Əliyev Berdiməhəmmədovla birgə bəyanat verdi – Foto

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Müstəqil.Az  xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun martın 11-də rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkmənistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

***

Martın 11-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:

“Hörmətli cənab Prezident, əziz Qurbanqulu Məlikquliyeviç.

Sizi yenidən Azərbaycan torpağında görməyə çox şadam. Bizim görüşlərimiz mütəmadi xarakter daşıyır. Biz bu görüşlərdə çox mühüm məsələlərə dair qərarlar qəbul edirik. Xalqlarımız arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var. Bu, dostluğun, qardaşlığın, qarşılıqlı dəstəyin tarixidir. Biz həmişə bir-birimizi dəstəkləmişik, bir-birimizin uğurlarına həmişə sevinmişik. Bu gün biz iki müstəqil dövlət olaraq fəal surətdə öz gələcəyimizi qururuq.

Sizi və qardaş türkmən xalqını müstəqillik dövründə qazandığınız böyük nailiyyətlər, Türkmənistanın hərtərəfli inkişafı, beynəlxalq arenada fəal mövqeyi, çoxsaylı mühüm sosial-iqtisadi məsələlərin həlli münasibətilə təbrik etmək istərdim. Biz də, dostlarınız, qardaşlarınız kimi sizin uğurlarınıza sevinirik. Sizin bugünkü səfəriniz bizim siyasi, iqtisadi, nəqliyyat, humanitar əməkdaşlıq sahələrini əhatə edən çox geniş gündəliyə dair fəal dialoqumuzun davamıdır. Sizin görüşünüzə hazırlaşarkən mən bizim əməkdaşlığımıza dair informasiya ilə bir daha tanış oldum. Biz çox müsbət dinamika müşahidə edirik. Bu, bizi sevindirir. Çünki bu gün, dünyada iqtisadi-maliyyə sahəsində hələ boşluqların olduğu bir dövrdə bizim aramızda iqtisadi-ticari münasibətlər inkişaf edir, əmtəə dövriyyəsi artır. Biz öz regionumuzda – Xəzər, Mərkəzi Asiya və Qafqaz regionunda çox mühüm məsələləri həll edirik. Buna görə əminəm ki, ölkəmizə budəfəki rəsmi səfəriniz səmərəli, məhsuldar olacaq və yaxşı nəticələr verəcək. Bir daha xoş gəlmisiniz. Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm”.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib:

“Təşəkkür edirəm, İlham Heydər oğlu. İcazə verin dəvətə və nümayəndə heyətimizi qəbul etdiyinizə görə Sizə minnətdarlığımı bildirim.

Biz Sizin qonaqpərvərliyinizi, səmimiyyətinizi hiss edirik. Biz Sizə minnətdarıq. Əlbəttə, biz bu rəsmi səfərə çox böyük əhəmiyyət veririk. Bu səfər bizim dövlətlərarası dialoq kontekstində keçir və beynəlxalq, siyasi, iqtisadi, mədəni-humanitar sahələrə aid məsələlərin birgə müzakirələrinin davamıdır. Düşünürəm ki, bugünkü görüşümüz, danışıqlarımız da dostluq münasibətlərimizin möhkəmlənməsinə yaxşı təkan verəcək. Türkmənistan-Azərbaycan dostluq münasibətlərinə verdiyiniz şəxsi töhfəyə görə də Sizə təşəkkür etmək istərdim.

Sizə ali dövləti fəaliyyətinizdə böyük uğurlar və ən başlıcası, Sizin şəxsinizdə bizim qardaşlarımıza, Azərbaycan xalqına rifah, firavanlıq arzu etmək istəyirəm. Bir daha dəvətə görə sağ olun”.

***

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Prezidentlər görüşdə çıxış edib.

***

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatını dövlət başçıları İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkmənistanın “Türkmənhavayolları” Agentliyi arasında Protokol”u “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov və Türkmənistanın “Türkmənhavayolları” Agentliyinin sədri Dovran Saburov imzalayıblar.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənistanın Dövlət Televiziya, Radio Verilişləri və Kinematoqrafiya Komitəsi arasında əməkdaşlıq haqqında Saziş”i “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və Türkmənistanın Mədəniyyət naziri Atagəldi Şamıradov imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Türkmənistanın Dövlət Miqrasiya Xidmətinin sədri Merqen Qurdov imzalayıblar.

