“Gecələr xəfifcə səcdəyə gəlir, Canım önünüzdə, can ana-ata…” – Şirinxanım Kərimbəyli Şadiman

ATALI, ANALI GÜNLƏRİM

 

(Dünyadan köçən ata-anaların

ruhuna sonsuz sayğılarımla!)

 

Atalı, analı günlərim haray,

Sizi kimsə ilə əvəz etmirəm.

Siz vardız, yuvamız eşq dolu saray,

Yoxluğunuz olan yerə getmirəm.

 

Sizin xatirəniz xoş həyat dolu,

Könlümdən, gözümdən silinən deyil.

Bağlanıb duyğumun min qat əl-qolu,

O yurd siz olantək bilinən deyil.

 

Hər gecə yuxuma gəlib gedirsiz,

Röyamın yolları gərilməz daha.

Mənə həyat verib, gümrah edirsiz,

Keçən yaşantılar dirilməz daha.

 

Anam qazan asıb ocaq üstünə,

Analıq eşqini qatardı ora.

Necə ötənlərin gedim üstünə?

Ayrılıq basıbdı könlümə yara!

 

Atamçın boylanıb baxardıq yola,

İşdən gəlişini bayram edərdik.

Könül intizarın yaxardıq yola,

Uşaq fərəhiylə biz kam edərdik.

 

İndi yuxularda qucaqlaşırıq,

Qəlbimin içinə alov tökürsüz.

Röyalar içində ocaqlaşırıq,

Mənim ürəyimi oda bükürsüz.

 

Sizi ölü təki qəbul etmirəm,

Dərdimi sizinlə mən bölüşürəm,

Daha məzarınız üstə getmirəm,

Yaşamaq eşqindən o an düşürəm…

 

Həyata eşqimi sizdən alıram,

Ey baş tacı atam, istəkli anam.

Sizin ruhunuza mehr salıram,

Ömrümə güc atam, ürəkli anam.

 

Günləri ağ olsun bacı-qardaşın,

Evləri sərvətlə, nemətlə dolsun.

Bəxtləri xoş gəlsin dostun, sirdaşın,

Bütün ömürləri hörmətli olsun.

 

Həsrət güvənc yeri gözdə yaşımın,

Sizi udan məzar qəlbimi çapdı.

Hıçqıran, hönkürən qəlb təlaşımın,

Fəryadı canımdan fərəhi qapdı.

 

Ata-ana yerin verməz heç bir kəs,

Onlar canımızın dayaq nöqtəsi.

Onlar verdi bizə can dolu nəfəs,

Onlar ruhumuzun dörd bir qitəsi!

 

Gecələr xəfifcə səcdəyə gəlir,

Canım önünüzdə, can ana-ata.

Ruhunuz evimə müjdəyə gəlir,

Odur ki, işığı düşür həyata…

 

09.02.2020

Şirinxanım Kərimbəyli Şadiman

mersin escort