“Haykanuşu oğluna almaq istəyən erməni Emmanın Gülnara etdikləri…-“Qız anası povesti”- Məlahət Hümmətqızı

Ləman səhər tezdən işə gələndə tibb bacısı onu dəhlizdə qarşıladı.

-Doktor, yeni xəstəmiz var, dünən axşam gətiriblər. Axşam növbəsinin həkimi Məmmədov qəbul edib. Sizin xəstəniz olacaq. – deyə  məlumat verdi.

-Yaxşı, indi palataya qalxacağam, – deyib, otağına sarı getdi.

Ləman otaqda xalatını geyinib, fanendoskopunu boynundan asıb  otaqdan çıxdı.

O, Palataya daxil  olanda  sakitlik idi.  Sükutu özü  pozdu:

-Sabahınız xeyir olsun, nə yaman səssizlikdi.

Ləmanın təbəssümü palatadakı xəstələri də dirçəltdi. Xəstələr bir -bir

-Sabahınız xeyir, həkim,- dedilər.

-Necəsiniz? Yaxşısınızmı?- deyə soruşub Ləman bir-bir xəstələrə yaxınlaşdı.

O, köhnə xəstələrlə görüşüb hal-əhval tutandan sonra:

-Deyəsən, yeni xəstəmiz gəlib – deyib palataya göz gəzdirdi.

Ləman axşam gələn xəstəyə yaxınlaşdı.

Xəstə ona tanış gəldi, xatırlamağa çalışdı. Xəstə də gözünü Ləmana zilləmişdi, zəndlə ona baxırdı. Birdən üzünün ifadəsi dəyişdi, heyrətlə soruşdu:

-Ləman?

Xəsə qəfildən yorğanı başına çəkdi. Yorğanın altından hıçqırığı eşidilirdi.

Deyəsən, Ləman da onu tanıdı.

-Gülnar?

Xəstə sakitləşmək bilmirdi. Ləman yorğanın ucunu qaldırdı, təəccüblə xəstəsini bir xeyli süzdü, onun ağlayıb ürəyini boşaltmasına imkan verdi. Lakin Gülnarın göz yaşları dayanmırdı.

-Gülnar, özünə gəl. Özünü niyə belə üzürsən? Hər şeyin çarəsi var.

Ləmanın sözləri sanki qadına təsir etmirdi,o, için-için  ağlayırdı. Ləman palatadan çıxıb, tibb bacısı ilə geri qayıtdı. Tibb bacısı xəstəyə iynə vurdu. Çox keçməmiş Gülnar sakitləşib yuxuya getdi.

Ləman arada bir neçə dəfə palataya gəldi. Gülnarın yatdığını görüb qayıtdı. Növbəti gəlişində xəstə artıq oyanmışdı, amma Ləmanı görən kimi yenidən ağlamağa başladı. Ləmanın bütün cəhdləri boşa çıxdı. Başa düşdü ki, bu gün xəstəsilə ünsiyyəti alınmayacaq. Palatadan çıxıb otağına gəldi. Çaydanın düyməsini basıb, dolabdan fincanını çıxardı. Çay süzüb masasının arxasına keçdi…

 

 

***

 

Gülnarla bir məhəllədə yaşayırdılar. Eyni məktəbdə oxuyurdular, sinif yoldaşıydılar. Siniflərində Elçin adlı bir oğlan oxuyurdu. Bu boylu-buxunlu, qıvrımsaçlı, yaraşıqlı oğlanda çox qızın gözü vardı. Amma o Gülnarı bəyənmişdi, Gülnar da ona biganə deyildi. Elçin Ləmangillə qonşu idi, Gülnar onlara  dərs hazırlamağa gələndə Elçin də onlara qoşulardı. Ev tapşırıqlarını birgə həll edir, arada zarafatlaşır, Ləmanın anasının bişirdiyi şirniyyata qonaq olurdular.

Artıq sonuncu sinifdə onların sevgisindən nəinki sinif yoldaşlar, hətta məktəbin bütün şagirdləri və müəllimləri xəbər tutmuşdular. Dərsə birgə gəlib-geir, tənəffüsdə də bir tərəfə çəkilib xısın-xısın söhbət edirdilər. Sinif rəhbərləri Rəna müəllimə Elçinin anası Emma xanımı xəbərdar etməyi lazım bilmişdi. Rəna müəllimə Gülnarın ailə vəziyyətini, ailəsinin kasıblığını, atasının xərçəng xəstəsi olduğunu, olanlarını-qalanlarını ailə başçısının müalicəsinə sərf etdiklərini, anasının bağçada süpürgəçi işlədiyini oğlan anasının ovcuna yazmışdı. Xalaxətrin qalmasın onu da demişdi ki, qız pis deyil, amma Emma xanımgilin ailəsinə layiq deyil, yenə də “vallah özünüz bilərsiniz” deyib, canfəşanlıq etmişdi. Elçinin atası yüksək vəzifədə işləyirdi. Rəna müəllimə də guya bu kişinin ailəsinin təəssübünü çəkirmiş, o boyda kişinin süpürgəçi ilə qohum olması kişinin nüfuzuna xələl gətirə bilərmiş və bu müəlliməni çox narahat edirmiş. Bəd xəbər Emma xanımın cızdağını çıxardı, qadının dili tutuldu, “sonra danışrıq” deyib, hirslə dəstəyi telefonun üstünə atdı. İki əlini dizinə çırpıb, “gör  nə günə qaldıq?” deyib şivən qopardı. Bir yerdə dayana bilməyib, var-gəl etməyə başladı. Rəna müəllimənin sözləri qulaqlarında cingildəyir, topdağıtmaz geniş evdə özünə yer tapa bilmirdi. İntizarla axşamı, ərinin işdən qayıtmasını gözləyirdi.

Axşam ailə həmişə olduğu kimi, şam yeməyinə oturmuşdu. Rafael hamıdan əvvəl yeməyini bitirib, oglunu sorğu-sual etdi:

-Dərslərin necə gedir, oğlum?

-Yaxşıdı, şükür, görək universitetə girə biləcəyəm, ya yox? – deyə oğlu cavab verdi.

-Axıra kimi belə getsə, girəcəksən. – deyə Emma xanım oğlunu tərs-tərs süzdü.

Anayla oğul bir neçə saniyə bir-birlərinə baxdılar.  Elçin hiss etdi ki, ana hər şey bilir və o bu məsələyə qətiyyən razı deyil.

-Bir dayanın görüm,  başa düşmədim, danışın görüm nə olub?

Rafael sözünü bitirib əlindəki stəkanı masanın üstünə qoydu.

Emmanın dərdi açıldı.

-Mənim arzularım vardı, balacalığından bacım qızında gözüm vardı, -qadın ərinə baxıb ağlamsındı. – Deyirdim, məktəbi bitirsinlər, instituta girsinlər, nişan taxaq. Haradan biləydim ki, bir süpürgəçinin qızı oğlumu tora salacaq?

Elçin pərt halda masanın arxasından qalxdı:

-Ana, bu nə sözdü deyirsən? Süpürgəçi insan deyil? Oğurluq etmir ki, ayıb sayılsın, halal zəhmətlə çörəyini qazanır.Həyatdır, heç bilmək olmaz, sabah bizim başımıza nə gələcək. Qızı da tərbiyəli qızdır, indi onun kimi qızlar çox azdır. Mənə başqası lazım deyil.

Rafael çaşıb qalmışdı, gah oğluna, gah arvadına baxırdı. Bir az fikrə gedib, qərara gəldi ki, gərginliyi aradan qaldırmaq lazımdır Həm də bu təzə xəbəri çox da ciddi saymadı. Oğlu hələ məktəbli idi, evlənməyinə hələ çox vardı, o vaxta qədər kim bilir, neçə qıza könül verib, neçə qızı yola salacaqdı?

-Emma, sən də məsələni şişirtmə. Guya oğlumuz bu dəqiqə evlənir? Hələ bir məktəbi bitirsin, tələbə olsun, ondan sonra baxarıq görək nə olur? Lazım gəlsə, süpürgəçiyə də iş taparıq, yəqin ki, cavandı, katibədən-zaddan qoyarıq, olar Zoluşka.

Rafael arvadını yumşaltmaq üçün nitqini tamamlayıb qəhqəhə çəkdi. Arvad tərs-tərs ərinə baxdı.

-Çaşdın aaa deyəsən? Bircə o qalmışdı desinlər ki, saxladığı matişkənin qızını alıb oğluna.  Onun kimilər evimizdə xidmətçilik edir, qarınlarını doyururuq, indi deyirsən, dilənçinin birini evimə gəlin gətirəcəyəm? Ağlın çaşıb sənin?

Emmanın səsi evi başına götürmüşdü, Rafael anladı ki, evdəki xidmətçilər arvadının danışığını eşidiblər, yəqin ki, pərt olublar. Masanı yığışdırmaq üçün mətbəxdə hazır dayanmış, amma yemək otağına girməyə cəsarət etməyən gənc xidmətçini səslədi. Qız otağa girib ürkək-ürkək Rafaelə baxdı.

-Qızım, masanı yığışdıra bilərsən. Emma xanım bir az əsəbidi, fikir vermə.

Emma hirsli-hirsli ərinə baxdı və qalxıb otaqdan çıxdı. Rafael də çox ləngimədi. Xidmətçiyə çay sifariş edib iş otağına keçdi.

Emma xanım divanda əyləşib televizora baxırdı, amma fikri başqa yerdəydi. Ərinin onu dəstəkləməməsi heç xoşuna gəlməmişdi. Demək ki, oğlunun öhdəsindən tək gəlməli olacaqdı. Ərinin nə vecinə, onu ancaq əxlaqsız katibəsi maraqlandırırdı.

Məktəbdə son zəng çalındı. “Məktəb illəri” mahnısı hamını kövrətmişdi. Ağlayan  kim, göz yaşlarını silən kim… Elçinlə Gülnar yanaşı dayanmışdılar. Əllərində göyərçin vardı. Elçin və Gülnar  ovuclarını açıb göyərçini havaya buraxdılar. Gülnarın göyərçini uçmadı, yerə qondu. Gülnar pərt oldu, əyilib göyərçini yerdən qaldırdı. Uçurmaq istədi, göyərçin ikinci dəfə də zərblə yerə dəydi. Gülnarı ağlamaq tutdu. Sinif yoldaşları Rasim:

-Əşi, fikir verməyin, –  deyib göyərçini yerdən qaldırdı. – Uçmadı- uçmadı da, bu quş elə xəstə idi, özüm gətirdim ki, bəlkə uçar. Bu gün onun son günüymüş.

Şagirdlər gur musiqi sədaları altında rəqs edirdilər. Gülnarla Elçin də onlara qoşulmuşdular. Amma Gülnarın pərtliyi hələ çəkilməmişdi. Həm də göyərçinin ölümü ona çox təsir etmişdi. Fikiləşirdi ki, bu xeyir əlamət deyil. Elçinin gözlərinə baxıb:

-Biz, deyəsən, ayrılacağıq, – dedi.

Elçin:

-Dəli olmusan? Bizi kim ayıra bilər ki?  – Zarafatla – Göyərçin ölüb də, mən ölməmişəm ki,-dedi

Emma xanım hikkəsindən son zəng mərasiminə gəlməmişdi. Ona elə gəlirdi ki, məktəbdə bütün valideynlər ona güləcəklər. Gülnarın anası Səkinə isə bir dəstə gül alıb qızını təbrikə gəlmişdi. Aralıdan Günarla Elçinə baxır, bir yandan sevinir, bir yandan da içində bir hiss onu narahat edirdi. O Emma xanımı yaxşı tanıyırdı. Bilirdi ki, bir dünya iki ola, onun qızını oğluna almaz.

 

***

 

Rafael müəllimin evində vur-çartlasın idi. Elçin universitetə daxil olmuşdu. Qohumlar, dostlar, iş yoldaşları süfrə başında toplanmışdı. Sağlıqlar, təriflər deyilir, Rafael müəllimin şərəfinə badələr qalxırdı. Sanki universitetə qəbul olunan oğlu deyil, Rafael müəllim özüydü.

-Rafael müəllim, biz sizinlə fəxr edirik, – müavininin dili ağzına sığmırdı. – Allah sizi üstümüzdən əksik etməsin. Bu badəni qaldırıram sizin sağlığınıza. O gün olsun, oğlunuzun toyuna gələk. Allah sizə bundan da yüksək vəzifələr qismət eləsin.

Tostlar bir-birini əvəz edir, Rafael müəllim təriflərdən xoşhallanırdı. Məclis Elçini sıxırdı. Gülnara zəng etdi ki, qapıya çıxsın, indi gəlir. Səssizcə evdən çıxdı.

Gülnargilə çatanda qız hələ yox idi.  Az keçməmiş Gülnar göründü. Elçinə sarı qaçıb boynuna atıldı və onun üzündən öpdü.

-Gözlərini yum.

Gülnar təəccüblə Elçinə baxdı

-Niyə?

-Gözlərini yum, – Elçin təkrar etdi, – biləcəksən.

Gülnar gözlərini yumdu. Elçin cibindən nazik qızıl zənciri çıxarıb Gülnarın boynuna taxdı.

-Bu da sənin hədiyyən. Təbrik edirəm. Universiteti bitirəndə bundan da gözəlini alacağam.

Gülnar əlini zəncirin üzərində gəzdirib:

-Çox sağ ol, Elçin, nə zəhmət çəkirdin? Mən sənə heç nə almadım, amma sən mənə belə bahalı hədiyyə almısan.

-Elə demə, Gülnar, mən hədiyyəmi aldım.

-Nə hədiyyə? – Gülnar təəccbləndi.

-Məni öpdün, bundan böyük hədiyyə var? Sabah şəhərə çıxarıq, tələbə biletimizi qeyd edərik.

Bulvarda söyüd ağacının altında oturmuşdular. Haradasa yaxınlıqda bülbül oxuyurdu. Elçin:

-Eşidirsən, bülbüllər bizim üçün oxuyurlar.

O gün xeyli dolaşdılar. Dondurma yedilər, dənizə baxdılar. Bir az da gəzib sonra oturub yemək yedilər. Bir-birlərindən ayrılmayacaqlarına and içdilər….

