“Halal mübarizədə seçicilərimin qarşısına halal gedirəm!”

Milli Məclisə seçki ərəfəsində müsahibimiz deputatlığa namizəd Zəlimxan Məmmədlidir.

 
– Zəlimxan bəy, parlament seçkiləri ərəfəsindəyik. İndi çoxları millət vəkili olmaq istəyir – layiq oldu-olmadı. Sanki bir yarış başlanıb bu sahədə. Sizi namizədliyinizi irəli sürməyə nə sövq etdi?
– Ən əvvəl deməliyəm ki, mən peşəkar siyasətçiyəm və təvazökarlıqdan kənar kimi səslənməsin, Milli Azadlıq Hərəkatından üzü bu yana Azərbaycana azadlıq, müstəqillik gətirənlərdən biriyəm. Demokratik və Bütöv Azərbaycan qurmaq, təbii ki, gələcəkdə isə Böyük Turan sevdalı bir yoldayıq. Bu baxımdan, aktiv siyasi fəaliyyətdə olanın ilkin mərhələdə işi parlament seçkilərində iştirak etməkdir. Parlament tribunası qoyduğumuz platformada qaldırdığımız problemlərin həll olunmasının həyata keçməsi üçün birbaşa vasitədir. Əlbəttə, nəzərə alsaq ki, bəzi insanlar kütləvi şəkildə namizədliklərini verirlər və bu da onların hüququdur, lakin güman edirəm ki, parlament peşəkarların yeridir əslində.
– Siz özünüzü bu sahədə kifayət qədər peşəkar hesab edirsinizmi?
– Hər halda 30 illik təcrübə mənə elə gəlir ki, yetərlidir.
– Səhv eləmirəmsə, siz əvvəllər də namizədliyinizi irəli sürmüşdünüz…
– Beş-altı dəfə.
– Seçilmizinizmi?
– 90-cı ildə seçilmişəm. Dairə Seçki Komissiyası protokol da yazıb mənim seçilməyim haqqında. Mərkəzi Seçki Komissiyasına dəvət ediblər, əlimi sıxıb təbrik də ediblər, vəsiqəmi göstəriblər və iki gündən sonra da ləğv ediblər. Ona görə ki, o vaxt bizim Milli Təhlükəsizlik İdarəsinin rəisi Gülhüseyn Hüseynov idi, onun oğlu da həmin yerə iddialıydı. Yuxarıdan yerli rayon partiya komitəsinin birinci katibi ilə bu məsələni çözmək üçün qərara gəldilər ki, nəticəni ləğv etsinlər. Ona görə ki, Arif qalırdı çöldə, elə çöldə də qaldı, təbii ki! Amma sonra bunu bizə etiraf elədilər. Özümüz də bilirdik ki, bu rejimlə mübarizə aparanda belə olacaq.
95-ci ildə də seçilmişəm. Bir bazarlıq məsələsi oldu. Zəlimxan Məmmədli də təbii, bu bazarlığa gedəsi deyildi. Bazarlıq nədən ibarət idi: Konstitusuyanın qəbulu ilə bağlı məsələyə “hə” deməliydim. Amma Konstitusiyanın iki maddəsi bizim üçün çox prinsipial əhəmiyyət daşıyırdı: biri dövlət içərisində dövlətin yaradılması və bunun Konstitusiyada ehtiva olunması, ikincisi isə, dövlət dili kimi “türk dili”- nin “Azərbaycan dili” ilə əvəz olunması idi ki, bu iki məsələyə bizim etirazımız var idi, onu boykot eləyirdik. Sonda biz məqsədimizə nail ola bildik və belə gətirdi ki, dediyimiz bazarlığa getmədim və mandatdan imtina eləməli oldum. 2000-ci ildə qeydə almayıblar, o da çox saxta bir sifariş idi. 2005-ci ildə yenidən namizəd olmuşam və 23 namizəd arasında bizim hesablamamıza görə, mən bu seçkini udmuşam və yalnız saxtakarlıq nəticəsində mən səsə görə, guya 3-cü yerə çıxmışam. Təbii ki, bu bizim Azərbaycan reallığıdır və bütün hallarda saxtakarlıqlar, alış-verişlər olur. Məyus da deyilik, birbaşa həyatın mənası da deyil ki, mandatlı olaq. Mandat budur ki, xalqa ləyaqətlə, ədəb-ərkanla xidmət edəsən. Əlimizdə çox imkanlar olub və biz onlardan şüurlu şəkildə imtina edərək, sui-istifadə eləməmişik. Üzümüz buna görə millətimizin də, insanlarımızın da qarşısında ağdı, yenidən həmin seçicilərə müraciət etmək üçün əlavə baryerlər yoxdur. Hər kəsin günahları var və millətin bağışlamayacağı günah işləməmişəm. Halal mübarizədə halal seçicilərimin qarşısına halal gedirəm.