“Azərbaycan Milli Kitabxanası ilə Türkmənistan Mədəniyyət Nazirliyinin Dövlət Mədəniyyət Mərkəzinin Dövlət Kitabxanası arasında kitabxana işi sahəsində Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev və Türkmənistanın Mədəniyyət naziri Atagəldi Şamıradov imzalayıblar.

“Bakı Dövlət Universiteti ilə Məhtimqulu adına Türkmən Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov və Türkmənistanın Təhsil naziri Mammetmırat Geldinıyazov imzalayıblar.

Rabitə operatorları “AzərTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Türkməntelekom” Elektrorabitə Şirkəti tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsi haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Türkmənistanın “Türkmen Aragatnaşyk” Agentliyinin sədri Xadjımırat Xudayqulıyev imzalayıblar.

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkmənistanın ” Türkmen Aragatnaşyk” Agentliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Türkmənistanın “Türkmen Aragatnaşyk” Agentliyinin sədri Xadjımırat Xudayqulıyev imzalayıblar.

“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında Xəzər dənizinin bioloji müxtəlifliyinin öyrənilməsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Qorunması naziri Maqtımqulı Bayramdurdıyev imzalayıblar.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında torpaq kadastrı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Qorunması naziri Maqtımqulı Bayramdurdıyev imzalayıblar.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Ədliyyə Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, Xarici İşlər naziri Raşid Meredov imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahəsinin ayrılması haqqında Saziş”i Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, Xarici İşlər naziri Raşid Meredov imzalabyıblar.

“Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkmənistanın Təhsil naziri Mammetmırat Geldinıyazov imzalayıblar.

“Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dillər, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutu arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkmənistanın Mədəniyyət naziri Atageldi Şamıradov imzalabyıblar.

“Azərbaycan Respublikasında İxracın və İnvestisiyaların Təşviqi Fondu və Türkmənistanın Ticarət-Sənaye Palatası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Çarı Qılıcov imzalabyıblar.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Türkmənistanın Sənayeçilər və Sahibkarlar Birliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Çarı Qılıcov imzalabyıblar.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Maliyyə və İqtisadiyyat Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Çarı Qılıcov imzalayıblar.

“2008-ci il 19 may tarixli Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”u Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Bayramgeldi Ovezov imzalayıblar.

***

Martın 11-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin bəyanatı

– Hörmətli Qurbanqulu Məlikquliyeviç.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hörmətli Qurbanqulu Məlikquliyeviç, Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram.

Sizin səfərinizə çox şadıq və əminik ki, bu səfər ölkələrimiz və xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Xalqlarımız əsrlərboyu mehriban şəraitdə yaşayır, işləyir, bir-birini dəstəkləyir, bir-birinə kömək edirlər. Ölkələrimizin müstəqil dövlətlər kimi təşəkkülünün bütün mərhələlərində biz həmişə bir-birimizi dəstəkləmişik. Bu gün həmin dəstək həm ikitərəfli, həm də çoxtərəfli formatda, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıqda hiss olunur. Fürsətdən istifadə edib Sizi və bütün qardaş türkmən xalqını Türkmənistanın bitərəfliyinin beynəlxalq aləmdə tanınmasının 25 illiyi münasibətilə təbrik etmək istərdim. Türkmənistan bu illər ərzində böyük və şərəfli inkişaf, quruculuq yolu keçib. Bu yol türkmən xalqı qarşısında böyük perspektivlər açıb və Türkmənistana dünyada böyük hörmət qazandırıb. Türkmənistanın bitərəf ölkə kimi bütün dünya birliyi tərəfindən tanınması və Sizin yürütdüyünüz fəaliyyət xətti türkmən xalqının, habelə Sizin dostlarınızın və tərəfdaşlarınızın ümidlərinə və mənafelərinə tamamilə uyğundur. Biz, qonşularınız və mehriban dostlarınız kimi Sizin uğurlarınıza həmişə sevinirik. Dəfələrlə Türkmənistanda olarkən həmişə ölkənizin çox sürətli, dinamik inkişafını görürəm. Bilirəm ki, dövlətinizin inkişafının bütün mərhələlərinə, o cümlədən şəhərsalma ilə bağlı məsələlərə Siz özünüz ciddi nəzarət edirsiniz. Keçən dəfə mən çox müasir idman qurğuları ilə də tanış olmaq imkanı əldə etdim. “Asiada”nın uğurla keçirilməsi münasibətilə Sizi təbrik etmək istərdim. Belə genişmiqyaslı idman yarışlarının keçirilməsi həm müasir infrastruktur, həm də təşkilatçıların peşəkarlığını, ustalığını tələb edir. Buna görə Sizi bu böyük beynəlxalq uğur münasibətilə bir daha səmimi qəlbdən təbrik etmək istərdim.

