Elina…
(Aynur Cavid)
Toxunmaq istəyirəm
saçlarına.
Rəngini dəyişdiyin üçün
söyüldüyün, döyüldüyün saçlarına
Bilmirlər, axı hardan bilsinlər ki…
Saçlarının rəngini dəyişəndə
Taleyinin də rənginin dəyişəcəyinə
inanırdın, körpəm.
 
Bağırmaq istəyirəm
özümə.
Bir qızcığaz sevgiyə həsrət
qayğıya möhtackən
Necə rahat yaşayırdım
bu lənətə gəlmiş dünyada
Bilmirdim…axı hardan biləydim
Gözlərim kor, vicdanım kar
ruhum hissizdi, körpəm
 
 
Quş kimi döyünən ürəyinə
Acıların qanad oldu
Bilmirsən…axı hardan biləsən ki,
Sən göylərin qızıydın
Pəncərədən hər səhər gülümsəyən
tək Günəş idi üzünə
Anana qovuşdun, körpəm
 
Müstəqil.Az
158 baxılıb