– Buna baxmayaraq, siz hər dəfə cəhd edirsiniz və uğursuzluqla qarşılaşırsınız. Bu o demək deyilmidir ki, sizin bəxtiniz gətirmir, sadəcə…
– Əsla, yox! Fikirləşmək lazımdır ki, qarşımızda yuxarıda sadaladığımız baryerlər var və demokratiyanın Azərbaycana gəlməsini istəməyən zorluqlar var. Təəssüflər olsun ki, onlar Azərbaycanın millətin iradəsi ilə idarə olunmasını istəmirlər. Parlamentin demokratik olmaması zaman-zaman Azərbaycana problemlər yaşadıb. Bu gün təhsilimizdə uşaq məktəbə gedib ali məktəbi qurtarıncaya qədər onun ətrafında pul fırlanır. Müəllimlə şagirdin arasındakı pərdə götürülüb. O cümlədən, səhiyyəmizin adı pulsuz olub, səhiyyə işçiləri dilənçi kökündə yaşayırlarsa, maddi-texniki baza yoxdursa, onlar məcburiyyət qarşısında rüşvət alır və bu səbəbdən də, səhiyyədə rüşvət baş alıb gedirsə, bunda kimi günahlandırmalı? Elm ocaqlarımızda elmdən başqa hər şey qalıbdı. Alimlərimiz taleyin ümidinə buraxılıb. Və elmlər doktoru olub saçını ağartmış, ömrünü tükətmiş, beli bükülmüş kişilər var ki, 200-300 manat məvaciblə yaşamaq məcburiyyətindədirlər. Bütün bunların baiskarı normal, xalqın iradəsinə söykənən parlamentin yoxluğu, vətəndaşın hüququnu tənzimləyən qanunverici orqanın, həm də qanunların icrasının nəzarət sisteminin fəaliyyətsizliyidir.
Bəxt gətirmək məsələsinə qalanda, əlimizdə çox imkanlar olub. Bu, elə də əlçatmaz bir şey deyil, sadəcə, özümə təlqin eləmişəm ki, vicdanı, ləyaqəti itirmək olmaz, millət yolundan sapmaq olmaz, Tanrını unutmaq olmaz və s. və. i…
 
 
“Hansı tərəfə dönsən – sosial sahədən tutmuş, işlə təmin olunmağa qədər, – ədalətsizlik baş alıb gedir…”
 
 
– Zəlimxan bəy, belə görünür ki, bu qədər maneələr, baryerlər sizi sındıra bilmir. Sanki gözləyirsiniz ki, nə zaman haqq-ədalət bərpa olunacaq və siz hər dəfə bu amalla təkrar-təkrar mübarizə meydanına atılırsınız. Bu mənada, haçansa ədalətin qalib gələcəyinə inanırsınızmı? Sizcə, bu dəfə necə olacaq?
– Hər günün, hər anın bir hökmü var və hər şey dəyişə bilər. Çox arzulayardım ki, yuxarıdan-aşağıya təfəkkür dəyişməsi baş versin və hər halda bu prosesin ağırlığının içərisində bir yüngülləşmə də var. Bu proses zaman-zaman insanların içində ümidi öldürsə də, demokratiyaya vurğunluğu öldürə bilmir, insanlar geriyə getmək də istəmir. Qabağa getməkdə də bir buxov var. Hər zaman da milləti qınayırıq, milləti qınamaq üçünsə heç bir səbəb yoxdur. Millət özündən asılı olan hər şeyi edir, bir az ədalətsizliyin ifrat həddi var, sosial ədalətin ciddi pozuntusu var. Bu baxımdan, mübarizə qələbə əldə olunana qədər davam edəcək. Bunu hər bir azərbaycanlı bilməli və düşünməlidir ki, Azərbaycanımız xilas olunmalıdır, xilas yolu da bu cür seçkilərdə usanmadan getmək və nəhayət öz istəklərinə uyğun xalq hakimiyyəti, xalq parlamenti qurmaqdır.
– Siz dediyiniz xalq hakimiyyətinin, xalq parlamentinin qurulmasında seçicilərin öhdəsinə hansı vəzifələr düşür?
