Aprelin 4-də Bakının Səbail rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbin VIII sinif şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı araşdırmalar davam etdirilir.

 

Müstəqil.Az bildirir ki,Bunu Modern.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elgün Səfərov bildirib.

 

E.Səfərov qeyd edib ki, hazırda Daxili İşlər Nazirliyi və Baş Prokurorluqda açılmış cinayət işi üzrə istintaq davam etdirilir:

 

“Araşdırmalar davam etdirildiyindən hər gün yeni faktlar ortaya çıxır. Ona görə də yekun qərarı gözləyirik. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun araşdırmalarının nəticəsi olmalıdır. Bundan sonra Uşaq hüquqlarının monitorinqi ilə bağlı Komissiya reydin nəticələrini açıqlayacaq”.

Şöbə müdiri bildirib ki, yekun qərardan sonra Komitə öz mövqeyini bildirəcək.

Komitənin digər əməkdaşı Zülfiyyə Sadıqova Modern.az-a deyib ki, orta məktəblərdə psixoloji işin təşkili gücləndirilməlidir:

 

“Bir orta məktəbdə təxminən 1500-ə qədər şagird təhsil alır. Bu qədər şagirdə isə cəmi bir psixoloq düşür. Bir psixoloqun fiziki cəhətdən 1500 şagirdlə maraqlanması mümkün deyil. Psixoloq işinin təşkili zamanı şagirdlərin psixoloji xarakteristikası hazırlanır, onlara təsir göstərən amillər nəzərə alınır, ailəsi araşdırılır, yaşıdları ilə münasibətlərinə diqqət edilir. Həmin problem yeniyetməlik dövründə daha çox özünü biruzə verir. Şagird natamam ailədəndirsə, etinasızlıq görürsə, sinif yoldaşları, dostları ilə münasibətdə müəyyən problemləri varsa, davranışları daha da qabarır və neqativləşir. Bu cür uşaqlar vaxtında müəyyən edilməli və nəzarətə götürülməlidir. Ən yaxşı halda bunu məktəbdə psixoloq, müəllimlər müşahidə edə bilər. Özləri problemi həll etmək iqtidarında olmasalar belə, mütəxəsisslərə, aidiyyatı orqanlara müraciət edə bilərlər. Uşaqlar daim nəzarətdə olmalıdırlar. Birinin gözündən yayınan digərinin gözündən yayınmamalıdır. Hər bir pedoqoq sinfə daxil olanda şagirdlərin davranışlarında baş verən dəyişiklikləri müşahidə edə bilir. Bir məsələ də var ki, valideyn uşağı daim nəzrətdə saxlaya bilmir. Uşaq vaxtının bir hissəsini məktəbdə keçirir, digər hissəsində evdə, internetdə olur. Bu işlərə həm məktəb, həm də valideynlər tərəfindən hərtərəfli nəzarət olmalıdır”.

 

Z. Sadıqovanın sözlərinə görə, Komitə tərəfindən mütəmadi olaraq maarifləndirmə işləri aparılır.

 

Bakı şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəbdə baş vermiş intihar hadisəsi ilə bağlı birgə məlumatda deyilir ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

“Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstəxanada vəfat edib.

 

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.

Eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparılır.

 

Hadisə ilə bağlı şəhər prokurorluğu və şəhər Təhsil İdarəsi tərəfindən müvafiq araşdırmalar aparıldığı bir vaxtda kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial şəbəkə istifadəçilərinə araşdırmaların nəticələrini gözləmək tövsiyə edilir.

55 baxılıb