Ağa Bəyim ağa: Əfsus ki…

 

Səhər açılmışdı; Ağa Bəyim hərəm dairəsinin arxasındakı gül-bağçaya endi. Kolların zərif qolları açılmış qızıl güllərin, bu­daq­lara sarıma düzülmüş gül düymələrinin- qönçələrin ağırlı­ğından ucları əyilmiş, indisə əsən mehin təsirindən çox, bu ağırlıq­dan yerində xəfif-xəfif yellənməkdə idi. Az qala bir gecə­yə sulanıb bəslənmiş torpaqdan ot-ələf qalxıb gül kollarının aya­ğını hər tərəfdən eynən Şuşa yolağının-cığırlarının kənarındakı kimi ağ və narıncı bəbənəklərlə qucaqlamışdı. Baxışları çiçəklərdə ilişib qaldı. Uşaqlıqda aşağı kəndlərin “ağkiprik” dedikləri bu çiçəklərdən nə qədər yolub-tökmüşdü; sevirmi-­sevmirmi… gəlirmi-gəlmirmi… deyə-deyə. İndi də əyilib həmin yeniyetməlik ədası ilə birini dərərək ürəyində “gəlirmi-­gəl­mirmi” deyib ağ uzun barmaqları ilə qız vaxtında olduğu kimi əda ilə deyil, qorxa-qorxa, ürəyi nanə yarpağı tək əsə-əsə ləçək­ləri qoparmağa başladı, lakin qurtarmağa səbri çatmadı.

Şuşa bütün əzəməti ilə gözləri önünə gəldi. Oranı bir an belə yadından çıxardığını heç güman da etmirdi. Ona elə gəlirdi ki, Şuşa başına, qəlbinə o sayaq yerləşib ki, yaddaşında elə bərkiyib ki, dili-ağzı başqa sözlər desə də düşüncəsində nə vardısa Şuşa idi. Kaş indi Qarabağda olaydı. Bunu gündə neçə dəfə arzulamışdı?! –beş dəfə, on dəfə, min dəfəmi?… Şuşa ilə bağlı hər şey onda qəribə nisgil oyadırdı, bu qəriblik və kimsəsizlik içində ona həsəd aparanlarısa anlaya bilmirdi. İndi axı nəyə həsəd aparırdılar?! Ürəyinin gizildədiyini hiss etdi. Orada olsaydı, Qarabağda, lap elə digər xanlıqda sayılıb-seçilən bir oğlana gedərdi. Heç kim İbrahim Xəlil xanın qızının üstünə arvad gətirməyə cürət etməzdi. Bir özü, bir sevgilisi olardı. Bacıları, əmiqızları kimi ərki, gücü özündə qalardı.

Amma kim, kimə gedəcəkdi ki… Heç gözü açılmağa qoydular ki?! Baş aça bilmədi ki, kim istəyir, özü kimi istəyir… Əmioğlusu pəhləvan Məhəmməd bəy idi, bir vaxtlar xam xəyala düşmüşdü, lakin bu sevda çox sürmədi. Çünki Ağa Bəyim yaşca ondan xeyli böyük Məhəmməd bəyin nübar sevgilisi deyildi ki, ona inanıb könül versin. Heç belə fikri də yox idi. Məhəmməd bəyin aşağıdakı mülk kəndlərində saxladığı xanımları, övladları vardı, özü isə eyş-işrətlə, çapqınçılıqla məşğuldu. Kür qırağı əyləncələrində nə qədər gözdələri, halalları vardı!…

Əslində Məhəmməd bəy xan əmisinin qabağında itirdiyi nüfuzunu, xanın ona qırılan etimadını “diplomatik yolla” bərpa etmək istəyirdi. Şahlara bərabər gələn İbrahim Xəlil xanla qohum olmaq fikri onu məst edirdi. Lakin bu çox sürmədi, Ağa Bəyimin ona etina etmədiyi gün kimi aydın idi.