– O dövlətlər inkişaf eləmiş dövlətlər sayılır ki, orada tarazlıq olsun, kütlənin dövlətin idarəsində iştirak əmsalı yüksək olsun. Tutaq ki, ABŞ-da, Skandinaviya ölkələrində, Avropada bu əmsal 40-60 faiz üzərindədir. Qonşu Gürcüstanı götürsək, orada müəyyən qədər dəyişikliklər gedir, lakin orada da hələ əhalinin dövlətin idarəsində iştirakı 10-15 faiz həddindədir. Amma Azərbaycanda bu göstərici yox dərəcəsindədir. Biz seçki mərhələsinin bir hissəsini yekunlaşdırmışıq. İnsanlarımız “Səs verməkdən yorulduq!”, “Bizim səsimizə kimdir fikir verən?” ifadələrini işlədirlər. Deyirlər ki, onsuz da səsimizi oğurlayırlar. Bu gün bu, Azərbaycan reallığıdır və bir utanclıq gətirir millət olaraq bizə. Niyə XXI əsrdə Azərbaycanda bu cür hadisələr baş verməlidir?!
Bir misal deyim: Amerika Birləşmiş Ştatlarında böyük seminar vardı. Orda dostlaşdıq bir ingilislə. Çox məşhur bir insandı. Dedim, birdən seçkilərdə demokratlar səsinizin 100-nü oğurladılar, nə baş verər? (O özü respublikaçılardan idi) Dedi, sualınızı başa düşmədim. Qayıtdım ki, tutalım seşkilərdə sizin əvəzinizə o birisinin xeyrinə bülleten atdılar, nə olar onda? Yenə də dedi, başa düşmürəm, nədən söhbət gedir. Axırda onu başa saldıqdan sonra ki saxtalaşmadan söhbət gedir, dedi, o gün qan düşər, ölüm halı baş verər, Amerika dağılar. Yəni, o dərəcədə sayğılıdırlar ki seçkiyə (yuxarıdan-aşağıya sistem belə qurulub), Amerika dünyanın super güc dövlətinə çevrilə bilib. Çünki ölkə əhalisinin əhəmiyyətli bir hissəsi bu prosesdə iştirak edə bilir. Azərbaycanda isə nə alim, nə fəhlə, nə tələbə, nə ziyalı, nə də başqa istənilən peşə sahibi təəssüflər olsun, bu prosesdə yetərincə iştirak etmək iqtidarındadır! Sistemin özü yeniləşməlidir. Bu, radikal düşüncə deyil, bu, sadəcə, mövcud reallığı obyektiv şəkildə təhlil etməkdir. Bütün hallarda: “Demokratiyadan başqa alternativ yolumuz varmı?” – sualı ortaya gələrsə, “Demokratiyadan başqa yolumuz yoxdur!” – deyə və nidasını qoya bilərik. Millətimiz bilməlidir ki, onun məhləsində baş verən, ailəsində, bunasında, bir sözlə, ətrafında yığılıb qalmış problemin, övladının oxumasında, işə düzəlməsində, ailəsinin güzaranının təmin olunmasında yaranan problemin mənbəyi onun özünün hakimiyyətinin yoxluğundadır. Hansı tərəfə dönsən – sosial sahədən tutmuş, işsizlik probleminə qədər – hər yanda problemlər yığılıb qalmışdır.
– Dediklərinizdən belə anlaşıldı ki, əgər bütün bu problemləri həll etməyə qadir olan qərarları qəbul edəcək bir parlament yaransa, yəni, layiqlilər millət vəkili seçilsə, Milli Məclisdə yeni ab-hava bərqərar olacaq, az qala şoulaşan parlament iclaslarını xalqın taleyində mühüm əhəmiyyətə malik qərarlar qəbul edilməsi ilə şərtlənən sessiyalar əvəzləyə biləcək. İndiki halda, yəni bugünəcən şahidi olduğumuz seçkilərdə istənilən halda layiq oldu-olmadı, kimin gücü və imkanı çatırdısa, millət vəkili “seçdirirdi” özünü və biz nəzərdə tutulan dövr ərzində parlament iclaslarında tribunadan bircə dəfə də olsun, onun səsini eşitmirdik. Necə deyərlər, az qala “qarğabazarı”nı xatırladan bu cür “məsuliyyətli” ali qurumun xalqın xeyrinə hansısa qərar qəbul edəcəyinə xalqın inamı qalmayıb artıq. Sizcə, millət vəkili necə olmalıdır? Yəni, peşəkar siyasətlə kimlər məşğul olmalıdır əslində?
– Birincisi bu, sevgidən başlayan bir məsələdir. Mənim bu sahədə öz kriteriyalarım var: insan Vətənini, millətini ürəkdən sevməlidir, ali savadı olmalıdır ki, bu prosesləri bilə bilsin. Dərin biliyə, intellektual səviyyəyə malik olmalı və öz sahəsinin peşəkar mütəxəssisi olmalıdır. Belə düşünürəm ki, parlamentdə ixtisas yönümünə görə həm politoloq, həm də həkim kimi ya humanitar, ya da siyasi sahədə fəaliyyət göstərəcəyəm. Geopolitikanı bilmədən, dünyada baş verənləri bilmədən sən qanunvericilik bazanı kor-koranə yarada bilməzsən.