Aşqabadın müasirləşməsini və inkişafını Sizin gözəl ölkəyə səfər edən hər kəs görür. Bu gün qardaş Türkmənistanın gücü və müasirliyi bunda da əks olunur.

Bizim ikitərəfli münasibətlərə gəldikdə, bu gün biz qarşılıqlı fəaliyyətimizin geniş gündəliyini bir daha nəzərdən keçirdik. Əməkdaşlığımızın strateji inkişafına sadiq qaldığımızı təsdiq etdik və bu gün imzalanmış sənədlər onsuz da çox geniş olan müqavilə-hüquq bazasını tamamlayır. Mənim Türkmənistana rəsmi səfərim zamanı 20-dən çox, bu gün isə 20-yə yaxın sənəd imzalanıb. Bu, ölkələrimiz arasında imzalanmış bütün sənədlərin təxminən yarısı deməkdir. Bu, onu göstərir ki, son ilyarım ərzində biz müqavilə-hüquq bazasının möhkəmlənməsi baxımından çox böyük yol keçmişik.

İmzalanmış sənədlər arasında dövlət başçılarının Birgə Bəyanatını xüsusi qeyd etmək istərdim. Bu sənəddə bizim niyyətlərimiz, dünyada, regionda vəziyyətə verdiyimiz qiymət və gələcəyə istiqamətlənməyimiz öz əksini tapıb. Mən, həmçinin hesab edirəm ki, Birgə Bəyanatın mühüm bəndlərindən biri ölkələrimizin ərazi bütövlüyünün, sərhədlərinin və suverenliyinin toxunulmazlığının bir daha dəstəklənməsi, eləcə də münaqişələrin beynəlxalq hüququn prinsipləri və ərazi bütövlüyü, sərhədlərin və suverenliyin toxunulmazlığı prinsipləri əsasında həllidir.

Şadam ki, iqtisadi-ticari sahədə işlər yaxşı gedir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika müşahidə olunur. Bu gün biz nəqliyyat-logistika sahəsi haqqında ətraflı söhbət etdik, müvafiq dövlət strukturlarına bu istiqamətdə işin intensivləşdirilməsinə, ölkələrimizin tranzit-nəqliyyat potensialının möhkəmləndirilməsinə dair səylərin əlaqələndirilməsi barədə tapşırıqlar verdik. Həm Türkmənistanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturuna çox böyük diqqət yetirildiyini nəzərə alaraq, biz bu infrastrukturun modernləşdirilməsi yolunda praktiki olaraq paralel addımlayırıq. Bu gün bizim əsas limanlarımız əlaqələndirilmiş, uzlaşdırılmış şəkildə işləyir və ərazilərimizdən keçən yükləri artırmağa imkan verir. Biz digər ölkələrə də öz tranzit potensialımızı təqdim edirik. Hesab edirəm ki, bu gün biz həmin potensialın möhkəmləndirilməsi barədə mühüm qərar qəbul etmişik. İnfrastruktur imkanlarının təmin edilməsi və yük axınının artırılmasına şərait yaradılması üçün əlavə tədbirlər görüləcək. Təbii ki, qonşularımızla sıx qarşılıqlı əlaqədə və xoş münasibətlərdə olduğumuza görə həmin dövlətlərdən daha çox yükgöndərənləri cəlb edəcəyik və mahiyyət etibarilə uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi yaradacağıq. Beləliklə, ölkələrimizin daha da inkişaf etməsi üçün əlverişli şərait yaradacaq, regional əməkdaşlığı möhkəmləndirəcəyik.

