Aləm Kəngərlinin bədii həqiqəti

Son bir neçə ildə oxuduğum ən yaxşı hekayələr kitabı, istisnasız olaraq yazıçı Aləm Kəngərlinin “Qanun” nəşriyyatında çap olunan “Qatarda 18 əhvalat” kitabıdır-desəm, yanılmaram (əlbəttə, zövqlərinin parametrlərinin müxtəlif olduğunun da fərqindəyəm, hətta heç kim mənim kimi düşünməyə də bilər).

Kitabı çox böyük sevgilə oxudum (2007-ci ildə Şəmkir rayonunda yaşayıb-yaradan istedadlı yazıçı Müzadil Aqilin “Çəpər” adlı kiçik həcmli kitabını da beləcə sevgilə oxumuşdum). Gözəl, rəvan dilinə, təhkiyəsinə heyran qaldım. Kiçik həcmli 18 hekayədən ibarət olan kitabı, əslində bir oturuma da oxumaq olardı (burda uyğun zaman seçimi də yox deyil). Amma nədənsə hər hekayədən sonra fasilə verməli oldum. Fasilə verməli oldum, – deyəndə hekayələrin təsirindən fasilə verdim. Çünki bu yığcam hekayənin hər birində irihəcmli əsərlərin daşıdığı qədər dəyər var. Zənnimcə yazıçının birinci uğuru budur.

Hər birimizin hər addımda qarşılaşa biləcəyimiz həyat hadisələrinin Aləm Kəngərlinin hekayələrində əbədilik qazandığına, bir oxucu olaraq, çox  sevindim. 18 əhvalat, əslində Aləm Kəngərlinin müşahidəçisi olduğu 18 həyat həqiqətinin 18 bədii həqiqətə çevrilməsidir.  Professor Cavanşir Yusiflinin kitaba yazdığı “Ön söz”dəki  həqiqətlər, həm də Aləmin hekayələrindəki bədii həqiqətdən gəlir.

“Qəfil görüş”, “Kupedə”, “Ehsan”, “Qonaq”, “Oğru”, “Dilənçi”, “Sanatoriyada”, “Seşim”, “Qonaq”,”Dilənçi”, O olmasın, bu olsun” və digər hekayələrində ibratəmiz məqamlar çox oxunaqlı bir dillə təqdim olunur. Bu baxımdan kitabdakı istənilən hekayəni götürüb üzərində fikirlərinlə gərdiş eyləyə bilirsən.

“Sanatoriyada” hekayəsi daha spesifikdir. Hekayə elə rahat dillə təqdim olunur ki… Burda təsvir olunanlar kənddən şəhərə məhz sanatoriyaya gələnlərdən kimin başına gəlməyib ki… Bunları böyük yazıçımız Seyran Səxavətin  illər öncə yazdığı “Sanatoriya” povestini oxuyanda da düşünmüşdüm (mahiyyətləri ayrı-ayrı olsa da). Aləmin qəhrəmanı Həsən kişi ömrünün təqaüdə çıxma ərəfəsində, həyatında ilk dəfə olaraq, sanatoriyaya gəlir. Hər il cəhd eləsə də bir ömür boyu həmkarlar təşkilatı ona sanatoriyaya göndəriş verməyib. Artıq pensiyaya çıxmasına az qalmış və onun arzusu çin olub… Və sonra sanatoraiyada Həsən kişinin başına gələnlər… Hər dəfə tibb işçilərinə pul verib prosedurları qəbul edəndə, sanki belə olmalıymış kimi düşünürsən. Bir tibb bacısına pul vermədiyinə görə, səhərə kimi özünü narahat hiss edir və səhər açılan kimi gedibona on manat verib, üstəlik də üzrxahlıq edir.

Həsən kişi bu yaşa qədər sanatoriyaya gəlmədiyindən ürəyində bəlkə də bir rahatlıq tapır.  Hekayənin canındakı həqiqət Həsən kişinin bir ömür boyu sanatoriyada olmaq istəyi və ixtiyar çağında bir dəfə olandan sonra “yaxşı ki, indiyə qədər sanatoriyada olmamşam” demək istəməsidir… Sadəcə demək istəməsi… Amma demir, bunu yazıçının təhkiyəsi oxucuya diqtə edir.