Beynəlxalq qanunlar var, konvensiyalar var, verirlər, öhdəlik götürürük, həmin qanunları parlamentimizə ratifikasiya edirik, niyə? Çünki “qloballaşma” anlayışı var, o anlayışı həyata keçirmək üçün çabalar edilir. Avropa dövlətlərini birləşdirmək istəyirik. Avropa İttifaqı yaranır, sonra onun vahid parlamentini yaratmaq ideyası var. Avropa Birliyinə can atan dövlətlər var, Türkiyəni buraxmırlar ora. Yəni, bunların özü dünyada gedən ümumi tendensiyadır və düşünürəm ki, bu insan, hətta iqtisadçı olsa belə, iqtisadi siyasəti bilmədən parlamentdə işini düzgün qura bilməz. Hər şeydən əvvəl o, peşəkar siyasətçi olmalıdır. İkincisi, millətini dərindən sevməli, inanclı, əxlaqlı olmalıdır. Bunların hər biri vacib göstəricilərdir. Mən bəzi millət vəkillərinin yerinə çox utanıram. Və o insan doğrudan halal olmayan bir şeyi evinə aparır, vəsiqə göstərir övladlarına ki, mən millət vəkiliyəm. Həmin insan övladlarına çox pis nümunə göstərir, oğrudur, başqasının zəhmətini mənimsəyir. Onlar kişidirlərsə, sadəcə, utanmalıdırlar, qadındırsa əgər, o ləyaqətsizliyin altına getməməlidir. Mən onlara “klassik oğru” deyirəm. Belələri Allahı, haqqı danan, yalan danışan, riyakarlıq eləyən nadanlardır və onlardan təbii ki, millət elə bir böyük şey ummamalıdır. Onun-bunun səsini oğurlayıb, beş-üç manat para ilə bir mandat alıb oturublar orda. Cəmiyyətimizin “ayıbdı” fəlsəfəsi – “utanaq”, “bilərlər birdən”, “bir başqasınındı, oğurlamaq olmaz”, “yerə düşüb, götürmək olmaz”, “aparıb yiyəsini tapaq, yiyəsinə çatdıraq” – bax, bu cür məsələlər millətin əxlaqında oturuşmuş bir modeldirsə, bu gün məmur, yaxud parlament üzvü olan insanın səsini oğurlamaqdan, qutulara saxta bülleten atmaqdan, insanların cibinə pul basıb, onun ləyaqəti ilə oynayıb, səsini oğurlmaqdan çəkinmirsə, bu cür insan millətə fayda verə bilməz və millət vəkili ola bilməz. Elələri var ki, açıq deyək, bütün dəyərləri – əxlaqi, mənəvi dəyərləri unudaraq, yenidən həmin saxtakarlığa əl atırlar. Həmin oğurluğa gedirlər. Mən onlara heç nəyə yaramayan (olsun ki, kifayət qədər pulları var) lazımsız canlı kimi baxıram. Bizə qismət olan çox qısa bir ömürdə dəyərləri qoruya-qoruya, bir-birimizə dayaq ola-ola yaşamaq borcumuzdusa, bu insanlar isə dəyərləri tapdalaya-tapdalaya, ən azından yalan danışa-danışa, oğurluq eləyə-eləyə həyat sürmək və millətə də guya xeyir vermək istəyirsə, buna onlar birbaşa məsuliyyət daşıyırlar.
