Şair Faiq Balabəyli ilə söhbət-dərdləşmə

Ələddin ƏZİMLİ

Yağışdan əvvəl küləklər əsir…
Yazda ilıq, payızda sopsoyuq…

Yağışdan sonra göy üzü təmizlənir, dənizlər daha da maviləşir, sakitləşir, gözəlləşir, Günəşin nuru çoxalır, həsrətli ürəklər toxtayır…bir-birindən gözəl sözlər doğulur üzü Günəşə qarşı, doğulur və şeirə çevrilir. Tanınmış şair, publisist, gəmi kapitanı Faiq Balabəylinin şeirləri kimi…

Keçək şeirə. O şeirə ki, müəllifi kimi safdır, təmizdir, duyğulu, müdrik, həssasdır:

Gecə yarıdan keçmiş çalınan zəngdən
gələn xəbər kimi yağdı bu yağış.
İslandı içimin hirsi, hikkəsi –
indi ha çabala,
indi ha çalış…

Misradan-misraya Faiq Balabəylinin “nasaz” ürəyi də sazlaşır, ritmini tapır, şeirin rəngləri tündləşir, yeni çalar, ovqat qazanır, göylərin ozon qatı yeni nəfəsə çevrilir, ruhları oxşayır:

Yarımçıq açılan tumurcuq kimi
büzüşdüm, bir qəfil səsə büründüm.
Nə sevinə bildim,
nə göz yaşımı
bu qəfil yağışdan gizləyə bildim…

Faiq, qardaş, qəfil yağan (şeirlərin kimi qəfil doğulan) yağışdan heç nəyi gizlətmək olmur. Çünki yağışın minlərlə, milyonlarla gözü-damlaları var, hər şeyi aydın görür, gördüklərinin üzünə çilənir, sərinlik, təmizlik gətirir. Bir də ki, nə bilmək olar, bu yağış özü ilə nə çiləyəcək yer üzünə, ağaclara, başımıza? Ancaq deyəsən, sən bilirsən. Şairlik elə əslində, görünməzi görünən, bilinməzi aydın edəndir:

Yuyundum, qorxum yox zökəmdən
mənim,
bu yağış aydınlıq gətirir yəqin…

Faiq, sənin şeirlərin gözəldi. Məni ən çox cəlb eləyən isə “ruha qida verən” – daha çox qəlbimi duyğulandıran sətirlərindir.

Bu tipli şeirlərin həm də doyumludur. Fəzadan asılı boşluqları doldurur, insana bir rahatlıq gətirir, niskilləri ovudur:

Getdin,
Özünlə apardın
Bir udumluq sevinci.
Zülmətə döndü hər tərəf.
Yağmura düşdüm elə bil.
Batdı limanda gəmilər,
Söndü bütün işıqlar
Sən gedəndən sonra.

Bax, duyğu budur. Sənə məhrəm olanın gedişilə hər şey alt-üst olur. Zülmət, yağmur, batan gəmilər, sönən işıqlar… eh, nələr, nələr… Və bəndin sonunda birdən yeni, daha güclü bir partlayış: “Sən gedəndən sonra”. Üç sözdə onlarla çəkilməsi müşkül olan dərdin ağırlığı var.

Bir də yoluma çıxma,
Gözləmə məni.
Hərdən nəfəsim gedir
Qayıtmaq istəmir,
sənin kimi…

Şairin nəfəsi nə qədər gəlib-gedirsə, bir o qədər o, duyğulardan asılı qalır. Deməyə sözü olmayanda belə, ürəkləri oxşayacaq, ümidləri isidəcək bu nəfəs əbədidir. Əslində, getdikcə bitməyən yola bənzəyir. Şair hissiyatı, bəzən sona varmaq istəyir bu yolu. Təki, maneəsi olmaya, yoluna çıxan tapılmaya. Çünki vaxtı ilə bu şair həsrət yolunun kənarında çox gözləyib. Artıq səbri tükənib, getmək, buradan uzaqlaşmaq istəyib:

Bir də yoluma çıxma!
Qaranlıqdan gün üzünə çıxmaq
qədər
Gözləmişdim səni…

Bax, budur haqqın təravəti, Faiq! Sən bunu yaşamısan, içində yaşatmısan. Ona görə, bu misralar, bu şeirlər bizə doğma gəlir, ruhumuzu oxşayır. Lakin qismətindən küsmə, şair, uzaqlara üz tutub getmə. Qismət alın yazısı, pozulmaz bir naxışdır. Qoru onu. Çətin də olsa. Səni ağrıtsa da, yorsa da, gecələr yuxunu ərşə çəksə də. Amma şair, sən hərdən tərslik edir, tutduğun sonu bəlli olmayan yoldan geri dönmək istəmirsən. Bu da həssas, duyğulu bir yazarın qəlbindən keçəndir:

Mənim geri dönməyim
Başa düş, düzgün deyil.
Şair dediyin ölüb,
Ta yorğun, üzgün deyil.

