Hər kişinin çörəyi şirin yeyilmir

İlham  QƏHRƏMANdan yeni şeirlər

İSGƏNDƏR ƏMOĞLU

(Laçının Quşçu kəndindən Bahman oğlu İsgəndərə)

İsgəndər əmoğlu,
sən fikri Göy kimi gen,
düşüncəsi dəniz kimi
dərin kişisən.
Hər kişinin çörəyi şirin yeyilmir,
çörəyi şirin kişisən.
Şeirnən şəklini çəkim –
boydan balaca, qəlbən ucasan,
Tanıdığımız dağlar vardı ha? –
həmən dağlardan bir parçasan!
Sən yaxşı bilirsən adamın
yıxılması, büdrəməsi nədir,
Yağı qurtarmış çıraq kimi
umudun son şöləsinin
gözdə titrəməsi nədir.
Ardıc, palıd, cökəsən,
çinarsan, söyüd kişisən,
Ürəyinə dünya yerləşən
ürəyi özündən böyük kişisən.
Köhnə kişilərin ətri gəlir səndən,
ətrin xoş olsun, kişi,
Nə xətirə iş görürsən
xətrin xoş olsun, kişi!

ÇİÇƏK APARAN QARIŞQA

Qarışqa cığırında
bir qarışqa çiçək aparırdı
Dayandım barmağımı dişlədim…
Bütün sirrlərin cavabı Allah,
gedən də, gələn də sənin qulundu…
Demək bu avara erkəkdi,
sirrin gerisi məlumdu…

NƏSNƏ
Telli balam, dünyada
tərcüməsiz anlaşılan üç nəsnə var –
sevgidi, göz yaşıdı, gülüşdü…
Göz yaşını o biri ikisinin arasında 
qəsdən yazmadım…
İstər-istəməz düşdü.
02.03.2020

QADINDA EŞQİN ÖLKƏSİ GÖRÜNÜR

Qəfil güllə kimi gələr sevgilər,
qəfil yağış kimi, isladar bizi.
Körpə uşaqları buyruq dalınca
göndərən şirnitək aldadar bizi…

Dünyada gəzməli, görməli yerdi –
qadında eşqin ölkəsi görünür…
Gözlərin sevgidən şəfəqlənir – bax
ürəyimizin kölgəsi görünür.

Maraqlı tərəfin söhbətin ucu
sevgiyə çatanda kiriməyindi.
Dayanıb qıraqdan fikir vermişəm
dağlarda gördüyüm gül topasısan,
Arada fərqiniz yeriməyindi.

Bu dağdan o dağa dəsmal yelləyən,
Gül dərən o şən qız sən deyilmisən?!
Baxıram halına heyifim gəlir –
Qırıldığı yerdən qubar bağlayan
budaq kimi içindən əyilmisən.

İçində sevgidən yanıq yeri var…
Heç kəsə baxmarsan sən baş qaldırıb,
Qorxarsan eşq gələ – od yeri yoxdu.
Qəfil güllə kimi gəlir sevgilər,
Sandığa girsən də xeyiri yoxdu!
26.02.2020

mersin escort