 
“Bu gün çöhrəsi solmuş Azərbaycan insanının çöhrəsini açmaq problemi var…”
 
 
– Çox vaxt hansısa problemimizin həlli üçün beynəlxalq təşkilatlara üz tuturuq. Sanki demək istəyirik ki, bizim başımıza ağıl qoyun, görək necə çözək daxili məsələlərimizi. Doğrudanmı, bu məsələlərin həlli kənardan tənzimlənməlidir? Doğrudanmı, Amerika, yaxud Rusiya kimi super güc dövlətləri bu məsələlərin sülh yolu ilə və tezliklə çözülməsini istəyirlər? Götürək Qarabağ məsələsini…
– Çox geniş və mübahisə doğuran sualdır. Deyim ki, Qarabağ məsələsi dövlətimizin daxili problemidir; ərazisinə təcavüz olunub, bir hissəsi işğal olunub və o ərazini BMT və digər beynəlxalq qurumlar tanıyır. Azərbaycanın öz ərazilərini öz gücünə azad eləmək imkanları var. Yəni, bu, müharibə yoludu, milli vəhdət yoludu, bu, bütün zümrələrin Azərbaycanın içində vahid şəkildə birləşməsidir ki, bizim namus məsələmiz olan Qarabağ məsələsi birdəfəlik həll olunsun. Amma bu parlamentdə bir qrup məmurlarımız var; bunlar da iri çinli məmurlardır ki, bəlkə də fəaliyyət müddətləri ərzində Qarabağ məsələsi bir dəfə də olsun yadlarına düşməyib. Deyir, vermirlər, cəhənnəmə versinlər Qarabağı. Bu halda beşmərtəbəli villalar tikdirməklə, milyardlarla ölçüləcək özəl proyektlər yaratmaqla məşğuldur. İnsanlarımızın Qarabağ sevgisi, Qarabağ dərdi onu qətiyyən maraqlandırmır. Milli Məclis millətin olsa, o məmurlar ordusu ki var, Azərbaycanı talayırlar, onlar ləyaqətli millət övladları ilə əvəzlənsə, ölkəmiz ən qısa zamanda regionun sözün həqiqi mənasında, bütün parametrləri ilə ən güclü dövləti olar və o cümlədən, haqq səsini elliklə qaldıra bilər. Parlament xalqa arxalanmalıdır. Mövcud parlamentin hansı çağırışına xalq dəstək verə bilər? Və bir nümunə göstərsinlər ki, parlamentin filan çağırışına xalq dəstək verib. Xalq parlamentdə deyilənlərə, çıxarılan qərarlara, qanunların səmimiliyinə inanmır…
– Amma xalqın parlamentə inandığı vaxtlar da var idi…
– Təbii! Xalq hakimiyyəti olacağı təqdirdə, parlamentin demokratik olması, dediyimiz məmurlar ordusunun milli təfəkkürlü olması mənə elə gəlir ki, bizim ümummilli problemlərimizi ən qısa zamanda həll eləmək yoludu. Ona görə ki, onların platformalarının önündə “Öncə Vətəndir! Öncə Millətdir!” olacaq, sonra mənəm, ailəmdi, dədəmdi və sair olacaq. Ancaq bunlarda elə deyil. “Öncə mənəm, Allahım da özüməm (Əsrəğfurullah!), qohum-əqrəbamdı!” Bundan başqa da Azərbaycanda kişi yoxdu… Bu cür yanaşırlar məsələyə. Bəzən tükürpədici faktlara rast gəlirik mətbuatda, Azərbaycana bu cür faktlar heç zaman başucalığı gətirə bilməz. Və mən bəzən fikirləşirəm: bu parlamentin bir gecənin içində bu cür məmurlardan təmizlənməsi lazımdır. Prezident bu iradəni göstərməlidir. Göstərməlidir və Azərbaycan beş günün, bir həftənin içərisində tamamilə başqa Şimali Azərbaycan olmalıdır.
– Zəlimxan bəy, 90-cı illər seçkilərindəki platformanızla indiki platformanız arasında hansısa bir fərq varmı? Seçiciyə nə vəd edirsiniz bu gün?
– 90-cı ildə biz müstəqilliyin əldə olunması, möhkəmləndirilməsi, milli hökumət, milli dövlət qurmaq barədə düşünürdük. Bu gün qürurla deyə bilərik ki, bizim indi müstəqil dövlətimiz var. Azərbaycan Demokratik Cümhuriyyətinin siyasi, ideoloji varisidir bugünkü Azərbaycan. Bizim konstitusiya quruluşumuzda təəssüf ki, M.Ə.Rəsulzadənin qoyduğu platformaya əməl olunmur. O platformaya görə, Azərbaycan parlamentli respublika olmalıdır. Bu cür çatışmazlıqlar var.
Bu gün XXI əsrdir və dünyada son 20 ildə çox dəyişikliklər olub. Yaxın Şərqdə, Uzaq Şərqdə, Mərkəzi Asiyada, Əfqanıstanda, İraqda və s. çox ciddi problemlər baş qaldırıb. SSRİ süquta uğradı, eyni zamanda Rusiya fəaldır və müstəqillik qazanmış dövlətlərin müstəqil olmasını istəmir. Bizim bu dəqiqə ciddi problemimiz demokratik Azərbaycan qurmaqdır. Yəni, bu gün Azərbaycan milli dövlət qurmaq mərhələsini bitirmişdir, qarşımızda milli demokratik dövlət qurmaq problemi var. Platformam bunun üzərində qurulub. “Öncə Vətəndir! Öncə Millətdir!” – Bu mənim platformamın əsas prinsipləridir. Nə olacaqsa, öncə dövlət üçün olmalıdır. İkincisi, düşünürəm ki, platformada yenə də aktual olan məsələ millət olaraq ümummilli problemlərimizin altından çıxmaqdır. Yəni, bu işi şərəflə sona çatdırmaqdır. Bu, Borçalı problemidir, bu, Qarabağ problemidir. Bu, Güney Azərbaycan problemidir. Güney Azərbaycanda qardaşlarımızın hüquqlarının pozulmasına parlamentimiz hər zaman münasibət bildirməlidir. Və Güney Azərbaycandakı soydaşlarımızın problemləri, təəssüflər olsun ki, heç yada da düşmür.
