Uşaqlığım sovet illərinə təsadüf edib. O vaxt 9 mayı böyük sevinc və həyəcanla gözləyirdik. Qələbə anlayışı bizim üçün hələ tam mənasıyla aydın deyildi, sevincimizin səbəbi başqa idi.
Kəndimiz rus kəndi olduğu üçün bu gün bizdə daha təmtəraqla qeyd olunurdu. Həmin gün küçələr adamla dolu olurdu. Hamı kəndin mərkəzindəki parka axışırdı. Burada Böyük Vətən müharibəsi qəhrəmanlarının (əsasən ruslar idi) şərəfinə ucaldılmış abidənin önünə toplaşır,qələbə gününə həsr olunmuş bayram tədbirinə tamaşa edirdi.
Tədbirdə o vaxtların ən məşhur mahnısı “Katyuşa” böyük həvəslə ifa edilirdi. Sərhəd xidməti zastavası bizim kənddə yerləşirdi. Oranın əsgərləri də tədbirdə iştirak edirdi. Müharibədə həlak olanların şərəfinə üç yaylım atəşinin açıldığı anı hamımız səbirsizliklə gözləyirdik. Müharibə filmlərində gördüyümüz əsgərləri, avtomatları canlı görmək, atəş səslərini canlı eşitmək qəribə hiss yaradırdı adamda. Hamı bir-birini təbrik edir, deyib-gülürdü.
 
 
 
 
 
Biz uşaqların sevincinin bir səbəbi də var idi: məhz həmin gün biz dondurma və limonad mövsümünün açılışını edirdik. 9 maya qədər bizə dondurma və limonad alınmırdı. Yalnız həmin gün hardansa motosikllə dondurma və limonad gətirib parkın ayağında satırdılar. Satıcılardan biri də dayım idi. Qardaşlarım bizim üçün dondurma və limonad alırdılar. Bax, onda bizim əsl bayramımız olurdu. İndi də 9 may mənə dondurma və limonad dadını xatırladır…
Zaman keçdi… Biz müstəqillik qazandıq. Özümüzün hər şeyimiz oldu – dilimiz, mədəniyyətimiz, vətənpərvərlik mahnılarımız, hələ limonadımız, dondurmamız da. Bizim öz müharibəmiz, öz ordumuz, öz əsgərlərimiz oldu. İgidliklə vuruşan qəhrəmanlarımız, vətən yolunda can qoyan şəhidlərimiz də oldu. Ancaq qələbəmiz… hələ ki yoxdur…Mən qələbənin dadını bilmək istəyirəm…
Sevil Gül Nur
Müstəqil.Az
156 baxılıb