“Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Mətbuat katibi CAVİD ZEYNALLIYA açıq məktub…” – Nəcibə İlkin

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Mətbuat katibi CAVİD ZEYNALLIYA
AÇIQ MƏKTUB
Ondan başlayaq: gözəl bilirsiniz ki, haqlı deyilsiniz!.
“Adətən belə yazılara cavab verməməyiniz” təbiidir; çalışdığınız teatr Sizin yeganə iş yeriniz deyil və mənim Nemətovun haqsızlığı barədə yazılarıma cavab verməyə nə tutarlı arqumentiniz olub, nə də zamanınız.
Xanımın yazısına “ilişmək” üçün bəzi əhəmiyyətsiz “səhv”lər tapıb 2 il ərzində mənə verə bilmədiyiniz cavabları verdiyinizi düşünürsünüz. Çünki məqalələrim dərc olunan bu iki ildə mətbuat katibi olaraq susdugunuz üçün çox danlanmısınız və Nemətovun “Alə, bir cavab verən olmayacaq?”sualını teatrda çoxları eşidib. Sizsə həqiqət qarşısında aciz idiniz.
Yəni, etiraf etməli olacaqsınız ki, iltifat göstərib cavab yazmağınız müəllifin qələminə hörmət yox, illərdir içinizdə qalan, Nemətova ünvanlanan tənqidə cavab fırtınasıdır. (İstisna etmirəm ki, çoxları kimi Siz də mənimlə həmrəy olmusunuz ki, bu da rəhbərlik dəyişənədək içinizdə qalacaq).
2 ildir Nemətov tənqid burulğanında çapalayır, üzünə söz gəlir, bir müdafiə üsulu tapa bilmirsiniz. O zaman, özünüz demiş, bu təng-nəfəslik nədir ki, bəlli yazının mürəkkəbi qurumamış ilhama gəlib vəzifə borcunuzu xatırladınız; xatırladınız ki, ali təhsil ocağının rektoruyla yanaşı, nəhayət teatr direktorunun da müdafiəyə ehtiyacı var (nə qədər inkar etsələr də).
 
Bu dəfəki fəallığınızı anlayıram; çünki məlum yazıda “Ölülər” və s.kimi uğurlu tamaşalar haqsız tənqid olunub və əlinizə bəhanə keçib. Şəxsən mənim yazılarımda Nemətovun istedadını şübhə altına alan bircə kəlmə belə olmayıb və mən sırf ədalətsizliyə və cəzasızlığa üsyan etmişəm. Amma Sizin “hər belə yazı” adlandırdığınız məqalələrim hamıya bəlli olan həqiqəti əks etdirdiyi üçün susmağa məhkum olunmusunuz və bunu istənilən səviyyədə sübut etmək iqtidarındayam.
Alqışları arqument gətirdiniz: Xalq artisti Cəfər Namiq Kamalın 65 illik yubileyində (2015) müdafiə etdiyiniz direktorunuzun əl çalanlara kobud şəkildə (həmişə olduğu kimi) etiraz edib “Siz də elə hər şeyə əl çalırsınız” deməsini heç kəs unutmayıb.
Bununla da göstərib ki, o, Siz demiş, alqışa “mühtac” deyil və Nemətovun nəyə “mühtac”olduğu bəllidir, hər halda sənəti şəxsi kinindən üstün tutan Ədil İsgəndərov ola bilmədiyini dəfələrlə göstərdi və ona “soyuq baxan” aktyor Ərəblinski olsa belə Nemətov üçün fərq etməməsi sənətsevərlərə yaxşı bəllidir.
Bir “mini” alqışdan da mən danışım ki, bu da sosial şəbəkələrdə istifadə edilən məlum “bəyəndim”lərdir-yəni “layk”lar; Nemətovun əleyhinə və xeyrinə olan olan yazılara eyni adamların mübarək “layk”ları. (Şərhsiz.)
İsveçə firavan həyat və ailə xoşbəxtliyi ardınca gedən Əlif Cahangirovla işim yoxdur; çünki onun “tərbiyə”si, Poladovu təhqir etmək(!) cəsarəti və Nemətova sədaqəti aydındır.
Deyirsiniz ki, Nemətov istedadına inanmadığı adamları Azdramadan uzaqlaşdırır: cənab Nemətovda kimin istedadı şübhə doğurur? Xalq artisti Fuad Poladovun?Yoxsa Poladovun “davamçım” adlandırdığı, istedadı göz qabağında olan Hikmət Rəhimovun? Bəlkə sərhədlərimizdən uzaqlarda “Ən yaxşı kişi rolunun ifaçısı” adına layiq görülmüş Respublikanın əməkdar artisti İlham Hüseynovun?Olmaya artıq xalq artisti olan Pərviz Məmmədrzayevin, ya da Akademik Rus Dram Teatrında uğurla fəaliyyət göstərən Murad İsmayılın? Yainki, istedadlı hesab etdiyi tələbəsi, kobudluq əlindən başını götürüb Musiqili Teatra gedən Anar Babalı istedadsızlaşıb?Nə maraqlı istedad anlayışı var Nemətovun? Bəlkə o, ölkə başçısının fərmanlarına şübhə ilə yanaşır? Onda bir səmərələşdirici təklif versin ki, bu istedadların fəxri adları geri alınsın. Yəni söhbət doğrudan sənətdən gedir?Xahiş edirəm camaatı güldürməyin və bununla heç kəsin haqqına girməyin; çünki “Haqqı danmaq imandan deyil”(Məhəmməd Peygəmbər ə.s.)
Sizə bir məsləhətim də var: sosial şəbəkələrdə həmkarlarınız tərəfindən gizlin şəkildə alqışlanan və paylaşılan – “oxumadan” hər sətrini əzbər bildiyiniz məqalələrimi bir də oxuyun, məsləhətdir !
Nəcibə İlkin.
(AYB-nin, AJB-nin üzvü,
“Azad Qələm” qəzetinin baş redaktoru, şair)
Müstəqil.Az
mersin escort