Dərslər başlamışdı.  İlk dərs günü  idi. Elçin Gülnarın qapısının   qabagında dayanıb onu gözləyirdi. Tez-tez saata baxıb öz-özünə:

-Harada qaldın, tez  gəl də, Gülnar- deyirdi.

Çox keçmədən Gülnar qapıda göründü. Elçinə yaxınlaşdı. Elçin yanında dayandığı iri, qara  maşının qapısını açdı:

-Buyurun, xanım qız…

Gülnar təəcüblə oğlana baxdı:

-Sənindi?

Elçin:

-Hə, universitetə qəbul olunmağım münasibətilə atam hədiyyə edib. Dörd il səni mən aparb gətirəcəyəm. Metroyla gedib-gəlməyəcəksən.

Gülnar maşına mindi:

-Mübarəkdi, sağlıqla sür. Amma səndən incidim. Cəmi dörd il aparıb gətirəcəksən?

Elçin ucadan güldü:

-Deyəsən, siyasi səhvə yol verdim. Mən səni ömrüm boyu çiynmdə gəzdirməyə hazıram.

-Oğlanların hamısı belə deyirlər.

Elçin maşını universitetin qarşısında saxladı. Gülnar düşüb əlini yellədi və oradan uzaqlaşdı. Elçin bir xeyli vaxt onun ardınca baxdı. Sonra maşına minib oradan uzaqlaşdı.

Gülnar memar, Elçin isə hüquqşünas olacaqdı. Universitetləri bir-birinə yaxın yerdə idi..

Beləcə günlər,aylar keçdi. Hər gün evdən bir çıxan cütlük, evə də bir qayıdırdılar Artıq on doqquz yaşları vardı. Münasibətlərini rəsmiləşdirmək istəyirdilər.Bir gün  axşam Elçin ehtiyatla anasına yaxınlaşıb söz açdı:

-Ana, istəyirəm, elçi gedəsiniz. Hamı bizi bir yedə görür. Soruşurar ki, nişanlındı? Bilmirəm, nə cavab verim. Gülnar yaxşı qızdı, onu tanıyanda özün də görəcəksən.

Elçin divanda oturan anasını qucaqladı. Qadını elə bil ilan sancdı.

-Toxunma mənə! – deyib əliylə oğlunu itələdi. – Mənim sən adda oğlum yoxdu! Mən ölərəm, dilənci Səkinənin qapısına getmərəm! Atan səni qudurdub. Altında maşının, cibində pulun, daha ananı saymazsan da.

Emma ağlaya-ağlaya qalxıb cəld otaqdan çıxdı.

Günlər keçirdi. Nə Elçin qərarından keçirdi, nə də Emma razılığa gəlirdi. Amma qadın çox narahat idi, qorxurdu ki, ağılsız oğlu qızı qaçırar, dost-tanış yanında biabır olarlar.

Bir gün Elçin evə gəlmədi. Emma oğlunun dost-tanışına zəng etsə də, bir cavab ala bilmədi. Emmanı dərd götürdü.

-Görəsən, qızı qaçırtmayıb ki?

Emma geyinib bayıra çıxdı. Düz Səkinənin evinə gəldi. Hirslə qapını döydü. Səkinə qapını açdı. Emmanı görüb tutuldu.

-Bura bax, az, hanı  sənin qızın, çağır buraya görüm. Yoxsa oğlumu tovlayıb, qoşulub qaçıb? Allaha and olsun, evinizi başınıza uçurdaram. Sən hələ Emmanı tanımırsan.

-Emma xanım, qışqırmayın, mən də çox nigaranam. Mən də çox narahatam.

-Yalan danışma! Özünüzü bizə sırımaq istəyirsiniz. Elə şey heç vaxt olmayacaq! Qızını sən öyrədib yola salmısan, indi də tap gətir! Qaçırtsa da, mən o qızı qəbul etməyəcəyəm, başınızın çarəsinə baxın!

Səkinə özünü itirmişdi, qonum-qonşudan həya edirdi. Bilirdi ki, qonşular Emmanın səsini eşidirlər. Yaşadıqları yerə milyonerlər məhəlləsi deyirdilər.  Hər tərəf hündür, bağ-bağatlı evlər idi. Bircə Səkinənin evi atadanqalma alçaqdamlı daxma idi. Almaq istəyənlər də olmuşdu, amma satmamışdı. Fikrləşirdi ki, bəlkə bir vaxt olar, onlar da burada bir babat ev tikərlər. Amma əri qəfildən ağır xəstəliyə tutulmuşdu. Qazandıqları nə vardısa, kişinin yolunda xərcləmişdilər. Qır-qızıllarını da satmışdı, qonşulardan borc götürmüşdü, amma çarə olmamışdı. Əri ölmüş, qızıyla damın altnda tək qalmışdı.

Emma Səkinəni itələyib həyətə girdi. Uçuq-sökük daxmaya baxıb dəhşətə gəldi.

-Allah üzünü qara eləsin, oğul, gör məni kimin qapısına gətirtmisən. Bunlar ki dilənçidi.  Rüsvay olduq.

İçəriyə girdi. Təmirsiz ev bomboş idi. Bir küncdə köhnə divan, onun da qarşısında bir köhnə televizor vardı. Odun peçinin üstündə çaydan qaynayırdı.

-Bura ki xarabadı! Burada yaşamaq olar? Mənim oğlumun heç ağlı yoxmuş. Bu daxmada it də yaşamaz. Vay, ağılsız balam, vay.

Səkinə donub qalmışdı. Emma üyüdüb tökür, Səkinə isə sakit dayanıb ona baxırdı. Heç ağlamırdı da. Birdən özünə gəldi:

-Özünüzü yığışdırın! Məni təhqir etməyə nə ixtiyarınız var? Mən dövlətin malını oğurlamıram. Sizin kimi ikimərtəbəli evim yoxdur. Amma vicdanım təmizdir! Oğlunu da burada yox, get başqa yerdə axtar.

-Bunun dilinə bax. Dayan, dayan! Bilsəm ki, qızın mənim oğlumu başdan çıxarıb qoşulub qaçıb, sizə bir toy tutacağam ki, ölənəcən yadınızdan çıxmayacaq.

Emma başılovlu evəinə qayıtdı, dişi bağırsağını kəsə-kəsə ərinin işdən gəlməsini gözlədi.

Gecəyarıdan keçmişdi, Rafaeldən bir xəbər yoxdu.  İlan vuran yatdı, Emma yata bilmədi. Sübh yuxusu şirin olur, Emmanın da gözü yüxüya getdi.

Gözlərini açan kimi saata baxdı, səkkiz tamamdı. Telefonu götürüb ərinə zəng etdi. Xəttin o başından yorğun səs eşidildi, danışan sanki indi yuxudan oyanmışdı.

-Sən haradasan, niyə evə gəlməmisən?

-Nə yaxşı zəng etdin. Dünən axşam iclasımız vardı, uzun çəkdi, dedim, bir stəkan çay içim, durum gəlim evə. Necə yorulmuşdumsa, oturduğum yerdə yatmışam, sən öl, heç çayımı da içməmişəm. Sağ ol, vallah, məni oyatdın, yoxsa bir azdan işçilər gəlib görəcəkdilər ki, şef kabinetdə yatıb.

-Katibən də iclasdaydı?

-Katibəsiz iclas olar? Qeydləri o edirdi də. O yazıq da əldən düşdü.

-Onu görüm yazıq ilan vursun, səni katibəsiz qalasan, – ərinə gücü çatmayan Emma katibəni qarğışladı.- Günorta evə gəl, sənə sözüm var.

Arvadını daha da hiddətləndirməmək üçün kişi dərinə getmədi.

-Baş üstə, – deyib telefonu bağladı.

Rafael yanında uzanmış katibəsini tumarladı.

-Canım-gözüm, qalx çay dəmlə. Bir azdan işçilər gələcəklər.

Katibə nazlanıb yerində bir az da büzüşdü.

-Yuxum var,- dedi.

-Gecə yatarsan, indi qalx, gecdir.

Katibə  könülsüz yerindən qalxıb kabinetin istirahət otağından çıxdı.

Sonra iki stəkan çay və şirniyyat qoyulmuş podnosla içəri girdi. Rafaelin yanında oturdu, arada onu qucaqlayıb öpürdü.

-Rufa, bir yerdə ağ royal görmüşəm. Aldığım evə o çox  yaraşar.

– Sənin  aldığın yox , mənim aldığım evə – deyib Rəfael gülümsədi.

-Hə, bağışla Rufa sənin aldığın evə -deyib  qız da gülümsədi

–  Ay qız sənə neçə dəfə demişəm ki, mənə Rufa demə. Eşidən olar, ayıbdır axı. O cür gözəl adım var, adımla çağır məni. Neçəyədi o royal? Birdən gücüm çatmaz ha…

-Çatar, çatar. Cəmi beş minədir.

-Sən məni müflis edəcəksən. Yaxşı, alaram. İşçilər gəlməmiş sən çıx, get evə, yeməyini ye, əynini dəyiş gəl, çox gecikmə. Taksi ilə get.

Dana cox xoşbəxt idi.Onun əsil adı Dürdanə idi. Sadəcə  yaxınları onu Dana çağırırdılar.Rəfael ona yeni tikilmiş binada iki otaqlı,gözəl təmirli, mebelləri ilə birlikdə cəh-cəlallı mənzil bağışlamışdı.

Dana taksi çağırıb yeni evinə getdi.Paltarını dəyişib, üst başını səliqəyə saldı.Mətbəxə  keçib  səhər  yeməyi yedikdən sonra qonaq otağina keçdi.Bir qədər dayanıb evinin gözəlliyinə baxdı.Təzə royalı üçün gözləri ilə yer axtardı. Birdən   sevinərək“tapdım”-dedi.Otağın yuxarı başında boş yer saxlamışdı.”Bura qoyacağam”-  dedi və qəfil saata baxdı.”Ay aman işə gecikdim”-deyib tez otaqdan çıxdı.Ayaqqabılarını geyindi.Bayıra çıxıb qapını bağlayıb aşağı düşdü.Taksi onu gözləyirdi.Maşına əyləşib birbaşa işə gəldi.İşçilərlə salamlaşıb otağına keçdi.Qəbula çoxlu insanlar gəlmişdi.Tez çantasını stolun üstünə qoyub ,kompüteri açdı.Qəbula gələnlərin siyahısına baxdı.Stol arxasına keçib əyləşdi.Stolun üstündəki telefonun dəstəyini götürüb, üstündəki kiçik düyməni basdı.”alo”səsini eşidən kimi soruşdu:

-Rəfael müəllim sabahınız xeyir,qəbula gələnlər sizi gözləyir. İçəri nə vaxt keçsinlər?

-On dəqiqədən sonra

-Baş üstə -deyib dəstəyi yerinə qoydu.Sonra  çantadan iri güzgüsünü çıxarıb üz-gözünə ,uzun saçlarına və sinəsi açıq koftasına bir neçə dəqiqə  baxıb özü ilə fəxr elədi.Gözəlliyinə o qədər valeh oldu  ki, birdən  bir qoca kişinin eynəyinin altından onu diqqətlə süzdüyünü hiss etdi..Tez güzgünü çantasına qoyub , pərt halda soruşdu:

-Nə lazımdır?

-Qızım keçmək istəyirəm ,olar ?-deyə kişi soruşdu.

Dana saata baxdı.Artıq on dəqiqə keçmişdi.Ayaga qalxıb qapını  içəri açdı:

-Buyurun!

-Sağ olun. –deyib kişi onun açıq sinəsinə bir də baxıb  içəri keçdi.

Dana qapıya söykənib dərindən nəfəs aldı.Öz-özünə deyindi: “Qoca kaftar! Elə bil baxmağa yer yoxdu.Gözləri sinəmdə qalıb.”-deyib koftasını düzəltdi….

Arvadına söz verdiyi kimi, Rafael günorta evə gəldi. Hiss etdi ki, Emma ağlayıb.

-Emma, nə olub yenə?

-Nə olacaq, evimiz yıxılıb, rüsvay olmuşuq. Sənin başın qarışıb katibəyə, oğlunu da dilənçi Səkinənin qızı qaçırıb. İki gündü oğlun yoxa çıxıb. Bayaq zəng etdi ki, “bizi axtarma, narahat da olma, rayondayıq, bir həftəyə gələcəyik. Məni bağışla, belə alındı”. Mən deyirdim axı oğlunla məşgul ol, onu boş burxma, sən də dedin, uşaqdı.Vaxtında yanına çəkib məşğul olsaydın, belə olmayacaqdı.

-Ay arvad, ürəyə hökm etmək olmur. Sən anan Haykanuşun ölmüşü, qurtar bu söhbəti, bir-birlərini sevirlər, bu yetər. Allah mübarək eləsin. Sən etiraz etməsəydin, qaçırmayacaqdı, el adətilə toy edib, gəlin gətirəcəkdik. Get süfrə aç, yeməyimizi yeyək.

Rafael vanna otağına keçdi, güzgüdə özünə baxdı, fikirləşdi ki, oğlu da özünə oxşayır, qürrələndi. “Amma saqqalıağarmış tez evləndi, mən onun anasını alanda otuz yaşındaydım- o günə daş düşəydi – bunun on doqquz yaşı var”.  Yuyunub yemək otağına keçdi.

Süfrə hazır idi. Emma çay süzüb ərinin qarşısına qoydu. Keçib kişilə üzbəüz oturdu. Araya səssizlik çökmüşdü. Emmanın ürəyi dolu idi. Haradan başlayacağını bilmirdi. Gözləyirdi, əri toqqasının altını bərkitsin, sonra ürəyini boşaltsın. Bilirdi ki, özünü saxlaya bilməyəcək, ərini kobudlayacaq. Ac kişi ilə ağız-ağıza vermək məsləhət deyildi. Rafael çox sakit görünürdü, əhvalını pozmadan yeməyini yeyirdi. Pürrəngi çaydan bir qurtum alıb özü söhbəti açdı:

-Emma, özünə dərd eləmə, çörəyini ye, çayını iç. Olacağa çarə yoxdur. Oğlumuz o qızı sevir. Biz neynəsək, mənası yoxdur. Bircə oğlumuz var, deyirsən, ondan imtina edək? Olmaz. Qoy gəlsinlər, barışaq getsin. İkisi də oxuyur, elə olmasın ki, institutu atsınlar. Su girdi qaba, oldu içməli.

