SÖZƏ QÜVVƏT
 
Ədəbiyyatımızın sabahını düşünəndə bu günün ədəbi gəncliyi gözlərimiz önünə gəlir. Onların ilk uğurlarına sevinirik. Təbii ki, gəncliyin sıralarında istedadlıları az deyil. Onların bir çoxunun şeir və hekayələri barədə bu sətirlərin müəllifi də ara-sıra söz açmışdır, bu mövzuda ilk məqalələrini iyirmi il öncə qələmə almışdır. O zaman ədəbi gəncliyin sıralarına qatılan cavanlar indi yaş etibarilə orta nəslin nümayəndələridir. Amma ədəbi gənclik deyilən nəsil yalnız konkret bir dövrlə məhdudlaşmır, yeni ədəbi gənclik meydana atılır.
Müasir poeziyamızı qadın yazarlarsız olmadan təsəvvür etmək mümkün deyil, vaxtilə mirvaridlərlərin, nigarların, mədinələrin və daha bir neçə şairənin adlarıyla təmsil olunan zəriflərimizin poeziyası indi kəmiyyətcə də, keyfiyyətcə də göz oxşayır.
Xəyalə Sevilin “Daş” adlı ilk şeirlər kitabını da oxudum və doğrusu, onun istedadlı bir şairə olacağına inamım artdı. Bu inamı məndə Xəyalənin “Anamın əlləri”, “Ağac” və “Şəkil” şeirləri oyatdı. Bu şeirlərdəki metaforalar, təşbihlər öz təzəliyiynən diqqəti cəlb elədi.
 
Anamın əlləri qocalır yaman,
Əllərinə cavan qırışlar düşür.
Aybaay, günbəgün, saatbasaat,
Cavanlığı barmağından sürüşür.
 
Bu qocalmış əllər cavan əllərin
Beşik yürgələyən xatirəsidi.
Anamın əlinə düşən qırışlar
Onun taleyinin xəritəsidi.
 
Anamın əlləri qocalır yaman,
Ömrümü o qoca əllərə yazın.
Ölsəm, ruhumu yaşadan mənim,
Qəbrimi anamın əlində qazın.
 
Övladın anaya məhəbbətini bu tərzdə, obrazlı şəkildə ifadə edən belə şeirə çoxdandı rast gəlmirəm. Qocalığın obrazını “Cavanlığı barmağından sürüşür” kimi metafora ilə ifadə eləmək necə də gözəldir.
Xəyalə Sevil bir ağac önündə düşüncələrini də yenə eyni üsülla, metafora ilə poeziya dilinə çevirir:
 
Yarpaqlar özünü atır budaqdan,
Yarpaqlar elə bil intihar edir.
 
və ya
 
Bu ağac ki, yazda belə deyildi,
Dərd çəkməkdən sınıxıbdı bu ağac.
 
Xəyalənin şeirlərində maraqlı bir obraz var: DAŞ. O deyir ki, qara günə atmaq üçün könlümüzdə daş saxlayaq. «Daş adamlar» şeirində isə bu obrazın mənfi çalarını rəsm edir:
 
Daş adamlar,
Bumbuz, qarlı qış adamlar.
 
və ya
 
Üzü bəzək dünyamızın
astarında daş adamlar.
 
və ya da
 
Budur mənim ömür yolum,
kəndarında daş adamlar.
 
“Daş” şeirində isə deyir ki:
 
Mən öləndə daş olacam,
Böyüyəcəm dərdim kimi,
Qəbrimdən daşlar daşacaq.
 
Bu Daş obrazına biz müəllifin “Gülayə” poemasında da (əslində, bu, poema deyil, bir uzun şeirdir) rast gəlirik.
Kitabın sonunda Xəyalə Sevilin “Ramiz Rövşən yaradıcılığı duyğularımın şeir dilinə tərcüməsidir” və S.Səxavətə həsr etdiyi, esse adlandırdığı (əslində, esse yox, təəssürat) iki yazısını təqdim edir. Ramiz Rövşən haqqında yazır ki: “Dərdləşirəm onun şeirləriylə. Hər onu oxuyanda mütləq nəsə yazmaq istəyirəm”. S.Səxavət haqqında isə yazır: “Heyrətdəyəm sadəcə..İlahi, insanına şükür, insan sözünə şükür”.
Fikirləşirəm: bir vaxt olar, Xəyalənin şeirləri haqqında da belə sözlər deyilə bilər. Onunçün də, Əli Kərim demişkən: AXTARIŞ LAZIMDIR, AXTARIŞ. Oxucuları, lap elə şairlərin özlərini heyrətə salan AXTARIŞ…
 
 
Vaqif Yusifli
Filologiya elmləri doktoru
99 baxılıb