Üçüncüsü, güman edirəm, humanitar sahədəki ciddi problemlərimizin, konkret halda, təhsildə, səhiyyədə, elmdə olan hərc-mərcliklərin aradan qaldırılması məsələsi sahəsində işlər görülməlidir. Təhsil sistemimiz fundamental surətdə dəyişilməlidir. Səhiyyə sistemimiz də eləcə! Səhiyyə sistemimiz oliqarxlardan təmizlənməlidir. Dövlət müəssisələri müflis vəziyyətdədir. Əhalinin səksən faizinə pulsuz xidmət etməli olan müəssisələrin maddi-texniki təchizatı və tibb personalının vəziyyəti acınacaqlı haldadır.
O cümlədən, platformamızın Borçalı ilə bağlı olan hissəsi: Quzey Azərbaycanla birgə bizim tək itirmədiyimiz yerdi Borçalı. Dərbənd də itirilib, Qərbi Azərbaycan da itirildi. Güney Azərbaycan İran adlanan dövlətin tərkibindədir. Borçalıya Azərbaycan parlamenti diqqət göstərməlidir. Azərbaycan insanına dövlətimiz sahiblik etməlidir – harda yaşamasından asılı olmayaraq. Strateji əhəmiyyətli ərazi olan Borçalı Azərbaycan, Gürcüstan və Türkiyə arasında ciddi körpü rolu oynamalı, onun statusu qalxmalıdır.
Hər hansı separatçılıq hərəkatı bizim tərəfimizdən dəstəklənə bilməz. Türkiyə-Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının, gələcəkdə bu tərəfdaşların vahid blokda birləşməsinin tərəfdarıyıq. Bu da bizim platformamızın mühüm tərəflərindən biridir.
Təqaüdlərlə bağlı, sosial yüklü büdcə üzərində işləyəcəyik ki, neft gəlirlərini daha çox həmin sosial layihələrin həyata keçirilməsinə yönəldək. O cümlədən, Azərbaycanın neftdən asılılığını heçə endirməyə yönələn iqtisadi platformaya dəstək vermək fikrimiz var. Neft Allahın verdiyi bir nemətdir ki, bizim yerimizin altından çıxır, ondan daha səmərəli istifadə olunmalıdır ki, Azərbaycan gələcəkdə dünyanın ən geridə qalan dövlətinə çevrilməsin. Neft əbədi deyil, onun tükənən anı var. O, qurtarana qədər Azərbaycan ən səmərəli və müasir texnikalara əsaslanan istehsalçı ölkəyə çevrilməlidir. Türkiyə eyitimlə, turizmlə, tikinti ilə artıq demək olar, dünyanın aparıcı dövlətlərini geridə qoyub. Nefti yoxdur ki Türkiyənin! İnsan beynindən səmərəli istifadə olunur bu ölkədə. Bizdə də insan beyni dəyərləndirilməlidir. Alimin beyni şahlardan üstün tutulmalıdır. O alim ki, bütün ömrünü elmə həsr eləyib, hər kəs onlara təzim eləmək iqtidarında olmalıdır, o cümlədən, hakimiyyətdə olanlar da.
Platformamızın hələlik dəyişən tərəfləri budur.
Bizim iki ciddi problemimiz var: millətləşmə və cəmiyyətləşmə. İkisinin də qarşısını almağa çalışan antitürk ovqatlı, antiislam ovqatlı böyük güclər Avropada da var, qonşularımızda da, içərimizdə də. Və onların emissarları çox aktiv fəaliyyətdədirlər. Bu iki məsələnin hakim olacağı təqdirdə hər birimiz dövlətin topdağıtmaz hücrələri oluruq, güclü oluruq.
 

 

“Kimlərin xəstəliyi var, onlara müraciət edirəm ki, səxavətli olsunlar…”

 
 
– Bütün bunlar parlament seçkilərinə namizəd Zəlimxan Məmmədlinin siyasi görüşlərini özündə əks etdirən cəhətlərdir. Seçiciyə özünüzü adi bir vətəndaş və ziyalı Zəlimxan Məmmədli kimi necə təqdim edərdiniz?