Emmanı od götürdü, ərinin soyuqqanlılığı səbrini daşdırdı:

-Sən nə danışırsan? Hə qab, nə su? Mən o qabı o həyasızın anasının başında sındıraram. Necə də mənim oğlumu yoldan çıxardılar? Mənim evimi yıxdılar, arzularımı gözümdə qoydular.- Emma hönkürüb otaqdn çıxdı.

Rafaelin arvadına yazığı gəldi, fikrə getdi. Arvdına haqq qazandırdı, oğlunu qınadı: “Elə bil qız qəhəd idi. Dostlarımın elə qəşəng qızları var ki. Birini alacaqdım, şərafətli toy çaldıracaqdım, bir yaxşı kişi ilə qohum olacaqdım, bir yandan mən, bir yandan qayınatası oğluma arxa-dayaq olacaqdıq. İndi durum toy edim, eşidən-bilən nə deyəcək? Mənə gülməyəcəklərmi? Üzümə deməsələr də, arxamca ələ salacaqlar ki, Rafael müəllim süpürgəçi Səkinə ilə qohum olub”.

 

 

***

 

Elçinlə Gülnar həyatlarının ən gözəl günlərini yaşayırdılar. Qaldıqları otel meşənin içində idi. Əl-ələ tutub gəzir, təmiz havanı ciyərlərinə çəkirdilər. Quşların cikkiltisindən başqa səs eşidilmirdi. Axşamlar musiqi səsləri ətrafa yayılır, insanları rəqs meydançasına cəlb edirdi. Nə Elçin, nə də Gülnar sevinclərinə zəhər qatmaq fikrində deyildi. Bir neçə gündən sonra nələr baş verəcəyini düşünmək istəmirdlər. Atan-ana yaddan çıxmışdı. Bu dünyada bir tək onlar vardı: Elçin və Gülnar…

 

***

 

Amma hər şeyin bir sonu var. Tətil bitmişdi. Camadanlarını yığmışdılar. Səhər yeməyindən sonra yola çıxacaqdılar.

-Adam heç getmək istəmir. Eybi yox, gələn dəfə buraya artıq evlilər kimi gələrik. Bir sağ-salamat  gedək çataq, evdəkilərlə barışaq, hələ çox tətillərimiz olacaq. Yəqin ki, anamın hirsi soyumuş olar.- Elçin dediyinə özü də inanmırdı, amma hər halda ümid edirdi ki, hər şey yaxşı sonluqla bitər. – Anam mənimlə nəfəs alır, mənsiz yaşaya bilməz.

-Birdən bizi bağışlamadılar?- Gülnar sanki indi ayılmışdı, artıq narahat olmağa başlamışdı.

Elçin planını söyləmək üçün fürsət yarandığına sevindi:

-İstəyirsən, səni aparıb qoyum evinizə, mən də öz evimizə gedim, yəni kəşfiyyata. Görüm, vəziyyət necədir? Gərginlik olsa, anamı dilə tutaram. Atam qorxulu deyil, əsas məsələ anamı yola gətirməkdir.Gülnarın razılaşmaqdan başqa yolu yox idi…

Qapını xidmətçi qız açdı.

-Anam haradadı?- Elçin cavab gözləmədən yataq otağına keçdi.

Emma oğlunun bu gün gələcəyini bilirdi. Oğlunun ürəyini yumşaltmaq üçün özünü xəstəliyə vurmuşdu. Oğlunun səsini eşitsə də, yerindən qımıldanmadı.

 

-Salam, ana,- deyib Elçin anasına tərəf əyilib onu öpmək istədi.Emma oğlunu əlilə özündən kənarlaşdırdı.

-Nə işin var burada?

-Ana, nə deyirsən, evimə gəlməyim?

Emma hiss etdi ki, oğlunun bir ayağı qaçaraqdı, söhbəti yumşaltmaq qərarına gəldi.

-Nə yaxşı yadına düşdü ki, bura sənin evindi? Evdən gedəndə deməzlər ki, ay ana, ay ata, gəzməyə gedirəm, iki gündən sonra gələcəyəm. Fikirləşmədin ki, biz narahat olarıq, gecə gözümüzə yuxu getməz, təzyiqimiz qalxar, bizi iflic vurar?

-Yaxşı da, ana, düz deyirsən, bağışla.

-Hə, oğlum, gəncsən, o süpürgəçinin qızı səni yoldan çıxarmışdı, həvəsdi-bəsdi. Yığış evin-eşiyinə. Dərslərini oxu, əlinə sənət al. Hələ o qədər qız görəcəksən ki… Evlənmək istəyəndə də, özümüz sənə bir yaxşı ailədən qız seçəcəyik.

– Emma yerində dikəlib zəndlə oğluna baxdı.

Elçin duruxdu, anasını acılamaq istəmədi, ona görə də yumşaq tərzdə anasını dilə tutmağa çalışdı:

-Ana, sən Gülnarı tanımırsan, vallah yaxşı qızdı. İndi elə tərbiyəli qızlar çox azdı. Sən hələ bir onunla tanış ol, özün görəcəksən.

-Yox, sən deyəsən, ağıllanmamısan. Qapı açıqdı, get, süpürgəçinin qızı səni gözləyir.

-Ana…

Mən sözümü dedim, – Emma üzünü divara  çevirib uzandı, örtüyü hirslə üstünə çəkdi.

Elçin danışmağın mənasız olduğunu görüb otaqdan çıxdı.

Çıxış qapısına yaxınlaşanda arxadan atasının səsi qulaqlarında şapalaq kimi şappıldadı:

-Maşının açarını və cibindəki pulları qoy stolun üstünə, sonra gedə bilərsən.

Elçin arxaya çevrildi. Atasının üzünə baxdı. Atasını heç belə görməmişdi. Heç bir şey deməyib astaca əlini cibinə saldı, maşının açarını və cibindəki pulları son qəpiyinə kimi  çıxarıb girişdəki dolabın üstünə qoydu. Bir də atasının üzünə baxdı, atası heykəl kimi yerində donmuşdu.

Elçin:

-Sağ ol, -deyib qapıdan çıxdı.

Rafael bir xeyli yerindən tərpənmədi. Sonra yataq otağına keçdi. Emma yerində uzanmışdı, göz yaşları gözlərinin kənarlarından süzülüb yastığa damlayırdı.

-Emma, deyəsən, yaxşı eləmədik. Qızı qəbul etmədik, üstəlik oğlumuzu da itirdik.

-Səndə də günah var, bir dəfə də sən onu danlayaydın da, elə deyirdin “dəymə, dəymə”. Nə oldu, gəldin mən deyənə?

-Deyirdim, kefini çəkir, qızdan doyub əl çəkcək. Nə biləydim ki, vəziyyət belə ciddidi,- Rafael yorğun addımlarla qapıya tərəf getdi.

-Hə, o barədə sənə oxşamayıb, – Emma fürsətdən istifadə edib ərini sancdı.

Rafael bildi ki, arvadı oğlundan əl çəkib, indi hirsini ondan çıxacaq, tələsik otaqdan çıxdı.

 

***

 

Elçinin qanı qaralmışdı, çarəsizcəsinə küçələri dolaşır, nə edəcəyini, haraya gedəcəyini bilmirdi. Bir az da peşman kimiydi. Fikirləşirdi ki, deyəsən, tələsiblər, əvvəlcə təhsillərini başa vurmalıydılar, sonra işə düzəlib evlənə bilərdilər. İndi nə edəcəkdilər? Evi yox, cibində pulu yox, necə olacaqdı bu işlərin axırı? Elçinin Gülnargilə getməkdən başqa çarəsi yox idi.

Ayaqlarını sürüyə-sürüyə bir də gördü ki, Gülnargilin qapısındadır. Qapını taqqıldatdı. Az sonra qapının arxasından qaçaraq ayaq səsləri eşidildi. Gülnar qapını açdı. Elçin həyətə girdi.

O, ilk dəfə idi ki, Gülnargilə gəlirdi. Səkinə qızının istəklisini mehribanlıqla qarşıladı:

-Xoş gəldin, oğlum.

Elçin bir az sıxılırdı, nə deyəcəyini bilmirdi. Gülnar çay gətirmək üçün qalxdı, Səkinə:

-Sən otur, qızım, mən sizə bir yaxşı çay dəmləyim, – deyib otaqdan çıxdı.

Elçinin əhvalı Gülnara da təsir etmişdi, sual veməyə ürək eləmirdi, bilirdi ki, cavab onu sevindirməyəcək. Allahdan Səkinə tez qayıtdı, əlindəki podnosda mürəbbə dolu kiçik vaza, mürəbbə qabları, qaşıq və qəddan vardı.

-Çayımız yaxşı dəm alsın.- dedi. Sonra üzünü Elçinə çevirdi- Oğlum, darıxmırsan ki?

-Yox, narahat olmayın.

Gülnar çay gətirdi. Hələ ki söhbət alınmırdı. İkinci dəfə çay gələndə Səkinə sükutu pozdu:

-Mənə yəqin ki, sözün var, oğlum.

-Səkinə xala, neçə ildir qonşuyuq. Məni də uşaqlıqdan tanıyırsınız. Mənim Gülnara münasibıtimi bilirsiniz.

-Bilirəm, amma deyəsən, bir az tələsmisiniz, siz hələ çox gəncsiniz, işiniz ancaq oxumaq olmalıdır.

-Səkinə xala, siz düz deyirsiniz, amma anam Gülnarı qəbul etsəydi, mən gözləyərdim. Ona görə məcbur olduq. Fikirləşirdim ki, anam fikrindən daşınar, amma hələ ki, hirslidir, – Elçin yavaş-yavaş əsas məsələnin üzərinə gəlirdi. – Amma zamanla hər şey düzələcək. Biz Gülnarla evlənəcəyik. Bizi heç kim ayıra bilməz.

Səkinə köks ötürdü, başını aşağı saldı, heç nə demədi.

Elçin Gülnargildə qalırdı. Əvvəllər qonum-qonşuya görünməməyə çalışırdı, amma cidanı çüvalda gizləmək olmur, tezliklə ətrafda hamı məsələdən agah oldu. Bir gün Emma da təsadüfən xidmətçilərinin söhbətini eşitdi. Biri o birinə deyirdi ki, yazıq Səkinə, özü güclə dolnır, yeyəninin biri də artıb. Emma xidmətçilərin üstünə qışqırdı, istədi onları qovsun evindən, tez də fikirləşdi ki, onları qovsa, bu səfər də gedib orda-burda  evinin söz-söhbətini yayacaqlar.

Emmanın gecəsi-gündüzü yox idi. Gecələr yerinə qor dolur, sabahı dirigözlü açırdı. Qulağı səsdə idi, gözləyirdi ki, bir gün qapı açılacaq, oğlu içəriyə girəcək, “ana, peşman oldum, həmişəlik qayıtmışam,”deyəcək. Amma günlər keçir, həftələr ay olurdu, nə gələn vardı, nə gedən. Qadın fikirləşdi ki, belə getsə, oğlunu itirəcək, bir də görər ki, süpürgəçi Səkinənin qızı oğlan da doğub, onda necə olacaq? “ Səkinənin cadusunun gücünə bax e, topdağıtmaz evdə yağ-bal içində böyümüş oğlan cınqırını da çıxarmadan ac-susuz gedib oturub daxmada. Evin dağılsın, Səkinə, evimi dağıtdın”.

 

***

 

Emma son çarəyə əl atmaq qərarına gəldi. Soraqlaşıb bir adam tapdı, Səkinənin evini yandırmağı sifariş etdi. Dönə-dönə tapşırdı ki, sifarişi oğlu orada olmayanda yerinə yetirsin.

Bir gün Elçin evə gec gələcəyini dedi, dostlarından birinin ad gününü qeyd edəcəklərmiş. Gülnara tapşırdı ki, onu gözləməsin. Səkinə isə işə erkən getdiyindən tez yatırdı. Gecənin bir aləmi Gülnar yuxuda boğulduğunu hiss etdi. Onu öskürək tutmuşdu, özünü halsız hiss edirdi. Bir təhər gözlərini açdı, evin bir küncündən alov yüksəlirdi, otağı tüstü basmışdı. Can şirindir, tez yerindən sıçradı, anasının yatdığı otağa qaçdı. Anasının dünyadan xəbəri yox idi, yatırdı. Gülnar var səsiylə çığırdı:

-Anaaaaa. Qalx ayağa, ev yanır!

Anası sanki heç nə eşitmirdi. Gülnar anladı ki, tüstüdən anası boğula bilər. Əllərini anasının qollarının altına salıb sürüməyə başladı…

Elçin tini burulanda Səkinənin evi səmtinin işıqlandığını gördü. Bu, qəribə işıq idi, lampa işığına bənzəmirdi. İçindən bir hiss keçdi, nədənsə narahat oldu, evə sarı qaçmağa başladı. Qapıya az qalmış anladı ki, Səkinənin evi yanır. Giriş qapısına bir təpik vurdu. Qapı yerindən qopdu. Yaxşı ki, evin qapısını bağlamamağı tapşırmışdı, amma alov dilimlərindən evə girmək olmurdu. Həyətdəki su kranının altındakı vedrəni doldurub qapının üstünə boşaltdı. Vedrəni bir də doldurub üstünə tökdü və içəriyə cumdu.

-Gülnar!

Elçinin səsi məhəllni oyatdı. Qonşular gələnədək o, qadınları bayıra çıxarmışdı. Təcili yardım huşsuz qadınları xəstəxanaya apardı. İkisinin də vəziyyəti ağır idi. Elçin reanimasiya şöbəsinin qapısında  sabahladı. Səhər həkimlər Səkinənin ayıldığını xəbər verdilər. Gülnar isə hələ də özünə gəlməmişdi. Elçin gecə-gündüz xəstəxanada qalırdı, boş palatada yatırdı. Bir neçə gündən sonra Səkinə ayağa qalxdı, Gülnar isə süni aparata qoşulmuşdu. Vəziyyəti ağır olaraq qalırdı. Artıq həkimlər də ümidlərini itirmişdilər.

