Şakir Abuşovun 70 yaşına…

Şakir Abuşovun 70 yaşına…

Həssas, duyğusal, həyat eşqi ilə dolu adamdır. Yaşı yetmişi haqlasa da arzuları tükənmir. Rahatlığı sevir, əminamanlığa üstünlük verir. Məntiqli danışmağı, fəlsəfi fikirlər yürütməyi bacarır. Heç zaman şəxsi maraqları üçün kiməsə ağız açmır, heç kəsin haqqına kəm baxmır, abırlı insanlardandır. İti zəkası, silinməz yaddaşı var. Mənəvi dəyərlərə sədaqətlidir. Bəzən qərar verməkdə çətinlik çəksə də son qərarı mükəmməl olur. Daxili aləmi çox zəngindir, səxavəti ilə ətrafındakı insanları məmnun etməkdən zövq alır. İradəsi, səbri ona zirvələri fəth etməkdə həmişə yardımçı olur. Təəssübkeş, təvazökar, uzaqgörəndir…

…Ömür-gün yoldaşı Sədaqət xanım ixtisasca müəllimdir. Məryəm adında qızı, Fərid adında öğlu var…

Uşaqlıq illəri Masallıda, doğulduğu Qızılağac kəndində keçib. Zəkəriyyə kişinin halal süfrəsinin təamları ilə böyüyüb. Bu halallıq qanına, iliyinə işləyib. Heç vaxt haqqı nahaqqa satmayıb. İnsanlıq ömrünün meyarı olub. Əmək fəaliyyətinə Masallı rayonunun “Kalinin” adına sovxozunda başlayıb. Hərbi xidməti başa vurduqdan sonra Sumqayıta yol alıb. Azərbaycan Dövlət Universitetində oxuya-oxuya Səthi Aktiv Maddələr zavodunda aparatçı işləyib. Sonralar zavodun komsomol komitəsinin katibi, Sumqayıt şəhər partiya komitəsində təlimatçı, şöbə müdirinin müavini, şöbə müdiri, partiya komitəsinin katibi vəzifələrində çalışıb. 1991-ci ildən 1993-cü ilədək Sumqayıt şəhər Xalq Deputatları Sovetinin sədri olub. Yeddi ilə yaxın Sumqayıt şəhərinə rəhbərlik edib. Hazırda təqaüddədir…

Deyir ki,- “Mən dövlətimi, xalqımı çox sevirəm. Bütün ömrüm boyu çalışmışam ki, vətənimə fayda verim, insanlara gərəkli olum”…

Haqqında söhbət açdığım Şakir Abuşov bir başqa aləmdir. Heç vaxt vəzifəsindən sui istifadə edərək kiminsə qəlbini qırmayıb. Məmurlara qarşı nə qədər tələbkar olsa da, sadə adamlara bir o qədər diqqətli olub. Elə ona görə də yaşadığı Sumqayıt şəhərində böyük nüfuzu var, sakinlər tərəfindən etiramla qarşılanır. Heç kim onun haqqında mənfi rəy söyləmir. Hər dəfə xeyir-şər məclislərinə daxil olanda isti münasibət görür…

Uca boyu, şux qaməti görkəminə xüsusi yaraşıq verir. Kübarlığı, ağayanə davranışı ilə seçilir. Dinləyərkən çox təmkinlidir. Həmsöhbəti susmayınca fikir bildirməz. Ağsaqqal təfəkkürü, zəngin dünyagörüşü hər kəsi heyran edir. İllərin sınağından alnıaçıq, üzüağ çıxdığı üçün xalq tərəfindən sevilir…

Səyahət etməyi xoşlayır. Duyğusal olduğu üçün şeirə-poeziyaya xüsusi rəğbət bəsləyir. Muğamı, xalq musiqisini dinləməkdən zövq alır…

Həmyaşıd olduğu Sumqayıtın həyatında özünəməxsus yeri var. Daha doğrusu, bu şəhərin yaddaşında adı tarixə düşən sabiq rəhbərlərdən biridir…

Dünya yaranandan üzü bəri insanlar arasında ictimai-siyasi quruluşlara uyğun müxtəlif adlar və titullar olub. Zaman ötdükcə bu ad və titullar adiləşərək öz mahiyyətini itirsə də, heç vaxt adiləşməyən bir dəyər var- Yaxşı adam! Bəli, Şakir Zəkəriyyə oğlu Abuşov Yaxşı adam kimi insanların yaddaşına həkk olunub.
Martın 20-də Onun 70 yaşı tamam olur. İnanıram ki, həmin gün Sumqayıt ictimaiyyəti bu nurlu insanın işığına toplaşaraq, Ona olan rəğbətlərini ifadə edəcəklər. Qoy, etiramla qələmə aldığım bu yazı təbriklər sırasında ilk olsun!..

Elman Eldaroğlu

La imagen puede contener: 5 personas, incluido Сулейман Гусейнов, personas de pie y traje
mersin escort