– Allah insanı gördüyümüz qiyafədə yaradıb və ona şüur da bəxş edib. İnsanı digər canlılardan fərqləndirən şüur işləyirmi görəsən? İşləyirsə, o insanlara görə Tanrı da xoşhal olur. Əgər o insana şüur verilib və ondan istifadə etmirsə, heyvani duyğularla məşğuldursa, məsələn, yığmaq, oğurlamaq, cibəgirmək, “onu tikim, bunu tikim, daş hasarların içində itim-batım” kimi biabırçılıqlar, təəssüf ki, kifayət qədərdir. İnsan şüuru aliliyini sübut etməlidir. Mənə müəllimlərim belə öyrədiblər. Mənəvi müəllimim Camal Mustafayev barədə hər zaman düşünürdüm ki, bu insanın malı da yoxdu, pulu da yoxdu, amma insanlar xeyirdə də, şərdə də ondan danışırlar, təzim edirlər. Adı gələndə ayağa qalxırlar. İstər elmə, istər insana və insanlığa, istərsə də elə-obaya münasibətdə o belə bir dəyişməz əqidə sahibidir. Və fikirləşirsən ki, sənin şüurun varsa, sən birinci olmalısan. Bu nə iddiadır, nə də hikkə! İnsan sadəcə olaraq, birinci olmalıdır: nə iş görürsənsə, yüksək keyfiyyətlə görməlisən, ala-yarımçıq yox!
Mən orta məktəbi 1974-cü ildə yüksək əyarla bitirmişəm, sonra ali məktəbə daxil oldum. Həmin vaxtlar pul təzə dəbə düşürdü. Lakin mən düşünürdüm ki, atamın dişi ilə-dırnağı ilə qazandığı pulu aparıb kiməsə verməyəcəyəm. Kitab da var, Allah şüur da verib, baş da var. Oxuyub qəbul olundum instituta. Təhsil illərində də bizi qorxudurdular ki, pul verməsəniz kəsiləcəksiniz, institutdan qovulacaqsınız. Lakin mən qəti fikirdəydim ki, müəllimə pul verməyəcək, öz başımla oxuyacağam. Özü də birinci olacağam. Fakültəmizi fərqlənmə ilə qurtaran iki nəfərdən biri mən idim. Düşünürdüm ki, stomatologiyanı məndən başqa dünyada yaxşı bilən yoxdu. Gəlirəm həkimliyə, qısa zamanda çoxlu sayda həkimin içində ən çox xəstəsi olan həkim oluram. Cavan oğlan və ən populyar həkim! Görürəm ki, hər yerdə birinci olmaq olar, əgər ürəyində istək varsa. Və nəfsdi, əxlaqdı, dəyərlərdi, bunlara sayğıdı, elmlilikdi, kitabı sevməkdi – bunların hamısı bir kompleks təşkil edir – insanın mənəvi ucalığına gətirib çıxarır.
İcra başçısı kimi fəaliyyətimə (1992-93-cü illər) gəldikdə, deməliyəm ki, indi mənə opponent olanlar belə etiraf edirlər ki, o vaxt Bakıda bir-iki rayon vardısa, onlardan birincisi Xətai rayonu idi. Həmin rayonda icra başçısı olaraq, mən bəlkə də yeganə başçı idim ki, ayağıma rezin çəkmə geyinib binaların zirzəmisinə girə bilirdim. Hətta sakinlərdən də təəccüblənənlər olurdu ki, icra başçısı ola, zirzəmiyə girə? Ancaq mən həmin sadə vətəndaşların hizmətində ləyaqətlə durduğum üçün bu addımı atırdım. Çünki mən də onlar kimi adi vətəndaşlardan biri idim. Onlara nə ağalıq, nə də əfəndilik etmək üçün getməmişdim vəzifəyə. Millətə xidmət üçün getmişdim, büt kimi dayanaraq: “Mənə sitayiş edin!” – deməyə getməmişdim.
Xətai rayonu Bakının rayonları arasında ən qaynar bir ərazi idi və orada vicdanla, ləyaqətlə fəaliyyət göstərmək olduqca çətin, eyni zamanda şərəfli iş idi. Belə bir gərgin siyasi dövrdə orada faciə qurbanlarının xatirəsinə Xocalı soyqırımı abidəsi, yaxud dövlətçiliyimiz tarixində müstəsna yeri olan Şah İsmayıl Xətaiyə abidə qoyaraq, onların açılışını etmək və bir əlimizlə kazarma qurmaq, bir əlimizlə səngərdə, bir əlimizlə quruculuqda fəaliyyətdə olmaq çox gərgin iş tələb edirdi o zaman. Hər addımda qarşılaşdığımız maneələr, hər addımda üzləşdiyimiz əngəllər bizi öz haqq yolumuzdan çəkindirə bilmirdi.
