mərkəzinə düşüb, “mən başa düşmürəm, bu Azərbaycan ordusudur, yoxsa talış ordusu” kimi “tarixi” bir cümlə işlətdi və bizim qurduğumuz şəbəkəni dərhal ləğv etməyi, sanki bütün bunların günahkarı mənmişəm kimi məni də hərbi hissədən uzaqlaşdırmağı tapşırdı.

Qarabağ döyüşlərindəki sonrakı aqibətimiz barədə danışmaq istəmirəm, öz aqibətim isə çox maraqlı oldu, məni tələm-tələsik aşağı hərbi hissələrdən birinə, hansı ki, döyüşən hərbi hissə idi, göndərdilər, həmin hərbi hissədə təqribən bir il əksər kimi qulluq etdim, bir ildən sonra məlum oldu ki, mənim hərbi biletim “naməlum səbəblərdən” itib və mən havada qalmışam. Əlqərəz hərbi biletim bir daha 2000-ci ildə, elə həmin hərbi hissədə də tapıldı, bu isə artıq başqa mövzudur.

Amma mən qətiyyən üzülmürəm, vicdanım qarşısında ruhum təmizdir, Hava Hücumundan Müdafiə Qoşunlarının yaranmasında mənim də zəhmətim var, 7 ay da olsa belə mən həmin qoşunların Baş Komanda Mərkəzində operativ növbətçinin köməkçisi olmuşam, yəni həmin qoşuna rəhbərlik edənlərdən biri də mən olmuşam, sevindirici hal həm də odur ki, mənim Baş Komanda Mərkəzində xidmət etdiyim dövrdə qoşunlarımız böyük bir ərazini düşməndən təmizləyə bilmiş, hətta Xankəndinin bir neçə kilometrliyinəcən çatmışdı, bu işdə ordumuza əmrləri talış dilində alan aviasiyamız yaxından köməklik edirdi.
Azərbaycan Ordusunun o vaxtkı zəfər yürüşünün qarşısını daxili ermənilər, məhz siyasi rəhbərliyin səriştəsizliyindən istifadə edərək, məharətlə aldılar və Azərbaycan Ordusunun növbəti zəfər yürüşünü görmək üçün bizə 30 iləcən bir vaxtı gözləmək lazım oldu…

…Sonra atamdan “sən məni elə rahatlıqla müharibəyə yola saldın ki, elə bil sağ qayıdacağımı bilirdin” deyəndə, atam “mən səni həmin gün vətənə qurban dedim, bu ata üçün çətindir, amma hər bir ata bunu bacarmalıdır, mən də minlərlə digər atalar kimi bunu bacardım, vətənini qorumayan oğuldan kişi olmaz” dedi…

…Bu gün yenə də minlərlə ata, ana öz övladlarını döyüşə yola salırlar, əminəm ki, onlar da mənim atam kimi düşünürlər: Vətənini qorumayan oğuldan kişi olmaz!
Azərbaycan əsgəri, sənin zəfər yürüşünün xoş xəbərini bütün Azərbaycan gözləyir, haydı irəli KİŞİLƏR!

Rafiq Cəlilov
Respublika Talış Mədəniyyət Mərkəzinin sədri

mersin escort