Ədəbiyyatçılar İqbal Ağazadədən danışdı: “onun yeri Milli Məclisdə görünür”

Bildiyimiz kimi Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə Parlament seçkilərində iştirak edəcək. Bu məsələ ilə bağlı ölkənin tanınmış yazıçı və şairləri öz fikirlərini bölüşüblər. Ədəbiyyatçılar Partiyanın sədr namizədi haqqında xoş sözlərini deyərək uğurlar arzulayıb və “ədəbiyyatdan siyasət necə görünür?” – sualına cavab veriblər. Həmin cavabları olduğu kimi təqdim edirik. 

 

Xalq şairi Sabir Rüstəmxanlı: İqbal Agazadə Milli Məclisin fəal millət vəkillərindən biri olub. Yenidən seçilsə yaxşı olar.

Yazıçı Günel Eyvazlı: Ədəbiyyat adamı olaraq özüm də namizədliyimi irəli sürmüşəm. Çünki yazıçılıqla bərabər həmişə ictimai mövqeyimi də bildirmişəm. Lal, dinməz ziyalılardan olmamışam. Qoy vətəninə, dövlətinə, xalqına şərəflə, vicdanla xidmət etmək istəyənlər Seçkilərdə qalib gəlsin. Uğurlar.

Şair Aqşin Yenisey: İqbal bəyin yeri həmişə Milli Məclisdə görünür. Mən onun məclisdəki çıxışlarını həmişə diqqətlə izləmişəm.

Şair Ramiz Qusarçaylı: Bütün namizədlərə, eləcə də İqbal Ağazadəyə uğurlar diləyirəm.
Müasir dünya ədəbiyyatında gedən prosseslərin özü də siyasətdir, ən istedadlı yazarlar da siyasətin içindədir, əks halda heç kəsə Nobel verilməz. Elə AYB də, Anar da Azərbaycanın ədəbi siyasəti və siyasətçisidir.

Yazıçı Şərif Ağayar: Uğur, demokratiya və şəffaflıq arzu edirəm. Ədəbiyyatdan siyasət çox da yaxşı görünmür. Hər halda mən dayandığım yerdən. Təbii, bu yer ədəbiyyatdırsa…

Xalq yazıçısı Aqil Abbas: Allah xeyir versin, uğurlar arzulayırıq.

Şair Faiq Balabəyli: Ədəbiyyat adamından çox elə bu rayonun və 35 saylı DSK-nın dislokasiaysı ərazisinin sakini kimi düşüncəm budur ki, İqbal bəy seçicilərinin etimadını doğruldan bir namizəddir. O, bu dairədən vaxtı ilə deputat olub. Xətai rayonunun 4 dairəsindən deputatlardan ancaq o seçicilərinin problemlərinə can yandırıb. Elə parlamentdə qəbul olunan qanunlar haqda və digər çıxışlarında da insanlarımızın ürəyindən keçənləri deyə bilib.

Yazıçı, şair Kənan Hacı: Siyasətdən ədəbiyyat necə görünürsə, ədəbiyyatdan da siyasət elə görünür. Bir-birinə yaxın olduğu qədər də uzaq. İqbal bəy siyasət adamları içərisində intellekti, geniş erudisiyası ilə seçilən bir ziyalıdır. Ona uğurlar arzulayıram!

Yazıçı Mübariz Örən: İqbal bəyə ancaq uğurlar arzulayıram. O, məncə seçicilərinin rəğbətini qazanıb, xalqın sözünü deyə bilir, iradəli, intellektli siyasətçidir.

Yazıçı Mirmehdi Ağaoğlu: İqbal Ağazadəyə seçkilərdə uğurlar arzulayıram.

“Ulduz” jurnalının poeziya şöbəsinin müdiri, şair Fərqanə Mehdiyeva: İqbal Ağazadə ədəbiyyatsevər insandır. Hətta bir dəfə mənim də şeirlərimin oxucusu olduğunu eşitmişdim. Parlamentdə belə insanların olması vacibdir. Mənə elə gəlir ki, ədəbiyyatdan kənar siyasət yoxdur. Sağlam ədəbiyyat sağlam siyasətlə birləşsə dünyamız abad olar.

