Həyat ŞƏMİ
Tanınmış şair, Tarix üzrə fəlsəfə doktoru Həyat Şəmi dünən Bakımızın ən gözəl və qonaqlı-qaralı olan bir guşəsində- Dənizkənarı Milli Parkda- Bulvarda qarşılaşdığı acınacaqlı hallı Müstəqil.Az-ın oxucuları ilə bölüşür:
Dünən gecə Türkiyədən gəlmiş iki tarixçi dostumuzla iftarımızı açıb Bulvara- Dənizkənarı Milli Parka  doğru yol aldıq. Məqsədimiz iftardan sonra bir pürrəngi çay içmək idi.
Sahildə rastımıza çıxan çayxanalardan birində əyləşdik.
Çayxana xidmətçisi- ofisiant yaxınlaşdı, fikrimizi anlamış kimi: “Çayı dəstgahla veririk, xanım!” dedi.
“Dəstgahın biri 40 mandı, yəni depozitdi masalar”. Mən dönüb ” o zaman eləcə sadə su gətirin bizə, çox susamışı”- dedim.
Ofisiant sadə su alsaq da masaya oturmağın özünün 40 man olduğunu bildirdi. Təəccüblə çayçının üzünə baxıb “bu da təzə qaydadırmı?”_ deyə soruşunca “bəli!” cavabını aldıq və pərişan olub masadan qalxdıq.
Sahil boyu söhbət edə-edə irəliləməyə davam etdik. Tarixçi həmkarlarım Türkiyədə sadə çayın, nəinki bu qədər baha qiymətə olmadığını, hətta Ramazan ayında pulsuz olduğunu söyləyib gülümsədilər.
Yenə qarşımıza çıxan daha bir çayxananın ” zonasına” daxil olub, masalardan birində yer tapıb əyləşdik. Ofisiant yaxınlaçınca bu yerdən – oruclu olmağımızdan və iftardan sonra çay içmək istəyimizdən – başladım ki , bəlkə burada bir stəkan çay içmək nəsib olar. Amma arzumuz ürəyimizdə qaldı, təəssüf ki , bu çayxanada da eyni sözləri eşitdik. “Xanım, masa depozitdi, çayın biri 30-40 manatdır, futbol var, ona görə “.
Daha davamını söyləməyə lüzum görməyib masadan qalxdıq. Bu minvalla Bulvarda 5 çayxana saydıq. Hər əyləşdiyimiz masadan da eyni aqibətlə qalxası olduq.
“Əcəba, bir çaynik çayın qiyməri 40 manat olan Bulvarımızda bir iftar yeməyinin qiyməti neçəyə başa gələrdi bizə, görəsən?” düşüncəsiylə e və yollandım. Gözəl bir çay dəmləyib, doyunca içdim. Sonra bu kiçik yazını yazdım, adını da ” Yezid çayxanalar” qoydum. İftardan sonra susuzluqdan para-para olan dodaqlarımla qapı-qapı gəzdiyim çayçıların heç umrunda belə olmadı …
Toplum aydınlanmamış, qardaş!
Bir çaynik çayı bu qədər baha olan çayxanalarda mənəvi dəyərlər bu qədər ucuz tutulursa, daha nə deyim?
Bulvarı söhbət edə-eeə başdan-başa gəzib sonda “Qorxulu ev” yazılmış atraksionun yanından sahili tərk etdik. Xəyalıma “Qorxulu bulvar” kəliməsi həkk olundu…
 
964 baxılıb