Əlbəttə, biz enerji sektoru ilə bağlı məsələlər barədə də danışdıq. Burada da yaxşı nəticələr var, çoxdan əməkdaşlıq edirik. Biz bu istiqamətdə gələcək addımlar barədə də danışdıq. Xalqlarımızın etnik yaxınlığı, dillərimizin yaxınlığı, ortaq mədəniyyətimiz nəzərə alınmaqla, ölkələrimiz üçün humanitar əməkdaşlığın vacibliyini qeyd etdik.

Beləliklə, bugünkü görüşümüzün gündəliyi yetərincə məhsuldar olub. Ümumiyyətlə, biz çox fəal dialoq aparırıq. Keçən il prezidentlər həm Bakıda, həm də Aşqabadda görüşüblər. İnişil, qeyd etdiyim kimi, mənim rəsmi səfərim çox uğurlu olub. Mən qonaqpərvərliyə görə qardaş türkmən xalqına və Türkmənistan Prezidentinə bir daha təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Türkmənistan Prezidentinin budəfəki rəsmi səfəri əlaqələrimizin möhkəmlənməsi işində daha bir mühüm addım olacaq.

Türkmənistandakı qardaşlarımıza gələcəkdə də inkişaf, uğur, sülh və firavanlıq arzu etmək istəyirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Sonra Türkmənistan Prezidenti bəyanatla çıxış etdi.

Prezident Qurbanqulu Berdiməhəmmədovun bəyanatı

– Hörmətli İlham Heydər oğlu.

Hörmətli media nümayəndələri, xanımlar və cənablar.

Mən, ilk növbədə, Azərbaycan Respublikasının Prezidentinə bizim mehriban qonşumuz olan ölkəyə rəsmi səfərə dəvət etdiyinə, Sizin qonaqpərvərliyinizə və səmimiyyətinizə görə nümayəndə heyətimiz adından dərin minnətdarlığımızı bildirmək istərdim. Həqiqətən görüşlər və danışıqlar üçün çox rahat şərait yaradılıb. Adətimiz üzrə biz dövlətlərarası dialoqun davam etdirilməsi kontekstində çox məsələləri nəzərdən keçirdik, yəni, bizim indiki vəziyyətimizi və perspektivləri müəyyən etdik. Biz müasir mərhələdə siyasi, iqtisadi, mədəni-humanitar sahələrə aid məsələləri də nəzərdən keçirdik. Siyasət məsələlərinə gəldikdə, vurğulamaq istərdim ki, Azərbaycan regionda Türkmənistan üçün strateji tərəfdaşdır. Bunu bir daha vurğulayıram. Yəni, bizim mövqelərimiz çox cəhətdən oxşardır. Biz bütün dünyada və regionda, – mən Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionunu nəzərdə tuturam, – sabitliyin və təhlükəsizliyin tərəfdarıyıq. Qeyd edildiyi kimi, biz bütün bu tədbirləri məhz beynəlxalq strukturların – Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, İqtisadi Əməkdaşlıq Təşkilatının himayəsi altında, Müstəqil Dövlətlər Birliyinin və digər beynəlxalq qurumların xətti ilə həyata keçiririk. Buna görə də Azərbaycana təşəkkür edirik ki, o, beynəlxalq arenada Türkmənistanın bütün mövqelərini dəstəkləyir.

