Müstəqil.Az istedadlı şair Faiq Hüseynbəylinin şeirlərini təqdim edir:
Varaqlara
Nə qədər istəsən qar ol, yağış ol,
Nə qədər istəsən yağ varaqlara.
Onsuz da ömürdən yıxılır günlər,
Onsuz da olmuşam bağ varaqlara.
 
Özü öz ömrünü qocaldan mənəm,
İlləri qısaldıb, azaldan mənəm.
İntizar heykəli ucaldan mənəm,
Dərd şəkli çəkirəm ağ varaqlara.
 
Küləyin saçını yolub gəlmişəm,
Bağışla, gül kimi solub gəlmişəm.
Bahar buluduyam, dolub gəlmişəm,
Bir az da şimşək ol, çax varaqlara.
 
Eşqinə tapındı müctəhid qanım,
And oldu adına bu tövhid qanım…
Ey müqəddəs qanım, ey şəhid qanım,
Hər gecə axırsan… ax varaqlara.
 
Hələ harasıdı? Hara büründün?
İsmətə, abıra, ara büründün…
Yağışa büründün, qara büründün,
Duman tək çəkildin dağ varaqlara.
 
Sonuncu arzuydum, dedin, bitirdin,
Şeirin içində salıb itirdin.
Məni misra-misra yedin, bitirdin,
Səni çıxmayasan sağ varaqlara.
 
Gedirik payıza sarı
Gedirik yazdan payıza,
Günəşdən küləyə kimi.
Küləkdə qədim küləkdi,
İşləyir iliyə kimi.
 
Qismətdi, gəl indi yoz da –
Axtardım ayda, ulduzda.
Çevrildi sevdiyim qız da,
Şeytandan mələyə kimi.
 
Hərdən yayda yağır qarın,
Tərs gətirir ruzigarın.
Süzülürsən narın-narın,
Torpaqdan ələyə kimi.
 
Tanrım, verdin haçan ömrü? –
Güllə kimi uçan ömrü…
Qaytar hədər keçən ömrü,
Kəfəndən bələyə kimi.
 
Ömürdü belə
 
Yağışdı, doludu, dumandı, qardı,
Tufandı, küləkdi – ömürdü belə.
Bir üzü payızdı, bir üzü bahar,
Hiylədi, kələkdi – ömürdü belə.
 
Həzindən həzindi xəyallarında,
Nə varsa özündü xəyallarında.
Bir azca uzundu xəyallarında,
Bir azca gödəkdi – ömürdü belə.
 
Hərdən əldən düşür… və süslənirsən,
Hərdən qırılırsan, düşüb sınırsan.
Hərdən yaşamağa həvəslənirsən,
Hərdən də fələkdi – ömürdü belə.
 
Özün də bilmədən düşürsən, lələ,
Bir səhvin üstündə yüz gün əngələ.
Qalibsən, məğlubsan, bilmirsən hələ,
Qırılan biləkdi – ömürdü belə.
 
Təki tək üstünə, nəhsi bir yana,
Sözü bir yanadı, səsi bir yana…
Yaxşını bir yana, pisi bir yana,
Ələyən ələkdi – ömürdü belə.
 
Hərdən qasırğadı, coşan dənizdi,
Hərdən lal qayadı, sakit, təmizdi…
Boyuna ölçülən beş arşın bezdi,
Kəfəndi, bələkdi – ömürdü belə.
Müstəqil.az
147 baxılıb