Hacı Zeynalabdin Tağıyevə abidə ucaltmaqla xatırlatmaq istəyirdik ki, insan nə qədər səcavətli olarsa, Tanrı onları daha artıq mükafatlandırar, həm də səxavətli adamların xolesterini olmur, sağlam olur. Onlar əl tutanda, səxavət kisəsinin ağzını açıb yaxşılıq edəndə canlarına yağ kimi yayılır. Kimin xəstəliyi var, onlara müraciət edirəm ki, səxavətli olsunlar, kasıb-kusuba əl tutsunlar.
Sonra gəlir idman sahəsindəki fəaliyyətim. 92-ci ildə Azərbaycan Sambo Federasiyasının prezidenti seçildim. Onda mən belə bir bəyanat verdim ki, biz hökmən Rusiyanın kürəyini yerə vurmalıyıq. Biz siyasət sahəsində Rusiya ilə döyüşsək də, hələ ki sambo üzrə Rusiyanın kürəyini yerə vuran olmamışdı. Onda məşqçilərimiz dedilər ki, əşşi, deyir də, Rusiyanı udmaqmı olar? 97-ci ildə nəhayət, Azərbaycan həqiqətən də Rusiyanın kürəyini yerə vurdu və tarixdə heç bir komandanın edə bilmədiyini bacararaq, birinci yerə çıxdı. Rusiya düşdü ikinci yerə. “YevroSport” yazdı: “Rusiya məğlub oldu!”, “Rusiyanın kürəyini yerə vurdular!” (Mənim dilimdən götürmüşdülər bu sözü). Dünya rekordçusu müəyyən elədik. Bu – türk oğlu Ceyhun Məmmədov idi. Altı dəfə dünya çempionu oldu. Zülfiyyə Hüseynova beşqat dünya çempionu oldu.
Belə baxanda görürəm ki, elə bir zirvə yoxdur ki, insan şüuru o zirvəni fəth eləyə bilməsin. Sadəcə eşqlə, vurğunluqla, sənətinəmi, peşənəmi, tutduğun yolamı, millətinəmi, dəyərlərəmi sevginlə çox şeyə nail ola bilərsən. Yetər ki, şüurun, ruhun və cismin bir yerdə əqidə uğrunda mübarizəyə səsləsin səni. Əgər ruhun, niyyətin kirlidirsə, vallah, bu, sifətinə çıxacaq sənin. Üzündə eybəcər qırışlar əmələ gətirəcək. Belin büküləcək, Allah ağlını əlindən alacaq. Düşünəcəksən, niyə belə oldu? Yaxşı olar ki, qəlbindəki kiri at, sevgi ilə doldur ürəyini.
Elçibəyin belə bir sözü vardı, deyirdi: “Mən yalnız və yalnız sevmək üçün sevirəm!” Yəni, deyir ki, mən millətimi təmənna ummadan sevirəm. Əsl sevgi də budur: saf, təmiz!
Sonrakı fəaliyyətim isə “Borçalı” Cəmiyyəti ilə bağlıdı. Cəmiyyətin ətrafında minlərlə insan birləşib. Borçalı insanı başını dik tutmağa başlayıb. Özü də hiss edir ki, sən demə, öləziməkdə olan Borçalıda nələr var imiş. Bu, ruhani bir bağlılıqdı. Köy ruhu ilə, təmiz kənd aurası ilə elitanı birləşdirmək! – məqsədimiz budur. Amacımız kökə, ruha, yurda, mənəviyyata qayıdışdır. Yalın əllə başladığımız bu işdə inanırıq ki, imkanlı borçalılılar səxavət eliksirindən istifadə etməlidirlər. Bu, sonucda millətin xeyrinə atılan addımların getdikcə sıxlaşmasına gətirib çıxarmalıdır. Biz bu işə böyük eşq ilə yanaşırıq, niyyətimiz çox safdır, hər zaman da Allahıma dua edirəm ki, mənim içimə kin salma, nifrət salma, qisas hissi salma…
Bizim milli birliyimizə gedən yolumuz bu gün qədəm qoyduğumuz seçkilərdən başlayır ilk növbədə. Layiqliləri seçməliyik ki, Vətənə, Millətə ləyaqətlə hizmət etsinlər.
– Sizə tutduğunuz haqq yolda uğurlar diləyirik, Zəlimxan bəy!
 
Söhbətləşdi: Qiymət MƏHƏRRƏMLİ
 
mersin escort