Bu gün biz iqtisadiyyatımıza aid məsələləri də nəzərdən keçirdik. Energetika sahəsi üzərində prioritet məsələ kimi dayandıq. Həm Türkmənistan, həm də Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin, özünü təmin edən dövlətlərdir. Energetika məsələlərinə gəldikdə, biz bu ehtiyatların şaxələndirilməsinin tərəfdarıyıq. Biz belə bir ideya irəli sürürük ki, bu şaxələndirmə istehsalçı, daşıyıcı və son istehlakçı arasında paritet əsasda qurulmalıdır. Buna görə də biz bu gün razılaşdıq ki, bundan sonra da qaz, neft-kimya və başqa sahələr üzrə birgə işləyəcəyik. Həmçinin tekstil sənayesi, aqrosənaye kompleksi, habelə nəqliyyat-tranzit dəhlizinin inkişafı məsələlərinə diqqəti cəlb etdik. Bu mövzuya keçməzdən əvvəl xatırlatmaq istərdim ki, bizi həm də Xəzər dənizi birləşdirir. Xəzəryanı ölkələrin hamısı bildirir ki, bu, sülh və mehriban qonşuluq dənizidir. Buna görə də, bildiyiniz kimi, Xəzər dənizinin statusu barədə beynəlxalq Konvensiya qəbul edilib və orada müəyyən olunub ki, gələcəkdə bütün mexanizmlər bizim xarici siyasət idarələri tərəfindən işlənib hazırlanmalıdır. Bunu əsas götürərək biz bütün Xəzəryanı ölkələrə təşəkkür edirik. Birinci Xəzər İqtisadi Forumunun keçirilməsinin Türkmənistana etibar edilməsinə görə də təşəkkür edirik. Həmin forumda Azərbaycan çox fəal iştirak edib.

Tranzit-nəqliyyat dəhlizinin inkişafına gəldikdə, İlham Heydər oğlunun xatırlatdığı kimi, burada düzgün logistika mühüm rol oynayır. Biz “Lyapis Lazuli” adlanan layihə barədə saziş qəbul etdik. Bu dəhliz Əfqanıstandan başlanır, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya çıxır. Yəni, burada biz Asiya ilə Avropanın birləşdirilməsində mühüm rol oynayırıq. Türkmənistan ilə Azərbaycan arasında əmtəə dövriyyəsi, prinsip etibarilə yüksələn xətt üzrə artır. Bu göstərici 40 faizdən çox artıb və burada iqtisadi əməkdaşlıq üzrə bizim hökumətlərarası komissiya əlaqələndirici rol oynayır.

Bu gün biz özəl sektora aid məsələlərə də toxunduq. Yəni, kiçik və orta sahibkarlıqdan başlayaraq biznes elitasına aid məsələləri müzakirə etdik və bu nəticəyə gəldik ki, biz həmin sahibkarlar arasında işgüzar şura yaradacağıq. Bakıda Türkmənistan ticarət evinin və Aşqabadda Azərbaycan ticarət evinin təsis edilməsi barədə də razılaşdıq. Bu, əlbəttə, əmtəə dövriyyəsinin artırılması üçün bizə daha yaxşı imkanlar yaradacaq. Türkmənistanın və Azərbaycanın hələ istifadə edilməmiş potensialı var.

Əlbəttə, biz mədəni-humanitar sahəyə də toxunduq. Bu sahədə elm, təhsil, idman və turizm məsələləri prioritetdir. Lakin ən başlıcası, biz vurğuladıq ki, artıq qeyd edildiyi kimi, bizim köklərimiz ortaq, dilimiz birdir, bizim milli xüsusiyyətlərimiz var. Buna görə də biz milli sərvətimiz, yəni Türkmənistan və Azərbaycan xalçaları kimi incilərimizə böyük əhəmiyyət veririk. Buna görə biz Türkmənistan və Azərbaycan xalçalarına həsr edilmiş sərgilər, konfranslar keçirilməsi barədə razılığa gəldik. Gördüyünüz kimi, prinsip etibarilə bu gün bizim görüşlərimiz və danışıqlarımız həqiqətən çox yaxşı, yəni konstruktiv olub, qarşılıqlı hörmət və qarşılıqlı etimad fonunda keçib.

Mən həm də fürsətdən istifadə edib, İlham Heydər oğlunu ən demokratik şəkildə keçirilmiş parlament seçkiləri münasibətilə təbrik edirəm. Burada əsası dünyamiqyaslı böyük siyasi xadim Heydər Əliyev tərəfindən qoyulmuş təməl mühüm rol oynayır. Bu münasibətlə Sizi təbrik edirəm.

İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayır, qardaş Azərbaycan xalqına isə firavanlıq və xoşbəxtlik diləyirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

mersin escort