Çox yaxşı bilirsən, Faiq, əsl şairlər, sənin kimi qəlbi kövrək olanlar ölmür, əbədiyyətə qovuşur. Sən istəsən də, istəməsən də, axır geri dönəcəksən. O sönməyən duyğular səni geri qaytaracaq, səni üz çevirdiyin haqqa qovuşduracaq. Şair, bir düşün, bildiklərini yada sal, xatırla, onda duyacaqsan ki, həqiqətin bəzi adamlardan fərqli olaraq, yalnız bir üzü var. Özün etiraf etdiyin kimi:

Xəbər göndərin ona,
deyin, ölməmişəm mən.
Deyin ki, qovuşacağam
vüsalıma yenidən.

Deyin, neçə il qabaq
Səni qoyub gedəndi.
Ürəyi səndə qalıb
Gəzdirdiyi bədəndi…

Burada həqiqət qapanır, möhürlənir, şairlər, söz, duyğu adamları təzədən özünə qayıdır. Çünki şair, haqdan qaçmaq mümkün deyil. Haqq, həqiqət meyardır, həyatın qiyməti, dəyəridir.

Amma düşünmə ki, ictimai zəmində köklənmiş şeirlərindən uzaq qaçdım, aralandım. Əsla yox! Bu tipli şeirlərin zamanın ağrılarını, Vətənin harayını hopdurub canına:

Mən səni belə istədim –
yarpaqlar küləksiz əsmədiyi kimi,
yağışlar kəsmədiyi kimi,
boz duman çöllərə sərilib
ondan küsmədiyi kimi…
Mən səni belə sevdim,
Mən səni belə oxşadım,
Mən sənsiz belə darıxdım,
Mən sənlə belə yaşadım,
Vətən!

Sənin şeirlərində, Faiq, bir Vətən, bir Ana, bir Əsgər var. Bir də sərhədlərin qorunmasına rəhbərlik edən Komandir. Səbirli, dözümlü, hər anın vaxtını gözləyən, canını Vətənə qurban demiş bir Komandir obrazı. Onun gözləri düşmən helikopterində, barmağı tətikdədir. O, anları sayır, zamanı gözləyir. Sənin isə ürəyin döyünür, zərbə anını gözləyirsən:

Axı gəlir, nişana al, dayanma!
Vur da, komandir, vur!
O uçağı daşa basım buradan,
Gör necə də bizim göydə o uçur?
Vur da, komandir, vur!..

Nəhayət, komandir tətiyi çəkir. Düşmən helikopteri alışır, od tutub yanır və sən artıq arzuna çatırsan:

Tətik çəkən barmağını öpüm gəl,
tuta bilim, gözlərimə təpim, gəl.
Ocağım ol, səcdəgahım, pirim gəl,
Vur da, komandir, vur!

Bu, sənlik deyil, qəlbindəki Vətən sevgisinin əks-sədasıdır. Bu çağırış təkcə sənin yox, bütün xalqın, Vətənindir!

Belə sevgili bir Vətənlə əbədi yaşamaq olar. Torpağına qarışıb da gülə-çiçəyə çevrilmək olar. Niyə də olmasın!

Faiq, insan, xüsusən yaradıcı insan bəzən elə bir həddə gəlir ki, “içində ağrıları cücərtmək” istəyir. Ağrı, onsuz da ağrıdır. Bəs onu cücərtmək necə, oyatmaq, dirçəltmək necə? Əslində, poetik həqiqətin diktəsi budur. Elə əzabına qatlaşdığımız həyatın da. Biz, yəni söz adamları ağrılarla yaşayırıq, onları vaxtlı-vaxtında becərir, sulayırıq. Dərddən yazmaq ağrıdan azad olmaqdır. Bayıl həbsxanasından qopmaq, ayrılmaqdır. Bu, ayrı bir söhbətin mövzusudur. Qayıdaq içimizdəki ağrılara. Görək, Faiq, bunu necə ölçüyə-biçiyə gətirmisən:

Hər şey belə qalacaq,
ümid sona qalmayacaq –
lap əvvəldən öləcək.
Kim deyir ki,
gələcək
xoş bir niyyətlə
ömrümüzə gələcək?

Bağışla, şair, bir qədər optimist olaq. Mən inanıram gələcək, mütləq xoş gələcək. Ancaq vaxtını, zamanını bilmirəm. Çünki boşluqdayıq, zamansızlıq içindəyik. Bəla da burasındadır. Boş optimistlik də dumanlı xəyal kimidir. Deyəsən, elə sən deyəndir, şair. Nə isə, zaman göstərər…

Faiq Balabəyli, gözəl şair, başını bir qədər yuxarı qaldır, göylərə bax. Bulud varmı? Varsa, yağış yağacaq. Təzə şeirlər doğulacaq. Həm yağışdan əvvəl, həm də yağışdan sonra…

mersin escort