Hekayələrin hər birində insanlara ağrı yaşadan halların olması, bəlkə də Aləmin müşahidələrinin ali zirvəsidir.  Bu müşahidələr  Taleh, Könül, Səfər kişi, Nicat, Sevil müəllimə, Barat kişi, Fatma xala, Səməd, Gülər, Fərman müəllim, Cəfərxan kişi və başqalarını üzə çıxardı. Aləm Kəngərlinin dediyi kmi, bu adamlar uydurma deyil, həyatdan götürülmədir. Amma biz oxucu olaraq, yazıçı onları bədii həqiqətə çevirəndən sonra tanımışıq. Bu ağrılı, əzablı, çalın-çarpaz ömür yolu pillələrini, əslində əvvəllər Aləmin şeirlərində də görmüşdük:

Könül verdim arammadım,

Oxşanmadım, daranmadım.

Sevinməkçün yaranmadım,

Məndə kədər boldu, neynim…

… Dostoyevskinin bir sözünü tez-tez təkrarlayıram. Deyir ki, ŞƏKLİ GÖZƏL ÇƏKMƏK BAŞQA ŞEYDİR, GÖZƏL ŞƏKLİ ÇƏKMƏK BAŞQA ŞEY. Deyək ki, Professional olmayan rəssam, gözəl bir qızın və yaxud gözəl bir mənzərənin şəklini çəkmək eşqinə düşər. Sonradan biz ona baxanda cizgilərindən başa düşərik ki, bu adam gözəl bir qızın şəklini çəkmək istəyib, amma alınmayıb. Professional rəssam isə gözəl olmayan bir şeyi –  məsələn, ilanı, bataqlığı, qurbağanı elə gözəl çəkər ki, saatlarla tamaşasına dayanmaq olar. Bu baxımdan Aləm Kəngərli sözlə ŞƏKLİ GÖZƏL çəkir.

Deyirlər hərə bir missiya ilə həyata gəlir (mərhum Nüsrət Kəsəmənli demiş: HƏR KƏS TALEYİYLƏ GƏLİR HƏYATA). Ən ağrılı missiya isə dünyaya, insanlara yaxşılıq etmək, kiməsə həyan olmaq missiyası daşıyanlarındır (burda elədiyin yaxşılığa görə peşiman olmağa qədər uzun bir yol var). Aləm Kəngərlinin “Missiya”sında… Hekayənin qəhrəmanı Sevil müəllimədir. O, işini sadəcə şagirdlərə dərs keçməklə bitmiş hesab eləmir. Onları narahat edən qayğılarla maraqlanır. İlkinin narahatçılığını onun davranışından sezir. Birdən-birə dərslərində axsaması və bəzən dərsə belə gəlməməsi onu çox narahat edir. Və bu narahatçılığın nədən qaynaqlandığını  öyrənənə kimi təlaşdan xilas ola bilmir.  İlkin valideynlərinin  boşana biləcəyindən, Sevil müəllimə isə İlkinin hələ səbəbini  bilmədiyi narahatçılığından əndişələnir. Səbəbini biləndən sonra isə onun ata-anasını barışdırmaq üçün sabah onlara gedəcəyini planlaşdıranda, bunun müəllimənin öz ailəsində narazılıq yaradıb-yaratmayacağını belə düşünmür. Yaxşılıq dediyin budur. Bu, Aləmin gördüyü, tanıdığı, bir az da yazıçı olaraq görmək istədiyi MÜƏLLİMdir

Aləm Kəngərlininin kitabındakı bu hekayələrin hamısının bir bütöv əsər kimi də götürüb haqqında nəsə yazmaq olar. Çünki bu hekayələrin qaynağı bir yerdən gəlir: Dünyada yaxşı olmayan hər şeyə bədii bir üsyan. Amma haysız-küysüz bir üsyan… Sadə və saf yaşantıların içində hələ də boy göstərən belə ağrıverici məqamlara yazıçı yanaşması.

Kitabdakı bu hekayələrin hər biri haqqında yazmaq fikrindən uzağam. Bu, kitabı oxuyub məni kimi düşüncələrə dalmaq istəyən yüzlərlə oxucunun haqqına girmək kimi olardı…

Eşitdiyimə görə, bu yaxınlarda “Qatarda 18 əhvalat” kitabı Rusiya Federasiyasında da nəfis şəkildə çapa hazırlanır. “Biləcəridən o yana  tanına bilmirik” fikrinə yönəlik olaraq biz “Moskvadan da o yana tanına bilərik” demək istəyirəm. Ən azından, Aləm Kəngərli kimi yazıçıları sevməklə, qorumaqla, SEVƏ-SEVƏ QORUMAQLA…

Vasif SÜLEYMAN

mersin escort