Lənkəran Dövlət Universitetində  “Campus France  günləri”.

Lənkəran Dövlət Universitetində  “Campus France  günləri”.

Lənkəran Dövlət Universitetində  (LDU)  “Ətraf  şəhərlərdə Campus France  günləri” nə start verilib.Campus France  nümayəndəliyinin təşəbbüsü və təşkilati dəstəyi ilə, Fransada  təhsilin təbliği çərçivəsində  keçirilən layihənin iştirakçıları  iki gün ərzində- 12-13 mart tarixlərində Lənkəran Dövlət Universitetində silsilə tədbirlər keçirməyi planlaşdırıblar.

Tədbirin birinci günü Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov   Fransanın Azərbaycandakı Səfirliyinin  universitetlərlə əməkdaşlıq üzrə ataşesi, Campus France üzrə məsul şəxs, eyni zamanda ,  “Frans Alumni Azərbaycan”  adlı  məzun şəbəkəsinin idarəçisi xanım Raab Maureeni   və Azərbaycan Fransız İnstitutunda Campus France bürosu üzrə koordinator Mədinə Mollayevanı qəbul edib.

Səmimi və dostluq şəraitində keçən görüş zamanı universitet rəsmisi hörmətli qonaqlara LDU barəsində ətraflı məlumat verib. Azərbaycanla Fransa arasında  ikitərəfli əlaqələrin müsbət yönümdə inkişafından məmnun qaldığını deyən  professor Natiq İbrahimov  xanım Maureenə   Lənkəran Dövlət Universitetində elm və təhsilin inkişafı istiqamətində görülən işlərdən, Avropa təhsilinə inteqrasiyadan, LDU-nun  genişlənən beynəlxalq əlaqələrindən ətraflı söz açıb.Bildirib ki, universitetdə təhsilin səviyyəsini yüksəltmək, keyfiyyətli kadr hazırlığına nail olmaq üçün çoxşaxəli işlər görülür.Bu məqsədlə Avropadan modern laboratoriyalar alınaraq quraşdırılıb, praktik məşğələlərə diqqət artırılıb.Professor Natiq İbrahimov   ixtisaslı müəllimlərə olan tələbatı ödəmək məqsədilə  paytaxtdan və xaricdən müəllim dəvət etdiklərini, onlar  üçün hər cür şəraiti olan xidməti mənzillərin inşa olunduğunu   qonaqların diqqətinə çatdırıb.Həmçinin , yeni inşa olunan tələbə yataqxanası, yeni tədris korpusları və sair barədə söz açıb.

LDU-da turizm tədris-təcrübə bazasının olmasını yüskək dəyərləndirən xanım Maureen Raab   Fransada fəlaiyyət göstərən ali təhsil ocaqları ilə Lənkəran Dövlət Universiteti arasında qarşılıqlı əlaqələrin yaradılmasını hər iki tərəf üçün səmərəli hesab etdiyini deyib, bununla bağlı təkliflərini professor Natiq İbrahimovla bölüşüb.Bildirib ki, səfərin məqsədi tələbə və müəllimlərin diqqətini Fransanın Azərbaycandakı səfirliyinin təqdim etdiyi təqaüd proqramlarına  cəlb etməkdən ibarətdir.Fransa və  Azərbaycan münasibətlərini daha da inkişaf etdirmək istədiklərini  qeyd edən M.Raab irəli sürdüyü layihənin üstünlüklərindən bəhs edib.Çay süfrəsi arxasında keçən söhbət zamanı  qarşılıqlı  fikir mübadiləsi edilib, əməkdaşlığın forma və istiqamətləri müəyyənləşdirilib.

Fransalı qonaq  universitetlə tanışlıq çərçivəsində  Beynəlxalq əlaqələr şöbəsində əməkdaşlarla görüşüb, LDU-nun  xarici universitetlərlə əlaqələri barədə məlumatlandırılıb.

2 gün davam edəcək tədbirlər çərçivəsində  universitetin professor-müəllim-tələbə heyəti ilə görüşlər, onlara Fransada ali təhsil, müxtəlif təqaüd proqramları barədə məlumatların verilməsi, bununla bağlı məlumat kitabçalarının və bukletlərin paylanması, fərdi görüşlərin, fransız dilindən oxu dərnəyinin , danışıq klubunun , intelektual oyunların təşkili, tələbələrin suallarının cavablandırılması  nəzərdə tutulub. Universitetin dəhlizində Campus France və France Alumni  stendlərinin qurulması  tədbir iştirakçılarını layihə barədə ətraflı məlumatlandırmaqdan ibarətdir.

LDU-da “Campus France günləri” çərçivəsində tibb və mühəndislik təhsili üzrə təqdimatlar da nəzərdə tutulub.

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri

 

mersin escort