Yanğınla bağlı təhqiqat gedirdi. Müstəntiq Elçinə demişdi ki, bu, təsadüfi yanğın deyil, sifarişli cinayətdən şübhələnirlər. Elçin əvvəlcə inanmadı, amma müstəntiq bəzi dəlillər gətirdikdən sonra inanmağa başladı və qəribədir ki, ilk ağlına gələn anası oldu.

Bir həftədən sonra Gülnar özünə gəldi. Elçin sevinsə də, nigaranlığı çəkilmirdi. Anasını onun qədər yəqin ki, bir də atası tanıyırdı. Bilirdi ki, anasının hikkəsi yeri-göyü çatladar, amma anasının kimisə aradan götürmək kimi bir cinayətə əl ata biləcəyinə inanmaq istəmirdi. Bir gün xəstəxanaya gələndə Səkinəni çox pərişan gördü. Qadın bildirdi ki, bu gün havasını dəyişmək üçün xəstəxananın həyətində gəzişəndə orta yaşlı bir kişi ona yaxınlaşıb soruşud ki, adı Səkinədir? “Hə”cavabını alanda deyib ki, qızını da götürüb bu şəhərdən yox olsun, əgər buradan çıxıb getməsələr, bu dəfə canlarını qurtara bilməyəcəklər.  Elçinin heç şübhəsi qalmadı ki, bu yanğın məsələsinin arxasında anası dayanıb. Yoxsa kasıb Səkinə ilə kimin nə işi vardı?

 

***

 

Bakı-Moskva qatarının yola düşməsinə az qalmışdı. Səkinə vaqonda yerini tutmuş, pəncərədən Gülnargilə baxırdı. Elçin Gülnarın əllərindən tutmuşdu, qızın yanıq izləri qalmız yanaqlarından yaş axırdı. Oğlan nəsə deyir, qız da arada bir kəlmə kəsib, hey göz yaşlarını silirdi. İkisi də vaqonun qapısına  yaxınlaşdı, Elçin Gülnarı qucaqladı, qız başını onun çiyninə qoydu…

 

***

 

Bir neçə dəqiqədən sonra artıq Gülnar pəncərədən Elçinə əl edirdi.

Səkinə də ağlayırdı. Qatar anbaan onları doğma şəhərdən uzaqlaşdırırdı. Gülnar oturacağın küncünə qısılıb gözlərini bir nöqtəyə zilləmişdi. İri gözlərindən yaş süzülürdü. Anası qızına təhlükə barədə heç nə deməmişdi. Həkimlərin onu müalicə üçün Moskvaya yolladıqlarını demişdi. Üzündəki yanıq ləklərinin yalnız Moskvada təmizlənə biləcəyini söyləmiş, sağaldıqdan sonra evlərinə qayıdacaqlarını bildirmişdi. Səkinə Elçinə də bir müddət buralardan uzaqlaşmağın məqsədəuyğun olduğunu demişdi. Anasından şübhələndiyini Elçinin üzünə vurmamışdı. Nə lazımdı, onsuz da onlar bir daha görüşməyəcəkdilər. Səkinə həyətini satmışdı, ona kompensasiya da vermişdilər. Elçinə demişdi ki, Gülnar sağalsın, sonrası Allah kərimdir. Amma heç kimə bildirmədən qərara gəlmişdi ki, ölümlə hədələndikləri şəhərə bir daha dönməyəcəklər.Səkinə süfrəyə yağ-pendir düzdü. Çaydan dızıldayır, qazançada yumurta qaynayırdı…..

20 il sonra.. Moskva. İnsanların arzuladığı gözəl diyar, təmiz şəhər.Səhər tezdən hamı işə tələsir.Səkinə saatın səsinə yuxudan oyandı.Səhər saat  yeddi idi.Ayağa qalxıb əynini geyindi.Hamama keçib əl üzünü yuduqdan sonra mətbəxə keçdi.Çaydanı qaz sobasının üstünə qoyub altını yandırdı.Soyuducunu açıb səhər yeməklərini stolun üstünə düzdü.

-Qızlar, oyanın, bax gecikəcəksiniz. –deyib onlari mətbəxdən səslədi.

-Mən oyanmışam, sən gəl gör bu tənbəli oyada bilərsən?

Gülnar vanna otağına keçdi. Səkinə qızının yataq otağına girdi, ikinəfərlik iri çarpayının bir tərəfinə qısılmış qıza sarı əyildi.

-Lalə, nənə qurban, dərsə gecikəcəksən, qalx.

Qız heç halını dəyişmədi.

Gülnar içəri girdi.

-Lalın dilini anası bilər. Gör indi mən onu necə dürquzacağam?- deyib  qızının üzərindəki yorğanı qaldırdı.

Qız:

-Yaxşı da, ana. Qoy yatım da – deyə mızıldandı.

-Dərsdə yatarsan, qalx.

-Ey, ana, dərsdə yatmaq olur?

-Olur. Mühazirələrdə o qədər yatmışam ki, – Gülnar qızından əl çəkmədi.

-Sizin vaxtınızda olurmuş yəqin. Birinci Viktor Petroviçin dərsidir, adama göz açmağa imkan vermir. Eeee, ana, yuxumu qaçırdın.

-Lap yaxşı, indi rahat qalxa bilərsən.

Səkinə çay süzdü, dinməzcə yeməklərini yedilər. Lalə tez geyinib evdən çıxdı.

Gülnar masanı yığışdırmaq istədi, Səkinə qoymadı.

-Mən yığışdıraram, sən ləngimə. Axşama nə bişirim, bala?

-Nə istəyirsən bişir, mənim üçün fərqi yoxdur, – deyib Gülnar mətbəxdən çıxdı.

Səkinə qızının arxasınca səsləndi:

-Bir dəfə də sən istə də, bala, De ki, ana, filan yeməyi bişir mənimçün.

Gülnar anasının gileyini eşitsə də, bir söz demədi. Az sonra qapıdan səsi gəldi:

-Mən getdim.

-İşin avand olsun, bala.

 

***

Gülnar elmi-tədqiqat institutunda işləyirdi. Moskvaya gəldikdən sonra burada universitet bitirmiş, həyatın axarına düşmüşdü. Lalə də bu şəhərdə dünyaya gəlmişdi. İlk vaxtlar Səkinə işləyirdi, o, Gülnarın bu dünyada tək dayağı idi. Qızı Bakıya qayıtmaq istədiyini dedikdə, anası hər dəfə bir bəhanə gətirir, vaxtı uzadırdı. Bir gün də dedi ki, təsadüfən köhnə qonşularından birinə rast gəlib, o deyib ki, Elçin evlənib. O gün Gülnarın son ümidi puç oldu. Elçinə haqq qazandırıb, anasından küsdü. “Yazıq oğlan nə qədər gözləyəcəkdi ki? Gördü ki, məndən xəbər yoxdur, getdi evləndi. Sən imkan vermədin vaxtında evimizə qayıtmağa. Bizi xoşbəxt olmağa qoymadın”. Səkinə qızından incimədi, çünki onun olanladan xəbəri yoxdu, qızının ondan küsməsinə razı idi, təki canı sağ olsun.

Gülnarla evlənmək istəyənlər olmuşdu, amma onun qəlbi boş deyildi, Elçin o yeri, deyəsən, ömürlük zəbt etmişdi. Gülnar həyatından razı idi, ömrünü Elçinin yadigarına – Laləyə həsr etmişdi. Allahdan istəyi bir tək qızının xoşbəxtliyi idi.

Ləzzətli qovurmnın iştahaçan qoxusu birinci mərtəbədən adamı vururdu. Lalə liftlə beşinci mərtəbəyə qalxdı. Qapının zəngini basdı. Qapını Səkinə açdı.

-Nənə, bu insanlara yazığın gəlmir?-deyib nənəsinin üzündən öpdü.

Səkinə sualedici nəzərlərlə nəvəsinə baxdı.

-Nolub, ay bala? Neynəmişəm ki?

-Neynəyəcəksən? Bişirmisən qovurmanı, qonşuların ağzının suyu axır, indi binanı su basacaq.

-Aaaaa… İyi gəlir?

-Düz birinci mərtəbəyə.

-Başıma xeyir. Günaha bataram ha… Neyniyim, anan qovurma xoşlayır, yaxşı qoyun əti almışdım dünən, bizimkilər satırdılar, dedim, halal ətdi, alım Gülnar üçün bişirim.- Səkinə nəvəsinin sözlərini ciddi qəbul edib, özünə bəraət qazandırmağa çalışdı.

Türkəsaya nənəsinin qovurma məsələsinə belə ciddi yanaşması Laləni əyləndirirdi. Ona görə zarafatı uzatmaq istəyirdi.

-Nənə, sən anamın payını götür, qazanı ver mənə, qonşulara paylayacağam.

-Caaaan, qurban olaram balama, Moskvada doğulanda nolar, əsl azərbaycanlıdır, əliaçıq, səxavətli. Bizdə qayda belədi, evdən yeməyk iyi çıxanda qonşulara pay göndərərdik. Dayan, sizin payınızı çəkim, qalanını apar payla qonşulara. Dyadya Kolyaya da ver, yazığın heç kimi yoxdur.- deyib Səkinə tez mətbəxə keçdi.

Lalə ha çalışdı gülməyini saxlasın, bacarmadı, ucadan qəhqəhə çəkdi. Səkinə mətbəxdən boylandı.

-Nooldu, bala?

-Nənə, iyirmi birinci əsrdə yaşayırıq eee, indi Azərbaycanda da qonşular bir-birinə pay vermirlər, o ki qaldı Moskva ola.- Lalə yenidən qəhqəhə çəkdi.

Səkinə də ona qoşuldu.

-Ay sənin birçəyin ağarsın.

-Nənə, birçəyin nədir?

-Birçəyin yox, birçək, yəni saç. Dyadya Kolyaya pay apar amma.

-Yaxşı, sən süfrəni hazırla, indi anam da gələr. Mən də deduşkanın payını aparım.

Axşam süfrə başında  qovurma əhvalatını anasına danışdı. Əhvalat Gülnara çox da gülməli gəlmədi, yüngülcə qımışdı.

Lalə söhbəti dəyişdi.

-Ana, sabah axşam Mədinənin atasının ad günüdür. Yubileydi, təntənəli qeyd edəcəklər. Yəqin Rasim əmi səni də dəvət edib.

Gülnar başını qaldırmadan cavab verdi:

-Hə, dünən demişdi.

Rasim Gülnarla eyni institutda işləyirdi. Arvadı bir neçə il əvvəl vəfat etmişdi. Qızı Mədinə də Lalənin tələbə yoldaşı, həm də yaxın rəfiqəsi idi. Rasimin Gülnardan xoşu gəlirdi, bunu ona da demişdi. Amma Gülnar həyatını dəyişməyi düşünmürdü.

Səhər Gülnar yuxudan başağrısı ilə oyandı. Axşam ad gününə gedəcəkdi, bu başağrısı  haradan gəldi? Gün ərzində ağrıları azalmadı. Lalə bəzənib-düzənmişdi. Anasının hazırlaşmadığını görüb soruşdu:

-Ana, niyə hazırlaşmırsan?

-Başımın ağrısı keçməyib, həvəsim də yoxdur, sən get.

-Mən çıxıram, yaxşılaşsan, mütləq gəl.

Rasim şəhərin nüfuzlu yerində üçmərtəbəli villada yaşayırdı. Yubilyarın şərəfinə villanın həyəti bahalı dekorlarla bəzədilmişdi. Rasimin qohumlari, dostları, iş yoldaşları toplaşmışdı. Mədinə Laləni görüb ona tərəf gəldi. Mədinənin sevgilisi Edik əlini qaldırıb onu uzaqdan salamladı. Mədinə rəfiqəsilə öpüşüb:

-Anan gəlmədi?- deyə soruşdu.

-Anamın səhərdən başı ağrıyır, dedi, yaxşılaşsa, gələcək.

-Ümid edək ki, yaxşılaşacaq. Gülnar xalanı çox sevirəm, bilirsən.

Lalə gülümsəyib:

-Bilirəm, – dedi.- Gedək Rasim əmimi təbrik edim.

Məclis qızışmışdı, qonaqlar yeyir-içir, əylənirdilər. Rasim də qonaqlara qarışmışdı, kefi kök idi. Hərdən qapıya sarı, hərdən saatına baxırdı. Hiss olunurdu ki, kimisə gözləyir.

Nəhayət, qonaq gəlib çıxdı. Bu, Rasimin beş il əvvəl işilə bağlı Bakıda tanış olduğu Elçin idi. Rasim dostunu mehribanlıqla qarşıladı, onu dostları ilə tanış etdi və Elçin axına qarışdı.

Lalə rəfiqəsindən ayrılıb makiyajını təzələmək üçün tualetə getdi. Qayıdanda geniş dəhlizdə orta yaşlı bir kişi ilə üz-üzə gəldi. Bu, Elçin idi. Elçin qızı görəndə diksindi. Qız eynilə Gülnara bənzəyirdi. Elçin yerində donub qalmışdı, gözlərini Lalədən ayıra bilmirdi. Lalə kişinin baxışlarından sıxılsa da, canında bir istilik hiss etdi. Dodaqaltı qımışıb rəfiqəsinin yanına tələsdi.

Məclisdə də Elçin tez-tez Lalənin səmtinə baxır, onun hərəkətlərini izləyirdi. Nəhayət, dözməyib dostundan Laləni soruşdu. Rasim tanışlıq verdi:

-Adı Lalədi, qızımın rəfiqəsidi. Anası hələ mənə naz edir, evlənsək, Lalə mənim qızım olacaq. Yaxşı qızdır, oğlun olsaydı, alardın oğluna.