İndi bu gəzdiyi bağçanın qızıl gül kollarının qolları arasında açılan pəmbə gülə bənzər Ağa Bəyim ağa Fətəli şaha gəlin oldu. Böyük cah-cəlalla, hədsiz cehizlə Tehrana yola düşdü. Gəlini aparmağa şahın qardaşı gəlmişdi. Bundan az əvvəl Şuşada öldürülən Ağa Məhəmməd şahın nəşini böyük ehtiramla alim ruhanilərin müşayəti ilə Tehrana yola salmışdılar. İndi isə gəlinin qəflə-qatarı yola düzülmüş, gedirdi. Yaşıdları – hamısı Cavanşir boyundan olan qız-gəlinlər, uşaqlıq dayəsi Zəriş nənə də onunla gedirdi. İki sözündən biri “başına dönüm” idi. Bu “başına dönüm” nidaları ürəyini göynətsə də ananı da, atanı da, Qarabağı da əvəz edirdi, onlardan qalan ülfət, cana yaxın mehribanlıq, bir yadigar idi bu söz…

Sarayda bir neçə gün gözləməli oldular; əqd mərasiminə hazırlıq, toy paltarlarının hazırlanması, hədiyyələrin seçilməsi… Kəniz onu hündür, uzun cərgələrlə düzülmüş üstü minalı dolablara doğru apardı. Dolabların rəflərində Qarabağdakılardan fərqli qab-qacaqlar, üstü Fətəli şahın, taxt-tacin vəliəhdi yeniyetmə Abbas Mirzənin portreti nəqş olunmuş şərbət-şərab içmək üçün böyük qədəhlər var idi. Şah uzun şəvə kimi qapqara saqqalda idi. Ağa Bəyimlə eynən bir yaşda olan vəliəhdin üzü zərif görünsə də igid tövrü vardı və baxışlarında bir sərtlik hiss olunurdu. Ağa Bəyim əlini dolabın qapısına atdı. Burada parça yox idi, hazır paltarlardı. Onların arasında tünd qara-qırmızıya çalan sumağı rəngdə zərli atlaz libas nəzərlərini cəlb etdi, üstündəki güllərin ləçəkləri və telləri qızıl saplarla bəzənmişdi; ətəyində baftalardan başqa adət etmədiyi zərif hörmə qaymalar xoşuna gəldi. Həm də bu rəngin onun ağ bənizinə gözəl yaraşacağını bildiyindən əlini onu götürməyə uzatdı. Mum kimi saralmış bələdçi xəzinədar qadın nəvazişli pıçıltı ilə: “qurbanət şəvəm, be andəst nəzənd, lebashaye fədayeş keştnam həstənd. Xoşamədtərin lebashaye madəre-qeblegahəm həstənd”(qurbanın olum, ona dəymə, fəda olduğumun paltarıdır. Qibləgahımın anasının ən sevdiyi paltar)

Şahın anası yenicə ölmüşdü və şahzadə Fətəli atasının saysız-hesabsız arvadları, cariyələri və gözdələri arasında nigaran, səksəkəli günlərini keçirən anasının uzun illər yeganə həmdərdi və yaxını idi. Anasını elə bu səbəbdənmi, nədənmi nisgilli bir sevgiylə anırdı. Oğlu ona cəmi bir hovurluq “şah anası” bəxtəvərliyi verə bilmişdi.Əcəl tez gəlmişdi…

Ağa Bəyim sumağı zərlə süslənmiş paltarı götürdü, – bunu geyəcəyəm, verin,- dedi. O farsca mükəmməl dərs almışdı və özü hətta indinin özündə də başındakı Qarabağlı qızlara tərcümanlıq edirdi. Əsilləri türk olan şah və yaxınları indi daha türkcə danışmaq istəmirdilər. Bütün xidmətçilər də farsca danışırdılar. Hər bir sözə bir söz qoşan Qarabağlı qızlar onların bəzi səsləri həddindən artıq əcaib tərzdə uzadaraq tələffüz etmələrinə gülürdülər. Bu saray xidmətçiləri qadınlar bir-biri ilə ağız-ağıza verəndə müsibət düşürdü. Baxma ki, iki nəfər deyişirdi, amma elə bil bazarın tən ortasındasan. Daha qızları saxlamaq olmurdu. Onlar bu xidmətçilər kimi ağızlarını əyib, bir əllərini belinə qoyub, söz vuruşuna başlayırdılar. Yaxşı ki, Zəriş nənə vardı. Səs-küyə icazə vermirdi. Qızlara-kiri, aaz, kiri, deyərək ərklə onları danlayıb, qabaqlarını alırdı.

