Müstəqil.Az bu gün doğum gününü qeyd edən həkim,şair Rəfiqə Abbasovanı təbrik edir, şeirlərini təqdim edir:

 

SƏNİN XƏTRİNƏ

Sənsiz üzüm gülmür,açılmır eynim,
Getdiyin yollara çöküb duman,çən.
İntizar nə yaman sevirmiş məni,
Həsrəti günahkar görmürəm ki mən.

Gecə də gündüz də bağlı qalıbdır,
Cəftəsi özündən küsən qapılar.
Qəlbimə xal salan mərəzə bəlkə
Sənin gəlişinlə çarə tapılar.

Bu tozlu yollardan yığılmaz gözüm,
Səni gözləyərəm sənin xətrinə.
Gəl könül həmdəmim səni bələyim,
Bir çiçək qoxulu sevgi ətrinə.

Ümidi puç olan sənsizliyimdən,
Sənli günlərimdir boylanıb baxan.
Yenə də bu həsrət ocaq qalayıb,
Bir hicran qəmidir qəlbimi sıxan.

Ömrüm xərifləyir,sən gedən gündən,
Qəlbimə bir payız küləyi əsir.
Ayları,günləri sıraya düzdüm,
Deyəsən ayrılıq ömrümdən kəsir.

 

ANAM YADIMA DÜŞÜB

Ay ana,nə yaman kövrəldim yenə,
Yadıma əlinin düşür istisi.
Qaladığın ocaq elə sönübdür,
Daha bacamızdan çıxmır tüstüsü.

Bir dolu xəzinə bilərdin məni,
Gözünü istəsəm onu verərdin.
Yorğanıma bəzək ulduz istəsəm,
Laylanda onları bir-bir dərərdin.

Bax, bu lal məzarın,bu daş məzarın,
Ziyarətgah yerim olubdur,ana.
Bu illər uzunu dünyam,ürəyim,
Sənin nisgilinlə dolubdur,ana..

Könlümü daglayır bir dəli həsrət,
Yamanca möhtacam həzin səsinə.
Heç vaxt incitməyən ay gözəl anam,
Hicranı qıyarmı doğma kəsinə.

İsti qucağında uyumaq üçün,
Olsaydı verərdim taxtı -tacımı.
Bir anlıq laylana bələnmək üçün,
Gələrdim, unudub ağrı-acımı.

İtib məzarlığın lal sükutunda.
Şaqraq gülüşlərin,ahəstə səsin.
Mənə çəkdirdiyin ağır imtahan,
Bu illər uzunu olmazmı bəsin?

Qonağı olarsan yuxularımın,
Necə sevinərəm, necə gülərəm.
Bir həzin laylanın qanadlarında,
Elə bil dünyaya yeni gələrəm.

 

Sevgiyə dönəydim

Qara gözlərində güzgülənərəm,
Ağlım da,ruhum da qarışar yaman.
Kədərin özünə məskən saldığı,
Cüt yaş damlasıyıq kirpikdən daman.

Köçəydim gözünün dərinliyinə,
Özümə bir təzə oba seçəydim.
Ürəyin dolanbac “küçələrindən”,
Gecə də gündüz də gəlib keçəydim.

Kaş ki, gözlərində itib qalaydım,
Yol-iz tapmayaydım geri dönməyə.
Odlu baxışına tumar çəkəydim,
Qoymayam közünü heç vaxt sönməyə.

Sevgiyə dönəydim,eşqə dönəydim,
Gözlər yalan deməz, mən inanaydım.
Qəribə sevginlə ellər içində,
Qınağa tuş gəlib,sən qınanaydın.

Alova dönəydim,oda dönəydim,
Qoymayam sönməyə baxışlarını.
Sinəmə düzəydim,gözə düzəydim,
Tapdığım sevgimin naxışlarını.

 

 

Nərgiz

Vaxtsız yağan qar altında,
Düşmüsən lap əldən,nərgiz.
Sən ki baharın ilkisən,
Adın düşməz dildən,nərgiz.

Vaxtsız gələn bu qar,boran,
Sənə yaman toxunubdu.
Yoxsa sənə yazılan hökm,
Qarda qalmaq ,oxunubdu.

Solma nərgiz bu yaz günü,
Qarın vaxtsız gəlişindən.
Təbəssümün donub qalıb,
Əl çəkmə sən gülüşündən.

Necə alım ürəyini,
Gözü qıpıq baxan nərgiz.
Dərd əlindən əyilmisən,
Ürəyimi yaxan nərgiz.

Hanı sənin o şuxluğun,
Yazı dərdə salan nərgiz.
Qəmdən üzülüb ürəyin,
Məni məndən alan nərgiz.

Müstəqil.Az

208 baxılıb