Elçin söz altda qalmadı:

-Özümə nə gəlib, cavan oğlanam, mənim taylarım hələ evlənməyiblər, elə özüm alaram.

Hamı gülüşdü. Rasim dostunun çiyninə vürüb:

-İştahın pis deyil, -dedi.

Rasim məclisdə var- gəl edir,Gülnarın gəlməyini gözləyirdi. Axşam saat on radələrində Gülnar Rasimə zəng vürüb onun  ad gününü təbrik etdi.Gələ bilmədiyini deyib üzürxaqlıq etdi.Rasim Gülnarın bu sözlərindən  cox pərt oldü.Dünəndən ürəyində nə qədər planlar hazırlayırdı.Ona bu gün evlənmək təklif edəcəkdi.Yaxın dostları ilə tanış edəcəkdi.Amma bir anda bu zənglə bütün planları alt -üst oldu.Başa düşdü ki Gülnar bilərəkdən ondan uzaqlaşır.Gülnarın qəlbini ömürlük zəbt edən insan onu irəli getməyə qoymur.Stolun üstündəki viskini stəkana  süzüb  başına çəkdi.Sanki bununla o, bütün ağrıları, acıları unutmaq istədi…

***

 

Gülnarın qanı bərk qaralmışdı. Gecə Lalə evə sərxoş qayıtmışdı, ağlı üstündə deyildi. Gülnar səhərcən yata bilmədi. Son vaxtlar Lalənin hərəkətləri xoşuna gəlmirdi. Qız evə gec gəlir,bəzən anasına cavab qaytarırdı. Hətta, imtahanlarında kəsiri də olurdu.

Gülnar bir neçə dəfə yataq otağına keçdi ki, görsün qızı oyanıb, yoxsa-yox? Hər dəfə də qızını yatmış gördü. Qızını danlamaq, ağzından çıxanı demək istəyirdi. Anladı ki, Lalə hələm-hələm oyanan deyil, iri bazarlıq çatasını götürüb evdən çıxdı. Bazar günləri alış-veriş etmək adəti idi.

Evə qayıdanda Laləni evdə görmdi. Səkinə dedi ki, Mədinə zəng etmişdi, sonra gəldi qızı apardı.

Gülnar hirsləndi.

-Niyə qoydun getməyə?

-Neynəyim, a bala, o qədər yalvardı-yaxardı, ürəyim dözmədi. İcazə verdim.

Gülnar aldığı ərzağı soyuducuya yerləşdirməyə başladı. Əlləri işləsə də, hiss olunurdu ki, fikri başqa yerdədir. Anasının üzünə baxmırdı. Səkinə də pərt idi. Qızının qarşısında özünü günahkar hesab edirdi, bir yandan da düşünürdü ki, guya Lalə onun sözünə baxır? Gülnar rahatlıq tapa bilmirdi, gözucu anasına baxıb sözünə davam etdi:

-O Mədinədən heç xoşum gəlmir, o dostu Edik var ha, ondan lap zəhləm gedir. Rasim oxumuş, savadlı adamdı, bilmirəm, hara baxır, nə fikirləşir? Başa düşürəm, qızın anası yoxdur, ərköyün böyüyüb, amma qız uşağını başlı-başına buraxmaq olmaz axı.

Səkinə də qızı ilə həmrəy idi:

-Düz deyirsən, bala. Anası rus olub, ata ki, bizdəndi,  bircə qızını ovcunun içində saxlamlı idi. Nə deyim, Allah axırını xeyir eləsin.

Lalə maşına oturan kimi Edik maşını işə salıb sürətlə həyətdən çıxdı. Tələsirdi, ona görə ki, Lalənin anası hər an gəlib çıxa bilərdi. Mədinə sevgilisinə acıqlandı:

-Edik, yavaş, nolub? Bir gün bizi öldürəcəksən.

-Qorxma, Madi, siz etibarlı əllərdəsiniz,- Edik özünü öydü.

Bir xeyli yol getdilər, artıq şəhərin mərkəzindən uzaqlaşmışdılar. Aralıdan təmtəraqlı villalar, kotteclər görünürdü. Edik maşını hündür kərpic hasarlı evin qarşısında saxladı. İri darvazanın yanındakı qapının zəngini basdı. Az keçmədi qapı açıldı, uca boylu bir oğlan onları əllə salamladı. Edik həyətə keçib darvazanı açdı, qayıdıb maşına minib həyətə sürdü.

Dəbdəbəli villada gənc qız və oğlanlar vardı, kimi içki içir, kimi siqaret çəkirdi, bir küncə qısılıb öpüşənlər də vardı. Mədinə ilə Edik elə bil öz evlərinə gəlmişdilər, çox sərbəstdilər,kefləri kök idi. Lalə küncdə kresloda oturdu. Yekəpər bir oğlan əlində iki şərab badəsi ona yaxınlaşdı.

-Deyəsən, darıxırsan- deyib badəni Laləyə uzatdı.

Lalə ehtiyatla badəni aldı. Yekəpər oğlandan xoşu gəlmədi, üzlü oğlana oxşayırdı.

Oğlan Lalənin yanındakı boş kresloda yayxandı.

-Səni əvvəllər heç görməmişəm. Tanış olaq?

Lalə bu yekəpərdən qurtulmaq istəyirdi. Ona görə tanışlıq vermək istəmədi. Söhbəti yayındırmaq istədi. Ətrafına baxdı, Mədinəgil görünmürdü. Canına vicvicə düşdü.

-Mədinəgil haraya getdilər?- deyə təlaşla soruşdu.

Yekəpər əlini uzadıb Lalənin saçlarını tumarlamağa başladı. Lalə başını əydi. Yekəpər Lalənin başqa qızlar kimi olmadığının fərqindəydi, başa düşdü ki, hiyləsiz ötüşməyəcək.

-Madigilin yanına getmək istəyirsən?

Lalə tələsik cavab verdi:

-Hə, haradadırlar?

Yekəpər iri salonun sonundakı qapını göstərdi:

-Dostların oradadırlar, istəyirsən, sən də get.

Lalə heç nə deməyib ayağa qalxdı, yekəpərdən qurtulduğuna sevindi. Oğlanın göstərdiyi qapıya doğru addımladı. Qapı iri bir otağa açılırdı. İçəridə iri yataq vardı, divarboyu dolab otağın böyük bir hissəsini tuturdu. Lalə otağa göz gəzdirdi. Küncdə xudmani bir qapı vardı, fikirləşdi ki, yəqin dostları bu qapının açıldığı otaqdadırlar. Qapıya yaxınlaşıb döydü, hay verən olmadı, bir də döydü, qapını astaca itələdi. Bura vanna otağı imiş. Qapını örtüb çevrildi. Yekəpəri qarşısında görüb diksindi. Özünü itirdi. Nəsə demək istədi, kəkələdi. Oğlan iri əlilə qızın ağzını qapayıb onu yatağa sarı sürüdü. Qız çabalayır, qurtulmağa çalışırdı, amma yekəpərdən xilas olmağa iqtidarı yox idi…

Lalə yataqda yarıbayğın halda uzanıb qalmışdı. Yekəpər yatağın qana bulaşdığını görüb yerindən sıçradı. Tələsik əynini geyinib otaqdan çıxdı.

-Edik, Edik…

Yekəpərin nəriltisi evin divarlarında əks-səda verdi. Edik ikinci mərtəbəyə qalxan pilləkənin başından hay verdi:

-Nə bağırırsan? Müharibə  başlayıb?

-Alçaq, niyə demirdin ki, qız bakirədir?- Yekəpər yumruğunu düyünləyib davaya hazır dayanmışdı.

Edik çaşıb qalmışdı.

-Hansı qız?

-Hansı qız olacaq, o sizinlə gələn qız… bir şey etməliyik, qızı qan aparır…

Edikin arxasınca pillələri düşən Mədinə çığırdı:

-Hə etdin qıza, qorilla? Lalə, Lalə…

Yekəpər Lalənin yanına qayıtdı, Mədinə ilə Edik də onun ardınca qaçdılar. Lalə özündən getmişdi, yataq al qan içində idi. Mədinə rəfiqəsini bu halda görüb qışqırdı:

-Kömək edin, kömək edin…

Edik telefonunu çıxarıb:

-Təcili yardım çağıracağam.

Yekəpər cəld telefonu onun əlindən aldı.

-Dəli olmusan? İstəyirsən, məni tutsunlar?

Edik mat-mat onun üzünə baxdı.

-Sən də istəyisən qız ölsün, hə?

-Ölmüş kimidi. Ona görə mən karyeramı məhv edə bilmərəm. Aparıb atacağam yolun kənarına.

Mədinə yekəpərin üstünə şığıdı.

-Əclaf! Qatil! Sən onu öldürdün, – deyib hönkürdü.

Yekəpər qızı dilə tutmağa çalışdı.

-Qulaq as mənə, sən təsəvvür edirsən, atan xəbər tutsa, nə olacaq?  Bizi ifşa etsələr, Edikin atasını işdən çıxaracaqlar. Bir qıza görə hamımız məhv olarıq.

Yekəpər cavab gözləmədən Laləni mələfəyə büküb qucağına aldı və bayıra çıxdı..

 

***

 

Səkinə ilə Gülnar televizorun qarşısında oturmuşdular. Sovet dövründən qalma film nümayiş olunurdu. Qadınlar səssiz oturmuşdular, amma filmə baxmırdılar, gözlərini ekrana zilləsələr də, fikirləri Lalənin yanında idi. Gülnar beş dəfə Laləni yığmışdı, bir dəfə də Mədinəni. Qızların heç  biri cavab verməmişdi. Gecə yarı olduğunu görüb, Gülnar Rasimə zəng etdi. Rasim dedi ki, o da nigarandı, qızının telefonu cavab vermir. Edik də eləcə. Qərara gəldilər ki, sabah da uşaqlardan səs çıxmasa, polisə xəbər verəcəklər.

Səhər tezdən Gülnarın telefonu zəng çaldı. Gülnar hövlnək telefonu açdı. Polis idarəsindən zəng vurmuşdular. Qızını ölümcül halda yol kənarında tapmışdılar.

Gülnar xəstəxanaya necə gəlib çıxdı, heç özü də bilmədi. Yolboyu ağladı. “Bilirdim bunun axırı yaxşılığa aparmayacaq. Evim yıxıldı. Nə zülümlə uşaq böyütdüm, bu da belə”.Ürəyində Mədinə vəEdiki lənətləyirdi..

Məlumat şöbəsindən öyrəndi ki, qızı əməliyyat otağındadır. Səhhəti barədə hələ məlumat yoxdur. Gülnar qaçaraq əməliyyat otağının yerləşdiyi mərtəbəyə qalxdı, o tərəf-bu tərəfə baxdı, əməliyyat otağını tapdı. Bütün vücudu əsirdi, ağlamaqdan gözləri şişmişdi. Dəhlizdə var-gəl edir, ürəyində Allaha yalvarırdı.

Nəhayət, əməliyyat otağının iri qapısının bir tayı açıldı, əvvəlcə tibb bacıs, az sonra tünd yaşıl rəngli cərrah kostyumu geyinmiş eynəkli kişi çıxdı. Gülnar həkimə yaxınlaşmağa cəsarət etmirdi, bəd xəbər eşidəcəyindən qorxurdu. Həkim zəndlə ona baxdı, üzgün simalı qadının xəstənin anası ola biləcəyini ehtimal etdi. Gülnar qeyri-ixtiyari həkimə tərəf addımladı. Həkim dayanıb onu gözləyirdi. Gülnar susurdu, sadəcə həkimin gözlərinə baxır, vəziyyəti onun baxışlarından ayırd etmək isəyirdi. Həkim yorğun göünürdü, hiss olunuurdu ki, əməliyyat ağır keçib.

-Siz xəstənin anasısınız?

Gülnarın ürəyi şiddətlə döyünməyə başladı, “hə” demək istədi, səsi çıxmadı.

-Əlimizdən gələni etdik, Xəstə çoxlu qan itirib. Hələ ki qanaxmanı dayandırmışıq- deyib həkim Gülnarın düz gözlərinin içinə baxdı. Yəqin ki, qızın niyə belə bir fəlakətlə qarşılaşdığının səbəbini bilmək istəyirdi.

Nəhayət, Gülnarın dili açıldı:

-Qızıma nə olub?

-İlkin versiyaya görə qızınızı zorlayıblar. Müstəntiq sizə ətraflı məlumat verəcək. Qızınızın vəziyyəti ağırdır, bir azdan reanimasiya şöbəsinə keçiriləcək. Ümid edirik ki, bir-iki günə vəziyyəti yaxşılaşar. Hər halda belə olması üçün əlimizdən gələni edəcəyik. Siz burada dayanmayın, məlumat şöbəsindən xəstəniz barədə məlumat ala biləcəksiniz.

Gülnar yerində donub həkimi dinləyir, nəsə demək istəyir, amma nə deyəcəyini kəsdirə bilmirdi. Həkim sağollaşıb Gülnardan uzaqlaşdı, qadın çevrilib onun arxasınca baxdı, dodaqaltı“sağ ol, doktor,” dedi.Elə bu vaxt dəhlizdə Səkinə,Rasim,Mədinə və Edik göründü.Onlar Gülnarın başına toplaşdılar .Gülnar onları görüb əsəbdən hönkür –hönkür ağladı….

Səhəri gün Lalə özünə gəldi,O, gözlərini açanda  anası ağlayırdı.

-Ana –deyə Lalə ona baxdı

-Çox şükür oyandın.Yaxşısanmı,ağrıların var?

-Hə .-deyə lalə zarıdı

-Eybi yox keçəcək-deyə Gülnar  əli ilə qızının saçını oxşadı .

-Ana Mədinəni çağır

-Yox olmaz, o qız bura heç vaxt gəlməyəcək.Onun ucbatından sənin başına bu işlər gəlib.

-Yox ana, Mədinənin heç bir günahı yoxdur.Mən uşaq deyiləm .Öz günahımdı.

-Yol yaxın ikən  o qızdan uzaqlaş ,o səni düzgün yola aparmır qızım.