Alim, Şair Adilə Nəzər: İqbal Ağazadə hər zaman dəstəklədiyim siyasətçi olub. İstər beynəlxalq hadisələrə real münasibətlərilə, geniş, əhatəli şərhlərilə, istərsə də ölkədə, cəmiyyətin problemlərinə işıq tutaraq, sosial məsələləri qabardaraq, digər millət vəkillərindən seçilib. İqbal Ağazadə öz vətənini yaxşı tanıyır, yaşadığı ölkənin tarixini, inzibati sərhədlərini, ədəbiyyatını, milli mədəniyyətini gözəl bilir, hansı ki, millət vəkili üçün bunları bilmək çox vacibdir.
İstənilən mövzuda çıxış edərkən ictimai fikri əsas tutur. Eyni zamanda
kifayət qədər idarəçilik və siyasi mübarizə təcrübəsi var. Bunlar hər millət vəkili namizədi üçün çox vacib keyfiyyətlərdir. İqbal bəyin yenidən seçilməsinin həm xalqa, həm də dövlətə faydası olacaq.
Qaldı ki, ədəbiyyatdan siyasətin ümumi görüntüsünə, mənzərə o qədər ürəkaçan olmasa da xalqın problemlərini dilə gətirən 3-5 millət vəkilinin olduğuna şükr edirik. Kimlər xalq üçün işləyir, kimlər seçkiqabağı oyun oynayır, seçkilərdən sonra oyunun qaydaları dəyişir, bəllidir.. Hər şeyə rəğmən həyat davam edir və biz hələ də gənc olan dövlətimizin möhkəmləndirilməsinə çalışmalıyıq.

Şair Qismət Məsim: Hər bir Xalqın öz şairinə, yazıçısına ədəbiyyat adamına ruhən bağlılığı olur. Siyasi müstəvidə atdığı mesajlar ədəbiyyat dilində deyiləndə daha tutarlı alınır və hədəfə dəyir. Siyasətin ədəbiyyata təsiri həmişə birmənalı şəkildə olmur. Bu gün imkan var ki, məhz vicdanlı insanları seçmək, onları dəstəkləməklə özümüzün, övladlarımızın taleyini ədalətli əllərə, vicdanlı qanunlara tapşıraq. İnanıram ki, xalq daha özünü aldatmaz, seçimində özünün taleyini həll etdiyini dərk edər. Bu mənada mən İqbal Ağazadə deyirəm, ona uğurlar diləyirəm.

Yazıçı Kəramət Böyükçöl: Mən namizədlərə daha çox namizədliyini irəli sürdüyü dairənin seçicilərinin gözü ilə baxıram və fikirləşirəm ki, orda bu adama münasibət necə ola bilər? Elə namizəd var, hansı dairədə daha çox qohum-əqraba yaşayır, namizədliyini ordan irəli sürür. İqbal Ağazadədə belə bir problem yoxdur. O mənada ki, İqbal bəy istədiyi dairədən namizəd olsa, əminəm ki, yüksək səs faizi ilə öndə gedər. Çünki İqbal Ağazadə bir dairənin uğrunda deyil, bütöv bir ölkənin uğrunda vuruşmuş, döyüşmüş bir insandır və cəmiyyət də bunu çox yaxşı bilir, dəyərləndirir. 35 saylı Xətai üçüncü seçki dairəsi isə ümumiyyətlə, İqbal Ağazadənin polyasıdır. Başqa bir adamın ordan namizəd olması təxminən o deməkdir ki, Azərbaycan İngiltərə millisi ilə onun öz meydanında futbol oynayır. Sosial şəbəkələrdə, vritual və real cəmiyyətdə göz önündə olan aydın və təmiz bir münasibət var İqbal Ağazadəyə. İqbal bəyin ən böyük üstünlüyü də odur ki, rəqibin qarşısına şəxsiyyət kimi də çıxa bilir, cəsarət kimi də çıxa bilir, ideoloq kimi də çıxa bilir, döyüşçü, idmançı kimi də çıxa bilir, xalqın sevib-seçdiyi millət vəkili kimi də çıxa bilir və s. Ona necə qalib gəlmək olar, bilmirəm.

Təhsilpress

mersin escort