” Alın yazıları qırışdan keçər, Alın yazıları… üzün yorğunu…”-Faiq Hüseynbəyli…

Müstəqil.Az  şair Faiq Hüseynbəylinin şeirlərini təqdim edir:

SEVGİ HEYKƏLİ

Buz tutub gedirdim şeirbəşeir,
İçimdə bir ocaq qaladın, sağ ol!
Üzünə, gözünə, sözünə qurban,
Dərdini dərdimə caladın, sağ ol!

Oxudum həyatı təbəssümündən,
Sənə gətirirdi məni yağışlar…
Keçib iliyimnən sözə dönürdü,
O məsum, sevimli, ilıq baxışlar.

Sən neçə şeirin ilham pərisi,
Sən neçə kitabın müqəddiməsi –
Şirin xəyalların, xatirələrin,
Misralar içində çırpınan səsi…

Hər gün fikirləri tarım çəkirsən,
Hələ də anlamır adamlar məni.
Mən kimə nə deyim? –
Sənsiz çox sıxır
Bu odalar məni, bu damlar məni.

Soyuq baxışlarla baxıb keçərlər,
Bilməzlər, duymazlar bu eşqi, gəlin –
Günah işləyənlər daşqalaq eylər,
Söz-söz ucaltdığım sevgi heykəlin.

 

İllərin

Küçələr, döngələr xatirə dolu,
Mənə əl sallayır ötən illərim.
Günbəgün, aybaay, ilbəil gözdən-
Könüldən qeyb olub itən illərim.

Çətinə düşəndə haya hay verib,
İlə il calayıb, aya ay verib.
Qələmə-kağıza əkdim… boy verib,
Söz-söz, misra-misra bitən illərim.

Bir nisgil yaşadır bu şair burda,
Ağılda, ürəkdə, ruhda, şüurda…
Qərib söz kimidi, boylanır yurda,
Mənim yurd illərim, Vətən illərim.

Çətindir

Səs olmaq da çətindir,
Söz olmaq da çətindir.
Yad olmağa nə var ki,
“Öz” olmaq da çətindir.

Sözlə yoxdan var olmaq,
Yanıb-yanıb yar olmaq,
Eşq adına qar olmaq,
Buz olmaq da çətindir.

Şah arzuya qul olmaq,
Sevmək, sevmək, vurulmaq…
Çətindir e yol olmaq,
İz olmaq da çətindir.

Xəbər göndər, Üzü Dan,
Dünyanın o üzündən.
Yapışıb haqq sözündən,
Düz olmaq da çətindir.

Rəqəm içində rəqəm,
Nə hasiləm, nə də cəm.
Bir olmaq ayrı bir qəm,
Yüz olmaq da çətindir.

Bu ruhda sən, təndə sən,
Damarda sən, gendə sən…
Mən mən olum, sən də sən,
Biz olmaq da çətindir.

İnsandı bu – “Bu” olmaq,
Tənha qalan qu olmaq,
Bircə damla su olmaq,
Toz olmaq da çətindir.

 

Gəlirsən

Bu boyda, bu biçimdə

Donda mənə gəlirsən.

Onda ki, mən ölürəm,
Onda mənə gəlirsən.
 
Yaşayırıq bu səddə –
Sən şəhərdə, mən kənddə.
Sanki sümükdə, ətdə,
Qanda mənə gəlirsən.
 
Mənə qənim deyilsən
sən… vətənim deyilsən.
Handa mənim deyilsən,
Handa mənə gəlirsən.
 
Ömür keçdi bu bəmdə,
“Harda?”, “necə?”, “nədən”də…
Bu ruhda, bu bədəndə,
Canda mənə gəlirsən.
 
Yağış yağa, gün düşə,
Gün düşə bu görüşə.
Sən beləsən həmişə,
Sonda mənə gəlirsən.
 
Yaşadım
 
Mən öldüm bu payızda,
Yağışlarda yaşadım.
İlmə-ilmə söküldüm,
Naxışlarda yaşadım.
 
Mən olmaya çox oldum?
Öz köksümə ox oldum.
Enişlərdə yox oldum,
Yoxuşlarda yaşadım.
 
Dünya özü bir qəlib,
Biri gedib, min gəlib…
Dualarda dirçəlib,
Qarğışlarda yaşadım.
 
Eşq su idi bir udum,
İçdim, sönmədi odum.
Hardasa unuduldum…
Baxışlarda yaşadım.
 
Baxışları
 
Nola, soldurmaya nə tufan, nə qar,
Çiçək baxışları, gül baxışları.
Gör necə qurudub həsrət, intizar,
Bu odsuz, ocaqsız kül baxışları.
 
Hayana üz tutum, hayana, ağam?
Çətin baxt yuxudan oyana, ağam.
Bağışla bu ruha, bu cana, ağam,
Məzlum baxışları, qul baxışları.
 
Necə kəşf elədin, necə adamı? –
Gündüzlər Tanrını, gecə adamı.
Saldı öz qınına neçə adamı,
Bu el qınaqları, el baxışları.
 
Kimdi e baş qoşan qəmə, gileyə,
Sağına-soluna baş əyə-əyə…
Arxanca boylanır, uzaqsan deyə,
Çəkir uzaqlara yol baxışları.
 
Ümidlə qarşıla sabahı… eşq var,
Şairin müqəddəs günahı – Eşq… var.
Mənim üz tutduğum ilahi eşq var,
Eşqim dilləndirir lal baxışları.
 
Demək
 
Sevilməkdi-sevməkdi,
Əsası buymuş demək.
Yaşamağın yolu da,
Qısası, buymuş demək.
 
Od şeytanmış… və hərdən,
Yanır bu ruh, bu bədən.
Allahın da bəndədən
Qisası buymuş demək.
 
Daha yoxdur həvəsi,
Çalınıb öz havası –
Sözün də Mustafası,
Musası buymuş demək.
Cini ata mindirən,
Göydən mələk endirən,
Çarmıxı dilləndirən,
İsası buymuş demək.
 
Bu gülün, bu tikanın,
Ey candan can tikənim.
İki sevda çəkənin,
Cəzası buymuş demək.
YORĞUN
 
Yüyənə sığmayır dəli at kimi
Ruha bax, dərənin-düzün yorğunu.
Min ildi Günəşdən nur içir əllər,
Min ildi ayaqlar izin yorğunu.
 
Həyat bir oyundu, yarışdan keçər,
Sevgidən, sevdadan, barışdan keçər.
Alın yazıları qırışdan keçər,
Alın yazıları… üzün yorğunu.
 
Tanrı, gəl sahib çıx bu ruha, cana,
Bir addım yaxın ol qulun insana.
Gündüzlər atadır, gecələr ana,
Oğulun yorğunu, qızın yorğunu.
 
Şimşəklər oynaşır qayada, dağda,
Rənglər yoxa çıxır qarada, ağda…
Qopmasın kökündən bircə budaq da,
Sən özün hifz elə, özün, yorğunu.
 
Ulayır səbrimi kəsən küləklər,
Torpaqdan, dənizdən küsən küləklər.
Bu yağan yağışlar, əsən küləklər,
Yar gələn yollarda tozun yorğunu.
 
Tanrı, sirlərini açan bəndəyəm,
Mən haçan Tanrıyam, haçan bəndəyəm?
Sözlə qanadlanıb uçan bəndəyəm,
Sözün yorğunuyam, sözün yorğunu.
Müstəqil.Az
mersin escort