“Gözündən ölməyə başladı atam…”-Ramiz Qusarçaylı…

 

Atamın xatirəsinə

(Ramiz Qusarçaylı)

Gözündən ölməyə başladı atam,
Gözündən düşməyə başladı dünya.
Saraldı gözünün ağ çiçəkləri
Gəlib gözlərində qışladı dünya…

Ölümü nar kimi sıxdı gözünə,
Gözünün içində nar çiçəklədi.
Öpdü gözlərindən ölüm mələyi
Gözünün odunda qar çiçəklədi.

Gördüm ki soyuyur həyət-baca da,
Gördüm buz sallanır gül tağlarından.
Bağın başındakı qoz ağacı da
Asılıb qarğanın ayaqlarından…

Pəncərə önündə gilas ağacı
Hamıdan gizlicə
tək ağlayırdı.
Quru budaqları qara əl kimi
Divarın üzünü cırmaqlayırdı…

Gözləri çıxmışdı hədəqəsindən,
Sanki kirpiyində dağ dolaşırdı.
Həyat gözlərində özgələşirdi,
Gözləri ölümlə doğmalaşırdı.

Göz-göz oxşayırdı ölümü atam,
Oxşaya-oxşaya nələr danışdı…
Gözləri ölümə sığmadığından
Öləndən sonra da yumulmamışdı.

Dünyanın şəklindən qaçıb gözləri,
Ölümün şəklini çəkirdi o gün.
Ölümün şəklini, olduğu kimi
İlk dəfə atamın gözündə gördüm…

Gözüylə dünyanın arasındakı
İşıqlı nə varsa uçuracaqdı.
Elə yapışmışdı gözü ölümdən
Elə bil əlindən qaçıracaqdı…

Ölməyə heç nəyi yox idi o gün,
Nəfəsi yox idi, dili yox idi.
Elə nazlanırdı gözündə ölüm,
O gün ondan gözəl ölü yox idi…

Gözünə dikilən gözlərdən qaçıb,
gözünə tökülən səslərdən qaçıb,
gözünə çəkilən bizlərdən qaçıb
gözüylə öpüşdü yetimliyiylə,
gözüylə öpüşdü yavanlığıyla,
gözüylə öpüşdü uşaqlığıyla
gözüylə örüşdü cavanlığıyla,
öpmək istəmədi qocalığını
gözləri üzünü yana çevirdi…

Yolu iman yolu,
yolu can yolu,
getdi öz yoluyla, iziylə getdi.
gözündən qəbrinə uzanan yolu
Atam bizdən qabaq gözüylə getdi…

17 Oktyabr, 2004. Çartəpə.

 

Toy

O qız toyda ölənəcən oynadı,
Ayaqları gülənəcən oynadı,
Toyu toydan silənəcən oynadı…

O gün toyda toy havası yoxuydu,
Gəlin ətri,
bəy havası yoxuydu,
Üşüyürdü toyun canı o axşam
Gün havası, Ay havası yoxuydu…

O qız toyda oynamırdı, uçurdu,
Hörükləri buludları qucurdu…
Gözlərində son baxışın göynəyi,
Qollarında son görüşün havası,
Qoxladığı qan xınalı köynəyin
Yaxasında kor sevdanın yuvası,
Eşqi viran, dərdi puçur-puçurdu,
O qız toyda oynamırdı, uçurdu…

Qara zurna dağ çəkirdi zilə,
dağ,
Qələbəyə susamışdı Lələdağ,
Savaş yeri, cəng yeriydi hər daşı
Ermənilər görməmişdi belə dağ…

Gör o toyda qarğılı ney neynədi,
Zilində Yer,
bəmində Göy göynədi…
Xarı bülbül namus yeri, göynədi,
Cıdır düzü qisas yeri, göynədi,
Daşaltıda casus yeri göynədi…

O yurd gecə yarıyacan oynadı,
Çəpərindən barıyacan oynadı,
Şan-şan oldu yaşıl-yaşıl ümidlər
Çiçəyindən arıyacan oynadı…

Ağır-ağır qaralırdı buludlar,
Fağır-fağır saralırdı göy otlar,
Mağar-mağar darılırdı elatlar…

Qurd çölündə çadır yeri oynadı,
Güləbirddə abır yeri oynadı,
Gülablıda qəbir yeri oynadı,
Dözüm yeri, səbir yeri oynadı…

Hara baxır toy yiyəsi, hardadı,
Harda yatıb öy yiyəsi, hardadı,
Yer yiyəsi,
Göy yiyəsi hardadı…
Kim o qızı saxlayacaq bu axşam,
Kim o toyu ağlayacaq bu axşam,
Alın toyu,
alın qızın əlindən,
Çalın toyu,
çalın qızın əlindən,
Uzun-uzun hörükləri pərişan
Ayaqları yalın qızın əlindən…

O qız toyun vayınacan oynadı,
Toy tutduğu oyunacan oynadı,
Əzib-əzib dabanıyla gecəni
Cecəsindən suyunacan oynadı…

Toy xonçası şamınacan ağladı,
Toy güzgüsü camınacan ağladı,
Həyətdəki tabut boyda daxmanın
Divarından damınacan ağladı…

O qız toyda ölənəcən oynadı,
Ayaqları gülənəcən oynadı,
Toyu toydan silənəcən oynadı…

Hara baxır toy yiyəsi, hardadı,
Harda yatıb öy yiyəsi, hardadı,
Yer yiyəsi,
Göy yiyəsi hardadı…
Kim o qızı saxlayacaq bu axşam,
Kim o toyu ağlayacaq bu axşam…
08.08.17

mersin escort