SABİR SARVANIN XATİRƏSİNƏ

Bütün həqiqi yaradıcı insanların ruhunda bir qəriblik, bir ağrı, bir kədər gördüm.Bəlkə ona görə onlar ömrü yarıda buraxıb səssizsə çəkilib gedirlər…

Dünya köhnə dünyadı.Yollarından yolçular yol eylər ,karvanlar keçər.Gecəsi gündüzünü,gündüzü gecəsini yola verə- verə ayları aylara, günləri günlərə calayıb ömrümüzü qara qəpik kimi xərcləyərək öz işində olan dünya.Zaman da öz yerindədi.Keçib gedən bizik zamanın içindən,yanından.Fırlanan da bizik saat əqrəbi kimi zamanın başına.Zaman heç kimin başına fırlanmır,dəyişmir.İnsanlar dəyişir, yaşlanır.Və yaşlandıqca da dünyanı daha yaxından tanıyır ,ölümün hənirini duyur, mahiyyətini daha gözəl başa düşür, əzrayılın küləyini canında hiss edir.

Mən ölümdən söhbət açanda. “Növbəni gözlə” ,- deyərdiniz.Özünüz niyə növbə gözləmədən hamıdan qabağa düşdünüz? Bəlkə bu qədərin işiydi.Sizi sayıb seçirdi. Yaşlanmaq istəmədiniz bəlkə…Sizi tanıyanların gözündə elə o yaşda qalmaq üçün düşüb getdiniz ömrünüzdən bir yarpaq misali…Sizi böyüdüb,araya- ərsəyə gətirən Səkinə nənənin ağılarıyla,acılarıyla süslənmişdi taleyiniz.İnsanın ruhu nəyə çəkirsə, elə taleyi də ora çəkir insanı… Kirayədə qaldığınız evlərdə, canınızın ağrısını,taleyin zərbələrini dişinizə sıxa- sıxa bəxtəvər kimi çıxdınız adamların arasına.Adamların içində “Bəxtəvər o boyda dərdi qəmi vecinə almır”,- deyənləri də vardı. Mən Sizi tanıyanda cəmi- cümlətanı 39 yaşınız vardı.Necə tanımışdımsa eləcə də gördüm.Nə yaşadığınız ağrı -acı,nə tale sınağı sizi zərrə qədər dəyişdirə bilmədi.
İllər nə tez keçir.Elə bil dünən idi ədəbi mübahisələr elədiyimiz.Şeir haqqında,ədəbiyyat haqqında.Çoxlarından fərqli olaraq ədəbiyyatı gözəl bildiyiniz halda reklam olunmağı, gözə girməyi sevmirdiniz.Çünki ciddi ədəbiyyat yaratmaqla, ciddi ədəbiyyatın təbliği ilə məşğul idiniz.Sizi sevənlər də çoxdu, sevməyənlər də.Amma sevməyənlər də öz içində bir həqiqəti etiraf məqamına qalxırdılar vicdanları bir balaca pərvəriş tapanda. “Zalım, gözəl şairdir, sözü güllə kimi adamın alnının ortasına vurur”,- deyirdilər daldaya çəkilib allahlarıyla, özləriylə baş- başa qalanda.Hamıya yaxşı görünmək, hamının sevimlisi olmaq əqidəsi, xarakteri olan insan üçün yad bir şeydir.Söhbətlərimizdə hamının bəyəndiyi adamdan da, şeirdən də şübhələnməyi tövsiyyə edirdiniz.Mən sizdən çox şey öyrəndim.Dədəm Qorquddan bizə miras qalan kişilik, tamlıq, bütövlük, bülövlük, düşmən qazandırsa da sözü üzə demək, milli-mənəvi dəyələrimizə sahib çıxmaq sizin həyat amalınız idi.Bu gün də sizi sevirlər, hər kəs sisin haqqınızda sağlığınızda olduğu kimi hörmətlə, sayğıyla danışır, Sizi anır, xatırlayır.Bu dünyada sizə simsar olan bir söz vardı, bir də ağrı- acı…Bu bol dərdi- qəmi də qısqananlar tapılırdı.“Dərdi ələ salmasan,dərd səni əldən salar” ,- deyirdiniz…Niyə dərdi ələ sala bilmədiniz,Sabir müəllim?!Çünki bu nahaq dünyanın haqq adamıydınız,bu yalan dünyanın həqiqət güzgüsüysdünüz, eyblərini baxışınızla, sözünlə göstərdikcə sizi daşa basıb, sındırmağa çalışırdılar.Amma o atılan daşların zərbəsi sizi daha da bərkidirdi.Bəlkə də bu astarı üzündən baha dünyada sıraviləşib yaşamaq istəmədiniz, adamı adamlıqdan çıxaran adamların çevrəsində sıradan biri olmaq istəmədiniz.Bilmirəm,bircə onu bilirəm,dünyada nə qədər təmiz adam qalacaqsa, halal söz yaşayacaqsa ömrünüz o qədər uzun olacaq…
P.S.Nədənsə bu gün öz nahaqqlarıyla sizi incidən, sizin kimi ola bilməyib, sizi də özləri kimi eləməyə çalışan insancıqlar düşdü yadıma.
Bunu həqiqət üstündə dərisi soyulan Nəsimi demişdi düz 650 il qabaq.

Dünya duracaq yer deyil ,ey can, səfər eylə!
Aldanma anın alına, andan həzər eylə!

Bunu isə Siz deyirdiniz:

Elə ağlatdı ki, taleyim məni
Çeşmələr qurutdum 
hər qaşın altda.
Başıma o qədər daş yağdı göydən
Axırda gizləndim 
bu daşın altda.

Bu gün doğum gününzdü.Qeyd etməyi sevməsəniz də bütün dostlar,tanışlar sizi təbrik edirdi.Telefonunuz susmurdu.Bu gün də dostlar yad edir sizi.Çünki doğum günü olanların ölüm günü olmur.Onlar sadəcə dünyasını dəyişir…Yeni dünyanız işıqlı,nurlu olsun SÖZ adamı…

GÜLNARƏ CƏMALƏDDİN

mersin escort