Lalə əsəbləşdi:

-Mən istədiyim həyatı yaşayacam, mənə mane ola bilməzsən.Məni heç kim nəyə isə məcbur eləmir.Bu mənim taleyimdi.İyirmi il atasız yaşadım. Bir dəfə atam haqqında danışmadın. Üzünü görmədim, şəklini göstərmədin.Bəlkə də atam olsaydı belə olmazdı. İndi mənə əxlaq dərsi verirsən.Bəs sən özün kimsən ?Tənha ana!-deyib ağlamağa başladı.

-,.Qızım…,elə demə-deyib Gülnar ağladı.

-Hamıya deyirəm ki atam ölüb.Amma bilirəm ki, o sağdı.-deyib Lalə hönkürdü….

Gülnar onu sakitləşdirə bilməyib ağlaya-. ağlaya otaqdan çıxdı…

Lalə sözündən dönmədi.Cinayət işinin açılması üçün şikayət ərizəsi vermədi.Ərizəsində yazdı ki,hər şey öz istəyi ilə olub.Əlbəttə Mədinənin ,Edikin yalvar- yaxarı,bir az da şirin vədlər öz bəhrəsini vermişdi..

Gülnar nə qədər şikayət etsə də, nəticə olmadı. Qızı həddi-buluğ yaşını keçmişdi və şikayətçi deyildi.

Gülnar da, Səkinə də qan ağlayırdılar, əziz-xələfləri öz əlilə həyatını məhv etmişdi. Amma Lalə özünü soyuqqanlı aparırdı, sanki bu fəlakət onun deyil, düşmənin başına gəlmişdi. Nənəsi-anası ağlayıb-sızlayanda “bəsdi zarıdınız, elə bil ölmüşəm, nədi, dünyanın axırıdı?”-deyirdi.

Bu hadisədən sonra Edik də özünə yer tapa bilmirdi.Oturub durub Mədinəni danlayırdı:

.-Bütün günahlar səndədi.Neçə dəfə dedim bu qızdan uzaqlaş , başımıza bəla olacaq .Qulaq asmadın.Hara getsək özünlə aparırsan .Bu dəfə canımızı qutardıq, bizi ələ vermədi.Nə bilirsən  gələn dəfə necə olacaq?Gülnar xalanın bizdən zəhləsi gedir.Deyir qızımı siz bu yola çəkirsiz.İnan ki o bizi bir gün tutduracaq.

-Lalə elə qız deyil.Onu neçə illərdir tanıyıram .Bizi hec vaxt ələ verməz.Düzdü çox içir.Bu da Gülnar xalanın xoşuna gəlmir.Mən ondan ayrıla bilmərəm.O mənim ən yaxın rəfiqəmdi.

-Onda gəl sənin atanın qonağı ilə onları tanış edək .Qoy yaxınlaşsınlar. Başı bir az sevgiyə qarışsın.bizdən uzaqlaşsın.Gülnar xala da bizdən əl cəksin.

Bu təklif Mədinənin də xoşuna gəldi.Evdə atasının danlağından yorulmuşdu.Bir müddət Lalədən uzaqlaşmaq onun da karına gələrdi.

-Gələn həftə Elçin əmi  bağında qonaqlıq verəcək.Onu da ora gətir.

-Yaxşı -deyə Mədinə cavab verdi.

 

***

 

Səkinə mətbəxi yığışdırırdı, Lalə dərsdən gəlib, yeməyni yeyib, otağına çəkilmişdı. Mobil telefonunun ekranını o yan-bu yana sürüşdürür, bekarçılıqdan darıxırdı. Telefon cingildədi. Zəng edən Mədinəydi.

-Hə, Madi – Lalə sevindi, indi uzun-uzadı laqqırtı vuracaqdılar.

-Hazırlaş, gəlirik səni aparmağa.

-Xeyir ola? Gəzməyə gedirik?

-Hə. Yaxşı geyin, bəzən-düzən, atamın dostu bizi qonaq çağırıb, əla məclis olcaq,- Mədinə rəfiqəsini həvəsləndirmək istədi.

Lalə sevincək yerindən qalxdı.

-Madi, mən qaçdım hazırlaşmağa.

Lalə paltar şkafını açıb geyimlərini gözdən keçirdi. Sumağı rəngli paltarını asılqandan çıxardı, makiyaj çantasını götürüb bəzənməyə başladı. Səkinə içəri girdi, Lalənin özünə sığal verdiyini görüb soruşdu:

-Yenə o qız çağırdı səni?

-Ay nənə, niyə Mədinədən xoşun gəlmir? Nə pislik eləyib sənə?

-Daha bundan betər nə edəcək? Namusumuzu bir qəpiklik elədilər. Bir qızın namusdan qiymətli heç nəyi yoxdur.- Səkinə doluxsundu.

-Eee. Əl çəkin də bu keçmişin qalıqlarından. İyirmi birinci əsrdə yaşayırıq artıq…

Səkinə başını buladı,diqqətlə Lalənin üzünə baxıb soruşdu:

-Anana demisən?

Lalə heç halını pozmadan cavab verdi:

-Sən deyərsən də.

-Bəlkə, heç icazə verməyəcək.-Səkinə danışmağın mənasız olduğunu anlasa da, özünü saxlaya bilmədi.

Lalə istehza ilə nənəsinə baxdı.

-Yaxşı daaa… Mən bağça uşağıyam?

-Bağça uşağı deyilsən, amma az qala ölmüşdün. Onda da anandan icazə almayıb getmişdin.

Lalə sürməli gözlərini süzdü.

-Yenə başladı…

Mobil telefon zəng çaldı.

Lalə tez cavab verdi:

-Düşdüm, düşdüm…

Lalə çantasını götürüb qapıdan çıxdı.

Mədinə ilə Edik maşında gözləyirdilər. Lalə maşına oturan kimi soruşdu:

-Haraya gedirik, uşaqlar?

-Atamın dostu gəlib Bakıdan. Qonaqlıq verir. Sən də bakılısan axı, dedim, sənin üçün də maraqlı olar.

-Sağ ol, sən birdənəsən – deyib Lalə Mədinənin əlini sıxdı.

Elçin Moskva ətrafında xudmani bir bağ almışdı. Moskvada dost-tanışı çox deyildi. Ən yaxın dostu Rasim idi, həm də şərik biznesləri vardı. Hər gəlişində Rasim dostunu evində qonaq edir, otelə getməsinə icazə vermirdi.  Rasimin Bakıya yolu düşmürdü ki, Elçin də ona hörmət etsin, xəcalətindən çıxsın. Elçin fikirləşdi ki, tez-tez Moskvaya gəlir,burada evi olsa, yaxşıdır. Nəhayət, şəhər kənarında bağ sahəsində ikimərtəbəli bir ev aldı. Dost-tanışı başına yığdı. Ləzzətli milli  yeməklər sifariş verdi. Canlı musiqi də vardı. Lalə və dostları içəriyə girəndə Elçinin başı qonaqlara qarışmışdı. Mədinə fürsəti əldən vermədi. Lalənin qolundan tutdub dedi:

-Elçin əmi qonaqlarla məşğuldur. Yanındakı qadınlara bax… kişinin gözünə girmək  istəyirlər. Niyə də girməsinlər? Subaydı, yaraşıqlıdı, ən əsası isə pulu var. Bura bax, Lala, sən də neçə dəfə demisən ki,  orta yaşlı kişilərdən xoşun gəlir. Məncə, bu imkanı əldən vermə. Gəl salamlaşaq Elçin əmi ilə. Oy, bağışla, Elçinlə.

Mədinə Laləni Elçinin dayandığı səmtə çəkdi. Edik onların arxasınca getdi.

-Salam, Elçin əmi, – Mədinənin səsinə Elçin başını qaldırdı. Qəribədir ki, başını qaldıran kimi gözü Mədinəyə deyil, Laləyə sataşdı. Bir anlıq duruxdu. Sonra:

-Ay, Madi, xoş gəldin, qızım, – deyib onu qucaqladı. – Atan harada qaldı?

-Mən rəfiqəmlə gəlmişəm, atam işdən çıxıb gələcəkdi. Bizi Edik gətirdi. Elçin əmi, tanış ol, bu, Laladır. Mənim ən yaxın rəfiqəmdi.

Elçin diqqətlə Laləyə baxdı, əlini uzatdı. Lalə həyəcanlandı, o da əlini uzatdı:

-Biz görüşmüşük, xoş gəldiniz, Lalə xanım.- Elçin qızın əlini ovcunda saxlamışdı, xəyalı onu bir anlıq uzaqlara aparmışdı. Bu əlin hərarəti onun canın yayıldı, sanki bu əlin sahibi onun doğması idi.

Elçin xəyaldan ayılıb qızın əlini buraxdı. Ediklə də görüşdü. Çox keçməmiş Rasim də gəlib çıxdı.O tək deyildi.Yanında bir gənc xanım da  vardı. Qonaqlar masa arxasına keçdilər, süfrədə hər şey vardı, milli xörəklər bir-birinin ardınca süfrəyə düzülürdü. Sağlıqlar deyildikcə, məclis qızışırdı. Həzin musiqi yerini coşqun rəqslərə verdi.   Mədinə ilə Edik heç bir rəqsi boş buraxmırdı, həvəslə rəqs edir, atılıb-düşürdülər. Lalə masanın arxasında sakitcə oturub qurtum-qurtum qırmızı şərab içirdi.  Elçin Laləni gözdən qoymur, tez-tez ona yaxınlaşıb darıxıb-darıxmadığını soruşurdu. Əslində onunla rəqs etmək istəyirdi, amma çəkinirdi, kənardan baxan nə deyərdi? “Kişi övladı yaşında qızla rəqs edir, bizim xalqa yaraşmaz”.

Viski öz təsirini göstərdi. Elçin Laləyə yaxınlaşdı:

-Xanım qız, sizə rəqsə dəvət eymək olar?

Lalə Elçinə baxdı, gözləri xumarlanırdı. Yuxulu kimi ayağa qalxdı. Elçin əlini uzatdı, Lalə onun əlindən tutdu. Kişi gözlərini ondan çəkə bilmirdi. Qızın girdə yanaqları allanmışdı, qönçə dodaqlarından qan damırdı. Həzin musiqi çalınırdı. Elçin bir əlilə qızın belindən yapışdı, o biri əlilə qızın əlindən tutdu, yavaş-yavaş fırlanmağa başladılar…

Lalə evə qayıdanda gecə yarıdan keçmişdi.Onu yenə evə dostları Mədinə və Edik gətirmişdi.Ona qapıya qədər qalxmağa kömək etdilər.Sonra açarla qapını açıb içəri keçirtdilər. Cəld addımlarla aşağı düşüb  maşına minib uzaqlaşdılar.Gülnar mətbəxin qapısında göründü.

-Sən düzəlməyəcəksən…

-Əl çək, – deyib Lalə otağına keçdi.

Çox içmişdi, başı fırlanırdı. əynini dəyişməyə halı yox idi, özünü yatağın üstünə atdı və tezliklə yuxuya getdi.

 

***

 

Lalə başqa bir aləmə düşmüşdü, göyün yeddinci qatındaydı. Hər gün dərsdən   sonra Elçin gəlib onu   qarşılayır, birlikdə yemək yeyir, sonra şəhərin görməli yerlərini gəzib-dolaşırdılar. Elçin dönüşünü təxirə salmışdı. Anası tez-tez zəng edib, evə qayıtmasını tələb edirdi, Elçin isə bizneslə bağlı işlərinin uzandığını bəhanə edirdi. Nəhayət, bir gün Elçin Laləyə ürəyini açdı:

-Lalə, mənim sənə münasibətim ciddidir. Hiss edirəm ki, sənin də duyğuların səmimidir. İki gün sonra Bakıya qayıdacağam. Ailəmi də xəbərdar etməliyəm, yaşlı valideynlərim var. Sən də fikirləş, ananla danış, bir aydan sonra qayıdacağam. Mənə qərarını deyərsən.

-Məni də özünlə apar, – Lalə ağlamsındı, – mən hər şeyi fikirləşmişəm. Anama demək lazım deyil, onsuz da razı olmayacaq. Yaxşısı budur, məni də apar.

-Olmaz, – Elçin qızın əllərini ovuclarına aldı,- yaxşı-yaxşı fikirləş, yaş fərqimiz var, on il sonra mənim əlli yaşım olacaq, mənimlə yanaşı getməyə  utanmayacaqsan? Bir də ananı razı salmalıyıq. Onun razılıq verməməsi normaldır, mən onu başa düşürəm. Sən onun tək övladısan, sən onun həyatının mənasısan.  Ananı incitməyə  haqqımız yoxdur.

 

***

 

Gülnar qızını çox fikirli görürdü. Səssiz olmuşdu, evdə ruh kimi gəzirdi, yeməkdən kəsilmişdi, dərsə həvəssiz gedir, hətta Mədinə ilə də az-az görüşürdü.Nəvəsinin halı  Səkinənin də gözündən qaçmamışdı. Qızını qınayırdı, Lalələ ilə üz-üzə oturub dərdləşməsini tələb edirdi. Gülnar gözləyirdi ki, bəlkə qızı özü onunla danışmaq istəyər, Lalədənsə səs çıxmırdı..

Gülnarın səbri tükənmişdi, qəti qərara gəlmişdi, bu gün Lalə ilə danışacaqdı. İşdən sonra evlərinin yaxınlığındakı böyük marketə girdi, çörək, meyvə və qızının çox sevdiyi tortdan aldı.Marketdə Rasimlə rastlaşdı.Salamlaşdılar.Rasim sözlü adama oxşayırdı.

-Mədinə necədi?

-Yaxşıdı.Nəsə olub,deyəsən sözlü adama oxşayırsan?

-Bilirsən Gülnar, neçə vaxtdı bir birimizi tanıyırıq.Çox fikirləşdim.Sənə deməsəm düz olmazdı-deyib susdu

-Nəsə olub?Məni qorxutma…

-Yox, heçnə olmayıb .Amma sən Laləylə danışsan yaxşı olar.

-Nə danışım mən onunla ?.Sözə baxmır ,cavab qaytarır.Axır zamanlar da bir təhər olub.Yemir , içmir ,yaman fikir edir.Bİlmirəm nə edim.Bəlkə Mədinə bilir ona nə olub?

