Aqşin Yenisey 

Yeni Zelandiyada iki məscidə hücum edib, 50-yə yaxın müsəlmanı öldürən terrorist-psixopat Brenton Tarrantın bu qətliam üçün radikal sağçı olan fransız yazıçıları Reno Kamünün və Erik Zemmurun kitablarından ilham aldığı məlum olub.

Adam bu barədə özünün 74 səhifəlik “Böyük dəyişiklik” manifestində yazıb. Bu qanlı hadisə bir daha təsdiq etdi ki, modern çağ çıxmaza dirənib. Modern insan ağlını itirib. O, öz yazdığı kitabın cahilinə çevrilib.

Yadınıza salın, dinə olan inam nə zaman sarsıldı? O zaman ki, kilsə tanrının kitabından ilhamlanaraq inkvizisiya məhkəmələri qurdu. Nəinki günahsız insanlar, hətta katolik Papanın vücudunda şeytanın ruhunu gizlədiyini iddia etdiyi pişiklər belə diri-diri tonqallarda yandırıldı.

Bu gün isə insanın kitabından ilhamlandığını söyləyən bir psixopat məscidə soxulub, ibadət edən günahsız insanları öldürür.

Amerika filosof Ralf Emerson modern çağ haqqında belə deyir: “Modern dünya Faustdan sonrakı dünyadır”.

Getenin doktor Faustuna qədər Avropa aydını tanrı ilə mübahisə edirdi. Faust isə bu mübahisəyə son qoydu və qəlbini bütünlüklə Mefistofelin qılığına girmiş şeytana təslim etdi. Əslində, Frans Kafkanın öngörüsündə miskin həşərata çevrilən insanın metamorfozu Faustla başlayıb.

İyirminci əsrin prezident Ruzveltinə atom bombası ideyasını verən fizik Eynşteyn də, bir növ, on səkkiz, on doqquzuncu əsrin şeytanla dost olan doktor Faustundan “əmələ gəlmişdi”, desəm, yəqin ki, o qədər də ağ etmiş olmaram.

Modern insan!

Onu bir cümlə ilə necə obrazlaşdırmaq olar? Mən ona əlimyandıda belə bir tərif verərdim: “Ağlının gücü ilə ruhundakı (xislətindəki) günahsız vəhşini oyadan məxluq!”.

Doktor Faust ağlını həzzin quluna çevirdi. Faustdan sonra ondan ilhamlanan və “böyük ideyalar üçün kiçik insanları qurban vermək olar” deyən Napoleonu özünə ideal seçən Raskolnikov doğdu. Raskolnikovun arxasınca insanların arasında bir “yad” kimi vurnuxan, öz anasının ölümünə belə kədərlənə bilməyən Kamünün Mersosu peyda oldu.

Məndən soruşsanız ki, bəs Mersodan sonra kim var? “Brenton Tarrant və onun kimi qəlbini dövrümüzün Mefistofellərinə təslim etmiş yüz minlərlə psixopat” deyərdim. Faustlardan,  Raskolnikovlardan, Mersolardan sonra modern çağ özünün Brenton Tarrantlarını yaratdı. Günah hissi üzərində hakimiyyət qazanmış modern kaliqulalar. Günahsızları kabus kimi izləyən intellektual inkivizitorlar.

Onlar nə istəyirlər? Onlar Faust kimi hər cür həzzin dadına baxmaq istəyirlər. Onlar Raskolnikov kimi kiçik insanların canı bahasına özlərinin “böyük həqiqətlərini” gerçəkləşdirmək istəyirlər. Onlar cənab Merso kimi ölümlə nihilistcəsinə əylənilər.

Nədir günah?

Bəsit mənada tanrının insanda öz səhvini sonradan düzəltmək üçün yaratdığı ilahi bir metod. Əyrini sıxaraq düzəldən bir məngənə. İnsan nə zaman günaha batır? Salındığı bu məngənəyə müqavimət göstərəndə. Türklər demiş, pəki, o, bu məngənəyə nə zaman müqavimət göstərməyə çalışır? Özünün təbii əyriliyindən həzz almaq istəyəndə. Çünki o, başdan belə yaradılıb; nəfsi olan, həzz duyğusu olan bir canlı kimi. İstət tanrı olsun, istər təbiət, ona nəfsini doyurmaq və həzz almaq üçün bir yol göstərib: hücum etmək!

O, xoşbəxt olmaq üçün bütün ömrünü hücumda keçirməlidir. O, ibadət edəndə belə daha uzaq hədəflərə hücum vəziyyətindədir. Onun ibadəti cənnətə, orada şərab axan çaylara, vəd olunan seksual azadlıqlara, tənbəl və asudə yaşayacağı mistik bir təbiət qoynuna hücum hazırlığıdır.

Hər səhər metro girişlərində tələsən, alacağı maaşla yaşaya biləcəyi həzzi təsəvvüründə canlandıraraq nəfsinin kentavrı kimi dördnala işə çapan insanlara baxın. Ən mədəni halında belə insan hücumda deyilmi? Kim daha tez çatacaq, kim daha çox qoparacaq, kim daha çoxunu yuvasına götürəcək? Bu gün modern dediyimiz insanı bundan başqa bir sual düşündürürmü?

Faust da həyat üzərində hakimiyyətə can atırdı. Raskolnikov özünü gerçəkləşdirməyin yolunu günaha batmaqda gördü və hücum edib sələmçi qarını öldürdü. Cənab Mersonun həyatı zatən əlcəzairli ərəbi laqeydliklə öldürəndən sonra başlayır. Sonu nə oldu? Tövbə, vicdan əzabı, edam… inkarın inkarı!

Bu üç ədəbi qəhrəmana günümüzün Yeni Zelandiyalı terrorçu Tarrantın modern əcdadları kimi də baxmaq olar. Çünki o da, sanki, bu üçlüyün qarışığından yaranmış “üçü birində” bir tipdir. O da Faust kimi öz Mefistofelləri olan fransız sağçı yazıçılardan ilhamlanıb manifestini yazdı, Raskolnikov kimi hücum edib öldürdü və Merso kimi həbs olundu.

Sonu hansı olacaq? Tövbəmi? Vicdan əzabımı? Edammı? Bəlkə də, heç biri… ya da milyon tirajlarla satılacaq səfeh bir kitab…

Çünki modern insan artıq öz ölümünün müştərisidir.

177 baxılıb