Esmira MƏHİQIZI

heç bilirsən səndən sonra nə qədər,
qəm ayları,
kəm ayları başladı…?
neçə-neçə,
çeşid-çeşid,
növbənöv
sənsizliyin sən ayları başladı.

sonra belə ürəyimin tellərin
bir-bir qırdı ağrılar,
elə qırdı,
içimdəki qırıqların
sızım-sızım,
cızım-cızım
ninniləri, nanayları başladı.

çətirimin altında yağış yağdı selləmə,
elə yağdı,
belə yağdı,
çilə çəkdi gözlərim.
solğunluqda,
qırğınlıqda
bir ağlağan gülə çəkdi gözlərim.
heç bilmədim necə çəkdi,
niyə çəkdi gözlərim,
ki,
sonra da bir ömürün
nəm ayları başladı.

sonra da ki…
hərgün gecə seansında,
divarda-
xatirəmin kinoları başladı.

83 baxılıb