Ömrü həbsxanalar küncündə çürüyən alim Mehman QULİYEVİN acınacaqlı taleyi

Quliyev Mehman Zöhrab oğlu 1936-cı ildə Cəlilabad rayonunun Alar kəndində anadan olub. Uzun müddət bölgənin ayrı-ayrı təsərrüfatlarına başçılıq edib. Sovet hakimiyyəti illərində haqsız olaraq həbs edilmiş, əzab-əziyyətlər çəkmişdir. Həbsxanadan çıxdıqdan sonra heç bir yerdə işə götürülməmişdir. Yaşadığı Alar kəndinin ilk alimidir, iqtisadiyyat üzrə fəlsəfə doktoru olmuşdur.

Mehman Quliyev hələ 1969-1970-ci illərdə Alar kəndində dindarlar tərəfindən nümayiş olunan Şəbih dini tamaşasına görə vəzifəsindən çıxarılmış, təzyiqlərə məruz qalmışdır. Şeirləri Respublika qəzet və jurnallarının səhifələrində və “Nöqtələr” ədəbi toplusunda çap olunub. Hələ səksəninci illərin əvvəllərində şair Abbasağa Azərtürk “şair ürəkli” alim dostu Mehman Quliyev haqqında yazırdı:

 

Sınağa düşürsən hər səhər, hər an,

İnsana, torpağa eşqin dərindir.

Sən də öz işinin sənətkarısan,

Bu bağlar, zəmilər şah əsərindir.

 

Ömrünün anları keçməyib hədər,

Sən bir el oğlusan şair ürəkli.

İşlər görəcəksən hələ nə qədər,

Vətənə gərəkli, xalqa gərəkli.

 

Həbsxana həyatı Mehman Quliyevə ağrı-acılarını sözə çevirmək kimi ali hisslər bəxş etdi. Həyat yoldaşına, oğlanlarına və qızlarına həsr etdiyi şeirlər öyüd-nəsihət xarakterlidir. Oğlu Fərahimə yazdığı şeirdə cəsurluq, igidlik, düzlük mənəvi sərvət kimi qiymətləndirilir:

 

Asan görünməsin varlıq heç kimə,

Ulu babaların hikmətidir o.

Keçmişdən qorunub qalan nədirsə,

Cəsur igidlərin sərvətidir o.

 

Həbsxanadan qızına yazdığı məktubda elmin, sənətin yolunu tutub ucalmaq üçün kamala çatmaq tövsiyə olunur:

 

Ucalmaqdır arzun, xəyalın sənin,

Tükənən deyildir kamalın sənin.

Sənət ucalığı – amalın sənin,

Öz istedadını qoru sən, qızım.

 

Bədxahlara layiqli cavab verən şair gücü birlikdə görür. Mehman Quliyev çətinliyə düşəndə bağlı qapıları açan Allaha üz tutur:

 

Qarşında diz çöküb yalvarıram mən,

Yaxşını yamandan seçənsən, Allah.

Sənin varlığını dərindən duyan

Şəxsin günahından keçənsən, Allah.

 

Altı gün ərzində yarandı dünya,

Əmr etdin ulduza, günəşə, aya.

Nizamla düzüldü onlar səmaya,

Hər şeyə qadirsən, ucasan, Allah.

 

Yaratdın yer üzün, verdin hərəkət,

Torpaqda cəm oldu hədsiz bərəkət.

Yarandı heyvanat, insan nəhayət,

Bax, böyük qüdrətə, gücə sən, Allah.

 

Gündüzü, gecəni yaratdın qoşa,

Zəhmətlə rahatlıq verdi baş-başa.

Nələr yaradıbsan, gəlibdir xoşa,

Can verə bilirsən heçə sən, Allah.

 

Mehman da tapıbdır səndə nicatı,

Ona bəxş edibsən gözəl həyatı.

Xilqətə veribsən bu kainatı,

Bağlı qapıları açansan, Allah.

 

Şairin Rəşid Əsgərov, Xanoğlan Şirəliyev, Aydın Həsənov, Valeh Alarlı, Xanlar Hacıyev, Abbasağa Azərtürk və başqalarına ünvanladığı şeirlərdə də hissi-emosional deyil, intellektual misraların şahidi oluruq. Belə şeirlərdən biri o zaman bölgənin yazarlarına himayədarlıq edən “Nöqtələr” ədəbi qrupunun fəaliyyəti haqqındadır:

 

Quş dili öyrənmək deyildir asan,

Bunu sən öyrəndin, bacardın belə.

Bu dili bilirmiş ancaq Süleyman,

Danışıb quşlarla, heyvanlar ilə…

 

İnsan kamil olsa, zəka bar verər,

Zəhmətsə hər yeri laləzar edər.

Deyirəm, mənası dərin şeirlər

Bu söz döyüşündə bir qələbədir!

 

Kiçik cızma-qara edənlər bəzən

Yazar adamları alır hədəfə.

Dalda-bucaqlarda bu ağız büzən

Özün tərif edir bəlkə min dəfə.

 

Sənsə şəfəq saldın “Nöqtələr” üstə,

Uca zirvələrə qalxdın, nəhayət.

Paxıllar, nadanlar dursa da qəsdə,

Bir gün döyəcəkdir qapını şöhrət.

 

“Bu dünyada hər nə var, əməyin, zəhmətindir”, deyən Mehman Quliyev halallığı tükənməz şöhrət sayır. Uzun müddət iş tapa bilməməsi, bakar qalması şairi narahat edir:

 

Dağ yükü qədər ağır

Bir bəladır bekarlıq.

Göydən yerə qəm yağır,

Gözdən düşür bu varlıq.

 

Gəncliyi ömrün bar ağacı bilən Mehman Quliyev arzularının ürəyində qalmasına təəssüflənir:

 

Gənclik ömrün tacı,

Zəmanənin bar ağacı.

Yaş ötübdür, yox əlacı,

Arzu düzüm-düzüm qaldı.

 

Özü dediyi kimi, oxucunun ruhunu tutmağa çalışan Mehman Quliyevin ürək sözləri həbsxanalar küncündə yazdığı şeir dəftərlərində qaldı. İş tapa bilmədiyi, evə bağlandığı illərdə də könlünü şeirə vermişdi. Sağlığında, yəni 2007-ci ildə “Ruhumu tuta bilmirəm” adlı poetik toplusu işıq üzü gördü. Bu onun ilk və son kitabı oldu, neçə-neçə şeir dəftəri it-bata düşdü, yoxa çıxdı.

Bu gün bölgənin iqtisadçı alimi Mehman Quliyevi şair kimi xatırladıq. Onun alim kimi fəaliyyəti isə bölgənin təsərrüfat həyatının qaldırılmasına, iqtisadi bolluq yaradılmasına xidmət edirdi.

Şair ürəkli alimin şeirlərini yada salıb  ruhunu şad etdik, nurlu misraları isə ürəyimizə su çilədi. Çox təəssüf ki, cəmiyyət üçün gərəkli olan Mehman Quliyev kimi alimləri elə cəmiyyətin özü çərlədib öldürür. Mehman Quliyev uzun müddət ağır yataq xəstəsi oldu, ağır cərahiyyə əməliyyatından sonra keçindi. El yolunda çəkdiyi zəhmətlərin müqabilində ömrünün sonunda xoş gün görmədi, ruhu şad olsun!

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

 

mersin escort