-Sən əvvəl axır biləcəksən. Lalə mənim yaxın bir dostumla görüşür. O,Bakıdandı.Əvvəl elə bildim dostluq edirlər..Sonra tez tez birlikdə görəndə başa düşdüm ki ,bu çox ciddidir.

-Sən nə danışırsan dostunun neçə yaşı var?

-Qırx yaşı var

-Ay aman atası yaşındadır ki?

-Hə, dedim ki , biləsən .Qızınla danış..

-Cox sag ol Rasim sənə təşəkkür edirəm

-Dəyməz ,bu mənim borcumdu.-deyib Rasim dükandan çıxdı.

Gülnar onun arxasıyca baxa- baxa qaldı….

Əli dolu idi deyə, qapını açarla açmadı, zəngi basdı. Qapını Səkinə açdı. Gülnar anası ilə ağızucu salamlaşıb mətbəxə keçdi. Əlindəkiləri qoyub Laləni səslədi:

-Lalə, qızım, gör sənə nə almışam?

Lalədən səs çıxmadı. Gülnar onun otağına gəldi. Lalə yataqda uzanıb həmişəki kimi telefonla oynayırdı. Başını belə qaldırıb anasına baxmadı.

Gülnar özünü o yerə qoymadı, bu gün qızı ilə ciddi söhbət edəcəkdi, ona görə Lalənin sayğısızlığına qatlanacaqdı.Rasimin dediyi sözlər ona çox təsir etmişdi.Nə olur olsun bu gün o hər şeyi öyrənməli idi.

-Qızım, sənə tort almışam, yeməyimizi yeyək, çay dəstgahı qurarıq.

-Mən ac deyiləm,- qızı yerindən tərpənmədi.

-Qalx görüm, nənən yaxşı yemək bişirib, süfrə hazırdır. Mən də acından ölürəm,- deyib qızının saçlarından öpdü və otaqdan çıxdı.

Çay dəstgahını baş otaqda qurmuşdular. Büllur stəkanlarda pürrəngi çay buğlanırdı. Meyvəli tort dilimlənib boşqablara qoyulmuşdu. Səkinə tort qonaqlığına oturmamışdı, özünü yaxşı hiss etmədiyi üçün erkən yerinə girmişdi. Gülnar qızı ilə anasının yanında söhbət etməyi sevməzdi. Səkinənin yanında öyüd-nəsihət etməyi lüzumsuz bilirdi. Həyatının alınmamasında anasını günahkar bilirdi. Gülnar isə qızını xoşbəxt etmək üçün hər şey edəcəkdi.

Lalə sevimli tortunu səssiz-səmirsiz yedi, anasına təşəkkür etmək heç ağlına da gəlmədi. Qalxıb  getmək istədi.

-Lalə.- Gülnar qızının adını elə mehribanlıqla çəkdi ki, Lalə anasının üzünə baxdı və yerinə oturdu.

-Lalə, mən bu dünyada sənə görə yaşayıram, bilirsən?- Gülnarın gözlərində yaş gilələndi. – Sənə bir şey olsa, mən ölərəm.

-Ölməzsən. Ölənin dalınca ölən heç eşitməmişəm.

-Sənin bir dərdin var, qızım.

-Heç bir dərdim yoxdur.

-Var, qızım. Sənin dərdinə anandan başqa kim yanar? Heç kim!

-Narahat olma, yanan tapılar.-Qız yerindən qalxdı.

-Kimdir o?

Lalə təəccüblə anasına süzdü. Gülnar yalvarışlı baxışlarla onun gözlərinin içinə baxdı.

-Aç ürəyini mənə, qızım. Mənim sənə ancaq köməyim dəyər. Sənə hər barədə kömək etməyə hazıram. And içirəm, qızım, sənin üçün hər şey edərəm.

Lalə sınayıcı nəzərlərlə anasına baxdı, sonra gözlərinin ifadəsi dəyişdi, baxışlarından yalvarış oxunurdu. Gülnar anladı ki, qızının həvəsi gəldi-gedər deyil, vəziyyət ciddidir. Qızına arxa-dayaq olmalıdır. Araya sükut çökdü, Gülnar qızını tələsdirmək istəmirdi, Lalə ipə-sapa yatan deyildi, özü istəməsə, onun ağzından kəlbətinlə də söz çəkmək olmazdı.  Qız Elçinə inanırdı, amma içində bir hiss onu rahat buraxmırdı, bunun nə olduğunu özü də anlaya bilmirdi. Məsləhətə ehtiyacı vardı. Ona həmişə öyüd-nəsihət verən, addımbaşı onu danlyan anası bu gün  ona güldən ağır söz demirdi, əksinə çox mehriban, çox həlimdi, ona kömək etmək istəyir.

-Ana, ancaq məni danlama, yaxşı, -Lalə anasının dik gözlərinə baxdı, əmin olmaq istəyirdi ki, anası onu pərt etməyəcək.

Gülnar əlini qızının saçlarında gəzdirdi, gözlərini qırpmadan onun gözlərinə baxdı.

-Mən sənin əziyyət çəkdiyini görürəm, – dedi – sənə kömək etmək istəyirəm. Analar nə üçündür? Övladlarının əlindən tutmaq, onlara kömək etmək üçündür. Mənə güvənə bilərsən.

-Ana, mən bir insanı sevirəm.

-Mən anlamşdım, qızım.

-Nədən bildin?

-Mən də gənc olmuşam, qızım.

Lalə başını qaldırıb təəccüblə anasına baxdı. Gülnar heç vaxt onunla sevgidən, sevdiyi insandan danışmamışdı. Nə oldu belə, anasının birdən-birə dəyişməsinin səbəbi nə idi?

-Sən də sevmisən?

-Kim sənə desə ki, heç vaxt aşiq olmyıb, inanma? Hamı aşiq olur. Amma heyf ki, sona qədər sevənlər az olur.

Lalə bir az qorxdu. Yenə anasının gözlərinə baxdı. Görəsən anası onu sevdiyi insandan uzaqlaşdırmaq üçün belə demir ki?

-Ana, atamı çox sevmişdin?

Gülnar bilmədi nə desin. Laləyə atası barədə, demək olar ki, heç nə danışmamışdı. Əslində Lalə atası barədə hər şeyi bilməli idi, artıq valideynlərinin məhəbbət tarixçəsini də öyrənməli idi.

Lalə sualı təkrar etdi:

-Ana, atamı sevmişdin?

-Mən onu indi də sevirəm.

Lalə mat qalmışdı. Bunu deyən onun anası idi? “Deyəsən, mən heç anamı tanımamışam”, deyə ürəyində bir az da özünü qınadı.Anasının şəxsi həyatı ilə heç vaxt maraqlanmamışdı, atasını ondan nə vaxt soruşduğu yadına gəlmirdi.

-Ana, danış da, atamla necə tanış olmuşdunuz? Başdan axıra qədər hamısını danış.

Gülnar öz-özlüyündə bir az götür-qoy etdi, danışsınmı-danışmasınmı? Sonra qərara gəldi ki, indi danışmyıb, nə vaxt danışacaq? Bəlkə danışdıqları elə qızı üçün də dərs olacaq və xatirələr onu qanadlarına alıb uzaqlara apardı…

İkisi də kövrəlmişdi, Lalə elə bil anasını indi tapmışdı, az qalrdı onu qucaqlyıb bağrına bassın. Anasının halına acıyır, atasıdan inciyir, üzünü görmədiyi Emma nənəsini isə öldürməyə hazırdı. Qızının nə hisslər keçirdiyi Gülnara bəlli idi. Onu özünə tərəf əyib saçlarından öpdü.

-Olan olub, keçən keçib. Mən özümü bədbəxt hesab etmirəm, bir ona yanıram ki, sən atasız böyüdün. Hər şey keçmişdə qalıb. İndi mənim üçün ən vacib şey sənin xoşbəxtliyindir. Sən mənim çəkdiklərimi çəkməməlisən. De görüm kimdi o?

-Ana, inanmayacaqsan, onun da adı Elçindir.- Bu adın anasını duyğulandıracağına, özünün də işinə yarayacağına əmin olduğu üçün addan başlamağı lazım bildi.

Elçin adı qulağında cingildəsə də, qızının istəklisinin azərbaycanlı olmasına sevindi.

-Aaa, azərbaycanlıdı?

-Hə.

-Nə yaxşı… Elə qorxurdum ki, başqa millətdən kiməsə rast gələrsən.

-Yox, ana, elə özümüzkülər yaxşıdı. Amma …- Lalə susdu. Əsas məsələyə gəlirdi, anası necə baxacaqdı yaş məsələsinə?

-Amma nə?- Gülnar  narahat oldu. Bir əmma olmasını əsla istəmirdi.

-O bir az məndən böyükdü…

-Nə qədər?

Lalə yenə duruxdu. Yenə anasının üzünə baxdı, əhvalının pozulub-pozulmadığını görmək istədi. Lalə maraqla cavab gözləyirdi.

-Qırx yaşı var.

Lalə heyrətlə qızına baxdı.

-Nə? Qırx yaşı var? Sən bilirsənmi ki, atanın da qırx yaşı var?

-Yaxşı da, ana, yaşın nə fərqi var axı?

-Mahnılarda fərqi yoxdu, amma həyatda fərqi var, inan mənə, var. Sən inanırsan ki, o səni xoşbəxt edəcək? O fikirləşmir ki, onun başına bir iş gəlsə, sən nə edəcəksən?

-Ana, qırx yaş çox deyil. Elə cavan görünür ki… Çox yaxşı insandı.

Lalə Elçinlə necə tanış olduğunu, Elçinlə olan söhbətlərini bütün təfərrüatı ilə danışdı. Gülnar sakitcə dinlədi,Rasimin ona danışdıqlarını ona bildirmədi. Qızını qorxutmaq istəmədi. Amma gecə gözünə yuxu getmədi..

 

***

 

Gülnar çıxış yolu axtarırdı. Gənc qızının atası yaşında kişilə evlənməsinə razı ola bilməzdi. Övldı yaşında qızlarla evlənən kişilərə nifrət edirdi. Belələrini eqoist, əxlaqsız hesab edirdi. Gözünün ağı-qarası bircə qızını qırx yaşlı kişiyə verib gözündən uzağa göndərə bilməzdi. Dünya dağılsa da buna imkan verməyəcəkdi.

Anası ilə söhbətdən sonra Lalənin əhvalı düzəlmişdi. Gülnarla, Səkinə ilə davranışı da dəyişmişdi. Evdə gülür-danışır, dərsə də həvəslə gedirdi. Gülnar üzə vurmasa da, fikri-zikri Lalənin yanında idi. Onu xilas etmək, səhv yoldan uzaqlaşdırmaq üçün plan hazırlayırdı.

Lalə hər gün Elçinlə zəngləşir, birlikdə gələcək üçün planlar qururdular. Çox gec yatır, səhər güc-bəla ilə yuxudan oyanırdı. Bir gecə Gülnar qızının yuxuya getməsini gözlədi. Qız yatandan yarım saat sonra onun telefonunu açdı, adlara baxdı. Elçinin telefonunu yazdı. Planının birinci mərhələsi bitmişdi.

Ertəsi gün axşam süfrəsi başında dedi ki, onu işdən ezamiyyətə göndərirlər. Dedi ki, institutları Tbilisidə keçirilən konfransa onun namizədliyini irəli sürüb. Səkinə də, Lalə də sevindilər, Gülnar neçə illərdi Moskvadan kənara çıxmamışdı. Bu həm də nüfuz məsələsi idi, hər əməkdaşı beynəlxalq konfransa göndərməzdilər.

 

***

 

Təyyarə yavaş-yavaş enməyə başlamışdı, artıq buludlar yuxarıda qalmışdı, aşağıda dəniz görünürdü. Gülnar həyəcanlı idi. İyirmi il  bundan əvvəl qatarla  getdiyi yolu indi dəmir quş dənizin üzərindən onu geri gətirirdi. Təyyarə bələdçisi Bakının havası barədə məlumat verirdi. Müsbət 37 dərəcə. Havanın bu dərəcəsi barədə məlumatı da iyirmi ildi eşitmirdi, Bakı havasını da yadırğamışdı. Bakıdan yaralı getmişdi, incik getmişdi. Bəlkə ona görə də bu şəhərə qayıtmaq bir dəfə də olsun ürəyindən keçməmişdi. Sevimli şəhərini, doğma yurdunu onun ürəyindən çıxarmışdılar. Qızının bu başıbəlalı sevdası olmasaydı, yəqin ki, bu şəhərə bir daha qayıtmayacaqdı. Ana övlad üçün hansı fədakarlığı etməz ki…

 

***

 

Bakıya gəldiyini heç kimə deməmişdi, keç kimlə əlaqə saxlamırdılar. İnternet vasitəsilə oteldə yer saxlatdırmışdı. Təyyarədən hava limanının binasına birbaşa keçid vardı. Eskalatorla aşağıya enəndə binanın gözəlliyinə heyran qaldı. Bura gəliş-gediş yerindən daha çox saraya bənzəyirdi. Burada yolçu təlaşı yox idi, insanlar tələsmədən, bir-birini itələmədən geniş meydançadakı baqaj transportyorundan çamadanlarını götürüb çıxışa sarı gedirdilər.

 

***

 

Gülnar bayıra çıxanda bir az çaşdı. Binanın qarşısından keçən yolun o biri üzü maşın bazarına bənzəyirdi. Cərgə ilə düzülmüş bahalı, yaraşıqlı maşınlar günəş şüalarının altında bərq vururdu. Gülnar yolu keçib London taksilərinin dayandığı sıraya yaxınlaşdı. Sürücüyə gedəcəyi otelin adını dedi. Sürücü maşından çıxıb Gülnarın kiçik çamadanını yerləşdirdi. Qadın bir anlıq harada olduğunu unutdu. Bu, onun qoyub getdiyi şəhər deyildi.