… Neçə gün çəkən o möhtəşəm toydan sonra qapını acıb böyük salona girən şah heyrət içində dayandı; əlini köksünə atdı. Anası idi ki, durmuşdu. İgid şahsevənlərdən gələn, böyük Qacarların gəlini olan anası… öləndə şah anası kimi ölən, azacıq məsudluq dadan, şahbanu kimi oturan, duran anası…

Lakin bu incəbel gözəl mərifətlə ayağa durub yumşaq, ipək Təbriz xalısının üstü ilə şaha doğru bir-iki addım atıb dayandı. Nə öyrətmişdilər, nə demişdilər – hamısını unutdu. Baş əyib təzim etmək, əl öpmək də yadına düşmədi. Ürkək-ürkək durmuşdu; bir anlığa səadət dolu bir ömrün axarında elə bil köpüklü ilıq sulu çay idi onu aparırdı. Şah 28 yaşında olsa da özünü ilk eşqə düşdüyü, şeir yazmağa başladığı on beş-on yeddi yaşında görər kimi oldu, daha dözə bilmədi, ona doğru sürətli addımlarla yeridi. Qıza çatıb dayandı: üzünü yalnız burnunun ucuna qədər örtən tülbəndi qaldırdı, amma çaşdığından yenə saldı. Hər iki əli ilə bərk-bərk sıxıb, üzünü, çənəsini, boynunu öpdükcə öpdü.

Ağa Bəyim qırıq-qırıq: qibleyi-aləm… şahənşah… dedikcə Fətəli şah həyəcanlı pıçıltılarla: elə yox, yox… mənə Baba xan de…

Günlər ötüb keçdikcə elə bil, yumşaq buludların üstündə yellənirdi. Heç kimi görmür, duymurdu; hər tərəf sakitliyə, al-əlvan rənglərə, xoş rayihələrə, dadlı sözlərə, bal gülüşlərə qərq olmuşdu; bu aləmdə yalnız ikisi vardı: o və sevgilisi… bu günlər ərzində ona dünyanın ən əzizi, ən şirini olmuş sevgilisi… Bir –birinə yazıb oxuduqları, söylədikləri məftunedici şeirlər, sözlər sel kimi gəlirdi, günlər də axışıb gedirdi bu selin axışında, onu alıb özü ilə aparırdı bu sel.

… O günlər hara getdi?. Əslində indi də şahı ən çox görən odur, şahın da digər xanımlarından artıq danışdırdığı, dindirdiyi də odur. Lakin bu daha çox vəzifə borcuna dönən bir hal idi; bu ona bir qürur gətirsə də, sevgi-nəşə artıq yox olmuşdu heç olmamış kimi.

Şahın birgecəlik əyləncələri olan qızlar artırdı. Eyş-işrətə dalır, yeni-yeni qızların qıcağına atılırdı. O Ağa Bəyimi indi bir mələkə, rəsmi bir xatun, hətta şeir-qələm yoldaşı zənn edirdi. Elə bu, ona bu qədər də kafi görünür. İnsafən, şahın sayı az qala sayı yüzü keçən xanımlarının hərəsinə bir hücrə düşsə də onun özünün məxsusi malikanəsi var idi. Qarabağlı dayəsi –qulluqçuları qalmaqla, sarayda da xidmətçiləri vardı. Avropa sarayı etiketlərinə əsasən, şaha gələn məktublarla bərabər xarici döv­­lət hakimlərinin xanımları da rəsmi məktublarını, qutlamalarını yalnız bu rəsmi xanıma-baş hərəm Ağa Bəyim ağaya göndərirdi.

İndilik onun Fətəli şahın sayı beş yüzə çatacaq hərəm həyatından bezib Qum şəhərinə çəkilərək, kənarda yaşamasına hələ çox vardı.

Hələ Ağa Bəyim ağa nə bilərdi ki, arasında cənnət Qarabağ çiçəkləri sərilən, quruyan könül dəftərləri şeirlə dolsa da bu biganələr içində övladsız, kimsiz-kimsənəsiz qalacaq, şahbanunun bu dəftəri də itib-batacaq. Nəsilərdən nəsillərə onun göz yaşlı günləri, gecə gəlib, gecə gedən məşuq-əri, birgə həyatından uzaq, soyuq, gizli sevgili gəlişinə bənzər bir neçə görüşdən ibarət izdivacı, həyatını dilə gətirən iztirablı kəlmələri qalacaq:

 

Əfsus ki, yarım gecə gəldi, gecə getdi,

Heç bilmədim, ömrüm necə gəldi, necə getdi.

 

İrəlidə ömür adına yaşamağa böyük əzab dururdu. Əlli bir illik ömür adına qısqanclıq, həsəd, kədər dolu bir həyatı yaşamaq… Sonra… sonra isə ona doğma Qarabağı bir də heç zaman görməmək, qürbət Qum qəbristanlığında müqəddəs qadınlar cərgəsində uyumaq…uyumaq…qalacaq.

                                                                    Minaxanım Nuriyeva-Təkəli

 

 

 

87 baxılıb