Bu gün torpaq çərşənbəsidi…

Səni bu gün torpaq qoynuna aldı...
45 ildi bu gün sağ-salamat işə gedirsən… 45 ildi ölüb qayıdırsan….
45 ildi yuxumda bir ağ yol var…45 ildi o yolla sən gedirsən…gedib-gedib gözdən itirsən…
Qışqırıram…bağırıram…”Ataaaaa qayıt!!!!!”-deyirəm…

Yuxularımda qayıtdığın kimi qayıtmırsan…
Nə ağlımdan, nə xəyalımdan, nə yuxularımdan çıxmırsan …

Elə o qoyub getdiyin on yaşlı uşaq kimiyəm Ata…
Yuvasından düşən quş kimi sənsizliyə çırpınan…Savunmasız…yuvasız…gözləri yaşlı…
Çox sevdiyim qırmızı rəngi də….qırmızı günləri də özüylə götürüb gedən Atam…

Mən sevməyi səndən öyrəndim…Amma unutmağı öyrətmədin…
Hər axşam bizi kürəyində gəzdirən, hər şeyin ilkini bizə yaşadan atam…Sən dünyanın ən gözəl, ən qayğıkeş atası idin…
Mən də bu dünyanın atasını ən çox sevən qızı…
O üzdən səndən sonra mən həyata, həyat mənə küsdü…
Getdiyin yer çoxmu gözəl?

Ordadamı adamlar vəfasız?

Ordadamı adamlar etibarsız… ?
Bəlli ki, ordakılar vəfalı… Səni buraxmadılar çox sevdiyin qızını bir çərşənbə üzünü güldürəsən…
Mən sənin yaşını çoxdan ötüb keçmişəm…
Amma hələdə sən məni qollarına alıb başına qaldıracaq qədər güclü…mən də sənin ” sənə nə alım?”sualına “qıpqırmızı alma” deyəcək qədər uşağam…
Səndən sonra mənə o sualı verən olmadı Ata!
O üzdən səni unuda bilmədim…
Səndən sonra ömrümə bircə qırmızı gün yazan olmadı atam….Ondan qırmızı geyinə bilmədim atam!
Sən mənim güvəndiyim dağlarımdın Atam…
Dağlarımı yıxıb getdin…
Sən mənim huzur tapdığım dünyam idin…
Dünyamı boşaldıb getdin…
Bu gecə də yuxuma gəlmişdin …
Bəs niyə ağladın atam?
Bağışla məni…Sənin mənimlə bağlı nağıllarını yaşaya bilmədin atam…
Çünki mənim ömür nağılıma mənə aldığın amma sənin qanına boyanan o qırmızı almalar düşdü…

Aləmzər Sadıqqızı

Görüntünün olası içeriği: 1 kişi, ayakta
159 baxılıb