Yolboyu şəhəri seyr etdi. Bakı çox dəyişmişdi. Hərdən televizorda, internetdə Bakının videolarını görürdü. Amma canlı görmək bir başqa idi. Nəhayət, otelə gəlib çatdı. Otel şəhərin baxımlı yerlərindən birindəydi. Çox böyük olmasa da, çox dəbdəbəliydi. Yerləşib bir az dincəldi. Axşamüstü hava bir az sərinlənəndə şəhərə çıxacaqdı.

Neftçilər prospektindən baxanda bulvar çox dəyişməmişdi, amma sahilə yaxınlaşanda gördü ki, buralara da əl gəzdirilib. Meydançalar genişləndirilsə də, yaşıllıq azalıb. Əvvəllər bir tək“Mirvari” restoranı ilə məşhur olan bulvar, indi restoranlar məskəni olmuşdu. Gülnar xeyli gəzib-dolaşdı, şəkillər çəkdi. Arada buraya nə üçün gəldiyini unudurdu, amma tez də yadına düşürdü. Saatlar keçdikcə həyəcanı artırdı.

Nəhayət, otelə qayıtdı. Duş qəbul edib divanda oturdu. Telefonda saata baxdı. Ona işləyirdi. Artıq zəng etmək vaxtı idi. Sonra kiməsə zəng etmək ədəbsizlik olardı. Zəng edəcəyi nömrəni açdı. Əli yünglcə titrədi, ürəyinin də döyüntüsü sürətləndi. Düyməni basdı. Telefonda uzun siqnallar eşidildi. Bir dəqiqə keçməmiş kişi səsi eşidildi:

-Alo.

Gülnar özünü ələ almağa çalışdı, səsinin titrədiyi hiss olunmamalıydı.

-Salam. Elçin bəydi?

-Bəli.

-Mən Lalənin anasıyam, Bakıdayam, sizinlə görüşməliyik.

Elçinin cavabı bir az ləngidi. Yəqin ki, belə bir sürpriz gözləmirmiş.

-Nə vaxt deyirsiniz, mən hazıram. Niyə xəbər verməmisiniz, sizi qarşılayardım.

-Sağ olun. Sabah axşam saat yeddidə  Kukla Teatrının qarşısında sizi gözləyəcəyəm. Ağ-qara naxışlı geyimdə olacağam. Amma Lalə bilməsin.

-Mən də ağ köynəkdə olacağam. Xüsusi əlamətlərə, məncə, ehtiyac olmayacaq. Kukla Teatrını qarşısında görüş təyin edən ya bir olar, ya iki.- Elçin gərginliyi yumşaltmaq istədi.

-Gecəniz xeyrə qalsın, – deyib Gülnar telefonu bağladı.

Düz saat yeddidə Gülnar Kukla Teatrının yanındakı keçiddən çıxdı. Sağa buruldu, teatra tərəf addımladı. Asta-asta gedirdi, aralıdan Elçini görmək, bir qənaətə gəlmək istəyirdi. Teatr qapısının tuşunda  arxası Gülnara tərəf ağköynəkli ucaboylu bir kişi dayanmışdı. Bəlkə də elə bilirmiş ki, Gülnar Azneft meydanı tərəfdən gələcək. Gülnar dayandı, bir az gözlədi ki, bəlkə kişi üzünü çevirər, Gülnarı görər və ona yaxınlaşar. Amm kişi yerindən tərpənmirdi. Gülnar istəmirdi ki, kişi onun gecikdiyini düşünsün, ona görə də ona tərəf addımldı. Kişiyə catıb:

-Salam,- dedi.

Kişi geri çevrildi, diqqətlə Gülnara baxdı.

Gülnar yerində donub qalmışdı, hiss etdi ki, əlləri soyuyur, danışsaydı, dili topuq vuracaqdı. Bir neçə dəqiqə beləcə dayndı. Elçin də həyəcanlı idi, amma nəsə demək lazımdı, o kişi idi, gənc oğlan kimi utanıb boynunu bükə bilməzdi.

-Necəsiniz?

Gülnar heç nə eşitmirdi. Geniş açılmış gözlərilə Elçinə baxırdı. Zaman Elçinə çox az toxunmuşdu, Lalənin dediyi kimi, cavan oğlana bənzəyirdi. Sadəcə saçlarına yüngülvari qar ələnmişdi. Telefonda səs bir az fərqli gəlsə də, əslində səsi bir az kallaşmışdı. Bu o idi. O…

-Elçin.

Elçin təəccüblə Gülnara baxdı. Bu çağırış ona tanış gəldi. Amma bir şey xatırlaya bilmədi.

-Mən çox dəyişmişəm, eləmi?- Sözünün ardını gətirə bilmədi. Huşunu itirib yerə yıxıldı…

***

Ləman otağa daxil olanda Gulnar pəncərə qarşısında dayanıb küçədən keçən insanlara baxırdı.Artıq o ağlamırdı. Ləmanın  içəri keçdiyini görüb üzünü ona  çevirdi.Ləman ona yaxınlaşdı.Onlar dogma insanlar kimi qucaqlaşıb, görüşdülər.Stul çəkib əyləşdilər .Bir qədər sükutdan sonar Gülnar başına  gələnləri  danışmaga başladı…

-İnsan yatsa, yuxusuna girməz. Filmdə görsəydim, deyərdim, belə bir şey ola bilməz, uydurmadı. Gülnar, heç bilmirəm nə deyim? Zərbə üstündən zərbə almısan. İndi necə olacaq? Dəhşətdi.- Ləman Gülnarın başına gələnlərə mat qalmışdı, bilmirdi rəfiqəsinə necə təsəlli versin. Gözləri dolmuşdu, özünü ağlamaqdan güclə saxlayırdı.

Gülnar rəfiqəsini üzmək istəməsə də, axır ki, bir gün ürəyini boşaltmalı idi. Ona görə də olanları bütün təfərrüatı ilə danışdıqdan sonra, haradasa özündə bir yüngüllük hiss etdi, Ləmanı da sakitləşdirmək istədi.

-Düz deyirsən, dəhşətdi, amma bundan da betər ola bilərdi, təsəvvür etmək belə mümkün deyil. Allaha min şükür, vaxtında xəbər tutdum və nə yaxşı ki, Bakıya gəldim. Mən bir gün görmədim, amma imkan vermərəm ki, qızım bədbəxt olsun. Neçə illərdir, anamdan incikəm, amma dünən anladım anam nələr çəkirmiş. Anama haqsızlıq etmişəm.

-Mənim növbəm bitir, Gülnar, bir azdan evə gedəcəyəm. Bax nə lazım olsa, utanma, mənə de. Qorxulu heç nəyin yoxdur. Sabah çıxa blərsən.

Gülnar rəfiqəsinə baxıb kefsiz gülümsədi.

-Sağ ol, Ləman, nə yaxşı oldu, sənə rast gəldim, səni gördüm, dərdimi səninlə bölüşdüm, çox sağ ol, məni dinlədin,-deyib rəfiqəsinin əlindən tutdu.- Sabah gecə uçuram. Mütləq Moskvaya gəl, oturub yaxşı-yaxşı uşaqlığımızı, gəncliyimizi xatırlayarıq.

-Gülnar, elə bil mənimlə vidalaşırsan. Sabah səhər xəstəxanadan çıxırsan. Şəhəri gəzərik, sonra gedərik bizə. Gecə də səni yola salarıq. Oldu?

Ləman elə ürəklə danışırdı ki, Gülnar etiraz edə bilmədi.

-Oldu. Amma səhər gərək otelə gedəm, cantamı götürməliyəm.

Ləman gülümsədi, rəfiqəsini qucaqlayıb öpdu.

-Problem deyil, həll edərik, – deyib palatadan çıxdı.

Axşam yeməkdən sonra uzanıb telefonda xəbər oxuyurdu. Tibb bacısı qapının ağzından çağırdı:

-Gülnar xanım, holda sizi bir nəfər gözləyir.

Gələnin kim olduğunu anladı. Özünü qərib kimi hiss etdiyi bu şəhərdə onu

Elçindən başqa kim görmək istəyərdi ki? Onu görmək istəmirdi. Ona qarşı bir ikrah hissi vardı, amma qızının taleyi vardı ortada, Elçinlə işi hələ bitməmişdi. Palatadan çıxdı, üzün dəhlizin başında geniş holl vardı, oraya doğru addımladı.

Elçin küncdə kresloda oturmuşdu. Bir az aralıda xəstəxana xalatında bir qadın bir kişi ilə söhbət edirdi, ər-arvada bənzəyirdilər. Gülnarı görüb Elçin ayağa qalxdı. Gülnar ona yaxınlaşdı, kreslonun yanındakı divanda oturdu. Elçin ayaq üstə dayanmışdı. Gülnar ona baxmadan:

-Otur, – dedi.

Elçin əmrə müntəzirmiş kimi o dəqiqə oturdu.

-Dünən halım özümdə deyildi, sənə “sağ ol” deyə bilmədim. Sağ ol, məni xəstəxanaya gətirdin. Əslində mən sənin üzündən buradayam.

-Gülnar, məni bağışla, özümə gələ bilmirəm, nə boyda səhv edəcəkdim?

Gülnar istehza ilə ona baxdı.

-Səhv edəcəkdin? Övladın yaşda qıza yaxınlaşanda nə fikirləşirdin? Elə bilirdin düz iş görürsən? Mən də nə itirib, nə axtarıram? Gör kimdən alicənablıq gözləyirəm? Emmanın oğlundan!

-Gülnar…

-Get! Bir daha qarşımıza çıxma! Qızım Bakıya gəldiyimi bilmir. Sən Lalənin adını da, özünü də, telefonunu da unudacaqsan, bildinmi?  İtəcəksən bu dünyadan.

Elçin tərəddüdlə Gülnara baxdı, sanki danışmaq üçün icazə istəyirdi. Gülnarın sərt baxışına tuş gəlib susdu. Amma fikirləşdi ki, belə imkan bir də ələ düşməyəcək. Özünü topladı, Gülnarın üzünə baxdı.

-Gülnar, çox peşmanam, xəcalətdən ölürəm, məni bağışla. Biz səninlə hər şeyi yenidən başlaya bilərik, qızımız da var, onun xətrinə…

Elə bil Gülnarı ilan sancdı.

-Nə?-Öz səsindən qulaqları cingildədi. – Qızımız var? Beş gün əvvəl sən o qızı bədbəxt etməyə hazır idin. Cəzanı aldınmı? Heç fikirləşmirdinmi sənin qızın də ola bilərdi və atası yaşında bir kişi sənin qızının həyatını məhv edə bilərdi? Fikirləşmədin, əlbəttə. Gözün qızmışdı, sənə yeniyetmə qız lazım idi. Rədd ol buradan, rədd ol. Bir daha gözüm səni görməsin.

Gülnar hirsindən tir-tir əsirdi. Dönüb getmək istədi. Elçin son çarəyə əl atdı.

-Laləyə nə deyəcəksən? Bir onu fikirləş.

Gülnar hirslə geri çevrildi.

-Deyəcəyəm ki, dünyada iki əclaf Elçin var imiş, biri mənim, biri də onun qarşısına çıxıb.

Gülnar dönüb sürətlə holdan çıxdı. Dəhlizdə pəncərənin qabağında dayandı. Bayıra baxdı. Hava qaralırdı, amma küçə insanla dolu idi, insanlar  harasa tələsirdilər. Yəqin ki, xəstəxananın küçəsindən tez keçmək istəyirdilər.Cibindən mobil  telefonu çıxardıb Rasimə zəng vurdu.Hər şeyə görə ona təşəkkür etdi…

 

***

 

Gülnar gecə vaxtı anasını, qızını narahat etmək istəmədi, onları da xəbərdar etmişdi ki, yatsınlar, qapını özü açacaq. Açarı çıxarıb qapıya saldı, səssizcə içəriyə girdi. Dəhlizin işığı yanırdı. Ev başmaqlarını geyinib yataq otağına keçmək istədi. Gördü ki, salonun işığı yanır. İçəriyə boylandı, televizor işləyirdi, amma səs alınmışdı. Anası divanda oturmuşdu, qızı başını nənəsinin dizinin üstünə qoyub uzanmışdı. Deyəsən, Lalə mürgüləyirdi.

Gülnar elə qaının kəndarından anasını səslədi:

-Ana.

Səkinə elə bildi ki, qulağına səs gəlir. Gülnarın səsinə oxşatdı. Amma ola bilməzdi, qızı çoxdandı ona “ana” deyə, müraciət etmirdi. Həyəcanlandı. Öz-özünə: ”Allah xeyir eləsin”, dedi.

Gülnar elə bildi ki, anası onu eşitmir, bir də çağırdı:

-Ana.

Səkinə çevrilib qapıya baxdı, qızını görüb sevindi, doluxsundu.

-Can ana, – dedi. – Dizində yatmış nəvəsinə baxdı. Bu dəqiqə qızını qucaqlayıb bağrına basmaq istəyrdi.

Gülnar içəri girib anasının qarşısında diz çökdü.

-Çox darıxdım, ana…

Səkinənin gözlərindən yaş yuvarlanıb yanaqlarına axdı.

-Biz də yaman darıxdıq,bala. Lalə “ana” deyə-deyə yatdı.

Gülnar anasının yanaqlarını sildi, əllərini ovuclarına alıb öpdü. Sonra qızının saçlarını tumarladı, üzündən öpdü. Çox kövrəlmişdi, anasına qoşulub ağlamaq istəyirdi.

-Əynimi dəyişim, – deyib tez otaqdan çıxdı.

Səkinə qızının arxasınca səsləndi:

-Dəyiş, bala, dəyiş gəl. Sənin üçün qovurma bişirmişəm…

O hadisədən beş il keçmişdi.  Ailələri böyümüşdü. İndi onlar beş nəfər idilər. Lalə universiteti bitirib işə girmişdi. Cavidlə burada tanış olmuşdular. Bir il əvvəl evlənmişdilər. Gülnar nənə, Səkinə böyük nənə olmuşdu. Evin ən kiçiyi olsa da, ikiaylıq Rüstəm hamının diqqət mərkəzində idi. Ona Gülnarın atasının adını qoymuşdular.

Müstəqil.Az

 

mersin escort